14 Dekabr 2018 01:38
1076
Mədəniyyət
A- A+

Mədəni dəyərlərə sadiqlik örnəyi


Tarixən hər bir xalqın milli-mənəvi irsini, əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşının kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur.

Bu nəcib insanlar həmişə saf və ali məqsədlər uğrunda mübarizələrin önündə dayanmış, əlverişli siyasi məqamlardan məharətlə, ustalıqla bəhrələnmiş, xalqın düşüncə sistemini, mental xüsusiyyətlərini istənilən ictimai-iqtisadi formasiyada hifz edərək möhkəm mənəvi təməl üzərində qurub gələcəyə doğru inamla addımlamışlar.

Ümummilli lider Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ilk növbədə xalqın zəngin milli-mənəvi irsini, tarixini, maddi mədəniyyətini, dilini, bir sözlə, özünəməxsusluğunu şərtləndirən dəyərləri qorumağa çalışmışdır. Ulu öndərin rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, qürur hislərinin oyanışı məqamına, mədəniyyət abidələrinin tərbiyəvi roluna hesablanmışdır.

* * *

Bakının qoynunda, möhtəşəm qala divarları əhatəsində yerləşən, açıq səma altında bir muzey kimi fəaliyyət göstərən İçərişəhər qədim və orta əsrlər dövrünə aid zəngin maddi mədəniyyət abidələrini əsrlərdən bəri qoruyub saxlayır. Onun ərazisinin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Saray Kompleksi, məscidlər, karvansaralar, hamamlar və digər memarlıq abidələri öz orijinallığı və təkrarolunmaz gözəlliyi ilə bəşər mədəniyyəti inciləri sırasında xüsusi yer tutur.

Bu gün İçərişəhər ictimaiyyətin diqqətini daha çox cəlb edir. Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərimizin, tarixi abidələrimizin qorunmasına qayğı daha da artırılmışdır. İçərişəhərin mühafizəsi, bərpası ilə bağlı daha ciddi tədbirlər həyata keçirilməyə başlanmışdır. Lakin bəlkə də bir çoxları bilmir ki, bu diqqətin tarixçəsi ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Hələ o zaman ulu öndər Heydər Əliyev mədəni irsin qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi. Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, mənəvi dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu yüksək qiymətləndirir və vacib amil hesab edirdi.

Ötən əsrin 60-cı illərinin sonunda Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ictimai-siyasi, ədəbi-mədəni həyatda qeyri-adi canlanma yaratdı. Məhz onun göstərişi və təşəbbüsü ilə 1977-ci ildə İçərişəhər ilk dəfə Azərbaycanın tarix-memarlıq qoruğu elan olundu.

1970-1980-ci illərdə respublikada bu istiqamətdə böyük, sistemli işlər aparılmağa başlandı. Tarixi abidələrdə məqsədli surətdə diyarşünaslıq muzeyləri, rəssamlıq sərgiləri, kitabxanalar yerləşdirilirdi. Məhz o dövrdə İçərişəhər, Ordubadın, Şuşanın tarixi hissələri tarix-memarlıq qoruqları elan olundu, İsmayıllının Lahıc kəndi, Qəbələnin qədim şəhər yeri tarix-mədəniyyət qoruqlarına çevrildi. Əsas istiqamət olaraq tarixi qoruqların maddi bazasının möhkəmləndirilməsi və bərpa işlərinin genişləndirilməsi seçilmişdi.

Bunlardan biri 1981-ci ildə "İçərişəhər Tarix-Memarlıq Qoruğunun bərpası və regenerasiyası işlərinin sürətləndirilməsi tədbirləri haqqında” qərar layihəsi idi. Layihənin meydana gəlməsinin əsas səbəblərindən biri də burada yerləşən memarlıq abidələrinin bərpası, layihələndirilməsi işlərinin aidiyyəti təşkilatlar tərəfindən ləng aparılması, arxeoloji tədqiqatların kifayət qədər təşkil olunmaması, bərpa və regenerasiya işlərinin lazımi səviyyədə və miqyasda həyata keçirilməməsi idi.

Sənəddə Bakı Şəhər İcraiyyə Komitəsi yanında İçərişəhərin layihələndirilməsi, bərpası və regenerasiyası işlərinin aparılması üçün elmi-layihə təşkilatının yaradılması nəzərdə tutulurdu. Bərpa işlərinin İçərişəhər ərazisində aparılması üçün İxtisaslaşdırılmış Təmir-Bərpa Trestinin yaradılması da sənəddə xüsusi qeyd olunmuşdu. Burada İçərişəhərin bərpası və abadlaşdırılması üzrə Müdiriyyətin Bakı Şəhər İcraiyyə Komitəsi yanında İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və istifadəsinə nəzarət edən Baş İdarə ilə əvəz edilməsi qərara alınmışdı. Hətta idarənin əsasnaməsi, qarşısında qoyulan vəzifələr, ştat cədvəli də işlənib hazırlanmışdı.

İdarənin qarşısında İçərişəhəri Azərbaycanın orta əsr şəhərsalma nümunəsi kimi onun memarlıq quruluşunun xüsusiyyətləri, təbii landşaftı ilə qoruyub saxlamaq, habelə burada xüsusi rejimdə bərpa və regenerasiya işlərinin aparılmasını təşkil etmək vəzifəsi qoyulurdu. Həmin işlərin yerinə yetirilməsi dörd əsas şöbə - inzibati-rəhbərlik personalı, abidələrin və tarixi tikililərin mühafizəsi üzrə inspeksiya, qeydiyyat, tədqiqat və araşdırma şöbəsi və istehsalat-texniki şöbə ilə texniki nəzarət üzrə inspeksiyası tərəfindən aparılırdı.

Elmi-layihə təşkilatına 85 ştat vahidi ayrılmışdı. Burada əsas ştatlar tarixçilər və memarlar üçün nəzərdə tutulurdu. Təmir-Bərpa Trestində isə 49 ştat vahidi mövcud idi.

Bunun ardınca mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə 15 sentyabr 1981-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeoloji abidələrin mühafizəsi, bərpası və istifadəsi tədbirlərinin yaxşılaşdırılması haqqında” qərar imzalandı.

Qərarda mədəni irsin qorunması, bərpası işində görülən tədbirlərlə yanaşı, yol verilən nöqsanlar da xüsusi qeyd olunmuşdu və onların aradan qaldırılması yolları da müəyyənləşdirilmişdi. Qeyd olunurdu ki, abidələrin bərpasına qoyulan vəsait 1976-1980-ci illərdə, yəni 4 il ərzində üç dəfə artmış və 2 milyon manat təşkil etmişdi. Eyni zamanda İçərişəhərin regenerasiya planı hələ də hazırlanmamışdı. 44 mühüm memarlıq abidəsindən yalnız dördü bərpa olunmuşdu. Azərbaycan EA-nın Tarix İnstitutunun arxeoloji ekspedisiyasının ərazidə apardığı tədqiqatlar epizodik xarakter daşımış, qazıntı əraziləri bir müddətdən sonra yenidən örtülmüş, bir çox hallarda aşkar olunmuş maddi-mədəniyyət nümunələri fiksasiya olunmuş, itib-batmışdır. Bakı Şəhər İcraiyyə Komitəsi nəzdində yaradılan İçərişəhərin bərpa və abadlıq işləri üzrə müdiriyyətin fəaliyyəti qənaətbəxş deyildi, ştat vahidi az və tam komplektləşdirilməmişdi.

Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Dövlət Tikinti Komitəsi, nazirliklər və baş idarələr mövcud olan qanunların tələblərini yerinə yetirmək üçün kifayət qədər tədbirlər görmür, abidələrin mühafizəsinə, bərpasına və onlardan istifadə edilməsinə az fikir verirdi.

Ulu öndər Heydər Əliyevin birbaşa göstərişi ilə bütün partiya təşkilatlarına, icraiyyə komitələrinə bir vəzifə olaraq tapşırılmışdı ki, tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası məsələlərinə diqqəti gücləndirsinlər, ictimaiyyəti, müəssisə, idarə, sovxoz, kolxoz və məktəblərin kollektivlərini bu işə daha geniş cəlb etsinlər. Tikinti, torpaq və kənd təsərrüfatı işləri görülərkən tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqındakı qanunlara müəssisə, təşkilat və idarələr tərəfindən əməl olunsun. Nazirlər Soveti yanında Şəhərsalma, Memarlıq və Arxeoloji abidələrin mühafizəsi, bərpası və onlardan istifadə üzrə Baş İdarə yaratmaq və şəhərsalma, memarlıq və arxeoloji abidələrin aşkara çıxarılmasını, mühafizəsini, sistemləşdirilməsini, bərpasını və onlardan istifadə olunmasını həmin idarəyə tapşırmaq qərara alınmışdı. Mədəniyyət Nazirliyinin Tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə Baş inspeksiyası Tarix və incəsənət abidələrinin mühafizəsi və onlardan istifadə üzrə Baş İnspeksiya adlandırıldı. Mədəniyyət Nazirliyində Tarix və incəsənət abidələrinin bərpası üzrə elmi-bərpa emalatxanası yaradıldı.

Ümummilli lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması bu tədbirlərin həyata keçirilməsini bir qədər ləngitdi.

Bu istiqamətdə aparılan işlər kifayət qədər qənaətbəxş olmadığı üçün Azərbaycan KP Mərkəzi Komitəsi və Nazirlər Soveti 23 mart 1984-cü ildə yenidən bu məsələyə diqqəti yönəltdi və "Bakı şəhərində yerləşən "İçərişəhər” kompleksinin qorunması, bərpası və istifadəsi tədbirlərinin yaxşılaşdırılması” haqqında yeni qərar qəbul edildi. Qərarda Bakı Şəhər İcraiyyə Komitəsindən, Mədəniyyət Nazirliyindən, Elmlər Akademiyasından tələb olunurdu ki, İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi, bərpası və regenerasiyası işlərinin təşkili və texniki səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi tədbirlər görülsün.

Qərarda İçərişəhərdə mərkəzləşdirilmiş mühəndis kommunikasiya sisteminin yaradılması; əhalinin bir qisminin köçürülməsi; ərazidə maşınların gedişinin məhdudlaşdırılması; mədəni-iaşə obyektlərinin, yaradıcılıq birliklərinin, suvenir istehsal edən kiçik emalatxanaların; görkəmli rəssam, heykəltəraşların yaradıcılıq emalatxanalarının yerləşdirilməsi məqsədəuyğun hesab olunurdu.

Bakı Şəhər İcraiyyə Komitəsinə Azərbaycan SSR EA-nın Memarlıq və İncəsənət İnstitutu ilə birgə İçərişəhərin bərpası, regenerasiyası, rekonstruksiyasının Baş Planının işlənməsi və 1984-cü ilin sonuna kimi Nazirlər Kabinetinə təqdim edilməsi tövsiyə olundu. Memarlıq abidələrinin bərpası işinin yaradılacaq "Bərpaçı” Elm-İstehsalat Birliyinə tapşırılması nəzərdə tutulurdu.

Beləliklə, 1970-1980-ci illərdə İçərişəhər Tarix-Memarlıq Qoruğu ilə bağlı qəbul olunmuş qərarlar ümummilli liderin bu istiqamətdə apardığı işlərin yüksək dövlət səviyyəsində təşkilinin bariz nümunəsi idi. Azərbaycan mədəniyyətinin hərtərəfli inkişafında və onun zəngin mədəni irsinin İçərişəhərin timsalında dünya ictimaiyyətinə çatdırılmasında ümummilli liderin böyük rolu danılmazdır. Bu fəaliyyət mədəni irsə münasibətdə dövlət strategiyasının formalaşması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

1988-ci ildən ölkə həyatında baş verən siyasi hadisələr bu tarix-memarlıq abidəsini, bir növ, unutdurmuşdu.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışı 1970-1980-ci illərdə təməli qoyulmuş bir çox işlərin, o cümlədən mədəni irsin qorunması, tədqiqi və təbliği işinin canlanmasına səbəb oldu.

O dövrün sənədlərində İçərişəhərə xüsusi yer ayrılırdı. Əsas məqsəd əsrlərlə formalaşan tarixi məkanın bir qədim şəhərsalma nümunəsi olaraq qorunub saxlanması və olduğu kimi gələcək nəsillərə çatdırılması idi. Bununla belə, müasir yaşayış məskəni kimi qalması məqsədilə burada yaşayan insanlar üçün şərait yaradılmasına xüsusi diqqət yetirilirdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə mədəniyyət abidələrinin mühafizəsi və bərpası üçün hüquqi normativ aktlar bazası yaradıldı. "Mədəniyyət haqqında” (16 aprel 1998), "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” (13 iyun 1998) qanunlar qəbul edildi.

Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış "Mədəni irsin qorunmasına yardım haqqında” sazişə əsasən Bakıda Şirvanşahlar Saray Kompleksində, Naxçıvanda Möminə Xatun və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və konservasiya işləri aparılmışdır. 2000-ci ildə İçərişəhərin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması bu istiqamətdə aparılan gərgin zəhmətin nəticəsi idi. 2002-ci ildə respublikamız Abidələrin bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv seçilmişdir.

Buna baxmayaraq, şəhər-muzeyin tarixi görkəminə xələl gətirən tikinti işləri davam etdirilirdi. İçərişəhər 2003-cü ildə 21 ölkənin nümayəndələrindən ibarət Dünya İrs Komitəsinin qərarı ilə məhv olmaq təhlükəsi olan abidələrin Ümumdünya İrs Siyahısına daxil edilmişdir. O vaxt bu qərarın qəbul olunmasına 2000-ci il noyabrın 25-də Bakı şəhərində baş vermiş güclü zəlzələnin törətdiyi nəticələr, İçərişəhərdə vahid idarəetmə sisteminin və lazımi nəzarətin olmamasından irəli gələn və memarlıq abidələri üçün təhlükə yaradan qeyri-qanuni tikinti işləri, həmçinin İçərişəhərin qorunması və inkişaf planının qeyri-mövcudluğu səbəb olmuşdu. Bununla bağlı komitə Azərbaycan hökumətinə görülməli olan tədbirlərə dair öz tövsiyələrini təqdim etmişdir.

Sözügedən mənfi halların qarşısının alınması məqsədilə ümummilli lider Heydər Əliyev 2003-cü il fevralın 17-də "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncamda göstərilmişdir ki, "Bakı Şəhər İcra Hakimiyyəti İçərişəhərin uzunmüddətli qorunması, konservasiyası və bərpasına dair sənəd qəbul edilənə qədər onun ərazisində, bərpa işləri istisna olmaqla, aparılan bütün tikinti işlərinin dayandırılmasını təmin etsin”.

Ümummilli lider Heydər Əliyevin ideyaları onun layiqli davamçısı İlham Əliyevin bu istiqamətdə apardığı işlərdə öz əksini tapmışdır. Prezident İlham Əliyev 2005-ci il fevralın 10-da "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, qoruğun ikili tabeliyi ləğv edilir, İçərişəhərin qorunması, bərpa edilməsi prosesində yaxşılığa doğru dönüş yaratmağın yolları göstərilirdi. Elə həmin il fevralın 28-i və noyabrın 22-də müvafiq olaraq qoruq və idarənin əsasnamələrinin təsdiqi ilə bağlı sərəncamlar verildi.

2006-cı il avqustun 18-də Prezident İlham Əliyev Bakı şəhərində tarix-memarlıq abidələrinin bərpası və qorunması haqqında yeni sərəncam imzaladı. Bu sərəncam İçərişəhərin də qorunması və bərpası ilə bağlı çox vacib məsələləri qarşıya qoymuşdur. Son illər bu istiqamətdə işlər uğurla davam etdirilmişdir. İçərişəhərdə unikal vahid idarəetmə sistemi yaradılmışdır. İdarənin yeni əsasnaməsi hazırlanmış və 2007-ci ilin 16 may tarixində təsdiq olunmuşdur. Bu sərəncamda da idarənin strukturu, işçilərin say həddi, idarənin tabeliyində olan qurumların dövlət büdcəsi vəsaiti hesabına, həmçinin özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərməsi öz əksini tapmışdır.

İdarənin fəaliyyəti, İçərişəhərdə şəhərsalma konsepsiyasının - master-planın işlənib hazırlanması 25 iyun 2009-cu ildə İçərişəhərin UNESCO-nun "qara siyahı”sından çıxarılması ilə nəticələndi. Master-planı faktiki olaraq İçərişəhərin konservasiyasının və inkişafının baş planı adlandırmaq olar. Sənəddə İçərişəhərdə olan hər tikili tədqiq edilmiş, onun yaranma tarixi dəqiqləşdirilmiş, istifadəsinin funksionallığı, mövcud vəziyyəti və əhəmiyyəti araşdırılıb, bərpasının vaciblik dərəcəsi müəyyən edilmişdir. Bu gün İçərişəhərdə aparılan bərpa və konservasiya işləri master-plana uyğun aparılır.

Dövlət başçısının tapşırığı ilə İçərişəhərin ərazisində yüksək peşəkarlıqla və gözəl memarlıq üslubunda aparılan təmir-bərpa və abadlıq işləri təbii və insan faktorlarının təsiri nəticəsində acınacaqlı vəziyyətə düşmüş bina və abidələrə ikinci həyat bəxş etmiş, İçərişəhərin tarixi mənzərəsinin bərpasına öz töhfəsini vermişdir.

Bu gün qarşımızda duran başlıca vəzifə İçərişəhərin dünya miqyasında tanıdılması, onun tarixi memarlığının, milli etnomühitinin bərpa edilməsi, dünya şöhrətli bir məkana çevrilməsi və Azərbaycan xalqının zəngin tarixinin ən gözəl və canlı bir sübutu kimi həm regionda, həm də dünyada tanıdılmasıdır.

Müasir Azərbaycan dövlətinin memarı, azərbaycançılıq konsepsiyasının banisi Heydər Əliyevin tarixi xidmətlərini gələcək nəsillər minnətdarlıqla xatırlayacaq.

Kamil İBRAHİMOV,

professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video