19 Dekabr 2018 00:08
944
İDMAN
A- A+

9 yaşlı çempion


Karateçi Rafael Zeynalovla bu günlərdə Bakıda keçirilən beynəlxalq turnirdə tanış olduq. 9 yaşlı bu oğlan karatenin WKF növü üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandı. Üstəlik, ən yaxşı texniki fəndlərə görə Dünya Kubokuna layiq görüldü.

Rafael Nəsimi rayonundakı 14 saylı məktəbin 4-cü sinfində təhsil alır. Dərslərində qabaqcıldır, sinfin yaxşı oxuyanları sırasındadır. Eyni zamanda idman onun həyatının ayrılmaz hissəsidir. Düzdür, yaşı az olduğundan idman karyerası hələlik qısadır. Cəmi bir il yarımdır karate ilə məşğuldur. İlk dəfə Sumqayıtda keçirilən açıq turnirin, daha sonra Bakıda klublararası turnirin qalibi olub. Beləcə ölkə miqyaslı turnirlərdə çempionluğun sevincini yaşayan balaca karateçi beynəlxalq yarışlarda ilk dəfə qüvvəsini ötən ilin dekabrında Bakıda keçirilən Dünya Kuboku yarışında sınayıb. Bu, onun beynəlxalq turnirlərdə ilk sınağı olsa da, döyüşləri pis alınmayıb. Gümüş medal qazanan Rafael daha sonra İranda keçirilən II Beynəlxalq İdman Olimpiadasında da eyni nəticəni göstərib. Bu ilin martında karatenin "shi to ryu hayashi” versiyası üzrə 6 ölkənin idmançılarının iştirakı ilə keçirilən beynəlxalq turnirdən də qızıl medalla ayrılıb.

Ümumiyyətlə, Rafaelin nailiyyətləri olduqca qürurvericidir. Balaca karateçi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş yarışda, Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar "Təhsil” RİM tərəfindən təşkil olunan turnirdə, Qara və Xəzər dənizi hövzəsi ölkələrinin idmançılarının iştirakı ilə keçirilən beynəlxalq turnirdə, Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq yarışda, Bakı açıq birinciliyində, keçmiş sovet respublikalarında karatenin yaranmasının 40 illik yubileyinə həsr olunan "Baku Open” beynəlxalq turnirində qızıl medallara layiq görülüb. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə 10-11 yaşlı idmançılar arasında mübarizə apararaq bürünc medal qazanıb.

Bu ilin noyabrında isə Rafael Rusiyanın Oryol şəhərində keçirilən Avropa çempionatında çıxış edib. Adından da göründüyü kimi, olduqca mötəbər olan bu çempionatda idmançımız inamla mübarizə aparıb. Rəqiblərin titullu və təcrübəli karateçilər olmasına baxmayaraq, Rafael qaliblər sırasına düşməyi bacarıb və vətənə bürünc medalla dönüb.

Söhbət zamanı məlum oldu ki, Rafael Zeynalov karatenin sirlərini Bakıdakı "Qara Qaplan” idman klubunda öyrənir. 26 ildir fəaliyyət göstərən bu klub Azərbaycanda karatenin inkişafına böyük töhfələr verib. Atası Kamal Zeynalov bildirir ki, oğlu idmana başlayanda inanmazdı ki, qısa müddətdə belə uğur qazanacaq. Onun sözlərinə görə, Rafaelin perspektivli idmançı kimi yetişməyində məşqçiləri Əli Rəcəbovun və Orxan Şabanovun əməyi böyükdür. Balaca çempionun xarici səfərlərdə iştirakına görə isə atası "İvy Group” şirkətinə minnətdarlığını bildirdi.

Rafaelin kumiri isə tanınmış karateçi Rafael Ağayevdir. İnanır ki, mütləq adaşı kimi daha böyük qələbələrə imza atacaq, beynəlxalq turnirlərdə həmişə üçrəngli bayrağımızı ucaldacaq.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video