11 Dekabr 2018 00:38
492
İQTİSADİYYAT
A- A+

Yeniliklər bəhrə verir


İslahatlar kəndlinin həyat səviyyəsini, kəndin isə sosial simasını dəyişir


Sovetlər dönəmində kolxozçu, sovxoz fəhləsi dediyimiz, ondan əvvəl isə mülkədar kimi damğalanan Azərbaycan kəndlisi bu gün inamla ayağa durur, uzun illər əlindən alınmış torpağa, mal-qaraya yenidən sahib çıxır. Azərbaycan dövləti öz kəndlisinin müasir fermer kimi dirçəlməsi üçün ciddi islahatlar həyata keçirir.

Qeyri-neft sektorunun şaxələnməsi istiqamətində dövlətin atdığı addımların sırasında aqrar sektorda aparılan islahatlar xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan önə çəkilən vacib məsələlərdən biri müasir elmi bilikləri və təcrübəni ölkənin aqrar sektorunda hamı üçün əlçatan etməkdir. Kənd təsərrüfatının bütün istiqamətlərinin harmonik inkişafı üçün kiçik pay torpaq sahiblərinin və islahatlardan kənarda qalan fermerlərin yenidən təşkilatlanması, müasir dünya təcrübəsi ilə tanış edilməsi, maarifləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilir.

Bu günədək ölkənin aqrar sektorunda çoxsaylı islahatlar aparılmışdır. Eyni zamanda istənilən ölkənin qibtə edə biləcəyi böyük su anbarları tikilmiş, yüz min hektarlarla torpaq sahələri əkin dövriyyəsinə qatılmış, müasir logistika sistemi qurulmuş, böyük aqrar müəssisələr, aqroparklar yaradılmış, emal müəssisələri işə salınmış, yeni ixrac bazarlarına çıxışlar əldə edilmişdir. Qanunvericilikdə də geniş dəyişikliklər olmuşdur.

Aqrar sektorda tətbiq edilən güzəşt və imtiyazların tam siyahısını isə sadalamağa xeyli vaxt lazım gələrdi. Bütün bunlar işini qurmaq, irəli getmək istəyən hər bir fermerə dövlətin ən böyük dəstəyidir.

Bu gün aqrar sektorda sovetlər dönəmindən qalma bir sıra arxaik idarəçilik mexanizmlərindən bir baza kimi faydalanaraq yeni münasibətlər sistemi qurulur. Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin ləğv edilərək dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) yaradılması da bunun nəticəsidir. Kənd təsərrüfatı mütəxəssisləri bu addımı aqrar islahatların yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirirlər. Nazirliyin rayon və şəhər idarələrinin ləğv edilib, onların əsasında DAİM-lərin yaradılmasında məqsəd bir tərəfdən faydasız olan sovet idarəçilik sistemini aqrar sektorun inkişafında maneə kimi aradan götürməkdirsə, digər tərəfdən nazirliyin yerli bölmələrinin vahid mərkəzdən idarə olunması, fermerlərlə əlaqələrin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işinin qurulmasıdır.

DAİM-in yaradılması aqrar sektorda xidmətlərin göstərilməsində də bir sıra yenilikləri sürətlə həyata keçirməyə imkan verir. "Vahid pəncərə” prinsipinin tətbiqi, şəffaflığın artırılması, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşdirilməsi aqrar sektorun intellektual bazasının inkişafını təmin edən yeniliklərdir.

DAİM-in nəzdində fermer və koordinasiya şuralarının yaradılması da kənd təsərrüfatında çalışanların işini xeyli asanlaşdırmağa xidmət edir. Birbaşa fermerlər və fermer assosiasiyalarının təmsilçilərindən təşkil olunacaq bu şuraların əsas vəzifələri fermerlərin problemlərini öyrənmək və onların aradan qaldırılması istiqamətində layihələrin hazırlanıb tətbiq edilməsinə kömək etməkdir. Şuralarda ictimai nəzarətin həyata keçirilməsi, subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi, aqrar sahənin inkişafı ilə bağlı müxtəlif təkliflər və ideyaların sürətlə yerində həll edilməsinə önəm veriləcək. Bundan başqa, koordinasiya şuraları mövcud problemləri və onların həlli yollarını müəyyən etmək üçün fermerlər arasında mütəmadi sosioloji rəy sorğuları keçirəcək, əldə olunan məlumatları operativ surətdə fermerlərə çatdıracaq.

Prezident İlham Əliyevin mayın 22-də "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” imzaladığı fərman da xüsusi əhəmiyyət kəsb edir. Fərmana əsasən, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu fəaliyyətinə Aqrar Tədqiqatlar Mərkəzi kimi davam edəcək. Atılan bu addımın mahiyyəti ondan ibarətdir ki, elm kənd təsərrüfatına daha da yaxınlaşacaq, əvvəlki illərdə olduğu kimi, fəaliyyəti təcrid olunmuş elmi tədqiqatlarla kifayətlənməyəcək. Kənd Təsərrüfatı Nazirliyi isə mərkəzin fəaliyyətinə beynəlxalq ekspertlərin cəlb edilməsini təmin edəcək, alınan nəticələrin birbaşa ölkənin aqrar sektorunda tətbiqinə nəzarət edəcək.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video