23 Dekabr 2018 00:19
349
CƏMİYYƏT
A- A+

Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşları qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov dekabrın 22-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İmişli, Xocavənd, Füzuli, Beyləqan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəbuldan öncə nazir İnam Kərimov və İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla anıblar.

Daha sonra nazir İnam Kərimov İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 49 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Baş Dövlət Texniki Nəzarət Xidmətinin "Səyyar xidmət” qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün 136 mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəzlənib.

Nazir İnam Kərimov "Səyyar xidmət” qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, tövsiyələrini verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video