17 Dekabr 2018 21:19
250
SİYASƏT
A- A+

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib


Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verərək deyib ki, tikinti işləri "Cahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti və Almaniyanın "Bioworks” şirkəti tərəfindən həyata keçirilib. Almaniya və İtaliya istehsalı olan ən müasir avadanlıqlar quraşdırılan təmizləyici qurğular sistemi gün ərzində 2800 kubmetr çirkab su təmizləmək gücünə malikdir. İri tullantı və qumtutucu qurğu binasından, hovuzlardan, mexaniki filtirli təmizləyici qurğudan, palçıqqurutma qurğusundan, idarəetmə və kompressor binalarından ibarət olan sistemin hovuzlarının tutumu 7200 kubmetrdir.

Təmizləyici qurğu 3 mərhələli – fiziki, bioloji və mexaniki filtirli təmizləmə sistemlərindən ibarətdir. Daxil olan su əvvəlcə fiziki təmizlənir və 1 millimetrdən böyük olan tullantılar kənarlaşdırılır. Sonra su bioloji təmizləmədən keçirilir. Bu zaman hovuzlara oksigen vurulur və lil çökdürülür. İkinci mərhələ də başa çatdıqdan sonra su mexaniki filtirlərdə 10 mikrona qədər təmizlənir və təsərrüfat suyu kimi Naxçıvançaya axıdılır. Lilçökdürücü hovuzdan nasoslar vasitəsilə çənlərə vurulan lil lilqurutma qurğusunda tam susuzlaşdırıldıqdan sonra ərazidən daşınır.

"Bioworks” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Yusif Məmmədli çıxış edərək deyib ki, təmsil etdiyi şirkət tərəfindən dünyanın 22 ölkəsində 150-dən çox layihə həyata keçirilib. Şahbuz şəhərində istifadəyə verilən təmizləyici qurğu "Bioworks” şirkətinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi ikinci layihədir. Tikinti işləri aparılarkən şirkət tərəfindən ən son yeniliklər tətbiq olunub ki, bu da istismar və xidmət xərclərini minimuma endirib. Muxtar respublikada bütün sahələrdə həyata keçirilən kompleks infrastruktur tədbirləri, xüsusilə də yerli mütəxəssislərin yeni texnologiyaları peşəkarcasına mənimsəməsi "Bioworks” şirkəti tərəfindən məmnunluqla qarşılanır və təqdir olunur. Yusif Məmmədli yaradılan şəraitə və uğurlu əməkdaşlığa görə "Bioworks” şirkəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada ikinci mühüm təmizləyici qurğular sisteminin istifadəyə verildiyini bildirib, bu işdə əməyi olanlara təşəkkür edərək deyib: Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ölkəmizdə, eyni zamanda, muxtar respublikada rayon və şəhər mərkəzlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir. Ölkəmizdə bu sahədə görülən işlər mühüm əhəmiyyətə malikdir. Çünki insanların dünya səhiyyə standartlarına uyğun içməli su ilə təminatı və yaşayış məntəqələrində kanalizasiya sistemlərinin qurulması hər bir ölkənin əsas inkişaf göstəricilərindən hesab olunur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublika əhalisinin 40 faizdən çoxu beynəlxalq standartların tələblərinə uyğun içməli su ilə təmin olunur və bu sahədə görülən işlər davam etdirilir. Artıq bir neçə ildən sonra muxtar respublikanın bütün şəhər və rayon mərkəzləri, ətraf kəndləri tamamilə təmiz içməli su və kanalizasiya sistemi ilə təmin olunacaqdır.

Ali Məclisin Sədri deyib: Ölkə Prezidentinin iştirakı ilə muxtar respublikada içməli su və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışı olmuşdur. Bu gün istifadəyə verilən Şahbuz şəhər təmizləyici qurğular sisteminin qurulmasına 10 milyon manatdan artıq vəsait sərf olunmuşdur. Şahbuz şəhərində bu sistemin qurulması vacib idi. Çünki bir ərazi abadlaşdırılarkən digər ərazinin korlanmasına yol vermək olmazdı. Təmizləyici qurğunun istifadəyə verilməsi 100 milyon kubmetr həcmi olan Heydər Əliyev Su Anbarının çirklənməsinin qarşısını alacaqdır. Eyni zamanda, su anbarında balıqçılığın inkişafı üçün problemlər yaranmayacaqdır.

Ali Məclisin Sədri deyib: Şəhərlərdə abadlığın və təmizliyin ən mühüm şərti müasir içməli su və kanalizasiya sistemlərinin qurulmasıdır. Şahbuz şəhərində bu tədbirlər uğurla həyata keçirilib, içməli su və kanalizasiya sistemləri çəkilib. Bu gün isə təmizləyici qurğu istifadəyə verildi. Təmizləyici qurğu özünü doğruldacaq, təmizlənmiş su təkrar emala qayıdacaq, təsərrüfat suyu kimi ətraf ərazilərin yaşıllaşdırılmasında və əkin sahələrinin suvarılmasında istifadə olunacaqdır. Görülən işlər dövlət vəsaiti hesabına həyata keçirilib. Ona görə də qurulanlardan səmərəli istifadə olunmalıdır. Çünki bu gün 15 minə yaxın əhaliyə xidmət göstərən yeni sistem gələcəkdə əhali artımı da nəzərə almaqla uzun illər istismar olunacaqdır. Gələcəkdə muxtar respublikanın digər rayon mərkəzlərində də bu layihələr həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri təmizləyici qurğunun istifadəyə verilməsi münasibətilə sakinləri və tədbir iştirakçılarını təbrik edib.

Şahbuz şəhər sakini Tamleyxa Cəbiyev çıxış edərək deyib: Ulu Öndərimizin siyasi xəttinin davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını yüksək tərəqqi və inkişaf mərhələsinə yüksəldib. Bu gün muxtar respublikanın hər yerində, o cümlədən Şahbuz rayonunda geniş quruculuq işləri aparılır. Bir vaxtlar uçuq-sökük binaları ilə kəndi xatırladan Şahbuz qəsəbəsi bu gün müasir infrastruktura malik olan şəhərdir. 2007-ci ildə Şahbuz qəsəbəsinə şəhər statusu verilib, 2013-cü ildə şəhərin ərazisi genişləndirilib. Şahbuz şəhəri bu gün böyük tikinti meydançasına çevrilib. Hazırda şəhərdə mədəniyyət sarayının, aviakassanın və çoxmərtəbəli yaşayış binasının tikintisi aparılır. Həyata keçirilən infrastruktur layihələri, xüsusilə içməli su və kanalizasiya sistemlərinin qurulması rayon əhalisinə göstərilən qayğının daha bir ifadəsidir. Bu gün təmizləyici qurğunun istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Mövcud olduğu 90 il ərzində heç vaxt Şahbuz rayonuna bu qədər diqqət və qayğı göstərilməyib. Tamleyxa Cəbiyev yaradılan şəraitə görə rayon əhalisi adından minnətdarlıq edib.

Sonra açılışı bildirən lent kəsilib.

İdarəetmə binasında işçilər üçün lazımi şərait yaradılıb, laboratoriya, idarəetmə otağı və yeməkxana istifadəyə verilib. Bildirilib ki, iş prosesinə mərkəzdən nəzarət edilir və kompüter vasitəsilə idarə olunur. İdarəetmə otağında təmizləyici qurğunun iş prosesini əks etdirən videoçarx nümayiş olunub.

Qurğunun yerləşdiyi sahənin sel sularından qorunması məqsədilə 220 metr istinad divarı tikilib, həmçinin qrunt sularının kənarlaşdırılması üçün 180 metr drenaj xətti çəkilib.

Ali Məclisin Sədri Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində və təmizləyici qurğunun ətrafında aparılacaq yaşıllaşdırma tədbirlərinin layihəsinə baxıb, təmizlənmiş təsərrüfat suyundan səmərəli istifadə olunması və ərazidə yaşıllıqların salınması barədə tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video