21 Dekabr 2018 01:46
406
SİYASƏT
A- A+

Moskva-Yerevan münasibətləri sürətlə pisləşir


Ermənistan yeni daxili və xarici problemlər məngənəsindədir


Parlament seçkilərində məlum qələbəsindən sonra Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yenidən əsas diqqətini özünə potensial rəqib saydığı şəxslərin sıradan çıxarılmasına yönəldib. Bu sırada ilk növbədə sabiq prezident Serj Sarkisyan dönəmində hakimiyyətdə yer alan yüksək vəzifəli şəxslər gəlir. Paşinyanı narahat edən əsas məqam isə böyük maliyyə imkanlarına malik bu şəxslərin sonradan onun üçün yarada biləcəyi problemlərdir.


Çox sayda oliqarxın həbsi gözlənilir


Məhz belə bir vaxtda, erməni mediasının məlumatına görə, Ermənistanın istintaq komitəsinin antirəqabət fəaliyyəti faktı üzrə açılan cinayət işi çərçivəsində apardığı araşdırmalar nəticəsində Ermənistan Polisinin keçmiş rəisi, general-polkovnik Vladimir Qasparyanın öz vəzifəsindən sui-istifadəyə və siyasi məqsədli şantaja əl atdığı aşkarlanıb.

Qeyd olunur ki, Ermənistan Nəqliyyat Nazirliyinin 2008-ci və 2009-cu illərdə verdiyi lisenziyaya əsasən "Kinq delyuks” və "Trans komfort” şirkətləri Abovyan-Yerevan-Abovyan və Çarençavan-Yerevan-Çarençavan istiqamətlərində ictimai nəqliyyatla sərnişinlərin müntəzəm daşınmasına icazə alıb. Lakin onlara mane olmaq üçün "Haqik Sarukyan” xeyriyyə fondunun əməkdaşları 2012-2016-cı illər ərzində eyni marşrut xətləri üzrə tələbələrin pulsuz daşınmasını həyata keçirib və nəticədə "Kinq delyuks” və "Trans komfort” şirkətləri müflis olublar və "Multi avtotrans” şirkətinin nəzarətinə keçiblər.

O zaman Ermənistan Polisinin rəisi olan Vladimir Qasparyan öz səlahiyyətlərindən sui-istifadə edərək məsələyə qarışmağa və "Kinq delyuks” şirkətinin rəhbərinə kömək etməyə söz verib. Bunun əvəzində isə tələb edib ki, şirkət parlament seçkilərində Serj Sarkisyanın sədrlik etdiyi "Respublika” partiyasını dəstəkləsin. Nəticədə qarşılıqlı razılıq əldə olunub və Qasparyan hətta şirkətə məxsus nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozmasına göz yumulmasına və "Haqik Sarukyan” fondunun pulsuz sərnişindaşımalarına polis tərəfindən ciddi əngəl yaradılmasına dair göstəriş verib. Əldə edilən bu kimi faktlar əsasında Ermənistan Polisinin keçmiş rəisi Vladimir Qasparyana qarşı Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci bəndi üzrə cinayət işi açılıb. Bütün bunlar o deməkdir ki, Sarkisyan komandasının üzvü olan daha bir oliqarx tezliklə həbsə atılacaq.


"Koçaryan azadlığa çıxan kimi Avropa ölkələrinin birindən siyasi sığınacaq istəyəcək”


Ümumiyyətlə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ardınca yaxın tezlikdə sabiq hakimiyyətə xidmət edən çox sayda erməninin həbsə atılması gözlənilir. "Joxovurd” qəzeti yazır ki, artıq sabiq məmurların çoxu ölkədən qaçır: "Hətta qeyd olunur ki, Koçaryan özü də azadlığa çıxan kimi Avropa ölkələrinin birindən siyasi sığınacaq istəyəcək. Nəşrin iddiasına görə, o, Ermənistanı tərk edərək Avropa ölkələrinin birinə sığınmaq istəyir. Amma indi belə görünür ki, Robert Koçaryanın ardınca Serj Sarkisyanın da həbsi qaçılmaz olacaq. Özü də Sarkisyanın siyasi dayaqlarının sürətlə sarsılması bunun üçün yeni imkanlar yaradır. Belə ki, Ermənistanın keçmiş baş naziri Karen Karapetyan "Respublika” partiyasının sıralarından ayrılıb”.

"Qraparak” nəşrinin məlumatına görə, Karapetyan artıq çoxdandır partiya üzvləri ilə ünsiyyət saxlamır. Bu addıma səbəb isə partiya üzvlərinin Serj Sarkisyanla birlikdə onun əleyhinə çalışması və pis rəftarı olub. Karapetyanla birlikdə ona görə 2017-ci il seçkisi ərəfəsində Sarkisyanın partiyasına qoşulmuş 7 min nəfər də partiya sıralarından ayrılacaq. "Respublika” partiyası Karen Karapetyanın partiya sıralarından ayrılmaq üçün ərizə ilə müraciət etdiyini təsdiqləyib.


"Respublika” partiyasının daxilində parçalanma sürətlənib


"Past” qəzeti isə yazır ki, "Respublika” partiyasının daxilində parçalanmalar həqiqətən də sürətlənib: "Buna səbəb isə Serj Sarkisyanın fəaliyyətidir. Belə ki, partiya üzvlərinin bir hissəsi Sarkisyandan narazıdır. Onların fikrincə, Sarkisyan patiyanı uğursuzluğa düçar etdiyindən sıralarından getməlidir”.

Belə vəziyyətdə erməni mediası yazır ki, 2008-ci ilin 1 mart hadisələri ilə bağlı istintaq Sarkisyanı da dindirib Koçaryan kimi həbsə atmağa hazırlaşır. Amma Sarkisyan təkcə bu hal üzrə təqsirli bilinmir. Bundan əlavə, Serj Sarkisyanın adı bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıqla bağlı cinayət işində də hallanır.

Ermənistan istintaq komitəsi bildirir ki, "Kredit Yerevan” ASC və "Lev Marsed” MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə 2009-cu ilin 27 iyulunda açılmış cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksəkvəzifəli rəsmilərinin, o cümlədən Serj Sarkisyanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə faktiki sübutlar əldə olunub. Bütün bunlar Sarkisyan ətrafında halqanın daraldığını göstərir. Bu fonda o da qeyd olunur ki, Paşinyan iqtidarının həbsə atdığı və atmağa hazırlaşdığı şəxslər daha çox Rusiyaya bağlıdır. Belə gedişlər etməklə Paşinyan Rusiyanın Ermənistan üzərində təsirlərini zəiflətməyə çalışır.


Yerevan Rusiyanın xəbərdarlıqlarına məhəl qoymur


Yeri gəlmişkən qeyd edək ki, Moskva-Yerevan münasibətləri sürətlə pisləşir. Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin açıqlaması da təsdiqləyir. Məsələyə geosiyasi rakursda yanaşan Karasin bildirib ki, bu il Ermənistandakı köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur: "Məsələ Moskvanın Ermənistan parlamentinin ABŞ-a doğru yön alacağından qorxması deyil. Narahatlığa səbəb ilk növbədə dost Ermənistan xalqında var. Vaşinqtonun baş verən radikal dəyişikliklər fonunda bu ölkənin daxili və xarici siyasətinə müdaxiləsi adi hala çevrilir.

Biz artıq ABŞ-ın Yerevandakı əvvəlki səfiri Riçard Milzin bununla bağlı açıq etiraflarına şərh vermişik. Bu etiraf onunla fərqlənirdi ki, o, ictimai şəkildə erməni hökumətinə büdcənin formalaşdırılmasıyla bağlı dərs keçirdi və Vaşinqtondan ödəniş alan QHT-lərdən hökumət üzərindən gözlərini çəkməməyi tələb edirdi. Oktyabr ayında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana gələrək Ermənistana ABŞ silahlarını almaq və ən qısa vaxt ərzində İrana qarşı sanksiyalara qoşulmaq göstərişi vermişdi. ABŞ-Ermənistan münasibətlərinin hələ üzdə olan tərəfi budursa, onda pərdəarxası necə təzyiqlər olduğunu təsəvvür etmək olar”.

Karasin Ermənistan üçün Ukrayna və Gürcüstanı misal göstərib və Ukraynanın taleyinin faciəvi olduğunu xatırladıb: "Kiyevin milli maraqlarının əksinə olaraq, onu öz qlobal strategiyasının reallaşdırılmasında itaətkar vasitəyə çevirmək üçün Qərb burada dövlət çevrilişi etdi. Bəs Gürcüstan? Axı məhz NATO üzvlüyü ilə vədlər Mixail Saakaşvilini Cənubi Osetiyada 2008-ci il avqust hərbi avantürasını yaratmağa gətirib çıxardı. Bu, onun ölkəsinin ərazi itkisinə səbəb oldu. Hesab edirik ki, parlament seçkisində lazımi mandat əldə etməyi bacaran Ermənistanın indiki rəhbərliyi özündə cəsarət tapıb xarici şantaj və təzyiqlərə müqavimət göstərəcək, suveren haqqını müdafiə edərək, milli maraqlara uyğun olaraq müstəqil qərar verəcək”.

Erməni mediası bu açıqlamalar fonunda yazır ki, Rusiya ilə Ermənistanın münasibətləri kəskinləşir və bu da Yerevanın lehinə deyil. Eyni zamanda Yerevan Rusiyanın bu xəbərdarlığına məhəl qoymur. Xarici İşlər Nazirlyinin sözçüsü Anna Nağdalyan bu xüsusda bildirir: "Ermənistan bir dövlətlə münasibətlərini digərlərinin ziyanına qurmur. Biz artıq neçənci dəfədir vurğulayırıq ki, Ermənistan başqa ölkələrlə münasibətlərini suveren bərabərlik prinsipi üzərində qurur. Biz bir dövlətlə əlaqələrimizi digər ölkələrlə münasibətlərimizin ziyanına qurmuruq. Bu mövqe gələcəkdə də bizim xarici siyasətimizin əsasını təşkil edəcək”.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə ABŞ tərəfindən Yerevana hansı təzyiqlərin edildiyinin nəzərdə tutulduğunu anlamadığını bildirir: "Düzünü desəm, məndə sual yarandı ki, hansı təzyiq və şantajdan söhbət gedir. Mən rusiyalı həmkarlarımdan öyrənməyə çalışacağam ki, bu informasiya nəyə əsaslanır. Ermənistan müstəqil siyasət aparır və belə də davam edəcək”.

Paşinyanın bu açıqlaması göstərir ki, Yerevan Moskvanın xəbərdarlığını nəzərə almayaraq ABŞ-la işbirliyini davam etdirmək niyyətindədir. Bütün bunlar isə qarşıdakı dövr ərzində Rusiya və Ermənistan münasibətlərində gərginliyin yüksələn xətt üzrə davam edəcəyini göstərir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video