11 Dekabr 2018 00:39
1084
SİYASƏT
A- A+

İLHAM ƏLİYEVİN Ermənistanın təcridi siyasəti effektiv nəticə verir


Bu ölkə təmsil olunduğu bütün təşkilatlarda əhəmiyyətsiz üzvə çevrilib


Beynəlxalq aləmdə və eləcə də regional müstəvidə əməkdaşlığa və təhlükəsizliyə töhfə verən nüfuzlu təşkilatların işində yaxından iştirak etmək hər bir ölkənin beynəlxalq münasibətlər sistemində oynadığı rola təsir edən vacib komponentlərdən sayılır. Azərbaycan da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək hər zaman xarici siyasətdə qlobal proseslərə əsaslı təsir imkanları olan aparıcı və nüfuzlu təşkilatlarla əməkdaşlığa daim mühüm önəm verib.


Azərbaycan MDB-nin fəaliyyətinə mühüm töhfələr verir


Azərbaycanın üzvü olduğu və işində yaxından iştirak etdiyi təşkilatlardan biri də Müstəqil Dövlətlər Birliyidir. MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, elmi, mədəni, cinayətkarlığa qarşı mübarizədə səylərin uyğunlaşdırılması və digər sahələrdə əməkdaşlıqdan ibarətdir. Azərbaycan MDB-nin işinə üzv olduğu dövrdən böyük töhfələr verib. Bu təşkilat çərçivəsində həm də mehriban qonşuluq zonası yaratmaq məqsədi güdən ölkəmizin yürütdüyü siyasi xətt regionda təhlükəsizliyin təmin olunmasına, siyasi və iqtisadi əlaqələrin güclənməsinə xidmət edir.

Ermənistanı çıxmaq şərtilə, bu gün Azərbaycanın digər MDB dövlətləri ilə çox yaxşı münasibətləri var. Bu münasibətlər həm ikitərəfli, həm də kollektiv tərəfdaşlıq formasında uğurla həyata keçirilir. Azərbaycanın MDB-nin üzvləri ilə iqtisadi əlaqələri ildən ilə artan xətt üzrə inkişaf edir, əmtəə dövriyyəsi, qarşılıqlı investisiyaların qoyulması artır. O cümlədən hüquq mühafizə, sərhədlərin mühafizəsi, cinayətkarlıqla, terrorçuluqla mübarizə sahəsində Azərbaycan ayrı-ayrı MDB dövlətləri ilə sıx əməkdaşlıq edir. MDB üzvü olan ölkələrin rəhbər şəxsləri müntəzəm görüşlər keçirir, qarşılıqlı səfərlər edirlər ki, bu da postsovet məkanında yüksək səviyyəli birgə fəaliyyətə təkan verir. Bu mənada əldə edilən ən böyük nailiyyətlərdən biri Sovet İttifaqının dağılmasından sonra ölkələr arasında münasibətlərin qorunub saxlanılmasıdır.


Xüsusi ehtiramın nümunəsi


Dekabrın 6-da Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı keçirildi. Toplantıda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Prezident İlham Əliyev də iştirak etdi. Belə toplantılarda MDB çərçivəsində il ərzində görülən işlər barəsində fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Sankt-Peterburq toplantısında da dövlət başçıları bu qəbildən olan məsələləri müzakirə etdilər. Ümumilikdə, dövlət başçılarının Sankt-Peterburqdakı qeyri-rəsmi görüşü olduqca işgüzar və səmimi şəraitdə keçirildi. Dövlət başçıları birlikdə nahar etdilər və sonra Mariinskiy Teatrda "Şelkunçik” balet tamaşasına baxdılar.

Öncə onu qeyd edək ki, bu qeyri-rəsmi görüş bir daha MDB dövlət başçılarının nüfuzunu və onlara göstərilən ehtiramı ortaya qoydu. Məsələn, balet tamaşasında Azərbaycan Prezidenti İlham Əliyev tədbirə ev-sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu, Azərbaycan Prezidentinə və onun şəxsiyyətinə Rusiyanın dövlət başçısının xüsusi hörmətinin və ehtiramının nümunəsi idi. Vladimir Putindən solda Belarus Prezidenti Aleksandr Lukaşenko, Prezident İlham Əliyevin sağında isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev əyləşmişdi. Bu prezidentlərin MDB dövlət başçıları arasındakı nüfuzlarını ayrıca qeyd etməyə ehtiyac yoxdur. Üstəlik hər ikisi Azərbaycanın və Prezident İlham Əliyevin dostudur.


Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi diqqət mərkəzindədir


Dövlət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da söhbəti olub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparılıb. Əlbəttə, atəşkəs rejiminin möhkəmləndirilməsi münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlmir. Məlum olduğu kimi, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir.

Eyni zamanda söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu. Məlumdur ki, Azərbaycan humanizm mövqeyindən çıxış edərək bütün əsir və girovların "hamının hamıya” prinsipi üzrə dəyişdirilməsini təklif edir. Ermənistan tərəfi isə bir daha qeyri-konstruktivliyini nümayiş etdirərək bu təşəbbüsdən qaçır. Prezident İlham Əliyev bir daha Azərbaycanın bu məsələdəki mövqeyini vurğulayaraq bildirib ki, "hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Çünki humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır. Azərbaycan Prezidentinin Paşinyanla söhbəti göstərir ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır.


Ermənistanın növbəti diplomatik məğlubiyyəti


MDB ölkələrinin qeyri-rəsmi toplantısından əvvəl Avrasiya İqtisadi İttifaqının sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi məsələsi müzakirə olunub. Amma bu məsələ bir daha Ermənistanın məğlubiyyəti ilə yekunlaşıb. Belə ki, iclasda KTMT-nin baş katibi məsələsi ətrafında müzakirələr zamanı gərgin vəziyyət yaranıb. Ermənistan tərəfi baş katib vəzifəsinə nə qədər iddia etsə də, təcrid durumuna düşüb və digər üzv dövlətlər tərəfindən dəstəklənməyib. Prosesin gedişi göstərir ki, Ermənistanın baş naziri vəzifəsini icra edən N.Paşinyanın rəyi nəzərə alınmadan üzv dövlətlər tərəfindən bu barədə qərar qəbul olunacaq. Növbəti baş katib Belarusdan olacaq. Bu məsələ ümumilikdə Ermənistanın xarici siyasətinin və diplomatiyasının növbəti ağır məğlubiyyətidir.

Ermənistanın bu rüsvayçı məğlubiyyətində Azərbaycanın həyata keçirdiyi siyasət, Prezident İlham Əliyevin şəxsi nüfuzu kifayət qədər böyük rol oynayıb. Ermənistanın KTMT çərçivəsində alçaldılması Azərbaycanın növbəti diplomatik qələbəsidir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video