22 Dekabr 2018 01:55
764
İQTİSADİYYAT
A- A+

Yeni ilin bir addımlığında


Qeyri-neft məhsullarının istehsalı və ixracında, eləcə də əhalinin gəlirlərində ciddi artım var


Təqvim ilinin başa çatmasına az qalsa da, statistiklər hələ 11 ayın nəticələrinə yekun vururlar. Bu da təbiidir. Ay sona yetməmiş heç bir sahədə əldə edilən nəticələrdən danışmaq mümkün deyil. Bu baxımdan yola salmağa hazırlaşdığımız 2018-ci ilə tam yekun vurmağa hələ təxminən 20-25 gün qalır.

Lakin elə sahələr də var ki, orada ilin necə yola salınması haqqında indidən söz demək mümkündür. Məsələn, aqrar sektorda yığımı, yaxud istehsalı başa çatmış əksər kənd təsərrüfatı məhsulları barədə rəqəmlər artıq məlumdur. Əslində 11 ayın əksər göstəricilərinin də bir ay ərzində ciddi dəyişəcəyi real görünmür, olsa-olsa, rəqəmlərdə yuxarı-aşağı müəyyən fərqlər yarana bilər ki, onların da bütövlükdə nəticəyə təsir imkanından danışmağa dəyməz.

Keçək mətləbə. Dövlət Statistika Komitəsi cari ilin 11 ayı üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri barədə hesabatını açıqlayıb. Hesabata görə, ilin sonuna bir ay qalmış, yəni 11 ay ərzində ölkə üzrə 72 milyard 432,1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Bu isə ötən ilin eyni dövründəkindən 1 faiz çoxdur. 11 ayda ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 1,3, neft sektorunda 0,3 faiz artmışdır.

Hesabatda həmçinin bildirilir ki, yanvar-noyabr aylarında istehsal olunmuş əlavə dəyərin 45,2 faizi sənaye, 9,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi tikinti, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 15,1 faizi digər sahələrin payına düşmüşdür. Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 7378,5 manat olmuşdur.

11 ay ərzində ölkədə 44 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1,4 faiz çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1, neft sektorunda 0,3 faiz artmışdır. Məhsulların 73,4 faizi mədənçıxarma, 21,9 faizi emal, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə neft hasilatında 0,2, əmtəəlik qaz hasilatında 4,9 faiz artım müşahidə olunmuşdur.

Emal sektorunda isə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 29,1, tütün məmulatları 2,2, elektrik avadanlıqlarının istehsalı 2,1, poliqrafiya məhsulları istehsalı 2,3, mebel istehsalı 2,1 dəfə, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 28,3, toxuculuq sənayesi məhsulları istehsalı 42,4, tikinti materialları istehsalı 28,2, metallurgiya sənayesi məhsulları istehsalı 16,3, içkilərin istehsalı 8,3, kağız və karton istehsalı 3,8, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,1, rezin və plastik kütlə məmulatları istehsalı 6,2 faiz artmışdır.

Artım həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında müşahidə olunmuşdur: müvafiq olaraq 6,9 və 3,6 faiz.

Hesabata əsasən, yanvar-noyabr aylarında əsas kapitala 12 milyard 899,4 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəkindən 8,8 faiz azdır. Bu, neft sektoruna yatırılan investisiyaların azalması ilə bağlıdır. Əvəzində isə qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcmi 21,2, o cümlədən qeyri-neft sənayesinə yatırılan kapitalın həcmi 22,6 faiz artmışdır. Yeri gəlmişkən qeyd edək ki, 11 ayda ölkə üzrə neft sektoruna 5 milyard 333,2 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft sektoruna sərf edilən vəsaitin məbləği isə 7 milyard 566,2 milyon manat olmuşdur ki, bunun da 1 milyard 511,3 milyon manatı (ümumi sərmayənin 11,7 faizi) qeyri-neft sənayesi sektorunun payına düşmüşdür.

Bu dövrdə istifadə olunmuş ümumi vəsaitin 68,4 faizi məhsul istehsalı və 23,5 faizi xidmət obyektlərinin, 8,1 faizi ümumi sahəsi 1,8 milyon kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 63,1 faizi daxili sərmayələr olan bu vəsaitlərin 69,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Xarici sərmayəyə gəldikdə, hesabat dövründə onların həcmi 4 milyard 754,5 milyon manata çatmışdır. Bu vəsaitin 80,7 faizi Böyük Britaniya, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, Rusiya və İran kimi ölkələrə məxsusdur.

Bütün bu vəsaitlər hesabına ilin əvvəlindən ötən 11 ay ərzində ölkə ərazisində çoxsaylı və müxtəlif təyinatlı müəssisə və obyektlər tikilib istifadəyə verilmişdir. Onların sırasında paytaxtda "Yasamal-1”, "Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Statistika İdarəsinin inzibatı binası, "Bona Dea” beynəlxalq hospital, Bakı Beynəlxalq Ticarət Limanı Kompleksi, "Dinamo” hoteli, "Abşeron” Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt Kimya Sənaye Parkında Polipropilen Zavodu, Mingəçevir Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Neftçala Sənaye Məhəlləsində "Xəzər” avtomobil zavodu, Xaçmazda "Azərxalça” ASC-nin filialı, Ağdamda Qarabağ Atçılıq Kompleksi, "Azərxalça” ASC-nin filialı, Naxçıvan MR-də 922 şagirdlik 3 ümumtəhsil məktəb binası və ambulator-poliklinika, Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Naftalanda şəhər mərkəzi xəstəxanası, Goranboyda "Region Aqropark”, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsi, "Dəliməmmədli” elektrik yarımstansiyası, Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolu, İsmayıllıda heyvandarlıq kompleksi, aqropark, elektrik yarımstansiyası, "Azərxalça” ASC-nin filialı, eləcə də Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolu, Şamaxıda üzümçülük və şərabçılıq kompleksi, Dəmirçi arxeologiya Muzeyi, Dəmirçi-Lahıc avtomobil yolu, Biləsuvar rayonunda Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu, Masallıda sənaye məhəlləsi və çəltik emalı müəssisəsi, Qaxda aqropark, "Yurd Notel” mehmanxanası, Lerikdə elektrik stansiyası, Xızıda "Yeni Yaşma” külək elektrik parkı, Qubada meyvə emalı zavodu, "ABAD Factory” istehsalat kompleksi, Mərkəzi xəstəxana, İmişli rayonunda Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, həmçinin Bakı, Şəki, Abşeron, Balakən, Şamaxı və Tovuzda ümumilikdə 5948 şagirdlik 6 məktəb binası, Bakıda və Zərdab rayonunda 260 yerlik 2 məktəbəqədər təhsil müəssisəsi və digər obyektlər var.

Ölkənin ümumi inkişafı nəqliyyat, informasiya və rabitə sektorlarının fəaliyyətində də hiss olunur. Belə ki, 11 ay ərzində ölkə üzrə 209,5 milyon ton yük və 1,8 milyard nəfərdən çox sərnişin daşınmışdır ki, bu da ötən ilin eyni dövründəkindən müvafiq olaraq 1,5 və 1,4 faiz çoxdur. İnformasiya və rabitə müəssisələri isə bu dövrdə 1 milyard 694,4 milyon manatlıq müxtəlif xidmətlər göstərmişdir ki, onların da 72,7 faizindən əhali istifadə etmişdir. Keçən ilin müvafiq aylarına nisbətən dəyər ifadəsində 9,2 faiz artan həmin xidmətlərdən əldə olunan gəlirin 81,8 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Pərakəndə ticarət dövriyyəsinə gəldikdə, sözügedən dövrdə ölkədəki pərakəndə ticarət şəbəkələrindən əhaliyə 32,4 milyard manatlıqdan çox məhsul satılmış, 7,9 milyard manatlıq ödənişli xidmətlər göstərilmişdir. Ötən ilin eyni dövrünə nisbətən əmtəə dövriyyəsi 2,7, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə edilən gəlir 2,8 faiz artmışdır.

Onu da qeyd edək ki, pərakəndə ticarət dövriyyəsində qeydə alınan artımda qiymətlərdən daha çox əhalinin gəlirlərinin yüksəlməsi rol oynamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında muzdla işləyənlərin nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 2,8 faiz artaraq 540 manat olmuşdur. Ümumilikdə əhalinin gəlirləri 11 ay ərzində nominal ifadədə 9,2 faiz çoxalaraq 47 milyard 368,8 milyon manata çatmışdır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3, o cümlədən ərzaq 1,9, qeyri-ərzaq 2,7, ödənişli xidmətlərin tarifləri 2,6 faiz bahalaşmışdır.

Hesabat dövründə Azərbaycanın xarici ticarət əlaqələri də xeyli genişlənmişdir, özü də əsasən ixrac hesabına. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla cari ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 26 milyard 534,3 milyon dollar olmuşdur. Ticarət dövriyyəsinin 65,1 faizini ixrac, 34,9 faizini idxal məhsulları təşkil etmişdir ki, bu da 8,02 milyard dollarlıqdan çox müsbət saldo deməkdir. Ötən ilin 10 ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4, o cümlədən ixrac 38,3, idxal 33 faiz artmışdır. Real ifadədə isə dövriyyə 1,3, o cümlədən idxal 1,9 faiz azalmış, ixracda isə 1 faiz artım qeydə alınmışdır. Bu artım əsasən qeyri-neft məhsulları hesabına olmuşdur. Belə ki, hesabat dövründə ölkə üzrə qeyri-neft məhsullarının ixracında ötən ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 10,9, real ifadədə 1,7 faiz artım müşahidə edilmişdir. Bu isə qeyd olunan müddətdə 1 milyard 351,1 milyonluq qeyri-neft məhsullarının ixracı deməkdir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video