11 Dekabr 2018 14:57
349
CƏMİYYƏT
A- A+

Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib


Dekabrın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VIII plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət nümayəndələri, veteranlar, şəhər və rayon veteran təşkilatlarının sədrləri iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov plenumu açaraq tədbirin gündəliyi barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın builki fəaliyyətinin yekunları, 2019-cu il üçün tədbirlər planı və cari məsələlər müzakirə olunacaq.

Gündəlik təsdiqləndikdən sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib.

Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulayıb ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məqsəd vətənpərvər insanların cəmiyyətdəki mövqeyinin gücləndirilməsi, eləcə də gənclərdə bu hisslərin təşviq olunmasıdır.

Təşkilatın keçirdiyi tədbirlər barədə məlumat verən C.Xəlilov bildirib ki, qurum gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün yerli və beynəlxalq səviyyəli çoxsaylı ictimai-siyasi, mədəni-kütləvi mühüm tədbirlər təşkil edib. Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının, Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illik, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik, Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyləri və digər tədbirlər təşkilatın mərkəzi aparatında və müxtəlif qurumlarda yüksək səviyyədə qeyd edilib. Qurumun beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə MDB dövlətlərinin veteran təşkilatları ilə iş gücləndirilib. Veteranlarımız apreldə keçirilmiş Prezident seçkilərində fəal iştirak edib və özlərinin layiqli namizədi İlham Əliyevi yekdilliklə dəstəkləyiblər.

İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar dövlət orqanlarında, ictimai təşkilatlarda, təhsil ocaqlarında, hərbi hissələrdə veteranlarla görüşlər olub.

Oktyabrda Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi Dünya Veteranları Federasiyasının prezidentinin iştirakı ilə təntənəli şəkildə müxtəlif tədbirlərlə qeyd edilib. Tədbirlərin qonaqlarına ölkəmizdə dövlətin veteranlara qayğısı, Azərbaycanın ərazilərinin 20 faizinin Ermənistan silahli qüvvələri tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanması ilə bağlı qəbul etdiyi dörd qətnaməsinin təcavüzkar dövlət tərəfindən yerinə yetirilməməsi barədə məlumatlar çatdırılıb.

Hesabat dövründə təşkilatın Rəyasət Heyətinin iclaslarında veteranların sosial müdafiəsi məsələsi müzakirə olunub, onlara kömək göstərilib. Bu il Respublika Veteranlar Təşkilatına ayrılan vəsaitin bir hissəsi müalicəyə ehtiyacı olan veteranlara çatdırılıb. Ötən müddətdə təşkilata veteranlardan daxil olmuş 200-dən çox müraciətlə bağlı müvafiq qurumlara məktublar göndərilib, problemləri həllini tapıb. Həmçinin itkin düşmüş müharibə iştirakçılarının axtarışı davam etdirilib.

Bu il də respublikanın şəhər və rayonlarında yaşayan müharibə, əmək, Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının sayı dəqiqləşdirilib. Məlumatlara görə, 2018-ci ilin noyabrınadək İkinci Dünya müharibəsi iştirakçılarının sayı 540 nəfərdir. Onlardan on nəfərinin yaşı 100-dən çoxdur.

Azərbaycan dövləti tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışan C.Xəlilov deyib ki, hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının bariz nümunələridir. Respublika Veteranlar Təşkilatı bu qayğını yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. Hesabat dövründə təşkilatın nüfuzunun və veteran hərəkatının yüksəldilməsi, veteran təşkilatlarının ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində önəmli addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştirakına müsbət təsir göstərib.

Plenumda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Respublika Veteranlar Təşkilatının ölkəmizin ictimai-siyasi həyatında fəallığı və səmərəliyi ilə seçilən qurumlardan olduğunu bildirib. Ə.Mehdiyev Respublika Veteranlar Təşkilatının qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində qüvvəsini əsirgəmədiyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Veteranlar Təşkilatının sədri Firudin Süleymanov, Şəki rayon veteranlar təşkilatının sədri Mustafa Əhmədov, Gəncə şəhər veteranlar təşkilatının sədri Yusif Məmmədov və digərləri hesabat dövründə görülən işlərdən danışıblar.

Çıxış edənlər, eləcə də Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov, Təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədr müavini Salman Babayev və başqaları Respublika Veteranlar Təşkilatının illik fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Natiqlər yeniyetmə və gənclərimizin milli və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində, veteran hərəkatının inkişafında, cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıblar. Plenumun iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman dövlətin yanında olduğunu, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəklədiklərini bildiriblər.

Daha sonra C.Xəlilov gündəlikdəki ikinci məsələ olan Respublika Veteranlar Təşkilatının 2019-cu il üçün tədbirlər planı barədə məlumat verib.

Plenumda müzakirəyə çıxarılan məsələlər, o cümlədən Respublika Veteranlar Təşkilatının tədbirlər planı, habelə qurumun hesabat dövründəki fəaliyyətinin yekunları səsə qoyularaq qənaətbəxş hesab edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video