15 Dekabr 2018 01:53
836
SİYASƏT
A- A+

Bir ildə 6 görüş


2018-ci il Azərbaycan-Rusiya əlaqələrinin inkişafı baxımından əlamətdar dövrdür


Azərbaycanla Rusiya arasında əlaqələr son dövrlərdə daha da möhkəmlənən dövlətlərarası münasibətlərə, dostluğa, mehriban qonşuluğa əsaslanır. Bu gün iki ölkə arasında əlaqələr artıq strateji səviyyəyə yüksəlib. Münasibətlər beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir, müxtəlif sahələrdə yüzdən artıq sənəd imzalanıb. Mübaliğəsiz demək olar ki, Azərbaycan-Rusiya münasibətləri dinamik yüksəliş mərhələsindədir. İki ölkə ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edir. Rusiyanın subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf yolundadır.


Strateji səviyyəyə yüksələn əlaqələr


Başa çatmaqda olan 2018-ci ili Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından uğurlu mərhələ hesab etmək olar. Çünki bu il Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri və ümumilikdə il ərzində 6 dəfə görüşmələri iki ölkə arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verib. Bu səfərlər və görüşlər çərçivəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Ən əsası, səfərlərin hər biri münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan və Rusiya prezidentləri bu il 6 dəfə görüşüblər. Prezident İlham Əliyev bu il 3 dəfə Rusiyaya səfər edib. Dövlət başçısı bu ilin iyun və dekabr aylarında Rusiyaya işgüzar, sentyabr ayında isə rəsmi səfər edib. İyun ayında səfər zamanı Prezident İlham Əliyev futbol üzrə dünya çempionatının açılış mərasimini izləyib, dekabr ayında isə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edib. Təbii ki, rəsmi səfərlə yanaşı, işgüzar səfərlər zamanı iki ölkənin prezidentləri arasında keçirilən görüşlərin hər biri Azərbaycan-Rusiya əlaqələrinin inkişafına təkan verib. Dövlət başçıları avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında bir araya gəliblər. Sentyabr ayında isə Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Forumun açılışında iştirak etmək üçün Rusiya Prezidenti Azərbaycana səfər edib. Sentyabrın sonlarında isə prezidentlər İlham Əliyev və Vladimir Putin Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak ediblər.

Dekabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edən Prezident İlham Əliyev 2018-ci ili əlaqələrin inkişafında məhsuldar il adlandırıb: "Deməliyəm ki, 2018-ci il münasibətlərimizin inkişafı baxımından çox məhsuldar il olub. Yüksək səviyyədə xeyli görüşlər, o cümlədən mənim Rusiyaya sentyabrın əvvəlində rəsmi səfərim və Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin sentyabrın sonlarında Azərbaycana səfəri olub. Bu səfərlər çərçivəsində biz qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etmişik, gələcək əməkdaşlıq yollarını müəyyənləşdirmişik. Həm də əminəm ki, uğurla həyata keçiriləcək çoxlu sayda sənəd imzalanıb. Bu, bizim münasibətlərimizə əlavə dinamika verəcək”.

Onu da xatırladaq ki, dekabrın 12-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında növbəti görüş dekabrın 12-də Bakıda keçirildi. Bundan əvvəl də bu iki general arasında görüş aprel ayında Bakıda baş tutmuşdu. Belə bir mühüm görüşün Bakıda keçirilməsi də Azərbaycanla Rusiya arasındakı yüksək siyasi etimadın göstəricisidir.


Əməkdaşlıq çoxşaxəlidir


Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmir. Belə ki, isti siyasi münasibətlərdən qaynaqlanan əməkdaşlıq telləri beynəlxalq tərəfdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Ölkələr arasında indiyədək 200-ə yaxın sənəd imzalanıb. Yaradılmış möhkəm müqavilə-hüquqi baza iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, yanacaq-energetika, elm və təhsil, mədəniyyət, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir.

Son 5 il ərzində Azərbaycan və Rusiya arasında 50-yə yaxın biznes forumu və işgüzar görüşlər keçirilib. Bütün bunlar nəticə etibarilə iqtisadi əlaqələrin inkişafına təkan verib. Təsadüfi deyil ki, təkcə 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,627 milyard dollar olub. Bu il isə ticarət dövriyyəsinin daha çox olacağı gözlənilir. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib.

İki dövlət arasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Hazırda Rusiyanın 78 subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb.

Mədəni və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər xüsusilə təqdirəlayiqdir. Hazırda 11 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır. Onlardan minə yaxını Rusiya büdcəsi hesabına oxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. 2010-cu ildən Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Humanitar əməkdaşlığa gəldikdə, onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq bütün dünyada aktual problemlərin, müasir cəmiyyətlərin inkişaf məsələlərinin müzakirə olunduğu qlobal platforma kimi tanınır.

Təbii ki, Azərbaycanın Rusiyadan gözlədiyi ən vacib siyasi addım bu ölkənin Dağlıq Qarabağ probleminin ədalətli həllinə yardım göstərməsidir. Ona görə iki ölkənin rəhbərliyi arasında Dağlıq Qarabağ mövzusunda aparılan danışıqların məzmunu Azərbaycan ictimaiyyətində maraqla izlənilir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı qeyd etdiyi kimi, müzakirə edilən məsələlər arasında ilk növbədə uzun müddət davam edən və Azərbaycan xalqının böyük iztirablarına gətirib çıxarmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi mühüm yer tutur. Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır.

Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Prezidentlərin il ərzində 6 dəfə görüşməsi və qarşılıqlı səfərlər zamanı əldə olunan razılaşmalar bunları təsdiq edir. Ən əsası, münasibətlər açıq və səmimi xarakter daşıyır və iki ölkə arasında hərtərəfli əməkdaşlığa dair konsensus mövcuddur.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video