11 Dekabr 2018 00:15
1196
Təhsil
A- A+

İşığa aparan yol


XIX əsrin sonlarına doğru Azərbaycanda yeni tipli məktəblərin açılmasına zərurət kimi baxanların sayı artırdı. Bunun üçün, ilk növbədə, maarifpərvər və millətsevər müəllimlərə ehtiyac var idi.


Azərbaycan ziyalılarının maarifçilik arzuları


Həmin vaxtlar Gürcüstanın Qori şəhərində 1876-cı ilin sentyabrından fəaliyyət göstərən və ümumilikdə Rusiya imperiyasının ən qabaqcıl təhsil müəssisələrindən biri sayılan Zaqafqaziya Müəllimlər Seminariyası pedaqoqlar hazırlayırdı. Bu tədris ocağı 1875-ci il aprelin 8-də çar II Aleksandrın imzaladığı fərmanla təsis edilmişdi. Seminariyanın əsasnaməsinin birinci bəndinin qeyd hissəsində yazılırdı: "Müsəlmanlar üçün xüsusi məktəb açılanadək onlara Zaqafqaziya Müəllimlər Seminariyasına və onun nəzdindəki ibtidai məktəblərə daxil olmağa icazə verilir”.

Seminariyanın nəzdində açılmış üç ibtidai məktəbdə - rus, gürcü və erməni məktəblərində təhsil rus dilində aparılırdı. Azərbaycan dilini bilən müəllimlərin olmaması azərbaycanlı uşaqların bu təhsil ocağına cəlb edilməsinə problemlər yaradırdı. Azərbaycanda isə sayca az olan ziyalılar yeni tipli məktəblərin açılması uğrunda böyük işlər görürdülər. Elə Qafqaz canişininin ilk dəfə Zaqafqaziyanın müsəlman əhalisi üçün Zaqafqaziya Müəllimlər Seminariyası nəzdində tatar (Azərbaycan) bölməsinin açılmasına razılıq verməsi də bu mübarizənin nəticəsi idi. Bölmə 1879-cu ilin sentyabrında fəaliyyətə başladı. Çar II Aleksandrın 1880-ci il mayın 13-də imzaladığı fərmanla isə Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində tatar (Azərbaycan) bölməsinin fəaliyyəti rəsmiləşdirildi.

Bu bölməyə Aleksey Çernyayevski inspektor təyin edildi. Şamaxıda kasıb rus ailəsində doğulub böyüyən, azərbaycanlılara böyük rəğbət bəsləyən A.Çernyayevski narahat idi. Çünki oxumaq üçün ərizə verənlərin sayının azlığı Azərbaycan bölməsinin bağlanması ilə nəticələnə bilərdi. Azərbaycanlı uşaqları seminariyaya cəlb etmək üçün A.Çernyayevski İrəvan, Naxçıvan, Gəncə, Şuşa, Şamaxı, Quba və Dərbəndi kəndbəkənd gəzib-dolaşdı. Onun zəhməti sayəsində Qori Seminariyasına təhsil almağa gələn azərbaycanlı uşaqların sayı ildən-ilə artdı.

Zaqafqaziya Müəllimlər Seminariyası 40 ilə yaxın müddətdə Azərbaycan məktəbləri üçün 250-dək müəllim hazırladı. Məktəbin məzunları - Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Səfərəli bəy Vəlibəyov, Baba bəy Səfərəlibəyov, Teymur bəy Mahmudbəyov, İsmayıl ağa Vəkilov, Məmmədağa Şıxlinski, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, Süleyman Sani Axundov, Fərhad Ağazadə, Nurməmməd Şahsuvarov, Müseyib İlyasov, İsfəndiyar Vəkilov və başqaları yalnız milli maarifçilik hərəkatının inkişafında müstəsna rol oynamadılar, onlar ümumilikdə Azərbaycanın tərəqqisi yolunda böyük fədakarlıqlar göstərdilər.


Gerçəkləşən ümidlər


Ziyalılarımız XIX əsrin 80-ci illərindən seminariyanın Azərbaycan şöbəsinin Qoridən Bakı, Gəncə, Şamaxı, Şuşa, yaxud Ağdam şəhərlərindən birinə köçürülməsini və onun əsasında ayrıca seminariya açılmasını təklif edirdilər. Ancaq xalqımızın inkişafına xidmət edən bu gözəl arzunu yalnız 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətə gəldikdən sonra reallaşdırmaq mümkün oldu.

Azərbaycan hökuməti həmin il iyunun 20-də keçirilən iclasında Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi əsasında müstəqil müəllimlər seminariyasının təşkilini qərara aldı. Xalq maarif naziri həmin şöbəyə aid əmlakın Qoridən Qazaxa gətirilməsini Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müfəttişi Firidun bəy Köçərliyə həvalə etdi. Bunun üçün Azərbaycan hökuməti maliyyə vəsaiti ayırdı. Lakin Gürcüstan hökumətinin Osmanlı ordu hissələrini Azərbaycana buraxmamaq üçün 1918-ci ilin iyun-avqust aylarında Tiflisdən Poylu körpüsünədək dəmir yolu xəttini nəzarətində saxlaması maneələr yaratdı. Qoridən seminariyanın Azərbaycan şöbəsinin əmlakını Qazaxa sentyabrın ortalarında gətirmək mümkün oldu. Bu işdə seminariyanın məzunları və yerli əhali yaxından iştirak etdi. Qazax qəzasının rəhbərliyi, nüfuzlu şəxslər də lazımi hazırlıqlar gördülər. Məşədi İbrahim Hacı İsmayıl oğlu Qazax şəhərindəki on yeddi otaqlı mülkünü seminariyaya bağışladı.

1918-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçürülməsində çox böyük xidmətlər göstərən görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy Köçərli xalq maarif naziri Nəsib bəy Yusifbəylinin əmri ilə həmin il oktyabrın 1-dən seminariyanın direktoru təyin edildi.

Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin bazasında yaradılan Qazax Müəllimlər Seminariyasının rəsmi açılışı 1918-ci il noyabrın 10-da oldu və həmin gündən dərslər başlandı.

Firidun bəy "Azərbaycan” qəzetinin (rus dilində) 1918-ci il 13 oktyabr tarixli nömrəsində dərc olunan "Zaqafqaziya Müəllimlər Seminariyasının tatar bölməsinin müstəqil seminariyaya çevrilməsi haqqında” sərlövhəli məqaləsində yazırdı: "Qazax Müəllimlər Seminariyası kimi vacib bir pedaqoji məktəbin açılması bütün qəza üçün böyük əhəmiyyət kəsb etdiyindən inanırıq ki, ziyalılar başda olmaqla yerli əhali bu təhsil ocağının gələcək fəaliyyətini təmin etməkdən ötrü əllərindən gələn köməyi əsirgəməyəcəkdir. Bütünlüklə seminariyanın yetirmələrindən ibarət olan yerli administrasiya tərəfindən də bu təhsil ocağına xüsusi qayğı göstəriləcəyinə şübhə etmirik”.

Bu təhsil ocağının fəaliyyəti ilk gündən əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Seminariya direktorunun Xalq Maarif Nazirliyinə ünvanladığı raportda 1918-ci il noyabrın 8 və 9-da keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanırdı. Firidun bəy bildirirdi ki, müraciət etmiş 42 şagirddən 35-i imtahanlardan uğurla keçərək seminariyada oxumaq haqqı qazanıb. Cəbrayıl, Şamaxı, Ağdam, Göyçay, Naxçıvan, Zaqatala və başqa rayonlardan şagirdlər gəlib seminariyada təhsil alırdılar.

1919-cu ildə seminariyada dövlət hesabına oxumaq üçün ayrılmış 8 yerə 40 ərizə verildi. Qəbul edilməyən şagirdlərin valideynləri həmin vaxt Qazaxda keçirilən kəndli qurultayının iştirakçılarından - Azərbaycan parlamenti üzvləri Əhməd bəy Pepinov, Hacı Kərim Sanıyev və Səməd ağa Ağamalıoğlundan kömək istədilər. Parlament üzvlərinin müraciətinə cavabında seminariyanın direktoru ömrünü pedaqoji işə həsr etmiş qocaman müəllim kimi hamının təhsil almasını istədiyini, lakin seminariya binasının bütün arzu edənləri qəbul etməyə uyğun olmadığını bildirdi. Firidun bəy onlardan Qazax Müəllimlər Seminariyası üçün yeni böyük bina tikilməsi məsələsinin həllini sürətləndirməyi xahiş etdi.

Məşədi İbrahim Hacı İsmayıl oğlunun yaşayış üçün nəzərdə tutulmuş mülkündə çətinliklə 60 nəfərin oxuması mümkün idi. Amma seminariyada xəzinə hesabına təhsil alan 60 şagirddən başqa, 5 şagird də öz hesabına oxuyur, pansionatda qalırdı. Yeni qəbul edilən daha 11 şagird isə dərslərdə iştirak edir və evlərinə gedirdilər. Beləliklə, 1919-1920-ci tədris ilində seminariyada 76 şagird təhsil alırdı. Həmin il birinci buraxılış olacaqdı...


Xeyirxahlıq unudulmur


Qazax Müəllimlər Seminariyası Azərbaycanda milli müəllim kadrları hazırlığına başlayan ilk pedaqoji məktəb idi. Bakı və Gəncə şəhərlərində daha əvvəldən fəaliyyət göstərən müəllimlər seminariyalarında milli proqramlar əsasında pedaqoji kadrlar hazırlığına da 1919-cu ildən başlandı.

Seminariyanın direktoru F.Köçərlinin və kargüzarı A.Vəkilovun imzaları ilə Xalq Maarif Nazirliyinə göndərilmiş 1 aprel 1919-cu il tarixli məlumat burada çalışan müəllim və texniki işçilərin əksəriyyətinin azərbaycanlı olduğunu təsdiq edir.

Azərbaycan Xalq Cümhuriyyətinin maarifçilik istiqamətində nəzərdə tutduğu işlərin həyata keçirilməsində Qazax Müəllimlər Seminariyasının təqdirəlayiq əməyi oldu. Seminariyanın fəaliyyəti Azərbaycanda təhsilin, maarifin inkişafına böyük təkan verdi. 1919-cu il aprelin 6-da xalq maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski Firidun bəy Köçərliyə məktubunda bildirirdi: "Sizin gənc seminariyanın mədəni fəaliyyəti nazirliyi fərəhləndirir. Nazirlik sizə və sizin seminariyaya təşəkkür edir”.

1919-cu ilin yayında seminariyanın nəzdində pedaqoji kurs təşkil edildi. Kursun dinləyiciləri arasında kişi müəllimlərlə yanaşı, 20-dən çox qadın müəllimə var idi. Seminariya müəllimlərinin köməyi ilə yaşlılar üçün savad kursları açıldı.

1919-1920-ci dərs ilinin əvvəlində seminariyada aşağı hazırlıq sinfi yaradıldı. Xalq Maarif Nazirliyi tərəfindən Qazax Müəllimlər Seminariyasında müəyyən hazırlıq keçən müəllimlərə digər məktəblərə yuxarı siniflərdə dərs aparmaq üçün təyinat verilirdi.

Firidun bəy Köçərli seminariyaya rəhbərlik etməklə bərabər, Qazaxda yüzlərlə qız uşağının savadlanması üçün yetimlər kursu, qaçqınlara yardım fondu yaradırdı. 1920-ci ildə Firidun bəy erməni terrorçuları tərəfindən qətlə yetirildikdən sonra seminariyaya Əli Hüseynov başçılıq etdi. Sovet hakimiyyəti qurulduqdan sonra seminariya 1940-cı illərədək Qazax Pedaqoji Texnikumu adı ilə fəaliyyət göstərdi.

Qazax Müəllimlər Seminariyası məzunlarının əksəriyyəti Azərbaycanda xalq maarifi, məktəb, ədəbiyyat, mədəniyyət və incəsənətin bir çox görkəmli nümayəndələri kimi tanındılar.

Azərbaycan xalqının maarifçilik tarixində unudulmaz yeri olan Qazax Müəllimlər Seminariyasının yaradılmasından yüz il ötür. Seminariyanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev noyabrın 3-də sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax Müəllimlər Seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir: "Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax Müəllimlər Seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir”.

Xalqın maarifçilik yolunu aydınladan Qazax Müəllimlər Seminariyasının qurucuları, müəllimləri və məzunlarının xeyirxah əməlləri ənənəyə, arzuları inama çevrildi. Bu gün onların görmək istədikləri müstəqil Azərbaycanın tərəqqisi naminə həmin əməllər və arzular davam etdirilir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video