15 Dekabr 2018 21:52
1278
PARLAMENT
A- A+

Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı başa çatıb



Dekabrın 15-də Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində "Güclü gələcək: sabahın iş yerləri” mövzusunda üçüncü sessiyada Oksford Universitetinin professoru Daniel Susskind əsas mövzuya dair məruzə ilə çıxış edib. O bildirib ki, 2020-ci ilədək dünyada qarşıya çıxacaq ən böyük problem kütləvi işsizlik olacaq. Ona görə, elə kadrlar hazırlanmalıdır ki, onlar müasir dövrün texnologiyası ilə işləməyi bacararaq rəqabət apara bilsinlər. Eyni zamanda, texnoloji sistemləri özləri də hazırlaya bilsinlər. Təəssüf ki, bütün ölkələrdə belə insanların hazırlanması üçün kifayət qədər imkanlar yoxdur.

Beynəlxalq Əmək Təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə bürosunun direktor müavini Xoloud Alxaldi bu gün dünyada işsizliyin həddinin 63 faiz olduğunu deyib. O bildirib ki, bəzi regionlarda və ölkələrdə gənclər arasında işsizlik daha yüksəkdir, onlar üçün iş yerlərinin yaradılması ilə bağlı qlobal hərəkat yaradılıb. 2030-cu ilədək qlobal hərəkat gündəliyinə müvafiq olaraq parlament üzvləri, elm xadimləri, QHT-lərin iştirakı ilə gənclər üçün tədbirlərin həyata keçirilməsi, o cümlədən iş yerlərinin yaradılması ilə bağlı alyans təsis olunub. Layiqli iş yerləri ilə bağlı bir sıra mexanizmlər hazırlanıb.

"Azərkosmos” ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib ki, dünyada texnologiyaların sürətli inkişafı nəticəsində bir sıra peşələr və iş növləri sıradan çıxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq. Elm və texnologiyaların inkişafı növbəti 15 il ərzində daha da aktual olacaq. Robotlar artıq son illər ərzində populyarlaşıb və gələcəkdə daha da populyarlaşacaq. Növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində sıradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə "Hamıya iş yerləri” şüarı altında işlər görülməlidir. Ümumilikdə tendensiya belədir ki, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olanlar üçün iş yerləri aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcək. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər.

R.Rüstəmov Azərbaycanda insan kapitalının gələcəkdə gözlənilən dəyişikliklərə uyğunlaşmağa hazır olduğunu diqqətə çatdırıb. Bildirib ki, hazırda ölkəmizin peykləri gənc azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. 2011-ci ildə "Azərkosmos” ASC yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz "Azərkosmos” komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq.

Azərbaycan Dövlət İqtisad Universitetində mühazirəçi Fəridə Əsgərzadə, HORİZON Qrupda əlaqələndirici Marqareta Drzeniek və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər. Çıxış edənlər yeni texnologiyaların gənc işçilərə təsir mexanizmlərindən danışıblar. Həmçinin əmək bazarlarının gücləndirilməsi, təlim tədbirlərinin, investisiyaların artırılması, daha güclü sosial təminat mexanizmlərinin və gender bərabərliyinin təmin edilməsi məsələlərinə dair fikirlərini bölüşüblər.

"Gələcək nəsillər üçün parlamentin atdığı addımlar” mövzusunda sessiyada Kanadanın ətraf mühit və davamlı inkişaf üzrə komissarı Cudi Gelfandın videomüraciəti səslənib.

Panel müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərindən olan deputat Alyaa Alijassim ölkəsinin bu sahədəki təcrübəsindən, gördüyü işlərdən danışıb. Bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri gənclərin özlərini inkişaf etdirməsi üçün lazımi şəraiti yaradır. Müvafiq hakimiyyət dairələri qanunvericilik aktlarının gənclərə təsirini qiymətləndirir. Qanunvericilikdə edilə biləcək dəyişikliklərlə bağlı beynəlxalq meyillər nəzərdən keçirilir.

Macarıstanın gələcək nəsillər üçün sabiq komissarı Sandor Fülöp ombudsman təsisatının tarixi barədə danışıb. O deyib ki, ombudsmanın bütün dünyada 100-dən çox modeli var. Komissar parlament və ombudsman təsisatlarının səylərini birləşdirərək fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva qeyd edib ki, savadlı, enerjili, yaradıcı gənclər hər bir ölkənin gələcəkdəki gücünü, uğurunu təmin edir. Gənclərin ehtiyaclarının qarşılanması üçün hökumət və parlament birlikdə işləməli, uğurlu gələcək naminə onlara yaxşı təhsil, layiqli əmək təmin etməlidir. Deputat ölkəmizin bu sahədəki mövcud təcrübəsindən danışıb. Gənclərin səlahiyyətləndirilməsinin vacibliyinə toxunan S.Fətəliyeva bildirib ki, Azərbaycanda yüzlərlə gənclər təşkilatı, QHT fəaliyyət göstərir. Onlar bizim sosial həyatımızın ayrılmaz hissəsidir. O, həmçinin ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən dövlət proqramlarından danışıb, Azərbaycanda gənclərə xüsusi diqqət yetirildiyini deyib. 2015-ci ildə keçirilən parlament seçkilərində yaşı 40-dan aşağı olan deputatın seçildiyi diqqətə çatdırılıb. Azərbaycan parlamentinin gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Gənclər Fondu ilə sıx əməkdaşlıq etdiyi bildirilib.

Milli Məclisin deputatı, həmçinin dünyada mövcud olan təhdidlər haqqında danışıb. Qeyd edib ki, heç bir ölkə, icma, cəmiyyət terrorçuluqdan, ekstremizmdən sığortalanmayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışan deputat deyib ki, Azərbaycan ərazisinin 20 faizi iyirmi ildən çoxdur işğal altındadır. Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Panel müzakirələrin iştirakçıları mövzu ilə bağlı fikirlərini səsləndiriblər.

Daha sonra milli parlamentlərdə gənclərin iştirakına dair 2018-ci il Parlamentlərarası İttifaqın hesabatının təqdimatı ilə bağlı iclas keçirilib. İclasda Parlamentlərarası İttifaqın gənclərin iştirak proqramının meneceri Zeina Hilal, Zambiyadan gənclər parlamenti təşəbbüsünün təsisçisi Nava Villi Sitali, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının nümayəndəsi Conas Olsen çıxış ediblər. Bildirilib ki, hesabata əsasən dünyada 30 yaşından cavan deputatların sayı son iki ildə 1,9 faizdən 2,2 faizə qədər artıb. Bu artıma baxmayaraq, dünya əhalisinin 30 yaşdan aşağı olan hissəsi ilə müqayisədə gənc deputatların sayında kəskin azlıq müşahidə olunur. Qırx yaşından aşağı deputatların sayı 2016-cı ildə 14,2 faiz idisə, 2018-ci ildə 15,5 faiz olub. Qırx beş yaşdan aşağı deputatların sayı 2016-cı ildə 26 faiz, 2018-ci ildə 28,1 faiz təşkil edib. Şimal ölkələri yaşı 30-dan aşağı olan deputatların seçilməsinə üstünlük verirlər. Bu rəqəm Norveçdə, İsveçdə və Finlandiyada 10 faiz çoxdur. San-Marino, Qambiya və Venesuela parlamentlərinin aşağı palatalarında onların say fərqi 10 faizdir. Yuxarı palatada bu səviyyəyə yalnız 9,1 faizlə Butan çatır.

Konfransın bağlanış sessiyasında yekun sənədin təqdimatı olub.

Təqdimat zamanı Milli Məclisin deputatı Şahin İsmayilov deyib ki, münaqişələrə son qoymaq lazımdır, çünki münaqişə zonalarında təhsillə məşğul olmaq imkanı məhdud olur. Gələcək nəsillər naminə hüquq və maraqların qorunması və təşviq edilməsi hər kəsin məqsədinə çevrilməlidir.

Milli Məclisin deputatı alternativ enerjidən istifadə etmək üçün yaxşı qanunların qəbul edilməsinin vacibliyinə toxunub. Konfrans çərçivəsində davamlı inkişaf məqsədlərinə çatmaq üçün müzakirələrin aparıldığını deyən deputat bu istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması, təkrar emalı kimi məsələləri qeyd edib.

Parlamentlərarası İttifaqın Gənclər Forumunun sədri Mourine Osoru Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib. O bildirib ki, təhsil hamı üçün əlçatan, pulsuz olmalıdır. Mourine Osoru, həmçinin təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bununla da Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video