20 Dekabr 2018 00:43
873
CƏMİYYƏT
A- A+

Ölümüylə ucalanlar


"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyat zamanı xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 19 aprel tarixli fərmanının icrası ilə əlaqədar şəhidlərin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi prosesi Quba rayonunda da davam etdirilir.

Belə ailə başçılarından biri də Vladimirovka kənd sakini Zöhrab Qaraxanovdur. Onun oğlu Mübariz yüzlərlə həmyaşıdı kimi 1992-ci ildə könüllü olaraq cəbhəyə getmişdir. Atası həmin günləri belə xatırlayır:

-Evə gələndə Mübarizin hazırlaşdığını gördüm. Üzümə baxdı və sakitcə, ata, döyüşə gedirəm, dedi. Bir neçə gün öncə söhbətimiz olmuşdu və mənə əllərini qoynuna qoyub sakit otura bilmədiyini demişdi. Başımla razılığımı bildirmişdim. Bilirdim ki, Mübariz kimiləri vətənin ağır günündə qaçıb gizlənə bilməz.

Mübariz Qaraxanov 1962-ci ildə Vladimirovka kəndində anadan olub. 1977-ci ildə kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra Qubadakı 103 nömrəli Texniki Peşə məktəbində çilingər ixtisasına yiyələnib. 1981-1983-cü illərdə sovet ordusu sıralarında xidmət edib.

- Oğlumun qisməti beləymiş, - Zöhrab kişi bildirir. 1992-ci il avqustun 10-da cəbhəyə yollananda dedim: -Oğul, bilirəm od-alovun içinə gedirsən, müharibədir, hər şey ola bilər. Çalış diri ikən düşmən əlinə keçmə. Cavabı qısa oldu. "Arxayın ol, ata!”

Mübarizin komandiri, döyüş yoldaşı Mobil Əhmədov ötən günləri xatırlayaraq deyir:

- Bizim rota Xocavənd rayonunun Əmralılar kəndini qoruyurdu. 72 nəfər idik. Axşamdan bilirdik ki, ermənilər hücuma keçmək üçün böyük qüvvə toplayıblar. Mən bu barədə komandanlığa məlumat verdim. Kömək göndərəcəklərini dedilər. Lakin bizə kömək gəlmədi. Oktyabrın 2-də səhər tezdən erməni birləşmələri güclü hücuma keçdilər. Vəziyyət son dərəcə gərgin idi. Döyüşçüləri toplayıb axırıncı əmrimi verdim. And içdik ki, son gülləmizədək vuruşacağıq. Düşmən bizdən qat-qat güclü idi. Bu əməliyyatda onların 28-ə yaxın döyüş maşını, 1500 nəfər piyadası iştirak edirdi. Qeyri-bərabər döyüşdə Mübariz qəhrəmanlıq göstərərək son gülləsinədək vuruşdu. Axırda əlindəki qumbara ilə birlikdə özünü erməni tankının altına atdı. Döyüşdə 16 nəfər igid oğlumuzu itirdik, 23 nəfər yaralandı.

Bu torpağın ağrılarını dərindən duyan, erməni vəhşiliklərinə dözməyən Mübariz cəbhəyə getdiyi ilk gündən igidliyi, cəsarəti ilə döyüş yoldaşları arasında böyük nüfuz qazanmışdı. Dediklərimizi komandir köməkçisi M.Kərimovun göndərdiyi xasiyyətnamə də təsdiq edir. Həmin xasiyyətnamədən bir neçə cümləni xatırladırıq:

"Mərhum Qaraxanov Mübariz Zöhrab oğlu hərbi xidmət günlərindən özünü çox cəsur əsgər kimi göstərirdi. Dəfələrlə komandirlərindən təşəkkürlər almışdı. Hərbi intizamı həmişə gözləyir, döyüş postunda daim ayıq-sayıq olurdı. Çox qorxmaz idi. Dəfələrlə ermənilərin postlara hücumlarının qarşısının alınmasında mərdliklə iştirak etmişdi”.

O gündən xeyli müddət ötsə də, oğul itkisinin ağrıları ailə üzvlərinin ürəyindən çıxmır. Zöhrab kişi bildirir ki, şəhid ailəsi kimi dövlət başçısından həmişə diqqət və qayğı görmüşük. Buna görə Prezident İlham Əliyevə, eləcə də, şəhid analarına, şəhid ailələrinə həmişə himayədarlıq göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ürəkdən minnətdarlığımızı bildiririk.

Qubada hamı Mübarizin xatirəsini əziz tutur. Quba şəhərindəki küçələrdən birinə onun adı verilib.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video