25 Dekabr 2018 14:29
387
SİYASƏT
A- A+

Elmar Məmmədyarov: Azərbaycan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətini davam etdirəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ilin yekunlarına dair kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb.AZƏRTACmüsahibəni təqdim edir.

-Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların cari il üzrə yekunları nədən ibarətdir? Münaqişənin həlli üzrə danışıqların, xüsusilə son zamanlar səsləndirilən ümidverici bəyanatlar fonunda gələcək perspektivlərini necə görürsünüz?

- Əvvəla qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilib. Münaqişə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Münaqişənin həllinin hüquqi bazasına gəldikdə buraya, ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, digər çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamentinin qərar və qətnamələri, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.

Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə ermənistanlı həmkarım arasında keçirilmiş üç görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu il dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul olunmuş birgə bəyanatında qeyd edilir ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönələn danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi, münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.

Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində mümkün irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə, Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik mənsubiyyətə malik Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin "xidmətləri” nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə, sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu, təşviq olunmalıdır.

- Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrində hansı mühüm uğurları qeyd edə bilərsiniz?

- 2018-ci il beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və fəal təmsilçilik xəttini yürüdən ölkəmizin əldə etdiyi bir sıra nailiyyətlərlə yadda qalır. Bu sırada həm BMT və onun ixtisaslaşmış təşkilatları, həm də digər regional təşkilatları qeyd etmək olar. Belə ki, bu ilin 25 sentyabr – 1 oktyabr tarixlərində keçirilmiş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan bir sıra tədbirlərdə və keçirilən görüşlərdə Azərbaycanı narahat edən məsələlərlə bağlı, eləcə də beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyinə dəstək və anlayış nümayiş etdirildi. Dekabrın 17-də BMT Baş Assambleyası Azərbaycanın təklif etdiyi, dünya ictimaiyyətinin diqqətini beynəlxalq hüququn müddəalarına hörmət edilməsinə yönəldən və silahlı münaqişələr zamanı itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən beynəlxalq öhdəliklərə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq edilməsini nəzərdə tutan "İtkin düşmüş şəxslərə dair” qətnamə qəbul edildi. Bu mühüm təşəbbüs Azərbaycanın xarici siyasətinin humanist xarakterini, onun beynəlxalq hüquq və ondan irəli gələn öhdəliklərə sadiqliyini, eləcə də bu qaydalara BMT-nin üzv ölkələri tərəfindən riayət edilməsinə nail olmaq qətiyyətini bir daha qabartmış oldu.

Aprelin 3-5-də Bakıda 117 ölkənin və 16 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Qoşulmama Hərəkatının üzv ölkələrinin Nazirlər Konfransı keçirildi. Tədbir çərçivəsində qəbul edilmiş yekun sənəd və Bakı Bəyannaməsi ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə mövqeyinə birmənalı dəstək ifadə etdi.

Həmçinin bu il dekabrın 12-də Avropa Parlamentinin "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin həyata keçirilməsi” adlı qətnaməsinin qəbulunu vurğulamaq istərdim. Belə ki, bu qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini təsdiq etdi.

Bu ilin 1 iyul - 31 dekabr tarixlərində ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çox faydalı oldu. Sədrliyimiz dövründə nazirlər səviyyəsində dörd görüş, tematik işçi qruplarının 20-dən çox iclası keçirildi, bizim təşəbbüsümüzlə müvafiq dəyərləndirmə sənədləri qəbul edildi.

İl ərazində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə artmaqda olan birmənalı dəstəyini xüsusilə vurğulamaq istərdim. Davamlı səylərimiz nəticəsində diplomatik leksikonumuzda beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadəsi daha geniş istifadə olunmağa başladı. Keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində qəbul olunmuş çoxsaylı sənəd və bəyanatlarda, o cümlədən Qoşulmama Hərəkatının nazirlər görüşünün yekun sənədində, NATO-nun zirvə görüşünün yekun bəyanatında, Avropa Parlamentinin sözügedən qətnaməsində, üçtərəfli formatlarda keçirilmiş görüşlərin birgə bəyannamələrində, eləcə də ikitərəfli əsasda qəbul edilmiş bir sıra birgə bəyanatlarda ölkəmizin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək münaqişənin həlli ilə bağlı onsuz da mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edib.

Bu il ərzində, həmçinin ölkəmizin bir sıra beynəlxalq təşkilatların seçkili orqanlarına üzvlük müraciətləri də uğurlu olub. Məsələn, iyunun 6-da Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə Komitəsinin üzvü seçilib, bir gün sonra isə Nyu-Yorkda BMT-nin qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə üzv olub, noyabr ayında Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına 2019-2022-ci illər üzrə üzv seçilib, həmçinin ölkəmizin nümayəndəsi BTİ-nin Radio Tənzimləmə Komitəsinə üzv seçilib.

Göründüyü kimi, 2018-ci il ərzində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində öz maraqlarını daha da irəli aparmaq səylərini davam etdirib.

- Bu il Xəzəryanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiya yeni neft-qaz yataqlarının istismarı və TransXəzər qaz kəmərinin tikilməsi baxımından hansı perspektivlər açır?

- Cari ilin avqustunda "Xəzəryanı beşliyin” liderləri tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında imzalanan Konvensiya dövlətlərarası əməkdaşlıq üçün yeni, müstəsna imkanlar açdı. Konvensiya tərəflərin Xəzər dənizindən və onun zəngin təbii ehtiyatlarından istifadəsi ilə bağlı hüquq və vəzifələrini tənzimləyir. Bu sənəd Xəzər dənizinin delimitasiya parametrlərini müəyyənləşdirir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması beş sahilyanı dövlətin xoş məramını bildirən əsl tarixi hadisə oldu. Bu sənədin ölkəmiz üçün əsas əhəmiyyəti sahilyanı ölkələrin dənizin zəngin təbii sərvətlərindən istifadə edilməsi üzrə suveren və müstəsna hüquqlarının müəyyənləşdirilməsindən ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin, habelə dənizdə digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin davamlılığını və təhlükəsizliyini təmin edir. Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayan naviqasiya azadlığı və təhlükəsizliyi təmin olunur.

Ümumiyyətlə, Konvensiyanın müddəalarının yerinə yetirilməsi orada göstərilən məqsədə nail olunmasını təmin edəcək, Xəzər dənizini sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirəcək. Tarixən Xəzər dənizində nəhəng layihələrin həyata keçirilməsində fəallıq göstərən Azərbaycan gələcəkdə də sahilyanı ölkələrlə əməkdaşlığı davam etdirməyi və genişləndirməyi planlaşdırır.

Uğurlu enerji siyasəti sayəsində Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edən, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, istehsalçı və tranzit ölkə kimi nüfuz qazanmağa müvəffəq olub. Hazırda Azərbaycanın təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin reallaşdırılması davam etdirilir. Bu layihə Xəzər dənizindən təbii qazın Avropaya nəqli baxımından mühüm rol oynayır. Ölkəmiz enerji resurslarının dünya bazarlarına çatdırılmasında yüksək potensiala malikdir və biz Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə həmişə hazırıq.

- Məlum olduğu kimi, gələn ildən etibarən Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu mühüm hadisə ölkəmizə nələr vəd edir?

- Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini qarşıya məqsəd qoyan ölkəmiz, bildiyiniz kimi, 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Bu təşkilat öz sıralarında 120 üzv, 17 müşahidəçi ölkəni və 10 müşahidəçi təşkilatı birləşdirən ən böyük beynəlxalq qurumlardan biridir. Qoşulmama Hərəkatı keçmişin çox tanınmış dövlət rəhbərləri olan İosip Broz Tito, Cəvahirləl Nehru, Fidel Kastro və digərlərinin iz qoyduğu kifayət qədər uzun tarixə malik bir qurumdur. Təqdirəlayiq haldır ki, çox qısa zaman ərzində ölkəmiz təşkilat çərçivəsində özünü tanıtmaqla yanaşı, Qoşulmama Hərəkatına 2019-2022-ci illər ərzində sədrlik etmək imkanına sahib oldu.

Məlum olduğu kimi, bu ilin aprelində Qoşulmama Hərəkatının üzv ölkələrinin Bakıda keçirilmiş Nazirlər görüşünün yekun sənədində Azərbaycanın bir sıra təşəbbüslərinə dəstək nümayiş etdirildi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulandı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə üç əsas prioritet üzərində qurulacaq və buraya Bandunq prinsiplərinin təşviqi, Hərəkat daxilində birliyin möhkəmləndirilməsi və Hərəkatın effektivliyinin artırılması daxildir.

Əminliklə qeyd edə bilərəm ki, Qoşulmama Hərəkatında sədrliyimiz ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından bizim üçün əlavə imkanlar yaradacaq. Təşkilatın üzvü olan 120 ölkə BMT üzv dövlətlərinin üçdə ikisini təşkil edir, bu isə istənilən qərarın qəbuluna təsir imkanı deməkdir. Hərəkata sədrliyimiz, həmçinin ölkəmizin irəli sürdüyü təşəbbüslərin reallaşdırılması baxımından müvafiq imkanlar yaratmış olacaq. Bu təşəbbüslərin həyata keçirilməsi isə öz növbəsində, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət edəcək.

- 2019-cu ildə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi də daxil olmaqla yeni strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mümkündürmü? Bu Azərbaycana hansı dividentlər gətirəcək?

- Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Aİ ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından çox faydalı olub. Bu xüsusda, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, oktyabrın 15-də isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin Nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda mühüm mərhələ açacaq Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişi və sənədlə bağlı aparılan danışıqları da qeyd etmək lazımdır. Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Aİ tərəfdaşlarımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı sahəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcək. İnanırıq ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə də Aİ üzv ölkələrinə lazımdır.

Viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir. Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir. Yəni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir.

- Azərbaycanın 2019-cu il üzrə xarici siyasət prioritetləri nədən ibarət olacaq?

- Ölkəmiz cari ildə olduğu kimi, növbəti il ərzində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizin milli maraqlarına əsaslanan və milli mənafelərimizin beynəlxalq müstəvidə qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətimiz davam etdiriləcək.

Bu gün Azərbaycan bölgədə qlobal layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq müstəvidə nüfuz sahibi olan dövlətdir. Bu gün etibarlı tərəfdaş kimi dəyərləndirilən ölkəmizin xarici siyasət sahəsindəki nailiyyətləri, əlbəttə ki, onun qonşu ölkələr və dünyanın digər dövlətləri ilə tarazlaşdırılmış əlaqələr qurmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslanır.

2019-cu ildə xarici siyasət prioritetlərinə, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, bütün beynəlxalq aktorlar, o cümlədən dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi daxildir.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video