19 Dekabr 2018 00:25
441
SİYASƏT
A- A+

Sabitlik, davamlı inkişaf və yüksək rifah dövrü


Azərbaycan Prezidenti İlham Əliyevin ilin əvvəlində səsləndirdiyi əsas tezislərindən biri bu idi ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu, Azərbaycana mənfi təsir etmədi, tam əksinə, valyuta ehtiyatları 2017-ci ildə 4,5 milyard dollardan çox artdı. Bəzi bədbin proqnozlara görə, neftin qiymətlərinin düşməsi Azərbaycanda inflyasiyanı artıracaqdı. Bu proqnozlar özünü doğrultmadı. Üstəgəl, neftin qiyməti nisbətən sabitləşdi. Azərbaycan iqtisadiyyatında islahatlar davam etdirildi, qeyri-neft sektoru kimi kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildi.

Məhsuldarlıq yüksək oldu. Məsələn, təkcə elə pomidor və fındıq ixracatından yüz milyonlarla dollar gəlir əldə edildi. Pambıq istehsalı da artdı. Azərbaycan pambığı əvvəlki şöhrətini geri qaytarır. Bu həm əlavə gəlir, qeyri-neft sektorunun inkişafı, həm də bölgələrdə məşğulluğun artması deməkdir. Azərbaycanda abadlıq, quruculuq işləri davam edir, şəhərlər, kəndlər, regionlar inkişaf edir.

Prezident İlham Əliyev 2018-ci ildə iqtisadiyyatda daha böyük nəticələrin əldə ediləcəyinə ümidli idi və bu, özünü doğrultdu. Önəmli olan 2018-ci ildə də Azərbaycanda siyasi və iqtisadi sabitliyin davamının təmin edilməsi idi. Cənab İlham Əliyevin prezident seçkisində növbəti qələbəsi cəmiyyətin dövlət başçısına olan böyük inamının təcəssümü idi. Xalq növbəti dəfə sabitliyə və inkişafın davamına "hə” dedi.

Seçkidən sonra idarəetmədə dəyişikliklər özünü gözlətmədi. Cənab Prezident zəruri dəyişikliklər etdi.

Prezident son illər kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərir. Bunun səbəbi odur ki, dövlət başçısı iqtisadiyyatı şaxələndirmək, neft və qaz satışından asılılığı azaltmaq istəyir. Bunun üçün isə kənd təsərrüfatı da sürətlə inkişaf etdirilməlidir. Prezidentin təşəbbüsü ilə yaradılan "ASAN xidmət” ölkədə ən mükəmməl struktura, dünyada Azərbaycan brendinə çevrilib. ASAN işə düşdükdən sonra vətəndaşlara bütün sənədlər vaxt itirilmədən verilir, heç bir rüşvət hallarına da rast gəlinmir.

Prezident İlham Əliyevin sosial müdafiə siyasəti də təqdirəlayiqdir. Hazırda bu sahədə yeniliklərə üstünlük verilir. Gələn il ASAN sisteminin bənzəri - "DOST xidməti” işə düşəcək. "DOST” sosial müdafiə sistemindəki neqativ halları ortadan qaldırmalıdır. Vətəndaşlar bu xidmət vasitəsilə onları maraqlandıran suallara cavab tapacaq, pensiya və əlilliklə bağlı sənədlərini qaydaya sala biləcəklər.

İl ərzində Sumqayıtda iki böyük zavod işə düşdü. Prezidentin "sənaye parkları” ideyası sürətlə həyata vəsiqə qazanır. Prezidentin siyasəti bundan ibarətdir ki, paytaxtda yaşayan sakin hansı şərait və imkanlara malikdirsə, bölgələrdə yaşayan vətəndaşlarımızın da eyni gəlir imkanları olmalı, sosial problemləri həll edilməli, bütün tələbatları ödənilməlidir. Məhz bu siyasətin nəticəsidir ki, hər bölgədə və rayonda müasir xəstəxanalar, idman mərkəzləri, məktəblər, bağçalar, kitabxanalar tikilir, yaraşıqlı parklar salınır, infrastruktur yenilənir.

Çəkilən yollara görə Azərbaycan dünya ölkələri sırasında yüksək yerlərdə dayanır. Azərbaycan dünya avtomobil yollarının reytinqində 4,8 bal toplayaraq 137 ölkə arasında 34-cü yeri tutub. Bu, böyük nəticədir. Azərbaycan bu sıralamada bütün qonşu ölkələri, o cümlədən Ermənistanı, Gürcüstanı, Rusiyanı, Ukraynanı, Qazaxıstanı xeyli qabaqlayıb. Keyfiyyətli yola görə qabaqladığımız ölkələr arasında Avropa dövlətləri də az deyil. Prezidentin də vurğuladığı kimi, müasir yolların varlığı iqtisadi inkişafa şərait yaradır.

Hər rayonun və kəndin içməli suyu, daimi qazı və elektrik enerjisi olmalıdır. Bu, Prezidentin hökumət qarşısında qoyduğu əsas vəzifədir. 2018-ci ildə bu vəzifənin yerinə yetirilməsi istiqamətində işlər uğurla davam etdirildi. Bir neçə ildən sonra Azərbaycanın elə bir bölgəsi tapılmayacaq ki, orada müasir yol, su, qaz və elektrik xətti olmasın. Cənab Prezident avqust ayında ucqar Lahıc qəsəbəsində qaz verilməsi mərasimində iştirak etdi. Lahıc Azərbaycanın dağlıq ərazidə yerləşən kəndlərindəndir. Hazırda Lahıca müasir yolla da getmək olar, qışda qazın istisində qızınmaq da. Prezident İlham Əliyevin Lahıca qaz verilməsi mərasimində dediyi kimi, bu qəsəbəyə əvvəlki yol keçilməz idi. İndi isə rahat yol inşa edilib. Əgər bütün bu şərait ucqar Lahıc qəsəbəsi üçün yaradılıbsa, demək, Azərbaycanın həll edə bilməyəcəyi problem yoxdur. Yetər ki, dövlət başçısının qoyduğu vəzifələr vaxtında yerinə yetirilsin.

Prezident "Şimal-Cənub nəqliyyat dəhlizi”nin istismara verilməsinə böyük əhəmiyyət verir. Bu nəqliyyat dəhlizi Azərbaycanın siyasi və iqtisadi qazanclarını daha da artıracaq. Bu sırada il ərzində Azərbaycan və Türkiyə prezidentlərinin açılışını birgə etdikləri "Star” zavodunu göstərmək olar. Zavod istifadəyə verildikdən sonra ilk 5 il ərzində Azərbaycan iqtisadiyyatına hər il 850 milyon dollardan çox gəlir gətirəcək. Növbəti 10 il ərzində isə müəssisə hər il 600 milyon dollardan çox gəlir gətirəcək. Yəni SOCAR 10 ildən sonra "STAR” zavodundan xalis gəlir əldə edəcək. Bu, Azərbaycan Prezidentinin uğurlu enerji siyasətinin daha bir təcəssümüdür.

Cənab Prezidentin oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha iqtisadiyyatdakı uğurlardan və problemlərdən danışması da diqqəti cəlb edirdi.

Uğurlar kimi bunları da göstərmək olar:

- İl ərzində bütün sosial layihələr icra edilib.

- Azərbaycan 2018-ci ildə enerji siyasətində uğurlar qazanıb. May ayında Bakıda "Cənub qaz dəhlizi”nin rəsmi açılışı qeyd edildi. Prezident bunu tarixi hadisə adlandırdı. Bir ay sonra Türkiyədə TANAP layihəsi açıldı. Hazırda "Cənub qaz dəhlizi” layihəsi uğurla icra edilir. TAP layihəsinin icrası ilə bağlı heç bir problem yoxdur. Prezident onu da dedi ki, Azərbaycan həm Avropaya qaz satmaq, həm də Avropanın bəzi ölkələrində qaz infrastrukturu layihələrində iştirak etmək istəyir.

- Uğurlardan biri kimi Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin tamamlanması göstərildi. Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Bundan sonra Azərbaycanın tranzit imkanları artacaq.

- Prezident digər uğur kimi vergi və gömrük sistemində aparılan islahatları göstərdi. Bu, müsbət dəyişikliklərə səbəb olub. Gömrük və vergi yığımları artıb. Prezident bu sahədə islahatların davam etdirilməsini tapşırdı. Buna baxmayaraq, iclasda o da qeyd edildi ki, biznesmenlər vergidən yayınmağa çalışırlar. Prezident vergidən yayınanları xəbərdar etdi, onlara qarşı sərt tədbirlər görüləcəyini bildirdi.

Cənab Prezident hökumət qarşısında çox ciddi vəzifələr qoydu. Çünki problemlərin həlli insanların həyatını daha da rahatlaşdırmalıdır. Prezident məmurlar üzərində ictimai nəzarətin güclənməsini də istəyir. Bu da çox vacib şərtlərdən biridir.

Yeni ilə yeni ümidlərlə daxil oluruq. Əsas nemət sabitliyimizdir, məhz bunun sayəsində inkişafımız davamlı hala gəlib. Yeganə problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ancaq bu problemin də öhdəsindən gələcəyimizə tam əminəm. Bunu həm Aprel döyüşlərində göstərdik, həm də Naxçıvanda yüksəkliklərimizi geri qaytarmaqla təsdiq etdik. Həm Lələtəpədə, həm də Naxçıvanda işğaldan azad olunan ərazilərdə oldum, döyüşçülərimizin ruhundan bir daha anladım ki, xalqımız torpaqlarımızı yağı düşməndən azad etməyə hazırdır.

Adil ƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video