20 Dekabr 2018 00:54
397
SİYASƏT
A- A+

Humanitar siyasət əməkdaşlığın əsasını təşkil edir


Azərbaycan-Rusiya münasibətlərində bu, özünü daha qabarıq şəkildə göstərir


Azərbaycan tarixən qonşu xalqlarla və dövlətlərlə əlaqələri diqqət mərkəzində saxlayıb. Bu sırada Rusiyanın ilk yerdə olması heç tə təsadüfi deyil.

Hər iki dövlətin qarşılıqlı etimada əsaslanan münasibətləri dərin köklərə və müxtəlif amillərə əsaslanır.

Buna görə də Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmir. Belə ki, isti siyasi münasibətlərdən qaynaqlanan əməkdaşlıq iqtisadi, hərbi, humanitar və digər sahələri əhatə edir. Yaradılmış möhkəm müqavilə-hüquqi baza iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, yanacaq-energetika, elm və təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə şərait yaradıb.

Bir sözlə, Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial məsələlər bir-birinə birləşdirir. Hər iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır. Bəzən bu münasibətlərdə müəyyən qalxmalar və enmələr olsa da, xalqlar arasında heç zaman ziddiyyətlər, gərginliklər yaşanmayıb. Bu, Azərbaycanın daim multikultural dəyərlərə önəm verməsinə əsaslanır. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə Bakı Beynəlxalq Humanitar Forumunun müntəzəm keçirilməsi də bu qəbildəndir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin son 5 il ərzində dördüncü dəfədir Azərbaycanda olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev forumda çıxışı zamanı özünün də müntəzəm olaraq Rusiyaya səfər etdiyini xatırladaraq deyib: "Bu da bizim tərəfdaşlığımızın, ölkələrimiz arasında dost, mehriban qonşuluq münasibətlərinin parlaq sübutudur”.

Son beş il müddətində tərəflər arasında müxtəlif sahələrdə keçirilən forum və işgüzar görüşlər müntəzəm xarakter daşıyır. Bütün bunlar isə eyni zamanda mədəni əlaqələrin inkişafına təkan verir. Bunların sırasında elm və təhsil sahəsində münasibətlər xüsusilə diqqət çəkir. Heç də təsadüfi deyil ki, bu gün 11 min nəfərədək azərbaycanlı tələbə Rusiyada təhsil alır. Onlardan min nəfərə yaxını isə Rusiya Federasiyasının büdcəsi hesabına oxuyur. 2010-cu ildən Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Humanitar əməkdaşlıqdan söz düşmüşkən, Bakı Beynəlxalq Humanitar Forumu artıq bütün dünyada aktual problemlərin, müasir cəmiyyətlərin inkişaf məsələlərinin müzakirə olunduğu qlobal platforma kimi tanınır.

Bu gün dünyada 134 milyon insan qlobal səviyyədə humanitar yardıma ehtiyac duyur. Münaqişələr humanitar ehtiyacların ən böyük səbəbi olaraq qalır. Əlavə olaraq, qaçqınların sayı artır və onlar daha uzun müddətdə öz doğma torpaqlarından uzaqda qalırlar.

Bütün bunları nəzərə alaraq Azərbaycanın Rusiyadan gözlədiyi ən vacib siyasi addım bu ölkənin Dağlıq Qarabağ probleminin ədalətli həllinə yardım göstərməsidir. Ona görə də iki ölkə rəhbərləri arasında Dağlıq Qarabağ mövzusunda aparılan danışıqlar ictimaiyyət tərəfindən maraqla izlənilir. Prezident İlham Əliyevin Rusiyaya son rəsmi səfəri zamanı qeyd etdiyi kimi, müzakirə edilən məsələlər arasında ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur. Çünki qonşu və tərəfdaş olan Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır.

Azərbaycanın dövlət başçısının beynəlxalq tədbirlərdə dəfələrlə bildirdiyi kimi, xalqımız böyük humanitar fəlakətlə üzləşib. Belə ki, təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda tarixi, dini abidələrimiz dağıdılıb, məhv edilib. İşğal altındakı ərazilərimizdə məscidlərimiz, qəbiristanlıqlarımız yerlə yeksan olunub, muzeylərimiz talan edilib və əslində orada mədəni soyqırımı törədilib. Həmin ərazilərə iki dəfə ezam olunmuş ATƏT-in faktaraşdırıcı və müşahidə missiyası öz məruzələrində bu barədə məlumat da verib.

Bakıda keçirilən VI Beynəlxalq Humanitar Forumda 90-dan çox ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiyalararası, mədəniyyətlərarası, millətlərarası və dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi də Azərbaycanla Rusiya arasında humanitar sahədə əldə edilən nailiyyətlərin bir göstərisici kimi dəyərləndirilir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Moskva Dövlət Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şərəfinə təşkil edilən silsilə tədbirləri, eləcə də Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində Azərbaycan şairi Nizami Gəncəvinin poemaları əsasında "Yeddi gözəl” sərgisinin açılışını Rusiya-Azərbaycan humanitar əməkdaşlığında müsbət hadisə adlandırıb: "Biz bu tədbirləri ikitərəfli mədəni münasibətlərin inişafında pozitiv qiymtləndiririk”.

Rusiyalı diplomat forumda açıq şəkildə bildirib ki, Azərbaycanla sıx əməkdaşlıq edirlər və prezidentlər humanitar inkişaf məqsədlərinə ürəkdən sadiqdirlər. Onun fikrincə, uşaqlara üç dildə dərs keçilən məktəblər dünyada azdır. Uşaqlar və onun valideynləri təhsil dilini seçmək üçün Azərbaycanda bütün imkanlara malikdirlər. Bu halda uşaqlar başqa mədəniyyətlərlə, müxtəlif dillərlə tanış olur, onların bu və ya digər milliyyətə bağlılığı çox güclü inkişaf amilinə çevrilir. Müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin qonşu olmasını güclü quruculuq prosesinə çevirmək böyük səy tələb edən ciddi prosesdir. Bu, dünya birliyinin bütün mütərəqqi qüvvələrinin birləşməsini tələb edir. Məhz belə forumlar humanitar əməkdaşlığın inkişafına daha geniş şərait yaradır.

Mariya Zaxarovanın fikrincə, Rusiyada da müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qarşılıqlı fəaliyyəti məsələsi bir nömrəli mövzudur: "Bizdə də uşaqlar məktəbə gedəndə Rusiyada yaşayan 119 xalqın dilində dərsliklər yaradılır. Xalqların qarşılıqlı fəaliyyətini quruculuğa çevirmək də çox böyük səy və zəhmət tələb edir. Əlbəttə, Bakının faktiki olaraq dünyada humanitar dialoqun həyata keçirildiyi paytaxta çevrilməsi təsadüfi deyil. Biz bu şəhərin hər bir cizgisində ənənələrə böyük hörmət nişanələri görürük. Biz burada muzeylər, tarixi mərkəz və eyni zamanda, bütün yeniliklərə və kreativliklərə açıqlıq görürük. Bu gün bu qədər çoxsaylı müasir memarlıq şedevrləri olan yerlər azdır. Bu, ölkə rəhbərliyinin və eyni zamanda, burada yaşayan və hər gün humanitar inkişaf istiqamətində irəliləyən bütün xalqın xidmətidir”.

Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Azərbaycan Respublikası Prezidentinin bu ilin sentyabrında Rusiyaya səfəri zamanı 16 sənəd imzalanıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə bu ilin sentyabrında ölkəmizə səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə IX Azərbaycan Rusiya Regionlararası Forumu keçirilib. Bu ilin 9 ayında Azərbaycana gələn rusiyalı turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb ki, bu da, əslində, tərəflər arasındakı mədəni əlaqələrin göstəricilərindən biridir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video