21 Dekabr 2018 16:16
282
CƏMİYYƏT
A- A+

Paytaxtda “Kənddən Şəhərə” yarmarkası fəaliyyətə başlayıb


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin təşkil etdiyi "Kənddən Şəhərə” yarmarkası dekabrın 21-də Bakıda Nizami küçəsi 154 ünvanında fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, yarmarkanın keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda, süni qiymət artımının qarşısının alınmasıdır.

Artıq səhər saatlarından yarmarkada qələbəlik hökm sürürdü. İstilik sistemi ilə təchiz olunan yarmarkada satıcılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediliblər. Burada fermerlərin təklif etdikləri kənd təsərrüfatı məhsullarının qiymətləri münasib olduğundan alıcıları qane edirdi. Yeri gəlmişkən, satıcılar da bu alış-verişdən razı görünürdülər.

Onlardan biri də Xaçmaz rayonundan gəlmiş Ədalət Dadaşovdur. Xaçmazın Arzu qəsəbəsindən olan Ədalət Dadaşov yarmarkaya 500 kiloqram müxtəlif növ alma gətirdiyini bildirib. Özünün böyük alma bağları olduğunu deyən fermerin sözlərinə görə, yarmarkada alış-veriş üçün hər cür şərait yaradılıb. Hətta maşınlar üçün xüsusi dayanacaq da var.

Almaların qiyməti isə 60 qəpikdən 1 manat 50 qəpiyədəkdir. Fermer deyib ki, bu, son qiymət deyil, yəni razılıq əsasında almanın qiymətini bir qədər də endirə bilər.

Fermer onlar üçün yaradılan bu şəraitdən razılıqla danışaraq, buna görə dövlətimizə minnətdarlığını bildirib.

Digər müsahibimiz əslən Kəlbəcər rayonundan olan Gültəkin Mustafayeva yarmarkaya arıçılıq məhsulları ilə gəlib. Fermer arıçılıqla ailəliklə məşğul olduğunu, yüksək keyfiyyətli arı məhsulları almaq üçün arı yeşiklərini il ərzində respublikanın səfalı yerlərinə apardıqlarını söyləyib.

Piştaxta üzərində demək olar ki, bütün arıçılıq məhsulları düzülüb. Müxtəlif bitki və çiçəklərdən hazırlanmış bal müştərilərə 20-25 manata, güləm 5 manata, arı südü 4-5 manata, çiçək tozunun 100 qramı 7-10 manata təklif edilir.

Gültəkin Mustafayeva, həmçinin bütün məhsulların Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən yoxlanıldığını diqqətə çatdırıb.

Növbəti müsahibimiz ət satışı ilə məşğul olan Hüseyn Zülfüqarovdur. Novxanı kəndində mal-qara təsərrüfatı olan fermer bu sahə ilə artıq uzun illərdir məşğul olduğunu söyləyib.

Mal ətini 9 manat 50 qəpiyə, qoyun ətini 10-11 manata satdığını deyən Hüseynin sözlərinə görə, yarmarkada alıcılıq qabiliyyəti yüksəkdir.

Salyan rayonundan nar gətirən Zahin Mənsimov isə bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkaların daim iştirakçısıdır. Bu yarmarkaya da həmişə olduğu kimi, öz bağında yetişdirdiyi məhsullarla gəlib.

"Kənddən Şəhərə” yarmarkasına 500 kiloqram nar, təqribən o qədər də heyva gətirən Zahin Mənsimov bu məhsulları 1 həftə ərzində satmağı planlaşdırır.

Piştaxtada düzülən narın qiyməti 1 manat, heyvanın qiyməti isə 70 qəpik olduğundan müştəriləri cəlb edirdi. Salyanlı fermer də digərləri kimi yaradılan şəraitdən razı qaldığını, belə yarmarkaların mütəmadi keçirilməsini arzuladı.

Xatırladaq ki, dekabrın 30-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil olunacağı yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və digər məhsullar ala bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video