15 Dekabr 2018 01:48
354
CƏMİYYƏT
A- A+

Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilmişdir


Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının növbəti iclası keçirilmişdir. Cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclasa Azərbaycan Respublikasının Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik etmişdir.

İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilmişdir.

Müzakirələr zamanı qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında vurğulandığı kimi, cari ilin 9 ayında ölkədə iqtisadi inkişafın bütün istiqamətlərində müsbət nəticələr əldə olunmuşdur.

Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanmış, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmişdir. Cari ilin 9 ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 1 faiz artmışdır. Qeyri-neft sənayesində 10,8 faiz, kənd təsərrüfatında 4,3 faiz, informasiya və rabitə xidmətlərində 7,7 faiz, ticarətdə 2,7 faiz ilk artıma nail olunmuşdur. İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10.1 milyard manat investisiya yönəldilmişdir. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20,2 faiz, qeyri-neft sənayesi üzrə isə 24,4 faiz artmışdır. Əhalinin gəlirləri 9,5 faiz artmaqla inflyasiyanı 6,9 faiz üstələmişdir.

2018-ci ilin 9 ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam etmişdir. Cari əməliyyatlar hesabının profisiti 5.1 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 15 faizini təşkil etmişdir. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı, qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərmişdir.

Xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin 9 ayında valyuta bazarında tarazlıq qorunmuş, milli valyutanın məzənnəsi sabit olmuşdur. Ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7,6 faiz və ya 3.2 mlrd. ABŞ dolları artaraq 45 mlrd. ABŞ dollarını ötmüşdür.

2018-ci ilin 9 ayında dövlət büdcəsinin gəlirləri 101,3 faiz, xərcləri isə 98 faiz icra olmuşdur. Dövlət büdcəsinin 423.7 mln. manat məbləğində artığı (profisit) yaranmışdır. Dövlət investisiyalarının artması iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynamışdır.

2018-ci ilin üçüncü rübündə fiskal islahatlarla bağlı bir sıra mühüm qanunvericilik aktları ("Yeni Büdcə Qaydaları”, "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi və "Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”) təsdiq edilmişdir. 2019-cu il üçün dövlət büdcəsinin layihəsi büdcə qaydalarına uyğun tərtib edilmişdir.

Həyata keçirilən effektli makroiqtisadi siyasət şəraitində 2018-ci ilin 9 ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2,6 faiz təşkil etmişdir.

Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla pul siyasəti yumşaldılmış, uçot dərəcəsi mərhələli şəkildə endirilmişdir. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənmiş, 2018-ci ilin 9 ayında manatla geniş pul kütləsi 8,3 faiz artmışdır.

Bank sektoru tərəfindən 9 ayda iqtisadiyyata kredit qoyuluşları 4,6 faiz, fiziki şəxslərin depozitləri 8,4 faiz artmışdır.

Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunmuşdur.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video