23 Dekabr 2018 01:22
1124
SİYASƏT
A- A+

Yeni Bakının baş müəllifi


İlham Əliyev böyük zəhmət və fədakarlıqla ölkə paytaxtını yenidən tikib-qurur, gözəlləşdirir


Azərbaycanlı adını daşıyıb Bakını sevməyən varmı?

Yəqin ki, yox!

Azərbaycanda doğulan hər bir insanın ağlı kəsəndən ən böyük arzusu Bakıya gəlmək, Bakını görmək olur!

Bakıda doğulmaq isə Tanrının insana qismət etdiyi xoşbəxtliklərdən biri sayılır.

Bakı arzular şəhəridir!

Bakı şəhərlərin gözəlidir!

Bakı hamımızın qürur, iftixar ünvanımızdır!

Bakı iqtisadi, siyasi, mədəni, mənəvi, intellektual mərkəzimizdir!

Ən nəhayət, Bakı hamımızındır!

Çünki hamıya eyni məhəbbətlə qucaq açır!

Çünki heç kəsə fərq qoymadan hamıya eyni nəzərlərlə baxır!

Çünki hamıya eyni qonaqpərvərliyi, mehribanlığı göstərir!

Çünki heç kimdən heç nəyini əsirgəmir!

Həm də təmənnasızdır, böyükdür, əzəmətlidir, qədimdir, eyni zamanda yenidir, müasirdir, gəncdir!

Biz hamımız Bakını sevsək də, onun inkişafına, böyüməsinə və gözəlləşməsinə, tanınmasına və məşhurlaşmasına eyni dərəcədə töhfə vermirik.

Bəlkə də verdiyimizdən çox tələb edirik, umuruq!

Amma Bakının bugünkü səviyyəyə çatmasında misilsiz xidmətlər göstərənlər də var!

***

Deyirlər keçmişini unudan gələcəyini qura bilməz!

Müdrik deyimdir!

Həm də təkcə keçmişimizi yox, vətənin, xalqın, dövlətin naminə görülən işləri də unutmamalıyıq, üstəlik obyektiv qiymətləndirməyi də bacarmalıyıq!

Yaşlı nəslin nümayəndələri köhnə Bakını yaxşı xatırlayırlar: əyri-üyrü küçələr, yastı-yapalaq evlər, neft və qaz qoxulu hava, günlərlə cövlan edən xəzri və gilavar, yad dildə danışan şəhər...

Hamı buraya çörək dalınca, neft mədənlərində işləməyə gələrdi...

Böyük Vətən müharibəsi dövründə isə şəhər tamamən sönmüş, yoxsullaşmışdı...

Bakı ilk intibahını ulu öndər Heydər Əliyevin dövründə yaşadı:

* Neft sənayesində böyük canlanma yarandı;

* Yeni fabrik və zavodlar tikildi;

* Çoxsaylı yaşayış binaları inşa olundu, bir-birinin ardınca mikrorayonlar meydana gəldi;

* Şəhər böyüdü, yeni küçələr yarandı, yeni metro stansiyaları tikildi, park və xiyabanlar, yaşıllıqlar salındı;

* Çoxsaylı ali məktəblər, texnikumlar açıldı, yeni teatrlar yaradıldı, elm, mədəniyyət inkişaf etdi...

Bütün bunların sayəsində Bakıya çoxsaylı insanlar gəldi, gənclər təhsil aldı, dünyagörüşləri genişləndi, insanlar iş tapdılar, təzə mənzillərdə yaşadılar, yeni filmlər çəkildi, tamaşalar qoyuldu...

Əlbəttə, on beş respublikadan biri olan Azərbaycan İttifaq büdcəsindən asılı idi, qazandığı vəsaitin çoxu özünə qalmırdı, istədiyinin hamısını reallaşdıra bilmirdi...

Bütün bunlara baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycanı Sovetlər İttifaqının ən qabaqcıl respublikalarından birinə, Bakını isə inkişaf etmiş ölkə paytaxtına çevirdi!

Və böyük müdrikliklə bildirdi ki, zaman gələcək, Qara şəhər (o zamanlar Bakının Zığ səmti "Çyornı qorod” (Qara şəhər) adlanırdı) Ağ şəhərə çevriləcək, burada güllər-çiçəklər əkiləcəkdir!

Bəli, artıq Qara şəhərdən əsər-əlamət qalmayıb!

Ağ günlərə çıxan müstəqil Azərbaycanın paytaxtı qədim Bakı isə artıq ikinci intibahını yaşayır.

Bu dəyişikliyin və yeniləşmənin müəllifi dövlət başçısı İlham Əliyevdir!

Yeni Bakının qurucusu, hər cür yeniliyin və dəyişikliyin baş müəllifi olan cənab İlham Əliyev!

***

Müasir Bakının xarakterik xüsusiyyətləri və fərqli cizgiləri hansılardır?

Bakı qədim Şərq şəhəridir!

Şərq memarlığının bütün nümunələrinə burada rast gəlmək mümkündür.

Həm də təkcə İçərişəhərdə yox, XX əsrin neft bumundan sonra neftxudaların ətrafda tikdirdikləri yeni binalarda da!

Bakı həm də Avropa tipli şəhərdir!

Burada Qərb memarlığı üslubunda tikilmiş bütün memarlıq nümunələri mövcuddur!

Bakı eyni zamanda müasir meqapolisdir!

Çünki müasir şəhərsalmanın bütün tələb və prinsipləri gözlənilir, ən yeni tikinti materiallarından, ən unikal layihələrdən istifadə olunur.

İlham Əliyev Bakının yenidən qurulmasında ənənə və müasirliyin vəhdətinin qorunub saxlanılması, Şərq memarlığının mühüm elementlərinin yaşadılması ilə bərabər, memarlığın yeni üslublarının tətbiqinə, onlardan yerində və düzgün bəhrələnməyə də nail olmuşdur!

Gəlin xəyalən Bakını səyahət edərək onun unikal memarlıq abidələrinin seyrinə birlikdə çıxaq.

***

İçərişəhər qədim Bakının simvoludur. Burada Şərq mədəniyyətinin və memarlığının nümunələri ilə yanaşı, dəniz kənarında, küləkli ərazidə yerləşən yaşayış məntəqəsinin özünəməxsus xüsusiyyətləri də mövcuddur. Dar, labirint məhəllələrin həm güclü küləkdən qorunması, həm də havalanması təmin olunub. Bu qədim şəhərdə Şirvanşahlar sarayından tutmuş qədim bazara, məscidə, hətta hamama qədər hər bir tikili vardır. Təsadüfi deyil ki, turistlərin də ən çox maraq göstərdikləri yer məhz buradır.

Sovet dövründə İçərişəhər öz problemləri ilə əlləşən unudulmuş bir məkan sayılırdı. Buradakı tarixi abidələrin qorunmasına, bərpa və abadlaşdırma işlərinə kifayət qədər vəsait ayrılmırdı.

Dövlət müstəqilliyinin bərpası İşərişəhərin də bəxtini açdı!

Xalqımızın qədim ənənələrindən olan Novruz bayramının burada keçirilməsi isə dönüşün başlanğıcı oldu.

Hazırda İçərişəhər yeni növrağını yaşayır!

Buradakı bütün tarixi-memarlıq abidələri - Şirvanşahlar sarayı, məscid, bazar, hamam və binalar milliliyi və qədimliyi saxlanılmaqla bərpa edilmiş, Qız qalası isə restavrasiya olunmuşdur.

İl boyu turistlər əskik olmur.

"Qədim mağaza”larda milli suvenirlər satılır.

Azərbaycan mətbəxinin ləziz nümunələri gələn qonaqlara təqdim olunur.

Fiziki cəhətdən qüsurlu insanların hazırladıqları milli sənət nümunələrinin daimi satışı həm də onların yaşayışına müsbət təsir göstərməkdədir.

İçərişəhərdə aparılan təmir, bərpa və yenidənqurma nəticəsində bu tarixi qoruq-şəhər UNESCO-nun qeyri-maddi mədəni irs Siyahısına salınmışdır.

***

Bakı bulvarı isə bir özgə aləmdir!

Cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt sakinlərinin ən sevimli yerinə çevrilən bu məkan təkcə forma və məzmunca yox, həm də əhatə dairəsinə görə qısa müddətdə böyük inkişaf yolu keçmişdir.

Mavi Xəzərin sahili ilə 16 kilometr uzanan bulvarın ümumi sahəsi 200 hektardır.

Torpağı şoran, yayı isti, küləyi güclü olan Abşeronda ağac böyütmək, yaşıllıq salıb qorumaq çox çətindir!

Bürkülü yay günlərində dəniz kənarında ağac kölgəsi taparaq dincəlmək də asan deyil! Yaxın zamanlara qədər yayın qızmar çağlarında burada nəinki oturacaq, hətta gəzməyə yer tapmaq belə müşkülə çevrilmişdi.

Bu gün isə Dənizkənarı Milli Park arzu edən hər kəsi öz qoynuna ala bilir:

* sevənlər ilk görüşlərini bura təyin edirlər;

* pensiyaçılar həmsöhbətləri ilə vaxtlarını burada keçirirlər;

* uşaqlar burada cürbəcür attraksionlardan istifadə edirlər;

* təmiz havada dincəlmək istəyənlər buraya üz tuturlar;

* piyada gəzmək həvəskarlarına, velosiped sürənlərə burada lazımi şərait yaradılıb;

* burada idman qurğularından hər kəs pulsuz istifadə edə bilir;

* burada müxtəlif yarmarka və sərgilər təşkil olunur, bayram tədbirlərinin bir qismi burada baş tutur;

nən yüksək və növbənöv gül, ağac "sərgi”ləri də buradadır!

Bir ucu Zığa, bir ucu Bayıladək uzanan, milli park statusu daşıyan Dənizkənarı bulvar əcnəbilərin rahat və sərbəst gəzdikləri, paytaxt sakinləri ilə ən çox təmas qurduqları guşələrdəndir!

***

Bayraq meydanı da burada yerləşir!

Üçrəngli ay-ulduzlu bayrağımız Azərbaycan Xalq Cümhuriyyəti dövrünün yadigarlarındandır.

Həm də müstəqilliyimizin simvolu, atributlarındandır!

Sovet dövründə onu qadağan etdilər!

Gizlincə üzə çıxaranları tapıb ciddi cəzalandırdılar!

17 noyabr 1990-cı ildə ulu öndər Heydər Əliyevin cəsarət və qətiyyəti sayəsində Naxçıvanda ona yenidən dövlət bayrağı statusu verildi!

18 oktyabr 1991-ci ildə Azərbaycanda da dövlət bayrağı kimi tanındı!

1 sentyabr 2010-cu ildə isə Prezident İlham Əliyev Dövlət Bayrağı meydanını, habelə Dövlət Bayrağı Muzeyini Azərbaycan xalqına hədiyyə etdi!

Həm də bayraq dirəyinin hündürlüyünə görə dünya birincisi hesab edilərək Ginnesin rekordlar kitabına salındı, xüsusi sertifikat aldı!

***

Təbiətən qurucu və yaradıcı insan olan cənab İlham Əliyev həm də yüksək zövq sahibidir!

Azərbaycanda nə yaradıbsa, hansı layihəni seçibsə, ən yaxşısına, ən unikalına üstünlük verib!

İndiyədək Bakıda görünməmiş memarlıq nümunələrinə həyat vəsiqəsi bəxş edib!

Onun fəaliyyətinin bu xüsusiyyəti yenidən tikilib qurulan, genişləndirilən paytaxtımızda daha qabarıq, daha parlaq şəkildə görünür!

Ötən əsrin əvvəllərindəki Bakıda memarlığın bütün üslublarında - milli, klassik, roman, qotik, barokko və s. binalar tikilmişdi.

Cənab İlham Əliyev isə memarlığın qədim və milli ənənələrini qorumaq və davam etdirməklə bərabər, ən yeni üslublara, habelə müasir materialların tətbiqinə də xüsusi önəm vermişdir.

Heydər Əliyev Fondunun binası milli memarlığın naxış və ornamentləri ilə gözəl və əzəmətlidir.

Heydər Əliyev Mərkəzinin binası isə heyrətdoğuracaq qədər yeni, müasir və möhtəşəmdir!

Dünya memarlıq incilərinin ilk yüzlüyünə salınan bu bina sanki elə Bakı üçün layihələndirilib!

Coşqun Xəzərin sahilində yerləşən, ilin 300 günü külək əsən, dalğaları daim şahə qalxan bir şəhərdə həmin dalğaları əks etdirən memarlıq nümunəsinin olmaması natamamlıq doğurardı!

İlham Əliyev bu nadir layihəni gerçəkləşdirməklə təbiətlə memarlığı uyğunlaşdırıb, harmoniyaya çevirib!

Bəyazlığı ilə göz qamaşdıran bu nadir incinin yeni mənəvi təyinatı da qürurvericidir.

Onun ətrafındakı yaşıllıq gənclərin və ailələrin birgə istirahət məkanı, konsert və idman tədbirlərinin, açıq havada sərgilərin keçirildiyi sevimli bir ünvan funksiyasını daşıyır.

***

Ulu babalarımız atəşpərəst olublar!

Təsadüfi deyil ki, Azərbaycanın bir rəmzi adı Odlar Yurdudur!

Bu gün də Məhəmmədi kəndində təbii şəkildə yerin altından çıxaraq gecə-gündüz şölə saçan qaz alovu təbiətin nadir nümunələrindən sayılır.

Qədim Bakının simvolu olan üç alov isə bəzən poçt markalarında, hərdən isə paytaxt haqqında buraxılan bukletlərin üzərində qorxa-qorxa göstərilərdi.

İlham Əliyev Odlar Yurdunun Bakı emblemini möhtəşəm, 32 mərtəbəli binaya çevirdi!

"Alov qüllələri” adlanan bu bina Bakının bolşevik işğalının rəmzi sayılan S.M.Kirovun Dağüstü parkdakı heykəlini əvəz edib!

Həm də daha yüksəkdə, daha müasir, daha möhtəşəm şəkildə!

Axşamlar üçrəngli bayrağımızı yüz dəfələrlə böyük və rəngli formada dalğalandıran bu "müstəqillik nişanəsi” şəhərin hər yerindən görünür, heyrət və razılıq doğurur!

***

Xəzər sahilində yerləşən daha bir memarlıq nümunəsi isə "Büllur saray”dır ("Kristal holl”).

Dənizin içərisinə burun kimi daxil olmuş bu adada vaxtilə SSRİ Silahlı Qüvvələrinin sursat anbarı yerləşirdi.

İndi həmin adacığın təkcə xarici görünüşü yox, mahiyyəti də dəyişib!

Daha burada ölümsaçan məhsullar saxlanılmır!

Yeni, ən müasir quruluşa, idarəetməyə, işıqlandırma sisteminə əsaslanan bu sarayda böyük tamaşaçı auditoriyasına malik konsert və idman tədbirləri keçirilir, insanlar nağılvarı aləmə "səyahətə çıxırlar”.

"Kristal holl” Bayraq meydanı ilə bir ansambl yaradır, görkəmləri ilə göz oxşayırlar, Bakının hüsnünə sığal çəkirlər!

Mehriban xanım Əliyevanın qayğısı sayəsində Azərbaycan muğamı öz inkişafının yeni mərhələsinə qədəm qoydu!

Həm də dünyada tanındı, muğama gənclərin axını başladı, yeni həvəs və nəfəs gəldi!

Ölkəmizdə keçirilən müxtəlif muğam müsabiqələri bütün dünyada maraqla izlənir, dünyanın istənilən ölkəsində keçirilən yarışlarda isə Azərbaycan muğam ifaçıları iştirak edərək daim yüksək yerləri tuturlar.

Öz orijinallığı ilə seçilən Beynəlxalq Muğam Mərkəzi bu qədim musiqini sevənlərə dövlət başçısının dəyərli hədiyyəsidir!

Dənizkənarı bulvarda onunla yanaşı dayanan Xalça muzeyi də adına uyğun görünüşü ilə fərqlənir.

Hər iki ünvan qədimliklə müasirliyi üzvi şəkildə birləşdirərək Bakıya təşrif gətirən qonaqların yaddaşından uzun müddət silinmir.

***

Qədim İçərişəhər nə qədər darısqal və maraqlıdırsa, Ağ şəhər bir o qədər geniş, rahat və müasirdir.

O həm də Azərbaycanda şəhərsalma mədəniyyətinin yüksək səviyyədə olmasının göstəricisidir!

Eyni zamanda, şəhərin baş müəllifinin incə, müasir zövq sahibi olduğunu təsdiqləyir!

İşıqlı və yaraşıqlı binalar, yaşıl xiyabanlar, insanların hər cür tələbatını ödəyən müasir infrastruktur, uşaq əyləncə meydançaları, nəqliyyatın normal hərəkətinə yaradılan münasib şərait - bir sözlə, hər şey yenilikdən, rahatlıqdan, insan amilinin yüksəkdə tutulmasından xəbər verir!

Bəli, Qara şəhər təmizlənə bilərmiş!

Qara şəhər Ağ şəhərə çevrilərmiş!

İnsanlar Xəzərin ləpədöyənində neft və qaz iyi qoxumayan hava ilə nəfəs alaraq ağ günlərə çıxa bilərmişlər!

Bunu da İlham Əliyev edib!

***

Bakı mehriban şəhərdir!

Bakı qonaqpərvər şəhərdir!

Bakı çörəkli şəhərdir!

Bunu Bakıya qonaq, yaxud daimi, ya da müvəqqəti işləməyə gələn hər kəs təsdiq edir.

Şəhərin qonaqpərvərliyinin bir göstəricisi də orada çoxsaylı, müasir və müxtəlif ulduz saylı hotellərin olmasıdır.

Bakı bu cəhətdən də nümunəvidir!

Dünyanın ən məşhur brendləri Bakıda beşulduzlu hotellər tikərək qonaqların ehtiyacını qarşılayırlar.

Bakıda son dövrlərdə hotelçilik sürətlə inkişaf edib, müasir tələblərə cavab verən xeyli sayda hotellər istifadəyə verilib.

Bütün bunlar təkcə qonaqlara rahatlıq yox, şəhərimizə də bir yaraşıq və müasirlik bəxş edir.

Həm də onun görkəmini xeyli dəyişdirir.

***

Azərbaycanın iqtisadi cəhətdən inkişafının, əhalinin rifahının yüksəlməsinin bir göstəricisi də fərdi avtomobillərin sayının artmasıdır.

Maşınlar ailələrə sevinc və rahatlıq, şəhərlərə isə çoxsaylı problemlər gətirir!

Parklanma, ekoloji çirklənmə, ən əsası tıxaclar dünyanın hər yerində həlli çətin problemlərdən sayılır.

Sovet dövründə uzun illər növbədə durmaqla belə avtomobil sahibi ola bilməyənlər həm maddi imkanları artdığından, həm də avtomobil əldə etməyin asanlığından istifadə edərək qısa müddətdə xeyli sayda xarici maşın sahibinə çevrildilər.

Artıq ailələr bir maşınla kifayətlənmirlər!

Urbanizasiya nəticəsində şəhərdə yaşamaq istəyənlərin sayı da kəskin şəkildə artıb!

Daha "pasport qeydiyyatı” səbəbi ilə Bakıya köçənlərə maneələr yaradılmır!

Bütün bunlar - çoxsaylı maşınlar, küçələrdə maşınların parklanması, xüsusən səhər və axşam çağlarında hədsiz çoxalan maşınları aşıracaq geniş küçələrin azlığı - təxirəsalınmaz tədbirlər tələb edirdi.

İlham Əliyevin xüsusi diqqəti sayəsində qısa müddətdə xeyli işlərin görülməsi - mövcud küçələrin aşırma qabiliyyətinin artırılması, yeni, geniş küçələrin salınması, yeraltı və yerüstü dayanacaqların sayının çoxaldılması, yeni yol aşırımlarının, körpülərin və tunellərin tikintisi - vəziyyətin əsaslı şəkildə dəyişməsinə imkan yaratdı!

Doğrudur, hələ də tıxac və parklanma problemləri qalmaqdadır.

Çünki Azərbaycan hələ də sürətlə inkişaf edir, hələ də əhalinin rifahı ilbəil yaxşılaşır.

Hələ də maşın alanların sayı artır!

Üstəlik əhalinin də sayı çoxalmaqdadır!

İndi görün bu işlər görülməsəydi, onda vəziyyət necə olardı?!

Bütövlükdə bunlar firavanlıqdan doğan problemlərdir!

Onların mərhələli həlli isə daim diqqət mərkəzindədir!

***

İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndə Azərbaycanda idman sönüb getmişdi.

Nə məşqçilərə pul verilirdi, nə də idmançıları yarışlara göndərməyə vəsait tapılırdı...

İdman qurğularının bir qismi dağıdılaraq sıradan çıxarılmış, stadionlar "tolkuçka”ya çevrilmiş, zallar uçub yararsız hala düşmüşdü...

Hər şeyə təzədən başlamaq lazım gəlirdi...

Qısa müddətdə gedənlər geriyə çağırıldı, dağılanlar bərpa olundu, stadionlar əvvəlki təyinatına qaytarıldı...

Lakin Azərbaycanı həm də idman dövlətinə çevirmək üçün çox işlər görülməli idi!

Ən əsası, idmanın maddi-texniki bazasının yaradılmasına və yenilənməsinə ciddi ehtiyac duyulurdu!

Dövlət başçısı seçildikdən sonra İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən biri Azərbaycan idmanının inkişafı oldu.

Az vaxtda ölkə üzrə 40-dan çox olimpiya idman kompleksi tikildi.

I Avropa və IV İslam Həmrəyliyi oyunlarının keçirilməsinə hazırlıq isə həm də Bakının memarlıq simasına yeni naxışların vurulması ilə əlamətdar oldu.

Olimpiya stadionu möhtəşəmliyi və müasirliyi ilə diqqət çəkir!

Böyükşor gölünün qurudulan hissəsində qısa müddətdə inşa edilən bu yeni idman qurğusu şəhərin həmin guşəsinə yeni görkəm vermiş, idmançıların və tamaşaçıların rahatlığını da təmin etmişdir.

Yaxınlıqda yerləşən Milli Gimnastika Arenası da memarlıq baxımından yeni və gözoxşayandır.

Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, Avropa Oyunları Parkı, Velopark, Basketbol Arenası ən yüksək səviyyəli yarışların keçirilməsi üçün bütün beynəlxalq norma və tələbləri ödəyir. Üstəlik yerləşdikləri məkana uyğun arxitektura həlli də uğurlu və cazibədar alınmışdır.

Əslində idman qurğuları funksiyası ilə bərabər, şəhərimizə yeni görkəm və yaraşıq verməklə nəzərləri oxşayırlar.

Əl Oyunları İdman Sarayı, habelə Heydər Əliyev adına İdman-Konsert Kompleksi isə əsaslı yenidənqurmadan sonra ikinci həyatlarını yaşayırlar.

Mahiyyətcə ölkənin gənclər və idman siyasətinə xidmət edən bu yeni qurğu və komplekslər zahirən qədim Bakını cavanlaşdırmış, daha gözəl və yaraşıqlı etmişdir.

***

Son dövrün memarlıq abidələri sırasında dini məbədlər xüsusi qeyd olunmalıdır.

Azərbaycan tolerant ölkədir. Müxtəlif dinlərə sitayiş edən insanlar burada mehribanlıq şəraitində yaşayır və işləyir.

Multikultural ənənələrimiz, dini modelimiz bütün dünyaya nümunədir.

Müstəqillik dövründə dinə münasibətdə də köklü dəyişikliklər baş vermişdir. Ötən dövrlərdən qalma məscidlər, kilsələr, sinaqoqlar, məbədlər və ziyarətgahlar təmir edilmiş, yeniləri tikilmişdir.

Heydər məscidi və Bibiheybət məscidi isə bənzərsiz milli-dini memarlıq abidəsi kimi keçmişi və bugünü üzvi şəkildə özündə birləşdirir. Eyni zamanda, xalqın milli-mənəvi və dini dəyərlərinə hörmət və ehtiramının simvoluna çevrilib.

İkinci nəfəs verilmiş köhnə binalar, müxtəlif üslublarda tikilmiş yeni bina, kompleks və qurğular, habelə park və xiyabanlarla yaşayış məhəllələrinin uyğunlaşdırılması, gecə işıqlandırma effektləri köhnə Bakıya yeni görkəm və xüsusi cazibədarlıq gətirmişdir.

Təkcə şəhərin sakinləri deyil, gələn qonaqlar, turistlər, uzun müddət şəhərdən ayrılaraq yenidən geriyə dönənlər bu valehedici gözəlliyə dönə-dönə heyranlıqlarını bildirirdilər.

Əslində "Köhnə Bakı” ifadəsi yerinə düşmür və görünür, arxivlərə verilməlidir.

Yeni Bakı isə həm qədim, həm də müasir, möcüzə qədər gözəldir!

Bu gözəlliyin müəllifi isə dövlət başçısı cənab İlham Əliyevdir!

Yeni Bakının yenilənməsinin baş müəllifi!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video