15 Dekabr 2018 01:46
521
CƏMİYYƏT
A- A+

Media ilə təhsil əlaqələri möhkəmləndirilir


Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Media və təhsil dialoqu” mövzusunda növbəti təlim-konfrans keçirildi.

Konfransda ADPU-nun humanitar və sosial məsələlər üzrə prorektoru Fikrət Rzayev, tədris işləri üzrə prorektoru Eldar Aslanov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak edirdilər.

Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olunmuş tələbələrlə görüş keçirildi və dərs prosesi izlənildi.

Konfransı açan prorektor Fikrət Rzayev universitet haqqında qısa məlumat verərək bildirdi ki, hazırda ADPU-nun 17 min 500-ə yaxın tələbə, 2 min 500-ə yaxın isə işçi heyəti var. Son illər 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçənlərin sayının artdığını vurğulayan Fikrət Rzayev bildirdi ki, elə bu il 566 nəfər 500 baldan yuxarı nəticə göstərərək ADPU-nu seçib. Fikrət Rzayev çıxışının sonunda belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini də vurğuladı.

Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov isə ADPU-da həyata keçirilən yeniliklər barədə məlumat verərək burada qəbul planının bu il 98,7 faizə çatdırıldığını əlavə etdi.

Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov isə "Media və təhsil dialoqu” mövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırdı. O bildirdi ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.

Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin Sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin "Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun "Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun "Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları oldu.

Tədbir təqdimatlar ətrafında müzakirələrlə davam etdirildi. Yeni məzmun, forma və tərtibatda çap olunan "Azərbaycan məktəbi” jurnalı da konfrans iştirakçılarına təqdim edildi. Bildirildi ki, 1924-cü ildən nəşr olunan jurnal beynəlxalq standartlara cavab verən elmi məqalələrin dərcinə nail olmağı qarşısına məqsəd qoyub.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video