08 Dekabr 2018 01:33
1547
İQTİSADİYYAT
A- A+

İlham Əliyevin iqtisadi siyasəti şəffaf biznes mühiti formalaşdırıb


Azərbaycan bu sahədə dünyanın aparıcı ölkələri sırasındadır


Bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan, azad rəqabətin yaradıldığı şəraitdə sürətlə inkişaf edən sahibkarlıq təkcə cəmiyyətin yox, konkret halda götürülmüş müəyyən toplumun və ya fərdin inkişafında özünəməxsus mühüm rol oynayır.

İlk növbədə ona görə ki, sahibkarlıq insan şəxsiyyətinin ifadə forması və inkişafı, onun qabiliyyət və tələbatları, əmək potensialının realizasiyası kimi mühüm məqamları özündə ehtiva edir. Ən əsası, sahibkarlıq ümumi inkişafda mühüm çəkiyə malik olaraq iqtisadi tərəqqinin daha sürətli xarakter almasına kifayət qədər önəmli sayılan və bu tərəqqinin əsasına çevrilən möhtəşəm töhfələr verir. Bu mənada iqtisadi yüksəliş yolunu azad bazar münasibətləri şəraitində həyata keçirən hər bir dövlət üçün sahibkarlıq institutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir, iqtisadi siyasət strategiyasının ən önəmli hissələrindən birinə çevrilir.

Təqdirəlayiq haldır ki, Azərbaycanın yeni müstəqillik tarixində iqtisadi inkişafı xarakterizə edən ən mühüm cəhətlərdən biri odur ki, ölkəmizdə məhz güclü sahibkarlar sinfi formalaşır. Bu gün Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb.

Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın inkişafında, yerli istehsal və sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı və təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli və xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə zamanın tələblərinə uyğun şəkildə aparılan islahatlar daha geniş vüsət alaraq həm də sosial-iqtisadi inkişaf sahəsində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Bu kontekstdə ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir.

Görülmüş tədbirlər nəticəsində 2003-2017-ci illərdə ölkəmizin qeyri-neft məhsulları ixracı 4,1, ixrac olunan mal çeşidlərinin sayı 2,6 dəfə artmışdır. Eyni zamanda, sahibkarlıq subyektlərinin sayı 4,2, hüquqi şəxslərin sayı 1,9, kiçik müəssisələrin sayı 2, fərdi sahibkarların sayı 5 dəfə çoxalıb. Müstəqillik qazandıqdan sonra ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur.

Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq olunur. Sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayının son 15 il ərzində artması, ölkəmizdə iş yerlərinin 75 faizinin məhz özəl sektorun payına düşməsi bu prosesin dönməz xarakter aldığını bir daha təsdiq edir.

Son illərdə ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar xeyli liberallaşdırılmış, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi işə salınmış, ölkədə bəzi məhsullara ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Bu baxımdan ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir. Sahibkarlıq subyektlərində yoxlamaların 2021-ci ilədək dayandırılması öz müsbət nəticələrini vermişdir.

Eyni zamanda, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı azaldılmış, lisenziyalar müddətsiz müəyyən edilmiş, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılmış, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsinə və "Elektron lisenziya” portalının yaradılmasına başlanılmışdır. Əvvəllər müxtəlif sahibkarlıq fəaliyyətlərinə bütünlükdə 330 icazə tələb olunurdusa, "Lisenziyalar və icazələr haqqında” qanunun qüvvəyə minməsi ilə bütün icazələr vahid sənəddə göstərilir, onların sayı 86-ya, lisenziyalar 59-dan 37-yə endirilib.

Dekabrın 4-də Bakı Ekspo Mərkəzində "Bakutel-2018” sərgisində Prezident İlham Əliyev bu gün Azərbaycanın biznes sahəsində dünyanın aparıcı ölkələri sırasında olduğunu bəyan edib: "Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına, "Doing busines” hesabatına görə Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq”.

Qeyd edək ki, əldə edilmiş uğurların davamlığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir. Bütün bunları nəzərə alaraq Azərbaycan Prezidenti "Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 28 dekabr 2017-ci il tarixli fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin qarşısında qoyulan əsas vəzifə ölkədə kiçik və orta sahibkarların iqtisadiyyatda rolunun və əhəmiyyətinin artırılması, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, bu sahə üzrə dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Sahibkarlığın maliyyə resursları ilə təmin olunması əsas mexanizmlərdəndir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərdiyi dövrdə investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb. Güzəştli kreditlərin 72%-i aqrar sektorun, 28%-i sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75%-i regionların, 25%-i Bakı qəsəbələrinin payına düşür. 2018-ci ildə geri qaytarılan vəsaitlər hesabına sahibkarlara minimum 170 milyon manat güzəştli kreditin verilməsi təmin ediləcək. Artıq sahibkarlıq subyektlərinə 113,1 milyon manat güzəştli kredit verilib.

Dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb.

Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyevin iqtisadi siyasəti şəffaf biznes mühiti formalaşdırıb. Bəli, sahibkarlar sinfinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Bu da sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, orada sahibkarlara, sahibkarlar sinfinə dövlət tərəfindən qayğı var, diqqət var. Bu gün bu qayğını bütün sahibkarlar hiss edirlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcəkdə də Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək, sağlam rəqabət təmin olunacaq. Azad sahibkarlığın inkişafı, onların maneələrlə üzləşməmələri üçün dövlətimiz üzərinə düşən məsələləri həll edir. Eyni zamanda, sahibkarlar buna adekvat olaraq özəl sektorda üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video