22 Dekabr 2018 01:42
841
Təhsil
A- A+

Azərbaycan tələbələrinin II qurultayı keçirilib


Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.

Qurultayın keçirilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.

Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunub).

Baş nazirin müavini Əli Əhmədov qurultayda çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini deyib. Əli Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin əhəmiyyətli hissəsini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb.

Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə həyata keçirilən təhsil və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımların atıldığını qeyd edib. Vurğulayıb ki, ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti Bolonya prosesinin tələblərinə uyğunlaşdırılıb.

Nazir bildirib ki, bu il qəbul imtahanlarında rekord sayda - 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb. Beş yüzdən yuxarı bal toplayan 2090 gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə 2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində 800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.

Təhsil naziri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki, hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Ceyhun Bayramov ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr, görülən işlər barədə məlumat verib. O bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşırdı. Dahi rəhbər çıxışlarında gəncliyin ölkə və xalq üçün hər şeydən qiymətli olduğunu qeyd edirdi. Bu gün dövlət başçısı İlham Əliyev gənclər siyasətini uğurla davam etdirir.

Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış film nümayiş olunub.

Qurultay tələbələrin çıxışları ilə davam edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin doktorantı Elnur Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Lalə Novruzova, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Liverpul Universitetində təhsil almış Ümid Mehdiyev, Bakı Dövlət Universitetinin tələbəsi, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi Əfsanə Abdullayeva, Naxçıvan Dövlət Universitetinin tələbəsi Kərim Nəcəfov, Azərbaycan Dillər Universitetinin tələbəsi Ayşən Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Amin Fərəczadə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının tələbəsi Seyidəli Abbasov öz uğur hekayələrini bölüşüblər.

Tədbirin sonunda Azərbaycan tələbələrinin II qurultayının qətnaməsi qəbul olunub.

Qurultay tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, hazırda Azərbaycanın ali məktəblərində bakalavr səviyyəsində 157 min 662, magistratura səviyyəsində 13 min 442, orta ixtisas təhsili müəssisələrində 51 min 819 tələbə təhsil alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video