15 Dekabr 2018 01:42
1108
Mədəniyyət
A- A+

Görkəmli torpaqşünas alim


Zəngin və rəngarəng biomüxtəlifliyi ilə seçilən ölkəmizin füsunkar təbiəti uca Yaradanın xalqımıza bəxş etdiyi ən böyük ərməğanıdır. Elm tariximizə nəzər yetirsək, respublikamızın gözəlliklərini, təbiətin biz insanlara verdiyi faydanı zamanında dərk edən, gələcək nəsillərə ətraf mühitə sevgi hissləri aşılayan elm adamlarının çox olmadığını görərik. Onların sırasında görkəmli alim, təbiətşünaslıq elmimizin iftixarı, akademik Həsən Əlirza oğlu Əliyevin xüsusi yeri var. O, Azərbaycan xalqının çox hörmətlə yanaşdığı, dərin rəğbət bəslədiyi elm xadimi, sadə, zəhmətsevər, yüksək və həssas duyuma malik ziyalı idi.


Yaradıcılığı Böyük Qafqazla bağlı idi


Ötən əsrin 30-cu illərində, respublikamızın iqtisadiyyatının özüllərinin qoyulduğu bir vaxtda kənd təsərrüfatının yenidən qurulması təbii sərvətlərin, o cümlədən torpaq ehtiyatlarının uçota alınmasını və onların potensial imkanlarının öyrənilməsini tələb edirdi. Torpaqla bağlı nəzəri və təsərrüfat məsələlərinin həlli isə böyük diqqət, gərgin əmək, ağır məsuliyyət demək idi. Akademik Həsən Əliyevin torpaqşünas alim kimi fəaliyyətə başlaması məhz bu illərə təsadüf edir.

Qeyd olunan dövrdə, dağətəyi rayonlarda, xüsusən də Böyük Qafqazın ətəklərində meyvə bağlarının salınması məqsədilə əlverişli torpaq sahələrinin ayrılması aktuallıq kəsb etdiyi üçün Həsən Əliyev Pirsaatçay, Ağsuçay və Girdimançay hövzələrində böyükmiqyaslı torpaq tədqiqat işlərini həyata keçirirdi. Bir müddət sonra, 1940-cı ildə bu tədqiqat işləri "Pirsaatçay hövzəsinin orta və aşağı axarlarının torpaq şəraitinin və ondan istifadəyə dair”, "Ağsuçay və Girdimançay dərələrinin torpaqları meyvə bağlarının genişləndirilməsi fondu kimi” və "Böyük Qafqazın cənub-şərq yamacı çaylarının (Pirsaatçay, Ağsuçay və Girdimançay) aşağı hissələrinin torpaqları” və digər əsərlərində öz əksini tapır. Bu tədqiqatlar sonralar onun elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil etdi. Belə ki, akademikin elmi yaradıcılığı daha çox respublikanın Böyük Qafqaz zonası ilə bağlıdır. Təsadüfi deyil ki, 1944-cü ildə müdafiə etdiyi namizədlik dissertasiya işinin mövzusu "Böyük Qafqazın cənub-şərq yamacında çayların aşağı axarının torpaqları” olub. Bundan başqa, alim Böyük Qafqaz torpaqlarının genetik-coğrafi cəhətdən tədqiqinə dair bir sıra qiymətli əsərlərin müəllifidir. "Azərbaycanda qəhvəyi meşə torpaqlarının yayılması”, "Azərbaycanda qara torpaqların yayılması məsələsinə dair”, "Yüksək dağlıq zonada torflu torpaqların bəzi xüsusiyyətləri”, "Böyük Qafqazın şərq hissəsinin qəhvəyi meşə torpaqları” və ikicildlik "Böyük Qafqazın torpaqları” (Azərbaycan Respublikası daxilində) kimi elmi əsərləri buna parlaq misaldır.

1953-cü ildə rus dilində işıq üzü görmüş "Azərbaycan SSR-nin torpaqları” monoqrafiyasının əsas müəlliflərindən və məsul redaktorlarından biri də Həsən Əliyev olmuşdur. Kitabda digər komponentlər nəzərə alınmaqla respublikada torpaqəmələgəlmə şəraiti dərindən təhlil edilmiş, ilk dəfə bütün toksonomik torpaq vahidlərinin hərtərəfli elmi təhlili verilmişdir. Bir qədər sonra çap etdirdiyi "Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə bozqır torpaqları” adlı monoqrafiyasında torpaqəmələgəlmə şəraitini, bu torpaq ehtiyatlarının dayanıqlı, davamlı və səmərəli istifadə olunmasının elmi əsaslarını səciyyələndirmişdir. Qeyd edək ki, Həsən Əliyevin elmi tədqiqatlarının nəticələri 1957-ci ildə bir neçə torpaqşünas alimlə birgə xidməti istifadə üçün hazırladığı "Azərbaycan SSR-nin torpaq xəritəsi”ndə öz əksini tapmışdır.

Həsən Əliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AEA Botanika İnstitutunun direktoru, AEA Coğrafiya İnstitutunun direktoru, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri, AEA Təbiəti Mühafizə üzrə Komissiyanın sədri, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, Azərbaycan Təbiəti Mühafizə komissiyasının sədri vəzifələrində çalışdığı illərdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, böyük elmi potensialından da səmərəli istifadə etmiş, tədqiqatlarını uğurla həyata keçirmişdir. Torpaqşünaslıq elminin elmi-nəzəri və praktiki problemlərini incəliklərinə kimi bilən alim, torpaq coğrafiyasını torpaqşünaslığın ən mühüm sahəsi kimi qiymətləndirir və "Ayrı-ayrı relyef elementlərinə görə torpaq örtüyünün səciyyəsi” məqaləsində əslində bu elmi istiqamətin ölkəmizdə əsasını qoyur.


Torpaq vətəndir


Alim hələ Azərbaycan EA-nın akademik-katibi vəzifəsində işləyərkən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun şöbə müdiri kimi respublika torpaq fondunun pasportlaşdırılmasına rəhbərlik etmişdir. Elə həmin illərdə elmi fəaliyyətinin əsas istiqamətini meşə torpaqlarının öyrənilməsinə yönəltmiş və bu sahədə ilk olaraq meşə torpaqları laboratoriyası yaratmışdır.

Akademik Həsən Əliyevin rəhbərliyi altında meşə torpaqşünaslığı üzrə respublikada geniş tədqiqatlar aparılırdı. Torpaqların zonal yayılma qanunauyğunluqları, nomenklaturası və sistematikası müəyyən edilirdi. Subtropik və xüsusən üzümçülük məqsədilə ehtiyat torpaq fondu müəyyən edilirdi. Dövlət sahəqoruyucu meşə zolaqlarının salınması layihəsinin hazırlanması məqsədilə Gəncə, Ceyrançöl zolağı və Qazan göl massivi boyu torpaq tədqiqatı aparılırdı. Meşəsalmaya yararlı torpaqların meşə və meşə-kol bitkilərinin inkişafı üçün yararlı ekoloji şəraiti nəzərə alınmaqla xəritəçilik materialları tərtib olunurdu. Dövlət sahəqoruyucu meşə zolaqlarının salınması və bu məqsədlə yamaclarda terrasların salınması dövlət əhəmiyyətli işə çevrilirdi. Həsən Əliyev 1968-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutuna direktor təyin edildikdən sonra XX əsrin ortalarında Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaratdığı Meşə torpaqları laboratoriyası böyük bir şöbə kimi formalaşmışdır. O, Coğrafiya İnstitutuna rəhbərlik etdiyi dövrdə torpaq-ekoloji tədqiqatlarına geniş yer ayırmış, respublikamızda 50 min hektardan artıq şabalıdı və boz-qəhvəyi torpaqlarda üzüm plantasiyalarının salınmasını təklif etmiş və bunun həyata keçirilməsinə nail olmuşdur. Akademik Həsən Əliyev ömrünün son illərində də bu institutdan ayrılmamış, təbiəti mühafizə və meşə torpaqlarının coğrafiyası şöbələrinə rəhbərlik etmişdir.

Görkəmli alimin sağlığında bir sıra kitabları xarici dillərə də tərcümə edilmişdir. Təbiətin mühafizəsinin müxtəlif problemlərinə həsr etdiyi çoxsaylı əsərləri ABŞ, Fransa, Yaponiya, Belçika, Almaniya, Vyetnam və əksər Şərqi Avropa ölkələrində nəşr olunmuşdur. Məşhur "Qəhvəyi meşə torpaqları” kitabı 1969-cu ildə Yerusəlim Universiteti tərəfindən ingilis dilində çapdan çıxmışdır. Akademikin biogeosenologiya, biocoğrafiya, torpaqşünaslıq sahələrində apardığı elmi araşdırmalar ömrünün ən dəyərli anları kimi diqqəti cəlb edir. Bu illərdə o, tələbələri ilə birlikdə yorulmaq bilmədən Böyük Qafqazın meşə biosenozunda maddələr mübadiləsi və onun ritmik sərfi üzərində sistematik müşahidələr aparmışdır. 1960-cı ildə Brüsseldə "Azərbaycan SSR-in dağlıq rayonlarında torpaq eroziyasının inkişafı və bu prosesin qarşısının alınması cəhdi” adlı monoqrafiyası çap olunmuşdur.

Respublika torpaqlarının mühafizəsi Vətənə bağlı bir insan kimi akademikin həmişə diqqət mərkəzində olmuşdur. O qeyd etmişdir: "Təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq bizim "çörək ağacımız” olmaqla yanaşı, həm də yaşayışımızın ibtidaisini təşkil edir. Məhz buna görə də torpaq bizim üçün əzizdir, doğma və müqəddəsdir..., torpaq vətən deməkdir”.

Həsən Əliyev torpağın üst münbit qatının eroziyaya uğrayaraq dağıldığına, müxtəlif maddələrlə çirkləndirildiyinə, məhsuldar torpaqların üzərində tikinti inşaat işlərinin aparılmasına görə təəssüfləndiyini bildirərək torpağı ona ciddi ziyan vuran antropogen amillərin mənfi təsirindən qorumağa, bütün cəmiyyəti torpağın qayğısına qalmağa çağırırdı. O 1970-ci ildən ömrünün sonuna qədər əsas diqqətini respublikanın torpaq fondunun qorunması, torpaq eroziyası, çirklənməsi və rekultivasiyası məsələlərinə yönəltmişdir.


Meşə var-dövlət, bolluq deməkdir


Akademik Həsən Əliyev digər təbii sərvətlər arasında meşə sərvətini həmişə ön plana çəkmiş, respublikamızda meşələrin mühafizəsi və bərpası məsələləri daima onun diqqət mərkəzində olmuşdur. Onun bu sahədə böyük xidmətləri hamıya məlumdur. Həsən Əliyev yazırdı ki, "meşə su, var-dövlət, bolluq deməkdir, meşə olmayan yerdə nə torpaq, nə su, nə məhsul ola bilməz”. Ona görə də o, respublikamızın meşələrində geniş elmi-tədqiqat işlərinin aparılmasını, meşələrin qorunması və bərpası üzrə elmə əsaslanan tədbirlərin hazırlanmasını tövsiyə edirdi.

Həsən Əliyev ətraf mühitin mühafizəsində, insan sağlamlığında və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksək olmasında meşə örtüyünün mühüm rol oynadığını göstərərək "Həyəcan təbili” kitabında yazırdı: "Meşələr böyük sərvətdir, əvəzsiz xəzinədir...”; "...Respublikamızın ərazisində olan meşələr sözün əsl mənasında "gübrə zavodudur”. Tarlaların münbitliyi bu meşələrdən çox asılıdır. Meşələr torpağın yuyulmasının qarşısını alır, çayların mənbəyini su ilə təmin edir, qar sularını torpağa hopdurur, iqlimi tənzim edir, havanı təmizləyir”. Həsən Əliyev Azərbaycanda meşə sahələrinin getdikcə azalmasını "Həyəcan təbili” əsərində təəssüf hissi ilə qeyd edirdi. Respublikamızın ayrı-ayrı bölgələrində meşələrin vəziyyəti ilə tanış olaraq ağacların özbaşına kəsilməsi və meşədə mal-qara otarılması nəticəsində meşə örtüyünün pozulması və yavaş-yavaş sıradan çıxması həmişə akademiki narahat etmişdir. "Həyəcan təbili” kitabında Lənkəran meşələrini təsvir edərək yazırdı: "... bu diyarı təbii botanika və ya dendroloji parka bənzətmək olar... Lakin... Gözümüzün qabağında belə canlı muzey-Hirkan meşəsi məhv olub getməkdədir”.

Həsən müəllim respubikamızda meşə sahəsinin azalması ilə heç cür barışmır və Almaniyada olarkən bir meşəçinin meşə haqqında dediyi aşağıdakı sözləri xatırlayırdı: "Meyvəni başqa ölkələrdən almaq olar, lakin meşəni heç yerdən gətirmək olmaz”. Göründüyü kimi, akademik Həsən Əliyev respublikamızda təbiətin mühafizəsi problemi ilə ciddi məşğul olan əvəzedilməz bir ziyalı, vətəndaş alim olmuşdur. Bu ciddi problemlərlə dərindən məşğul olan və ilk dəfə respublikamızda həmin problemlərin həll edilməsinin vacibliyi ilə bağlı həyəcan təbili çalan da Həsən Əliyev olmuşdur. Bu təbilin əks-sədası bu gün də qulaqlarımızda cingildəyir, bizi ana təbiətlə ehtiyatlı davranmağa səsləyir.


Təbiəti Mühafizə Cəmiyyəti


Akademik Həsən Əliyevin elmi-təşkilati fəaliyyəti nəticəsində 1959-cu ildə Azərbaycan EA-da təbiəti mühafizə üzrə komissiya yaradılmış və o bu komissiyaya sədr seçilmişdir. 1963-cü ildə isə alimin təşəbbüsü ilə respublika Təbiəti Mühafizə Cəmiyyəti yaradılmışdır. 20 ildən artıq rəhbərlik etdiyi bu cəmiyyət Azərbaycan təbiətinin qorunması və təbliği sahəsində çox böyük işlər görmüş, bitki örtüyünün, meşələrin mühafizəsi və bərpası, həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük tədbirlər həyata keçirmişdir.

1957-ci ildə Həsən Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Zaqafqaziya təbiəti mühafizə müşavirəsində ilk dəfə dövlət təbiəti mühafizə xidmətinin yeni təşkilati formaları, təbiəti mühafizə üzrə komissiyanın fəaliyyəti təhlil edilmiş və əməli təkliflər irəli sürülmüşdür. Bir vaxtlar respublikada fəaliyyət göstərmiş Ətraf Mühitə Nəzarət və Təbiəti Mühafizə Komitəsi, Təbiəti Mühafizə Cəmiyyəti bilavasitə böyük alimin şəxsi təşəbbüsü ilə yaradılmışdır.

Həsən Əliyevin redaktorluğu ilə çap edilən "Azərbaycan təbiəti” adlı elmi-kütləvi jurnal təbiətimizin mühafizəsinin təbliğində mühüm rol oynamışdır. Bu jurnalda təbiət humanizm, mənəvi paklıq, vətənpərvərlik hisslərinin daşıyıcısı kimi öz qiymətini tapmışdır. Jurnalın birinci nömrəsi Həsən Əliyevin "İlk addım” məqaləsi ilə açılır. Azərbaycanda Təbiəti Mühafizə Cəmiyyətinin yaradılması, bir çox qoruqların təşkil edilməsi məhz görkəmli elm xadiminin adı ilə bağlıdır. O yazırdı: "Qoruq” sözü varsa, deməli, təbiətimiz qorunur. Qorunursa, daha da gözəlləşəcək və zənginləşəcək”. Akademikin təşəbbüsü ilə Kürboyu tuqay meşələrinin və onun canlı aləminin qorunub saxlanılması üçün "Qarayazı”, "Ağgöl”ün bataqlıq-su ekosistemlərinin və heyvanlarının mühafizəsi üçün "Ağgöl”, respublikamızın yeganə Şərq çinarı ağaclığının qorunması məqsədilə "Bəsitçay”, arid saqqız-ardıc meşə ərazisinin, onun heyvanlarının mühafizəsi üçün "Türyançay”, Böyük Qafqazın cənub yamacının şərq hissəsində meşə landşaft kompleksini qorumaq üçün "İsmayıllı”, astroiqlimə mənfi təsir göstərən havanın tozlanmasının və çirklənməsinin qarşısını almaq və meşənin şərq hüdudunda meşə landşaftlarının saxlanılması üçün "Pirqulu”, Kiçik Qafqazda "Göygöl”, Qarabağ vulkanik yaylasının cənub hissəsində "Qaragöl” və nəsli kəsilmək təhlükəsi olan ceyranların mühafizəsi, artırılması üçün "Şirvan” dövlət qoruqları yaradılmışdır.

Həsən Əliyev respublikanı qarış-qarış gəzib onun gözəlliklərini lentə köçürər və bu lentləri Bakıdan başlamış dünyanın əksər ölkələrində keçirilən elmi məclislərdə söylədiyi məruzələrində nümayiş etdirərdi. Eyni zamanda dünyanın başqa ölkələrində səfərdə olarkən lentə aldığı gözəl təbiət süjetlərini də əyani şəkildə ali məktəb tələbələri və orta məktəb şagirdləri qarşısında çıxış edərkən göstərərdi.

Həsən Əliyevin ən başlıca keyfiyyətlərindən biri onun intuitiv olaraq gələcəyi duyması və elmi araşdırmaları, gənc alimlərin istedad və bacarığını həmin yönə istiqamətləndirməsi idi. Özü də iş təkcə bununla bitmirdi, həmin istiqamətdə çalışan tələbələri Həsən müəllim elmdə və ictimaiyyət arasında olan böyük nüfuzundan istifadə edərək bütün məsələlərdə himayə edirdi. Məhz onun təşəbbüsü ilə Azərbaycanda torpaq kadastrı, torpaqların qiymətləndirilməsi, torpaqların ekoloji qiymətləndirilməsi məsələləri kimi o zaman olduqca yeni olan, hətta bəzi alimlərə abstrakt görünən bu elmi sahələrin Azərbaycanda təməli qoyuldu və inkişaf etdirildi. Təsadüfi deyil ki, hazırda bu sahələrsiz torpaqşünaslıq elmini təsəvvür etmək qeyri-mümkündür. Əgər həmin vaxt Həsən Əliyevin təşəbbüsü və təkidi ilə torpaqşünaslıq elminin bu sahələri Azərbaycanda inkişaf etdirilməsə idi, müstəqillik dövründə aparılan torpaq islahatlarında torpaqların iqtisadi qiymətləndirilməsi, onun bonitirovkası və torpaq kadastrı ilə bağlı məsələləri həll etmək üçün uzun illər vaxt lazım olacaqdı. Nəticə etibarı ilə bu gün aqrar sahədə əldə etdiyimiz uğurlara gec nail olacaqdıq.


Gənclərə qayğı


Həsən müəllim Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyası yaratdıqdan sonra məni bura istiqamətləndirdi. Həmin müdrik məsləhət mənim gələcək elmi araşdırmalarımın istiqamətini və taleyini həll etdi. Beləliklə, mən Torpaqşünaslıq və Aqrokimya İnstitutunda işləməyə başladım. Sonradan isə zaman özü göstərdi ki, Həsən Əliyev nə qədər böyük uzaqgörənliklə aqroekologiya və bonitirovka elminin gələcəyini və onun Azərbaycan üçün vacibliyini müəyyənləşdirə bilmişdi.

Həsən Əliyevin bu uzaqgörənliyi, eyni zamanda həmin sahələrin inkişafını və bu sahədə çalışan gənc alimləri himayə etməklə tamamlanmırdı. 1974-cü il idi, Moskvada Dünya Torpaqşünas alimlərinin beynəlxalq konfransı keçirilirdi. Konfransda iştirak etmək üçün Fransa, Yaponiya, Macarıstan, Kanada, Hollandiya kimi ölkələrdən, o cümlədən sovet respublikalarının hər birindən nüfuzlu alimlər gəlmişdi. Şaquli zonalılığı müşahidə etmək üçün Azərbaycana bir neçə marşrut təyin edilmişdi. Bu qrupun rəhbəri isə akademik Həsən Əliyev idi. O zamana qədər kitablardan, dərsliklərdən tanıdığımız alimlərlə əyani surətdə tanış olmaq, onlarla söhbət etmək, elmi tövsiyələrini dinləmək fürsəti yaranmışdı. Mən bundan faydalanmaq üçün nümayəndə heyəti ilə birlikdə zonalara çıxmaq məqsədi ilə institutun o zamankı rəhbərliyindən icazə istədim. Mənim bu təşəbbüsüm çox kəskin rədd cavabı ilə qarşılandı. Mən isə mütləq görkəmli alimlərlə birlikdə olmaq, onların elmi polemikalarını dinləmək, söhbətlərini eşitmək istəyirdim. Bu istək məni Həsən Əliyevin yanına getməyə vadar etdi. Arzumu və rəhbərliyin mənə verdiyi cavabı ona dedim. O isə mənim istəyimi alqışladı. Gənc alimlərin məhz bu ruhda olmasına sevindiyini bildirdi və dedi ki, sabah Torpaqşünaslıq və Aqrokimya İnstitutunun qabağında üç avtobus olacaq. Oraya gəl və birinci avtobusun qabağında məni gözlə. Ertəsi gün Həsən Əliyev gəldi və məni yola çıxmağa hazır olan avtobusa mindirərək dedi ki, ön cərgədəki birinci yer mənimdir, orada, mənim yerimdə əyləş. Özü isə xidməti avtomobili ilə Zaqatalaya yola düşdü. Həmin alimlərlə Zaqatalada olan görüşlər bu günə qədər də mənim yadımdan çıxmayıb. Ancaq ən unudulmaz hadisə Həsən Əliyevin mənə, mənim timsalımda elmlə məşğul olmaq istəyən gənclərə göstərdiyi qayğı və himayəsi idi.

1980-ci ildə çox böyük zəhmət hesabına ilk dəfə olaraq relyef plastikası nəzərə alınmaqla Azərbaycanın torpaq xəritəsini hazırlamışdım. Ancaq bu xəritənin çap edilməsinə heç cür nail ola bilmirdim. İşlədiyim doğma Torpaqşünaslıq və Aqrokimya İnstitutunda belə bu işə olduqca qısqanc yanaşılır, xəritəni tematik plana salmırdılar. Mən yenə də elmimizin hamisi, yeniliyin müdafiəçisi Həsən Əliyevə üz tutmalı oldum. O məni qəbul edib, xəritəyə baxdı, əlavələr və düzəlişlər etdi. Öz xəritəsində olan bəzi vacib hissələri xəritəmdə nəzərə almağımı zəruri bildi. Yeni xəritənin çox əhəmiyyətli bir iş olmasını bildirdi və tematik plana saldırmağımı tövsiyə etdi. Ancaq yenə xəritənin çap edilməsinə icazə verilmədi. Mən növbəti dəfə Həsən müəllimin yanına gələrək xəritənin çap edilmədiyini bildirdim. Belə olduqda Həsən müəllim müavini, akademik Budaq Budaqova tapşırdı ki, həmin xəritəni çap edilməsi üçün tematik plana salsın. Nəhayət xəritə çap olundu.

Həsən Əliyev bugünkü anlamda həm də böyük demokrat idi. O mənada ki, rasional fikri və elmi yenilikləri dərhal qəbul edirdi. Adətən elmdə olan qısqanclıq ona tamamilə yad idi. Aydındır ki, Həsən müəllimin araşdırmalarının böyük bir qismi də meşə və meşəaltı torpaqların tədqiqatı ilə bağlı idi. Həmin mövzuda mən də müəyyən araşdırmalar aparmaq niyyətinə düşdüm və bir sıra tədqiqatlardan sonra "Azərbaycanın meşə kadastrında meşə torpaqlarının bonitirovkası” mövzusunda məruzə hazırladım. Məruzəni dərc etdirmək məqamı çatanda hamı bir nəfər kimi mənə bildirdi ki, bu sahə Həsən Əliyevin sahəsidir, ona görə də bu mövzunu işləməyin onun xoşuna gəlməyəcək. Həsən müəllim nəinki mənim işimi bəyəndi, hətta çox lazımlı məsləhətlər və səmərəli, elmi tutumlu tövsiyələr də verdi. Məqalənin çap olunmasına isə şəxsən təqdimat yazdı. Məqalə dərc edildi. Həmin təqdimat bu gün də Azərbaycan Milli Elmlər Akademiyasının "Məruzələr” jurnalının arxivindədir.

* * *

Xatirələr Həsən Əliyevin böyüklüyünün, ziyalılığının, alimliyinin, insanlığının, müdrikliyinin yalnız kiçik bir hissəsidir. Həm də hamıya örnək ola biləcək qədər əhəmiyyətlidir. Həsən müəllimin əziz xatirəsini yad edir, böyük ehtiramımızı bildiririk.

Qərib MƏMMƏDOV,

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video