11 Dekabr 2018 00:26
502
CƏMİYYƏT
A- A+

“Kompas” və “Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilmiş versiyalarının təqdimatı olub


Dekabrın 10-da Bakıda Gənclər və İdman Nazirliyinin, Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı, gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum keçirilib. Forum çərçivəsində gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə "Kompas” və gənclərin ictimai həyatda yerli və regional səviyyədə iştirakına dair "Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə edilmiş versiyalarının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, forumun keçirilməsində məqsəd Azərbaycanda insan hüquqları və vətəndaşlıq təhsili barədə gənclər, təhsil və insan hüquqları sahəsində fəaliyyət göstərən tərəfdaşlar və iştirakçılarla fikir mübadiləsi aparmaqdır.

Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova tədbirdə çıxış edərək bildirib ki, bu gün dünyada insan hüquqları ilə bağlı vəziyyət narahatvericidir. Münaqişələr nəticəsində dünyada fundamental insan hüquqlarının pozulması ilə yanaşı, müxtəlif cəmiyyətlərdə irqi, dini ayrı-seçkilik halları da çoxalıb.

Azərbaycanda insan hüquqları ilə bağlı mükəmməl qanunvericilik bazasının yaradıldığını deyən B.Muradova bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında insan hüquqlarının, azad yaşamaq, təhsil almaq və digər fundamental hüquqların təmin edilməsi əksini tapıb. Azərbaycan bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, aidiyyəti təşkilatlarla əməkdaşlıq edir. İnsan hüquqlarının təmin edilməsi sahəsində görülən genişmiqyaslı işlər ölkəmizdə daha nikbin gələcəyi proqnozlaşdırmağa imkan verir.

Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes qeyd edib ki, Avropa Şurasının Gənclər Departamentinin insan hüquqlarının gənclər arasında təbliğinə və tədrisinə yönəlmiş "İnsan hüquqlarının təhsili üzrə gənclər layihəsi” bu sahədə görülən işlərə mühüm töhfədir. "İnsan hüquqları təhsili üzrə gənclər proqramı” kimi də tanınan layihənin əsas hədəflərindən biri "Demokratik vətəndaşlıq və insan hüquqları təhsili üzrə Avropa Şurası Xartiyası”nın icrası prosesində gənclər sahəsində çalışan qeyri-hökumət təşkilatlarının rolunu dəstəkləmək və gücləndirməkdir. Buna nail olmaq üçün insan hüquqlarının təhsili üzrə vəsait və resursların hazırlanması və paylaşılması ilə yanaşı, təlimçilər, multiplayerlər və insan hüquqları təhsili üzrə vəkillər üçün bacarıq artırma tədbirləri də keçirilir. Layihə çərçivəsində "Kompas” və "Öz sözünü de” vəsaitlərinin Azərbaycan dilinə tərcüməsi və istifadəsi bu baxımdan mühüm rol oynayır.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, gənclərin iştirakı ilə insan hüquqlarının təhsili üzrə "Kompas” və gənclərin ictimai həyatda yerli və regional səviyyədə iştirakına dair "Öz sözünü de” təlimat vəsaitlərinin Azərbaycan dilinə tərcümə olunması gənclərin insan hüquqları mövzusunda maarifləndirilməsinə mühüm təkan verəcək. Gənclər və İdman Nazirliyi ilə Avropa Şurası arasında xüsusi ikitərəfli əməkdaşlıq fəaliyyətləri ilk dəfə olaraq Avropa Şurasının 2016-2017-ci illərdə Azərbaycan üzrə Fəaliyyət Planına daxil edilib. Bu fəaliyyət Azərbaycandan olan gənc liderlər və fəallar üçün bacarıq artırma tədbirləri, insan hüquqları təhsili və demokratik vətəndaşlıq layihələri üzrə qruplaşdırılıb.

Gənclərin Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil etdiyini deyən nazir müavini ölkəmizdə bu istiqamətdə görülən işlərdən danışıb.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə digər sahələrlə yanaşı, insan hüquqlarının təmin olunmasına da xüsusi diqqət yetirib. Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında bütün fundamental hüquqlar əksini tapıb.

Diqqətə çatdırılıb ki, insan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır. Azərbaycanda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir, geniş maarifləndirmə işləri aparılır. İnsan hüquqlarının pozulmasının mərkəzində dayanan əsas məsələlərdən biri də zorakılıq olduğunu vurğulayan ombudsman qeyd edib ki, zorakılığın qarşısını almaq üçün həyata keçirilən tədbirlər səmərəli nəticələr verir. Uşaqların insan hüquqları sahəsində biliklərə yiyələnməsinin təmin olunması üçün geniş maarifləndirmə işləri aparılır. Ümumiyyətlə, Azərbaycanda insan hüquqları sahəsində sistemli iş həyata keçirilir. Azərbaycan Prezidenti tərəfindən imzalanan Milli Fəaliyyət Planı bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Xüsusi tapşırıqlar üzrə səfir Elşad İsgəndərov və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova forumun təşkilinin və hər iki vəsaitin Azərbaycan dilində çapdan çıxmasının gənclərin insan hüquqları ilə bağlı biliklərinin artırılmasında rolunu vurğulayıblar.

Sonra "Kompas” və "Öz sözünü de” təlimat vasitələrinin Azərbaycan dilinə tərcümə edilmiş versiyaları təqdim olunub.

Daha sonra ortaq fəaliyyət çərçivəsində keçirilən seminarların iştirakçılarına sertifikatlar təqdim olunub.

Açılış çıxışlarından sonra Avropa Şurasının gənclər departamentinin təhsil və təlim şöbəsinin müdiri Rui Qomeş "Demokratik vətəndaşlıq və insan hüquqlarının təhsilinə dair Avropa Şurasının praktiki yanaşmaları” mövzusunda təqdimatla çıxış edib.

Qısa fasilədən sonra tədbir işini "Azərbaycanda insan hüquqlarının təhsili və gənclərin iştirakı - çağırışlar və perspektivlər” mövzusunda panel iclası ilə davam etdirib.

İclasda gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru, Avropa Şurasının Təhsil Siyasəti Məşvərətçiləri Şəbəkəsinin (EPAN) üzvü Vəfa Yaqublu və Ombudsman Aparatının hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov çıxış ediblər.

Sonda "Kompas” və "Öz sözünü de” təlimat vəsaitləri və onlardan istifadə qaydalarına dair seminar keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video