Alternative content

16:18 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 101-ci qəsəbə, 1000 mənzil
101-ci qəsəbə, 1000 mənzil
ANA SƏHİFƏ / Tədbirlər
12:00 24.12.2018

Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksin inşasına bu ilin martında başlanılıb və tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni kompleksdəki mənzillərdə yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, buradakı mənzillərdən 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Mənzillərin ümumi sahəsi 76 min kvadratmetrdir. Bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Yeni yaşayış kompleksində hazırda Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri mənzillə təmin olunacaq. Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu göstərir. Qaçqın və məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. İndiyə qədər bu kateqoriyadan olan insanların maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu istiqamətdə atılan mühüm addımlardan biri də 2017-ci il martın 9-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirənin keçirilməsi oldu. Mehriban Əliyeva müşavirədəki çıxışında ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi. 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyuldu. Abşeron rayonunun Masazır, Mehdiabad, həmçinin Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edildi. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdı.

Sonra dövlətimizin başçısı və birinci xanım uşaq bağçasında yaradılan şəraitlə tanış oldular. Qeyd edildi ki, burada balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. 140 yerlik bağça uşaqların zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin edəcək. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib. Ətrafda abadlıq və quruculuq işləri görülüb.

Qeyd edək ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İlin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Bu da 53 min 500 ailə və ya 300 min qaçqın və məcburi köçkün deməkdir. Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

Daha sonra yaşayış kompleksində tikilən Qubadlı rayonu Mirağa Əliyev adına Hal kənd tam orta məktəbindəki şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, bu təhsil ocağı 792 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcək. İdman zalı da zəruri avadanlıqla təchiz edilib və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məcburi köçkünlərlə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Əziz dostlar, bu gün məcburi köçkünlərin problemlərinin həlli işində növbəti önəmli addım atılır. Biz min mənzildən ibarət yeni şəhərciyin istifadəyə verilməsini birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Çox gözəl şəhərcikdir, böyük ərazidə yerləşir. Burada iyirmidən artıq çoxmərtəbəli yaşayış binası inşa edilib. Uşaq bağçası, tibb məntəqəsi, icma mərkəzi, təxminən 800 şagirdlik gözəl məktəb, yəni burada normal yaşamaq üçün bütün imkanlar, bütün şərait var. Bu şəhərciyin istifadəyə verilməsi bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bizim üçün bu, prioritet məsələdir.

Son illərdə məcburi köçkünlərin problemlərinin həlli işində çox böyük addımlar atılmışdır. Üç yüz minə yaxın köçkün yeni mənzillərlə, fərdi evlərlə təmin edilib. Bu məqsədlər üçün dövlət çox böyük vəsait xərcləyib və bu da təbiidir. Çünki mən həmişə demişəm ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır.

Bu il bu istiqamətdə çox böyük işlər görülüb. Bu il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Artıq köçkünlərin bu evlərə, mənzillərə yerləşməsi prosesinə start verilmişdir. Bu, rekord göstəricidir. Biz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edirik. Bir daha demək istəyirəm ki, bu il bu, ən yüksək səviyyədə öz həllini tapıb. Bizim vəzifəmiz ondan ibarətdir ki, bütün köçkün ailələri normal şəraitlə təmin olunsunlar. Bu istiqamətdə böyük işlər görülür, həm Bakı şəhərində, Abşeron rayonunda, Sumqayıt şəhərində, həm də digər şəhər və rayonlarımızda. Son illərdə yüzdən çox köçkün şəhərciyi tikilib istifadəyə verilmişdir. Ancaq o da həqiqətdir ki, hələ də çətin vəziyyətdə yaşayan köçkünlərimiz var. Onların problemləri də öz həllini tapacaq. Hazırda Dövlətqaçqınkom bu istiqamətdə öz işini davam etdirir, siyahılar dəqiqləşdirilir və növbəti ildə görüləcək işlərlə bağlı indi hazırlıq tədbirləri aparılır. Gələn ilin dövlət xərclərimizdə köçkünlərin problemlərinin həlli üçün kifayət qədər böyük vəsait nəzərdə tutulub.

Onu da bildirməliyəm ki, bu il, eyni zamanda, köçkünlərin məişət problemlərinin həlli işində bir yenilik də olub. O da ondan ibarətdir ki, özəl sektor köçkünlər üçün mənzillərin tikintisinə başlamışdır. Bu il "Qobu Park” köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi idi. Orada da mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. O layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib.

Bu, onu deməyə əsas verir ki, biznesin sosial məsuliyyəti də artır. Ümid edirəm ki, növbəti illərdə bizim böyük biznes strukturlarımız bu işlərdə köçkünlərə kömək göstərəcəklər. Əlbəttə, əsas işi dövlət öz üzərinə götürüb. Köçkünlərin problemlərinin həlli, onların məşğulluğunun artırılması üçün son illərdə milyardlarla manat vəsait xərclənmişdir. Ancaq imkanı olan şirkətlər əlbəttə ki, bu sahədə öz sözünü deməlidirlər və biz bunu görürük. Ümid edirəm ki, gələn il də biznes strukturları bu istiqamətdə öz sözünü deyəcəklər.

Bu il bir neçə yerdə köçkünlər üçün yeni şəhərciklər salınıb. Onların arasında iki layihəni xüsusilə qeyd etmək istərdim. Bu il Cocuq Mərcanlı qəsəbəsində işlərin ikinci mərhələsi başa çatmışdır. Bildiyiniz kimi, keçən il mənim iştirakımla Cocuq Mərcanlıda köçkün qəsəbəsinin açılışı olmuşdur. O vaxt biz 50 evin açılışını qeyd etdik. Qarşıya vəzifə qoyulmuşdu ki, evlərin sayı daha da artmalıdır. Əlavə 100 evin tikilməsi də bu il təmin edildi. Bu, əlbəttə ki, tarixi hadisədir. Çünki uzun fasilədən sonra Cocuq Mərcanlıda həyat yenidən qurulur, vətəndaşlar öz doğma torpağında yaşayırlar, qururlar, yaradırlar. Bilirsiniz ki, orada bütün infrastruktur yaradılıb, yollar, elektrik xətləri, məktəb, ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəri olan məscid tikilib. Biznes üçün də çox gözəl şərait yaradılıb. Hazırda 150 evdən ibarət qəsəbə bizim iradəmizin rəmzinə çevrilibdir. Bu qəsəbənin yaşaması, yenidən qurulması onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Hər bir köçkün bir arzu ilə, bir amalla yaşayır ki, tezliklə öz doğma torpağına qayıtsın. Biz bunu Cocuq Mərcanlı qəsəbəsinin timsalında görürük. Çünki uzun illər başqa yerlərdə yaşamış Cocuq Mərcanlı sakinləri imkan olan kimi, əlbəttə, öz doğma kəndinə üz tutdular. Hətta Cocuq Mərcanlını görməyən uşaqlar, yeniyetmələr böyük həvəslə o kəndə üz tutub, orada - doğma torpağında öz həyatlarını qururlar.

Digər layihə Tərtər rayonunun Şıxarx qəsəbəsində tikilmiş şəhərcikdir. O şəhərcik təxminən 1200 mənzildən ibarətdir. Hündürmərtəbəli binalar tikilib. O layihənin də əhəmiyyəti ondadır ki, vaxtilə işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda belə böyük, gözəl şəhərcik tikilib. Əlbəttə, hər bir köçkün şəhərciyinin istifadəyə verilməsi önəmli hadisədir və bizi, köçkünləri sevindirir. Ancaq bu iki layihəni xüsusilə qeyd etmək istəyirəm. Çünki məhz işğalçılardan azad edilmiş torpaqlarda biz bu gözəl şəhərcikləri qurmuşuq. Bu, bir daha onu göstərir ki, torpaqlarımız işğaldan azad olunandan sonra biz ermənilər tərəfindən dağıdılmış bütün şəhər və rayonlarımızı, kəndlərimizi bərpa edəcəyik. Buna bizim gücümüz də çatacaq, iradəmiz də var. Bizim siyasətimiz, bir daha demək istəyirəm ki, məcburi köçkünlərin problemlərinin həlli işinə dəstək verməkdən ibarətdir. Mən əminəm ki, bu gün hələ də işğal altında olan bütün torpaqlar azad ediləndən sonra o torpaqlarda gözəl şəhərlər, kəndlər yenidən qurulacaq. Azərbaycan xalqı işğalla barışmayacaq.

Ermənistanın işğalçılıq siyasəti onları ağır vəziyyətdə qoyub. Bu gün bunu həm dünya görür, həm də regionda baş verən hadisələr bunu göstərir. Ermənistanda uzun illər ərzində – iyirmi il ərzində hakimiyyəti zəbt etmiş kriminal rejim çökdü. Bunun başlıca səbəbi onların işğalçılıq siyasətidir. Çünki biz qarşıya vəzifə qoymuşduq ki, bu kriminal rejim çökməlidir və buna nail olduq. Bütün vasitələrdən istifadə edərək buna nail olduq. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Ermənistanda kriminal, rüşvətxor xunta rejiminin çökməsində bizim də payımız var. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ilk növbədə, biz onları təcrid vəziyyətində saxlayırıq və saxlayacağıq. Digər tərəfdən, Ermənistan iqtisadiyyatı üçün heç bir əsas yoxdur. Biz onları bütün regional layihələrdən təcrid etmişik və bu proses davam etdirilir. Ermənistanda iqtisadi vəziyyət çox ağırdır və bu il orada baş vermiş hadisələrin əsas səbəbi də səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır. Demoqrafik baxımdan Ermənistan çox ağır vəziyyətdədir. Bizdə olan məlumata görə, yenə də işğalçılıq siyasəti nəticəsində ölkədən ən azı bir milyondan artıq vətəndaş gedibdir, həmişəlik ölkəni tərk edibdir.

Ümid edirəm, Ermənistan cəmiyyəti və Ermənistanın yeni rəhbərliyi başa düşəcək ki, ancaq Azərbaycan ilə münasibətləri normallaşdırandan sonra Ermənistanda hər hansı bir iqtisadi inkişaf ola bilər. Normallaşma torpaqlarımızın azad edilməsindən asılıdır və bunun əsas şərtidir.

Biz isə öz gücümüzü, qüdrətimizi artırırıq. Onu da bildirməliyəm ki, Ermənistanın kriminal rejiminin süquta uğramasında bizim hərbi qələbələrimiz də önəmli rol oynayıb. Xüsusilə, Aprel döyüşləri və ondan sonra bizim digər uğurlu əməliyyatlarımız nəticəsində Ermənistanın əvvəlki rəhbərliyi tərəfindən öz ordusu haqqında yaradılan mif tamamilə darmadağın edildi. Azərbaycan Ordusu, Azərbaycan əsgəri göstərdi ki, biz döyüş meydanında da qalib gəlirik. Bizim hərbi qələbələrimiz Ermənistanın kriminal rejiminin çökməsində xüsusi rol oynamışdır.

Biz 2019-cu ilə qədəm qoyuruq və ümid edirik ki, bu il Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər. Amma baxacağıq ki, vəziyyət necə inkişaf edir. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır, bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bunu ədalət, tarix tələb edir, bunu beynəlxalq hüquq tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz dediyim sözlər öz əksini tapıb ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Biz əlbəttə ki, xarici müstəvidə öz səylərimizi bu istiqamətdə artıracağıq. Bu il həm ikitərəfli təmaslar əsasında mən bir çox ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlarda və imzalanmış sənədlərdə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə hörmət göstərilir və münaqişənin bu prinsiplər əsasında həll olunması tələb edilir. Eyni zamanda, Avropa İttifaqı ilə imzalanmış sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox ciddi bəyanatlar var. Yəni, həm tarixi, həm hüquqi əsaslar bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, bu gün Ermənistan və Azərbaycan iqtisadi və hərbi cəhətdən fərqli kateqoriyalarda olan ölkələrdir. Eyni zamanda, bölgədə gedən proseslər, bizim qonşu ölkələrlə münasibətlərimizin möhkəmləndirilməsi regionda vəziyyəti bizim xeyrimizə dəyişdirir. Yəni, bütün bu amillər deməyə əsas verir ki, 2019-cu ildə münaqişə ilə bağlı müəyyən addımlar atılacaq. Hələ ki, bir şey demək tezdir, ancaq bir şey tam aydındır: biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur. Dağlıq Qarabağ və onun ətrafında yerləşən digər işğal edilmiş torpaqlar bizim əzəli, tarixi torpaqlarımızdır və bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində o vaxt Azərbaycanda hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Biz bütün imkanlardan istifadə edirik ki, bu məsələ öz həllini tapsın. Ölkəmizin artan qüdrəti o günü yaxınlaşdırır ki, belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda tikilsin.

Sizin üçün bu, müvəqqəti yaşayış yeridir. Əlbəttə ki, burada gözəl şəraitin yaradılması bizim borcumuzdur. Mən bilirəm ki, burada yaşayacaq vətəndaşlar çox ağır şəraitdə yaşamışlar. İndi burada gözəl şərait yaradılır. Ancaq yenə də bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda açılacaqdır.

Mən sizi bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. Sizi qarşıdan gələn Yeni il bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Sağ olun.

X X X

Məcburi köçkün, Milli Qəhrəman atası Nəriman HƏMİDOV çıxış edərək dedi:

-Cənab Prezident, bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur, Siz bizimləsiniz. Sizin məcburi köçkünlərə göstərdiyiniz qayğı bizim nəzərimizdən heç vaxt qaçmaz. Sizin göstərdiyiniz diqqət və qayğı həmişə bizim nəzərimizdədir. Biz görürük ki, məcburi köçkünlər məsələsi həm dövlətimizin, həm də Prezidentimizin diqqətindədir. Çox şadıq ki, bu gün Sizin ad gününüzdür. Bu münasibətlə Sizi təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram.

Möhtərəm Prezident, ölkəmiz tərəqqidədir. Bu, hamımızın gözü qarşısındadır. Ölkəmiz çiçəklənir, inkişaf edir. Bunlar hamısı Sizin daxili və xarici siyasətinizin bariz nümunəsidir. Bütün bunların hamısı dünya miqyaslı siyasi xadim, türk aləminin lideri, ulu öndərimiz Heydər Əliyevin dövlətçilik siyasətini uğurla həyata keçirməyinizin bariz nümunəsidir. Bu siyasət nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, xalqımızın güzəranı, maddi rifah halı yaxşılaşır. Onu da qeyd edim ki, bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Sizi çox istəyir. Siz Ulu Öndərin siyasi xəttini cəsarətlə davam etdirirsiniz.

Cənab Prezident, Siz çox qayğıkeş, hər bir sahənin inkişafına diqqət yetirən rəhbərsiniz. Ölkəmizdə çoxlu alimlər, yazıçılar, şairlər, mədəniyyət işçiləri, idmançılar var. Siz onların hamısının əməyini yüksək qiymətləndirirsiniz, hamısının öz payını, qismətini özünə çatdırırsınız. Bu qismətdən mənə də pay düşübdür. Ermənilərin həmləsinin qarşısını almaq üçün bizim ordumuz Sizin rəhbərliyiniz altında ayağa qalxdı. O vaxt mənim oğlum da cəbhədə idi. Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə Siz ona Azərbaycanın Milli Qəhrəmanı adı verdiniz. Çox şadam, bu gün Allah-Təala mənə bu fürsəti verib ki, mən Sizə öz minnətdarlığımı üzbəüz bildirim. Sizə öz adımdan, bütün ailəmiz adından minnətdarlıq edirəm. Çox sağ olun, polkovnik Şükür Həmidov Sizin Sərəncamınızla Milli Qəhrəman adına layiq görülüb. Minnətdarlığımı bildirirəm.

Cənab Prezident, bu, tək mənim valideynlik qürurum, sevincim deyil. Bu, bizim ordumuzun Sizin rəhbərliyinizlə qələbəsinin nəticəsidir. Eyni zamanda, Siz özünüz də qeyd etdiyiniz kimi, Cocuq Mərcanlıda görülən işlər qayıdışımızın ilk addımıdır. Biz Sizin rəhbərliyinizlə o addımı davam etdirəcəyik.

Bizim bir el misalı var: Ad günü olana hədiyyə verərlər. Amma Siz bunun əksinə hərəkət etdiniz, bu şad gündə, Sizin ad gününüzdə bu gözəl, hər şəraiti olan qəsəbəni Siz bizə hədiyyə etdiniz. Çox sağ olun, çox var olun. Sizə uzun ömür, işinizdə müvəffəqiyyət arzulayıram.

Hörmətli Mehriban xanım, mənim yaxşı yadımdadır, Siz Birinci vitse-prezident olanda ilk yığıncağınızı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə əlaqədar keçirdiniz. Mən o yığıncaqdakı çıxışınızı dəfələrlə dinləmişəm. Siz Azərbaycan xalqının sevimli qızısınız. Bütün Azərbaycan xalqı Sizi sevir, Sizi alqışlayır. Ölkəmizin daxilində və xaricdə gördüyünüz işlərin hamısı bizə yaxşı məlumdur. Çox sağ olun, bunlar heç vaxt bizim yadımızdan çıxmaz.

Mən bütün qubadlılılar, bütün məcburi köçkünlər adından, möhtərəm Prezidentimiz, Sizi ad gününüz münasibətilə təbrik edirəm, Sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, Sizin rəhbərliyinizlə torpaqlarımız yaxın vaxtlarda işğaldan azad olunsun, biz gedək öz ata-baba torpaqlarımızı ziyarət edək, beş gün də yaşamalı olsaq, o torpaqda yaşayaq. Çox sağ olun, çox var olun. Onu da arzu edirəm ki, Sizin fərmanları imzaladığınız o qələm həmişə Sizin əlinizdə olsun.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Qubadlı rayonundan məcburi köçkün Aqil QULİYEV dedi:

-Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə bütün gənclər adından ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, dövlətimizin daha da güclənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Cənab Prezident, bu əziz gündə Sizin qarşınızda çıxış etmək hər bir Azərbaycan gənci kimi, mənim üçün də böyük şərəfdir və həyatımda tarixi əlamətdar gündür.

Möhtərəm cənab Prezident, Azərbaycan gəncliyi Sizinlə fəxr edir. Ona görə ki, ümummilli liderimiz, Azərbaycanın, dünyanın dahi siyasi xadimi Heydər Əliyevin 1990-cı illərin əvvəllərində təlatümlərdən, məhv olmaq təhlükəsindən xilas etdiyi, inkişafının əsasını qoyduğu Azərbaycanı bu gün Siz dünyada və beynəlxalq aləmdə, regionda gedən çətin vəziyyətdə, dünyada ikili standartların hökm sürdüyü bir zamanda daha da inkişaf etdirib, uğurdan-uğura aparırsınız.

Möhtərəm cənab Prezident, Siz bu gün Azərbaycanı idman ölkəsinə, mühüm beynəlxalq yarışların, humanitar forumların keçirildiyi multikultural məkana çevirmisiniz. Bu gün Azərbaycanı dünyaya multikulturalizm nümunəsi göstərən bir ölkəyə çevirmisiniz. Bu gün dünya Azərbaycan multikulturalizmindən bəhs edir və ondan öyrənir.

Möhtərəm cənab Prezident, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu böyük strateji layihələrin - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi layihələrin Sizin rəhbərliyinizlə reallaşdırılması, Sizin müəllifi olduğunuz TANAP, TAP kimi mühüm layihələrin həyata keçirilməsi Azərbaycanı regionun lider dövlətinə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirmişdir. Bütün bunlar məhz Sizin böyük siyasi fəaliyyətinizin nəticəsidir. Bu gün biz ona görə fəxr edirik ki, yaşadığımız müstəqil Azərbaycanı dünyanın azsaylı ölkələrindən olan kosmik ölkəyə çevirmisiniz. Bütün bunlar, həmçinin ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin davam etdirilməsi gənclərimizi hər zaman Sizin siyasətinizi qətiyyətlə müdafiə edən cəmiyyətimizin fəal bir zümrəsinə çevirib. Gənclərimiz hər zaman həyatda öz yerlərini tutmaqda Sizə güvənmiş, Sizdən ilham almışlar.

Hörmətli Mehriban xanıma dünyanın diqqətini Azərbaycana yönəltmiş birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının böyük müvəffəqiyyətlə keçməsi üçün göstərdiyi səylərə görə bütün gənclər adından, məcburi köçkünlər adından dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm cənab Prezident, bu gün Azərbaycanımız gündən-günə inkişaf edir. Biz Sizin bütün istiqamətlərdə, o cümlədən Ali Baş Komandan kimi ordu quruculuğu sahəsində apardığınız məqsədyönlü siyasət nəticəsində doğma torpaqlarımızın tezliklə azad olunacağına inanırıq. Biz gənclər Ali Baş Komandanımızın əmrinizi səbirsizliklə gözləyən müsəlləh əsgərlərik.

Möhtərəm cənab Prezident, icazə verin, bu gün bu sevinci bizə bəxş etdiyinizə, öz ad gününüzü bizimlə qeyd etdiyinizə, hər cür şəraitlə təmin olunmuş şəhərciyi köçkünlərə hədiyyə etdiyinizə görə gənclərin Sizə sonsuz minnətdarlığını çatdırım.

Möhtərəm cənab Prezident, bir daha Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə dövlətimizin daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Prezident İlham Əliyev: Çox sağ olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM