25 Dekabr 2018 02:12
901
SİYASƏT
A- A+

XXI əsrin lideri


Pol Anri Holbax yazırdı: "Hakimiyyət… o, həmişə böyük nemət deyildir. Hakimiyyət o zaman böyük nemət olar ki, ona çatmış insana həm təbiət, həm də aldığı tərbiyə, alicənablıq, qüdrətli ruh, geniş ürək, dövləti ağıl və böyük təcrübə verir”.

İnsanlarla tarixin münasibəti çox mürəkkəbdir. Xüsusilə böyük insanlarla. Bəzən onların təsiri əsrlərlə qalır, bəzən isə əksinə, onlardan sonra millətin həyatında əsrlərlə böyük rol oynamağa başlayır. Böyük Heydər Əliyev belə şəxsiyyət idi. O, XXI əsrdə cəmi üç il yaşadı. Lakin bütün ömrünü xalqının yeni əsrdəki firavan həyatına həsr etdi. Və XXI əsrimizi əmin-aman, sabit dünyamızı qürurlu, həyatımızı təmin edən, qurub-yaradan, dünyanın yönünü Azərbaycana çevirən mötəbər, möhtəşəm bir Lider qoyub getdi!

Sirr deyil ki, tarixi-siyasi şəraitdən, zamandan asılı olmayaraq, lider amili dövlətin formalaşmasında və inkişafında müstəsna rol oynayır. Bu da bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, davamlı inkişafı da məhz bu amillə - xalqımızın ümummilli lideri Heydər Əliyevin fenomenal şəxsiyyəti ilə bağlıdır.

Ulu öndər insanlarımızın, dövlətimizin çox çətin məqamlarında öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, doğru yolu göstərmə bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edərək, zülmətdən işığa çıxarmışdı, milli hədəflərə doğru apara bilmişdi. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü lider şəxsiyyətinin mükəmməl nümunələrini əks etdirən böyük bir tarixi salnaməyə çevrilmişdir.


Zəka, iradə, uzaqgörənlik


Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində cənab İlham Əliyev Azərbaycanı bugünkü yüksəliş və inkişaf yoluna, tariximizin ən qüdrətli mərhələsinə gətirib çıxara bilib.

Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Bu mənada Prezident İlham Əliyev şəxsiyyəti müasir cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Bu obraz, eyni zamanda ulularımızdan bizə miras qalmış böyüklük, comərdlik, el-oba üçün faydalı işlər ortaya qoyan əməlisalehlik kimi yüksək mənəvi dəyərləri əks etdirir.

Cənab İlham Əliyev tarixdə ona qədər ad qazanmış bütün böyük liderlər kimi insanların mənəvi birliyini təmin edən, cəmiyyətdə müəyyən pozitiv əhvali-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Xalqın lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq ideologiyasının əsasını təşkil edən dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, innovasiyalara tez uyğunlaşmaq bacarığı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin sabit milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbat edir.


Şəxsiyyət fenomeni


Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin prezidentlik fəaliyyətinin təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.

Azərbaycan xalqının Prezident İlham Əliyevə dərin məhəbbətinin, sarsılmaz inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət rəhbərinə xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə yaşatmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına istinad edir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.

Prezident İlham Əliyevin sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Artıq neçə illərdir ki, ölkədə sosial sahələrin dirçəldilməsi, bu sektorlara güclü investisiya axınının müşahidə olunması Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycanın müasir təhsil modeli yaranır, ölkədə yeni təhsil konsepsiyası formalaşır. Milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını təmin edir. 2003-cü ildən indiyə qədər ölkədə yüzlərlə məktəb tikilib, respublikada heç bir zaman olmayan geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Statusundan asılı olmayaraq bütün məktəblərimizdə informasiya və kommunikasiya texnologiyaları ilə təminat proqramı çərçivəsində böyük işlər aparılıb.

Azərbaycanda elmi potensialın gücləndirilməsi sahəsində də mühüm addımlar atılıb. Ötən illər ərzində təhsil və elm müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət rəhbərimizin təşəbbüsü ilə həyata keçirilən müvafiq dövlət proqramları ölkə üçün zəruri olan kadrların hazırlanması işinə böyük töhfə verir. Minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində ölkəmizin bu gününə və gələcəyinə töhfə vermək üçün peşəkar mütəxəssis kimi yetişir. Həmçinin eyni təhsil standartlarının respublikamızda yaradılması məqsədilə davamlı işlər görülür, ardıcıl addımlar atılır. Bu gün yaşadığımız modern cəmiyyətin əsas güc mənbəyi zamanı qabaqlayan insan ağlıdır. Bu, bir qrup innovasion elitadır. Bəs onlar harada yetişir? Əlbəttə, təhsildə! Həmişə deyiblər, istedad milli sərvətdir. Bu gün də deyirlər ki, istedadlı gənc cəmiyyətin ən dəyərli sərvətidir. Amma istedadı yetişdirən, cilalayan, sosial qayğı ilə əhatə edən, onun verdiyi bəhrələrə nail olan məhz təhsildir.

Vətəni modernləşdirmə konsepsiyasının əsas təşəbbüskarı olan Prezident İlham Əliyev innovasion kadr potensialı yaradılması, orta məktəbdən başlayaraq xüsusi proqramlar həyata keçirmək üçün dövlət əhəmiyyətli sənədlər imzalayıb. Təhsilimizin əsas vəzifəsi bu sənədlərdə verilən istiqamətləri yerli şəraitə uyğun məsuliyyətlə tətbiq etməkdir.

Təhsillə yanaşı, ölkədə səhiyyə islahatları da uğurla davam etdirilir. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan dövlət proqramları müstəsna rol oynayır. Tibb ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdırılır. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunması və müalicəyə cəlb edilməsi diqqət mərkəzində saxlanılır. Son illərdə səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik isə bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlıqlarla təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoymuş Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atır. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin sürətli və keyfiyyətli inkişafından xəbər verir.


Arzulardan gəlmiş insan


İlham Əliyev millətin arzularından gəlmiş liderdir. O, xalqın arzularını yerinə yetirir. Ölkənin mərkəzindən başlamış ən ucqar kəndlərinə qədər çəkilən abad yollarla, insanların həyatını rahatlaşdıran işıq, qaz, su, elektrik, rabitə xətləri və böyük infrastruktur layihələri ilə elə-obaya fayda verir. Azərbaycan Prezidenti vədlərə deyil, əməllərə əsaslanır. İnsanların qarşısına real işlərlə çıxır. Vətəndaşlarımız ona olan bütün ümidlərin addım-addım özünü doğrultduğunu görürlər. İlham Əliyev şəxsiyyətinə olan ümumxalq məhəbbəti də bundan irəli gəlir. Cənab İlham Əliyev xarizmatik liderdir. Bir çox beynəlxalq ekspertlər, o cümlədən nüfuzlu nəşrlər də Prezident İlham Əliyevi məhz belə təqdim edirlər. Ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür. Bu, Azərbaycan Prezidentinin ölkəmizin müstəqilliyini qorumaq, daha da möhkəmləndirmək üçün istinad etdiyi əsas uğur formuludur. Müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, idarəetmə tərzi, verdiyi müdrik qərarlar Azərbaycanın müstəqil siyasətinin təminatıdır. Və bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır”.

Ölkəmizin bu illər ərzindəki ən böyük uğuru da müstəqillik yolundan dönməməsi, bu yola sadiqliyidir: "Müstəqillik sadəcə olaraq, dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük olmayan ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır. Bizim təcrübəmiz onu göstərir ki, bu, mümkündür”.

Azərbaycanın daxili və xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Xarici siyasi əlaqələrini respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Eyni zamanda, ölkəmizin iqtisadi qüdrəti elə bir səviyyəyə çatıb ki, dünya bazarlarında baş verən kəskin dəyişikliklərin, böhranların təsir gücü ən aşağı həddədir. Cənubi Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən Azərbaycan iqtisadiyyatı gücünə görə regionda liderdir. Ölkədə, həmçinin əhalinin gəlirlərinin artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur.


Bəşəriyyətə verilən faydalar


Müstəqil dövlətimizin iqtisadi potensialının əsaslı şəkildə yüksəlməsi, maliyyə imkanlarının maksimuma çatdırılması, Azərbaycanın bölgədə əsas söz sahibinə çevrilməsi müasir tariximizin mühüm reallıqlarıdır. Bu gün ölkəmiz regionun siyasi mənzərəsini dəyişən möhtəşəm layihələrin təşəbbüskarıdır. Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi və prinsipiallığı ilə möhtəşəm transmilli enerji və nəqliyyat layihələrinin reallaşmasını təmin etməsi ilə Azərbaycanın çağdaş tarixinin ən şanlı səhifələri yazıldı. Ölkəmiz indi Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Azərbaycan Beynəlxalq "Şərq-Qərb”, "Şimal-Cənub nəqliyyat qovşağı” kimi əhəmiyyətli infrastruktur uğurla gerçəkləşdirilib. Zamanın uzaq çağlarında karvanların əhatə addımları ilə tarixə nizam verən qədim İpək yolu yenə Azərbaycandan keçir. Dünyanın müxtəlif səmtlərində ayrılan, kəsişən, çarpazlaşan yollar, ziddiyyətli geopolitik maraqlar Azərbaycanda birləşib öz axarında gələcəyə doğru davam edir. Azərbaycanın iştirakı ilə yeni bir tarix yazılır. Bütün bunlar cənab İlham Əliyevin mətin və qətiyyətli addımlarının nəticəsidir. Azərbaycanın regional siyasətdə və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti getdikcə genişlənir. Beynəlxalq tərəfdaşlar Azərbaycanın gələcəyinə inanır, ölkəmizə, onun rəhbərliyinə etibar edir. Zəngin sərhədlərə malik bu ölkədə daha böyük perspektivlərə inanırlar. Azərbaycanla bağlanmış tərəfdaşlıq müqavilələrinin müddətinin zamanla uzadılması bu inamın, güvənin ifadəsidir. Yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasəti və iqtisadiyyatı haqqında dərin bilikləri, mütərəqqi ideyaları ilə müasir çağda təkcə bir xalqa, dövlətə deyil, ümumən bəşəriyyətə böyük faydalar gətirən Prezident İlham Əliyev dühası ilə beynəlxalq miqyasda sözünün böyük çəkisi olan Liderdir. Azərbaycanın milli maraqları ilə bağlı dünyada cərəyan edən proseslərə dair Onun öz baxışları var. Heç bir amil Azərbaycan Respublikasının Prezidentini öz qətiyyətli mövqeyindən çəkindirmək gücündə deyil. Bütün dünyada Onun rəyi ilə hesablaşırlar. Çünki cənab İlham Əliyev yürütdüyü siyasətlə, mürəkkəb qlobal proseslərdə tutduğu düzgün mövqe ilə, ən əsası isə, Azərbaycana qazandırdığı sarsılmaz nüfuz ilə bu münasibətə tam layiq lider kimi tanınıb. Azərbaycanın dünyada ləyaqətli mövqeyinin qəbul edilməsi, zərgər dəqiqliyi ilə hesablanmış balanslı siyasi kursun və diplomatiyanın son nəticədə ölkəmizə böyük siyasi dividendlər qazandırması məhz bu amildən qaynaqlanır.


Comərdlik


Bu gün sanki, bir lider böhranı yaşayan və bu böhran ucbatından saysız-hesabsız problemlərlə üzləşən dünyada cənab İlham Əliyev əsl liderlik xüsusiyyətlərini qoruyaraq, bu xüsusiyyətləri xalqımıza xas yüksək mənəvi-əxlaqi normalarla, məharətlə uzlaşdıraraq dünyada nümunəvi bir rəhbər obrazı yaratmışdır.

Bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun mediada yayılmış maraqlı açıqlamalarını oxuduq. Bu açıqlamalarda illər ərzində mətbuatın xəbərdar olmadığı maraqlı məqamlardan söhbət gedirdi. Belarus Azərbaycana dost ölkədir. Ölkələrimiz, xalqlarımız hər zaman bir-birinə dəstək olmağa çalışıb. Bir neçə il əvvəl Belarus borcun ödənişi ilə bağlı çıxılmaz vəziyyətdə qalır. Qısa müddət üçün hansısa ölkənin əl tutmasına ehtiyacı yaranır. Belə məqamda Aleksandr Lukaşenko cənab İlham Əliyevə üz tutur. Dövlət rəhbərimiz yardım əlini əsirgəmir. Dost ölkənin müşkülü bir an içində həll olunur və qısa müddət sonra yenidən vəziyyətini qaydasına salıb Azərbaycanın borcunu qaytarır. Bu, sıradan bir diplomatik davranış, dövlətlər arasında ikitərəfli münasibətlərə aid məqam, iqtisadi qərar deyil, Azərbaycan əxlaqının, Azərbaycan mentalitetinin yüksək mənəvi dəyərlərinin bir nümunəsidir. Ulularımız, el-obanın mötəbər, comərd kişiləri də məhz belə edərdilər. Dara düşmüş dosta imkan olduqca yardımlarını əsirgəməzdilər. Ehtiyacı olana əl tutub ayağa qaldırmağı şərəf sanardılar. Bu qudsal dəyər Azərbaycanda bir dövlətçilik əxlaqıdır. Bu misilsiz dəyərlərin dövlətçiliyimizin fövqünə qaldırılmasıdır. Bu, dövlət başçımızın bütün qaydalarını, diplomatik manevrlərini əxlaq normaları çərçivəsində quran, hətta düşmənlə də mərdi-mərdanə davranan ən xarakterik məqamlarda böyüklüyünü, uzaqgörənliyini təsdiq edən güclü şəxsiyyətdir. O, öz diplomatik davranışları ilə sübut edir ki, siyasət, əslində, qəliz bir peşə deyil. Siyasəti qəlizləşdirmək insanlara, dünyaya xidmət üçün deyil, öz mənfur niyyətlərini reallaşdırmaq üçün çalışanların bədnam əməlləridir. Dünyanın dörd bir yanında münaqişə ocağı qalayanlardır. Xalqları, mədəniyyətləri üz-üzə qoyanlardır. Süni iqtisadi təlatümlər yaradıb sadə adamların son ruzisini əlindən almaq istəyənlərdir. Bizim Prezident öz parlaq şəxsiyyəti ilə bu mənfur əməllərə qarşı çıxır. Bütün Yer üzündə sülhün, dostluğun, sevgi və hörmət mühitinin bərqərar olmasına çalışır. Azərbaycan iki dost ölkə arasında hansısa qüvvələr münaqişə toxumu səpib məqsədlərinə nail olmağa başlayanda öz siyasi iradəsinin gücü ilə tərəfləri döyüş meydanından söhbət masasına gətirib anlaşılmazlığın aradan qaldırılmasına can atır. Bunun üçün şəxsi nüfuzundan, dərin dühasından hər iki tərəf üçün mötəbər sözünün qüdrətindən istifadə edir.

Bir neçə il əvvəl qardaş Türkiyə ilə uzunmüddətli tarixi bağlara, dostluq əlaqələrinə malik Rusiya arasında hərbi təyyarənin vurulması anlaşılmazlığı ilə bağlı yaranmış qarşıdurma hamının yadındadır. Qısa müddətdə çox gərgin həddə çatan bu qarşıdurma tədricən səngiməyə başladı. Tərəflər bir-birini anlayıb, pozulmuş münasibətləri qaydasına qoymaqdan ötrü müəyyən addımlar atdılar. Ona qədərsə maraqlı qüvvələr bu münaqişənin daha da qızışıb regionu qan gölünə döndərəcəyini gözləyirdilər. Türkiyə-Rusiya münaqişəsinin onlara gətirəcəyi böyük faydalar üzərində planlar qururdular. Amma mənfur niyyət çin olmadı. Tərəflər arasında barışıq alındı. Aylar sonra mətbuata sızan məlumatlardan məlum oldu ki, bu barışıqda, münaqişə işartısının alova çevrilmədən iki ölkənin dostluq qalasının viran olmasının qarşısının alınmasında Azərbaycan Prezidenti də böyük rol oynayıb.

Bu da Azərbaycan xalqının minillik əxlaqından, "Kitabi-Dədə Qorqud” kimi mənəviyyat abidələrimizdən süzülüb gələn bir dəyərdir. Min illər əvvəl də bu xalqın eldə-obada sözü keçən ağsaqqalları, ağbirçəkləri insanlar arasında sülh yaradardılar, bircə kəlmələri ilə qanlı davaların qarşısını alardılar. Bunu özlərinə şərəf bilərdilər. Cənab İlham Əliyev bu əxlaqı XXI əsrə daşıyıb gətirən, onu yaşadan, qoruyan, milli dəyərlərimizi bütün dünyaya çatdıran əsl milli liderimizdir.


Azərbaycanı qoruyan lider


Cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir.

Cənab İlham Əliyev bütün dünyada arzu olunan, lakin çox az təsadüf edilən nadir liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa bilir. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini, məhəbbətini daim hiss edən ləyaqətli və peşəkar siyasətçi idarə edəndə dövlət daha qüdrətli olur və inanılmaz yüksək nəticələrə öz möhürünü vurur.

İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli təqdim edir, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən fəaliyyət örnəyi formalaşdırır. Bununla da, radikalizm, ekstremizm kimi mənfi təzahürlərin milli siyasi sistemimizə qayıtmasına imkan vermir.

Azərbaycan Prezidenti siyasi sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi bəxş edir. Demokratiyanın istismarçı siyasi vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə, eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər və yaşam tərzi olduğunu sübut edir. İntellektual əsaslarda yeni demokratik cəmiyyət modeli formalaşdırır.

İlham Əliyev Azərbaycanın maraqlarını sarsıtmaq istəyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı çirkin planlarını məharətlə pozur, xalqımızı etnik, siyasi, ideoloji qarşıdurmalardan qoruyur. Bu qüvvələrin başqa müsəlman ölkələrindən bir qismində həyata keçirib insanlara zillət yaşatdıqları "lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinə imkan vermir. Bu hücumlara qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkir.

Azərbaycan Prezidenti "neft kapitalını intellektual kapitala çevirək” şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini strateji vəzifə kimi müəyyənləşdirməklə Azərbaycanın gələcək inkişafını təmin edir. XXI əsrdə nəhəng transmilli layihələri həyata keçirməklə rəqiblərinin dizini yerə gətirir, bu layihələri müstəqilliyimizin təminatçısına çevirir. Bütün maneələrə baxmayaraq, qlobal enerji-kommunikasiya layihələri ilə regionu qlobal inkişaf mərkəzinə çevirir. Azərbaycanın təlqin etdiyi dəyərlərlə dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın, multikultural dəyərlərin yayılmasına nail olur.

Bu gün Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi özünü dünyada təsdiq etmişdir. Dövlət rəhbərimizin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi, əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür.

Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə vətənimizin bütövlüyü uğrunda dünyada yaşayan hər bir azərbaycanlının, hər bir vətəndaşımızın ən ülvi arzusu rəhbərimizin böyük dühası, həssas və qılıncdan iti siyasəti ilə çin olacaq. XXI əsrin liderinin, bütün dünyaya sülh, barış, həmrəylik toxumları səpən dönməz siyasəti uğurlu qələbəsini təmin edəcək. Azərbaycan öz intibahına XXI əsrin lideri ilə, bütöv Azərbaycan ilə, azərbaycançılıq ideologiyası ilə nail olacaq.

Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor,

YAP Qadınlar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video