18 Dekabr 2018 16:17
367
CƏMİYYƏT
A- A+

Moskvada VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub


Dekabrın 18-də Moskvada, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində VI Rusiya-Azərbaycan Gənclər Forumunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Forumda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Gənclərlə İş üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dmitri İvanov, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Olqa Timofeyeva, İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin prorektorları Marina Filatova və Aleksandr Muradov, Azərbaycanın və Rusiyanın gənclər təşkilatlarının nümayəndələri, gənc sahibkarlar və başqaları iştirak ediblər.

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin prorektoru Aleksandr Muradov Forumu açaraq, ali təhsil ocağının tarixi, təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib.

Səfir Polad Bülbüloğlu çıxışında bildirib ki, bu ilin oktyabrında ölkəmizdə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Baş nazirinin müavini Olqa Qolodets ilə görüşündə iki ölkə gənclərinin sıx əməkdaşlığının təmin edilməsi məqsədilə silsilə forum və konfransların keçirilməsinin əhəmiyyəti vurğulanıb. Diplomat, həmçinin Azərbaycan ilə Rusiya arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətlərindən söhbət açıb. Forumdan məqsədin iki ölkənin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi olduğunu qeyd edən səfir deyib: "Bizim nəsil bir ölkədə yaşayıb, ümumi ideologiya əsasında tərbiyə alıb. İndi vəziyyət kökündən dəyişib. Hər bir respublika müstəqil dövlətdir. Biz çalışmalıyıq ki, gələcəyimiz olan gənclərimiz, eləcə də dövlət xadimləri və ziyalılar, yaradıcı şəxslər arasında əlaqələr itməsin”. P.Bülbüloğlu ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov artıq ənənə halını alan Rusiya-Azərbaycan Gənclər forumlarının hər iki ölkənin gəncləri arasında sıx əlaqələrin qurulmasında, qarşılıqlı fikir, informasiya və təcrübə mübadiləsinin aparılmasında əvəzsiz rol oynadığını bildirib. A.Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin "...biz bütün istiqamətlərdə çox səmərəli dinamika görürük və bütün bunlar bizim münasibətlərimizin ruhunu, xarakterini səciyyələndirir” fikrini toplantı iştirakçılarının diqqətinə çatdıraraq deyib: "İlk dəfə 2013-cü ildə Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda keçirilən Forumda qəbul edilən qətnamə qarşılıqlı dialoqun və əməkdaşlığın möhkəm bünövrəsini qoyub, gələcək əməkdaşlığa təkan verib. 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Rusiya Azərbaycanlı Gənclər Birliyi hər iki ölkə gənclərinin bir araya gələrək müxtəlif mövzular ətrafında dialoq qurması, fikir mübadiləsi aparmasında böyük rol oynayır”.

Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlara üzv olduğunu diqqətə çatdıran nazir bildirib ki, ölkəmiz dövrün tələblərindən irəli gələrək müxtəlif dövlətlərlə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Nazir A.Rəhimov Forum çərçivəsində aktual mövzular ətrafında aparılacaq müzakirələrdə gəncləri fəal olmağa və qarşılıqlı fikir mübadiləsi aparmağa çağırıb.

Rusiya Gənclərlə İş üzrə Federal Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Dmitri İvanov bildirib ki, təmsil etdiyi qurum Rusiyada təhsil alan azərbaycanlı gənclərin adaptasiyası istiqamətində fəal iş aparır. Rusiya hökuməti bu ildən başlayaraq gənclərin təşəbbüslərini dəstəkləmək üçün qrantların ayrılmasını Gənclərlə İş üzrə Federal Agentliyə həvalə edib. Bu, müxtəlif sahələri, o cümlədən mədəniyyət, tarix, sahibkarlıq və digər istiqamətləri əhatə edən layihələr ola bilər. Qanunvericiliyə əsasən, əcnəbi vətəndaşlar qrant ala bilməzlər. Lakin Rusiyada qeyri-formal tələbə birlikləri kimi qarşılıqlı fəaliyyət forması var. Rusiya vətəndaşı bu qrantları alıb BMT-nin üzvü olan istənilən dövlətdə layihələrin həyata keçirilməsi üçün istifadə edə bilər.

D.İvanov bu təcrübənin gələn il də davam etdiriləcəyinə ümid bəslədiyini söyləyib.

Açılış çıxışlarından sonra Forum işini "Könüllülük”, "Gənclər təşkilatları” və "Sahibkarlıq” mövzularında keçirilən panel iclasları ilə davam etdirib.

Dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqalaya yola düşəcək. Səfər çərçivəsində müxtəlif təqdimatların keçirilməsi, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video