15 Dekabr 2018 01:52
432
SİYASƏT
A- A+

Real iş, yüksək inkişaf


Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq.

İlham ƏLİYEV


Müasir dövrdə hər bir xalqın özünəməxsusluğunu şərtləndirən amillər onun dövlətçilik ənənələri ilə yanaşı, həm də qlobal planda maddi və mənəvi mədəniyyəti əsasında müəyyənləşir. Bu özünəməxsusluq hissi ilə səciyyələnən, milli kimlyi ifadə edən dəyərlər eyni zamanda hər bir millətin sərvəti və toxunulmaz xəzinəsidir.

Azərbaycanın milli mədəniyyəti, ənənə və dəyərləri xalqın əsrlərdən çıxmış inamına söykənir, özündə böyük bədii-estetik, əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Həm də ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə müasirliyə və yeniliyə can atır. "Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq” deyən Prezident İlham Əliyev müasir çağırışlara cavab verən mütərəqqi ideyaları yaşadıb inkişaf etdirəcəyini xüsusi vurğulayır. Dövlət başçısı bütün fəaliyyətində qeyd olunan bu sahələri daim diqqət mərkəzində saxlayacağını bildirir. Bu gün ölkədə elə bir siyasət həyata keçirilir ki, milli ideya özündə həm siyasi məkanın demokratikləşdirilməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir.


Müasirlik, yenilik və milli köklərə bağlılıq


Mədəniyyət siyasəti hər bir xalqın bəşəri miqyasda layiqli yerini tutmasında və tanınmasında mühüm rol oynayır. Bu reallığı düzgün dəyərləndirən ölkə rəhbəri İlham Əliyev xalqımızın zəngin mədəni irsinin dünyada təbliği istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə daim üstünlük verir. Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət yetirilir.

İndiyədək əksər fərman və sərəncamlar milli-mənəvi intibaha, mədəni yüksəlişə xidmət etmişdir. Azərbaycan xalqının fikir xəzinəsinə açar olan bir çox kitabların latın qrafikasında təkrar nəşri barədə "Azərbaycan dilində latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam mənəvi irsə sadiqliyin daha bir nümunəsi olmuşdur. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin zaman-zaman kütləvi tirajla nəşr olunub ölkənin kitabxana şəbəkəsinə hədiyyə edilməsi xoş bir ənənəyə çevrilmişdir.

Dövlət başçısının ana dilimizin qorunması və inkişafı ilə bağlı gördüyü işlər isə ulu öndərin bu sahəyə həssas münasibətinin davamı idi. Hər şeydən öncə aparılan tədbirlər dilimizin inkişafında yeni bir mərhələ açmışdı. Qloballaşma dövrünün müəyyən reallıqları ilə bağlı Azərbaycan dilinin istifadəsi sahəsində yaranmış bəzi problemlər ciddiliklə nəzərə alınaraq "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması ilə əlaqədar sərəncam imzalanmışdır. Belə bir Dövlət Proqramının qəbul edilərək icraya yönəldilməsi mənəviyyatımızın güzgüsü olan doğma dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm bir tarixi hadisəyə çevrilmişdir. Heç vaxt unutmamalıyıq ki, dilin inkişafı dövlət tərəfindən irəli sürülən norma və tələblərlə yanaşı, eyni zamanda vətəndaşlıq məsuliyyəti tələb edən məsələdir. Ana dilimizdə milyonlarla insan danışır və yazır. Onların bu dildən hansı şəkildə faydalandıqlarını, ona necə münasibət göstərdiklərini tam nəzarətdə saxlamaq mümkün deyil. Amma hər bir vətəndaş çevrəsindəki insanların dilimizi korlayan hallarla rastlaşdığı vaxt ictimai qınağın gücündən istifadə edib onların aradan qaldırılmasına nail ola bilər. Ötən il oktyabrın 6-da ana dili ilə əlaqədar keçirilən konfransın əsas müzakirə obyekti də bununla bağlı idi. Bu il noyabrın 1-də Prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” yeni fərman imzalamışdır. Həmin fərmandan irəli gələn vəzifələrə uyğun olaraq müəyyən monitorinqlər aparılmış, mütəxəssislərin iştirakı ilə onların nəticələri peşəkarcasına təhlil edilərək lazımi nəticələr çıxarılmışdır.

Bundan başqa, dövlət başçısının bir sıra sərəncam və fərmanları Azərbaycan ərazisində tarixi mədəniyyət abidələrinin qorunmasını, onların əsaslı bərpasını və yenidən qurulmasını nəzərdə tuturdu. Təbii ki, cəmiyyət həyatının müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi, elmi-texniki yüksəlişin gücləndiyi bir mərhələdə sovetlər birliyi dövrünün geridə qalmış texnologiya və infrastrukturu əsasında fəaliyyət göstərən, yenidənqurmaya ciddi ehtiyac duyan milli teatr və muzeylər, mədəniyyət ocaqları zəruri tamaşaçı auditoriyası cəlb edə bilməzdilər. Reallığı düzgün dəyərləndirən ölkə rəhbərliyi Azərbaycanda demək olar ki, bütün aparıcı mədəniyyət müəssisələrinin, teatrların, o cümlədən kinoteatrların, muzeylərin əsaslı təmiri və yenidənqurulmasına yönələn sərəncamlar imzalamışdır. "Mədəniyyət haqqında”, "Turizm haqqında”, "Muzeylər haqqında”, "Memarlıq fəaliyyəti haqqında”, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, "Arxiv fondu haqqında”, "Nəşriyyat işi haqqında” qanunlar qəbul olunmuşdur. Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən "Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, "Arxeoloji irsin qorunması haqqında” və s. beynəlxalq sənədlərə qoşulmuşdur. Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlığa başlamış, bu çərçivədə milli mədəniyyətimizin mühafizəsi, inkişafı və təbliği sahəsində böyük nailliyyətlər əldə etmişdir.

Ölkədə milli mədəniyyətin, klassik irs və mənəvi dəyərlərin mühafizəsi yönümündə həyata keçirilən tədbirlərin praktik nəticələr verməsində Heydər Əliyev Fondunun gördüyü işlər əvəzsizdir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt də məhz milli genefondun qorunmasına hesablanır. Mehriban xanımın böyük xidmətləri sayəsində milli muğam, aşıq, tar ifaçılığı, xalçaçılıq, Lahıc misgərlik sənətləri, Novruz bayramı, çovkan atüstü oyunu, kəlağayı simvolizmi, son günlərdə isə "Yallı (köçəri, tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan mədəni irs siyahılarına daxil edilmiş, görkəmli mədəniyyət və söz adamlarının yubileyləri beynəlxalq səviyyədə qeyd olunmuşdur.

Heydər Əliyev Fondunun silsilə tədbirləri, xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri, Üzeyir bəy Hacıbəyli, Rostropoviç, Qəbələ beynəlxalq musiqi festivalları, "Muğam aləmi” beynəlxalq muğam festivalları, Bakı caz festivalı, ölkəmizin getdikcə artan nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Bütün bunlar hazırda Azərbaycanı dünyanın əsas musiqi mərkəzlərindən birinə çevirmişdir.


Xalq yaradıcılığı paytaxtları


Sevindirici haldır ki, son illər ölkəmizdə aparılan islahatlar paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə edir. Azərbaycan kəndinə şəhər simasının gətirilməsi hazırda ən böyük uğurlarımızdan biridir. Bu gün cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası bəhrəsini vermişdir. Bu layihələr çərçivəsində ölkədə 3500-dən çox məktəb inşa edilmiş, 450-dən çox körpü tikilmiş, nə qədər tibb müəssisəsi, Olimpiya İdman Kompleksi salınmış, məcburi köçkünlər yeni mənzillərlə təmin edilmişdir. Hər şeydən əvvəl yoxsulluq həddi son 15 ildə 49 faizdən 5,4 faizə düşmüşdür. Azərbaycanın etibarlı tərəfdaş imici ölkəmizə böyük həcmdə xarici sərmayələrin axınına şərait yaratmışdır. Milli təhsil sistetimizin maddi-texniki bazası möhkəmləndirilmiş, cəmiyyətdə müəllimin nüfuzu yüksəlmiş, təhsilə, savadlanmağa, biliyə maraq artmışdır.

Dövlət başçısının regionlarımıza hər bir səfəri müasir mədəniyyət ocaqlarının açılışı ilə yadda qalır. Kənd və şəhərlərimizin mədəniyyət infrastrukturunun yeniləşdirilməsi ilə bərabər, tarixi-mədəni abidələrimiz də təmir, bərpa olunmuşdur.

Prezident İlham Əliyevin mədəni irsə, eləcə də bölgələrimizin inkişafına diqqət və qayğısı bu sahədə mühüm layihələrin gerçəkləşməsinə zəmin yaradır. Müxtəlif proqramlar icra olunur, festivallar keçirilir. 2010-2014-cü illəri əhatə edən "Xalq yaradıcılığı paytaxtları” Proqramı, "Ədəbiyyat paytaxtı” və "Milli mətbəx paytaxtı” (2015), "Bölglərdən paytaxta” (2016-2017) layihələri bu qəbildəndir. Həmin proqramlar dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasətində təcrübələri nəzərə alınmaqla Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklorşünaslıq, sənətkarlıq) qorunması, dəstəklənməsi, təbliği və təşviqi məqsədilə qəbul edilmişdir. Ötən dövrlərdə Azərbaycanın əfsanələr paytaxtı, folklor, sənətkarlıq, ədəbiyyat, milli mətbəx paytaxtları seçilmişdir. Həmin paytaxtların şəhər və rayonlarda müvafiq nominasiyaya uyğun təntənəli mərasimlər, respublika və beynəlxalq səviyyəli, elmi-praktik konfranslar, "dəyirmi masa”lar, konsertlər, müsabiqələr, festivallar, sərgilər, yarmarkalar və s. təşkil edilmişdir. Qazax, Lənkəran, Masallı, Gəncə, Balakən, Zaqatala, Qax, Xaçmaz, Şəki, Şamaxı, Qəbələ, İsmayıllı, Göygöl, Qusar müxtəlif sahələr üzrə paytaxt seçilən rayon və şəhərlər sırasındadır. Həmin proqramlar çərçivəsində hər bir məkanın çoxsahəli folkloru, rəvayətləri, əsatirləri, əfsanələri, atalar sözləri, xalq tamaşaları, dekorativ və təsviri sənəti, xalq musiqisi və rəqsləri, şifahi xalq yaradıcılığı, adət və ənənələr, bayram-mərasim və s. mədəni-mənəvi irsi araşdırılmış, dərindən öyrənilmiş və təqdim edilmişdir.

2018-ci ilin yay aylarında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı da şəhər və rayonlarımızın mədəni irsinin təbliğinə daha bir töhfə oldu. Regional layihələr sırasında Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları yüksək səviyyədə təşkil edildi. Milli mətbəxlə bağlı digər festivallarda (dolma, plov) müxtəlif ölkələr təmsil olundu. Bununla da bir sıra regional layihələr geniş miqyas qazanaraq beynəlxalq təbirlərə çevrildi. Bu proqramlar bölgələrin turizm potensialının tanıdılması baxımından da praktik nəticələrlə zəngindir. "Paytaxtdan bölgələrə” layihəsində Şamaxı şəhəri, "Bölgələrdən paytaxta” layihəsində isə Şuşa şəhəri, Şəmkir və Lənkəran layihələri fəal iştirak etmiş və qalib olub seçilmişlər. Bundan başqa, TÜRKSOY tərəfindən həyata keçirilən "Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində Şəki şəhəri 2016-cı il üçün türk dünyasının mədəniyyət, Qusar isə Azərbaycanın folklor paytaxtı seçilmişdir. ISESCO-nun müvafiq qərarı ilə 2009-cu ildə Bakı, Naxçıvan şəhəri isə 2018-ci ildə "İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Əfsanələr paytaxtı Gəncədə 68, Şabranda 57, Gədəbəydə 41, Xaçmazda 59, Qəbələdə 41, sənətkarlıq paytaxtları Şəkidə 60, Lənkəranda 46, Masallıda 41, Zaqatalada 60, Balakəndə 43, folklor paytaxtları Qazaxda 64, İsmayıllıda 58, Qubada 37, Göygöldə 41, Abşeronda 39 layihə həyata keçirilmişdir. 2015-ci ildə Şamaxı ədəbiyyat paytaxtı, Qax milli mətbəx paytaxtı seçilmişdir. 2017-ci ildə Şəki şəhəri UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi siyahısına salınmışdır.

"Azərbaycan - doğma diyar” devizi altında keçirilən (2006, 2008, 2011, 2014, 2016) milli azlıqların incəsənət festivalları ölkəmizdəki mədəni müxtəlifliyi dünyaya nümayiş etdirdi. Prezident tərəfindən 2016-cı ilin "Azərbaycanda multikulturalizm ili”, 2017-ci ilin "İslam həmrəyliyi ili” elan olunması ölkəmizin mədəni zənginliyini, tolerantlıq mühitini dünyaya bəyan etməklə yanaşı, bu xüsusda yeni mədəni təşəbbüslərə də mühüm zəmin yaratmışdır. Prezidentin sərəncamları ilə ölkəmizdə tarixi-mədəni irsin qorunub saxlanılması ilə bağlı 2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna "Milli qoruq statusu” verilmişdir. Abşeron rayonunda "Yanardağ”, "Ağstafada "Keşikçidağ”, paytaxtın Suraxanı rayonunda "Atəşgah məbədi”, Qubada "Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və etnoqrafik qoruqları təşkil edilmişdir. Bir faktı da qeyd edək ki, Azərbaycanın möhtəşəm abidələri olan Qobustan Milli Tarixi-Bədii Qoruğu və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Dövlət başçısının fərmanı ilə 2014-cü ildə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bu istiqamətdə kompleks işlər aparır.


Tarixdə qalan möhtəşəm ilklər


Azərbaycan tarixdə yaşayacaq bir sıra möhtəşəm ilklərə də imza atıb. Reallaşdırılan siyasət nəticəsində bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərlə qlobal problemlərin müzakirəyə çıxarıldığı dialoq məkanına çevrilib. Bütün dünya indi Azərbaycanı mədəniyyətlərin təmas yeri, tolerantlıq, multikulturalizm ünvanı kimi tanıyır. Yüksək təşəbbüskarlıqla təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər respublikamızı regionun diplomatik mərkəzinə, sülh, ədalət və sivil birgə yaşayış platformasına çevirmişdir.

Qlobal tədbirlər ölkəmizdəki sabitlik və inkişaf mühitini, sosial-iqtisadi yüksəlişi, abadlıq mənzərələrini, mədəni dəyərlərimizi beynəlxalq aləmdə sərgiləyir. Ən əsası dünya Azərbaycanın irəli sürdüyü humanitar təşəbbüslərin, bu cür beynəlxalq tədbirlərdə qarşıya qoyulan qlobal məqsədlərin hər biri üzrə ölkəmizdə mühüm nailiyyətlərin əldə edildiyinə şahid olur. Bu, oktyabrda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusuna, məqsəd və məramına da aiddir. Hazırda Azərbaycanda insanın inkişafı üçün zəruri olan bütün fundamental azadlıqlar qanunla qorunur. Azərbaycan əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Ölkəmizdə azad internet fəaliyyət göstərir.

Böyük maraqların kəsişdiyi bu məkanda çoxmədəniyyətliliyin təmin edilməsi, proqressiv qanunvericiliyin mövcudluğu, Şərq sivilizasiyasına bağlılığın qorunması və Avropa dəyərlərinə sadiqlik müstəqil siyasət yeridən Azərbaycanı regionda getdikcə daha da möhkəmləndirir. Bütün bunlar, eyni zamanda ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, insanların sosiallaşmasına böyük töhfə verir.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video