07 Dekabr 2018 12:30
1295
PARLAMENT
A- A+

Milli Məclisin növbəti plenar iclası keçirilib


Dekabrın 7-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasın gündəliyinə 21 məsələ daxildir. Dekabrın 7-də Azərbaycanın ilk parlamentinin ilk iclasının keçirilməsindən 100 il ötdüyünü deyən Milli Məclisin sədri bu münasibətlə deputatları təbrik edib.

Əvvəlcə cari məsələlər müzakirə olunub.
Sonra gündəlikdəki məsələlərə baxılıb.

İlk olaraq Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci səsverməyə təqdim edib. Bildirilib ki, Qanuna "Ələt azad iqtisadi zonası haqqında” Qanunla müəyyən edilmiş hallarda zona ərazisində bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir.” məzmunlu yeni 5.4-cü maddə əlavə edilir. Sənəd səsvermə yolu ilə təsdiqlənib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış "Aviasiya haqqında”, "Dövlət borcu haqqında”, "İnzibati icraat haqqında” qanunlarda, eləcə də Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrində təklif olunan dəyişikliklərə dair məsələləri şərh edib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Psixoloji yardım haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, layihə Milli Məclis rəhbərliyinin tapşırığı və Səhiyyə komitəsinin təşəbbüsü ilə yaradılan işçi qrupu tərəfindən hazırlanıb. Ölkədə psixologiya sahəsinin tanınmış mütəxəssisləri iş prosesində yaxından iştirak ediblər. Dünya ölkələrinin bu sahədə təcrübəsi öyrənilib. Sənədə parlamentin plenar iclasında birinci və ikinci oxunuşda baxılıb və təqdim olunan bir sıra təkliflər nəzərə alınıb. Diqqətə çatdırılıb ki, sənəd Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər psixoloji yardım sahəsində ölkə vətəndaşları ilə bərabər hüquqlara malikdirlər. Qanunda psixoloji profilaktika və maarifləndirmə, psixoloji məsləhət, psixoloji dəstək, psixoloji diaqnostika, psixoterapiya, psixoloji reabilitasiya və psixoloji korreksiya, psixoloji ekspertiza, psixoloji treninq, psixoloji yardımın növləri olaraq təsbit olunur. Dövlət vətəndaşların vaxtında, keyfiyyətli psixoloji yardım almaq hüququna təminat verir. Psixoloji yardımın göstərilməsi könüllülük, konfidensiallıq, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Şəxsin psixoloji vəziyyəti və ona göstərilən psixoloji yardım haqqında məlumatlardan sərbəst istifadə hüququ onun özünə və qanunla nəzərdə tutulmuş hallarda buna icazə verilən şəxslərə məxsusdur. Sənəd səsə qoyularaq təsdiqlənib.

Sonra hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Sənəd səsvermə yolu ilə təsdiq olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı "Uşaq hüquqları haqqında” və "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası 2017-ci il 14 aprel tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov "Sahibkarlıq fəaliyyəti haqqında” və "Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat verərək bildirib ki, bu sənədlər Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olub. Qeyd edilib ki, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” ölkə Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilib. Həmin Fərmanla Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi və Fondun vəsaitindən istifadə qaydası təsdiq edilib. Diqqətə çatdırılıb ki, hər iki qanun layihəsində edilən dəyişikliklər adıçəkilən Fərmana uyğun olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusunda olan Sahibkarlığın İnkişafı Fondunun yaradılması ilə bağlıdır və sənədlərdə "Sahibkarlığa Kömək Milli Fondu” sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının” sözləri ilə əvəz edilir. Sənədlər səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumatında vurğulayıb ki, sənədin 6, 21, 27 və 59-cu maddələrində dəyişiklik edilməsi zərurəti Azərbaycan Prezidentinin "Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 2 aprel tarixli Fərmanının icrası məqsədilə hazırlanıb. Milli Məclisin deputatları həmin dəyişiklikləri razılıqla qarşılayıblar.

İclasda "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənəd ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edərkən bildirib ki, təklif edilən dəyişikliyin məqsədi məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyin elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilməsindən ibarətdir. Sənəd səsə qoyularaq təsdiq olunub.

Sonra Əli Hüseynli Mənzil və İnzibati Xətalar Məcəllələrində dəyişiklik edilməsi haqqında sənədləri ikinci oxunuşda şərh edib. O, vurğulayıb ki, hər iki sənəddə edilən dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi, terminlərin dəqiqləşdirilməsi, çoxmənzilli binaların, tikintisi və ya yenidən qurulması tam başa çatmış kooperativ binanın idarə olunması ilə bağlı mexanizmləri təkmilləşdirmək məqsədi ilə hazırlanıb. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Əli Hüseynli "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Deputatlar qanunvericiliyin uyğunlaşdırılması məqsədilə sənədin 12 və 14-cü maddəsinə təklif oluna dəyişikliyə də razılıq verdilər. Sənəd ikinci oxunuşda qəbul edilib.

Komitə sədri Əli Hüseynli Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı məlumatında deyib ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Belə ki, növbədənkənar Prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi tarixdə bitir. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurəti yaranıb. Milli Məclisin deputatlar Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini ikinci oxunuşda məqbul sayıblar.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Məcəllənin dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəsinə bir sıra əlavələr nəzərdə tutulub. Əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Qeyd olunan xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məcəllənin 452-ci maddəsinə təklif olunan əlavələrdə isə göstərilir ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bu xəta təkrar törədildikdə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

Sənəd ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif olunan dəyişiklər "Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 23 fevral tarixli Qanunun icrası məqsədilə hazırlanıb. Belə ki, Azərbaycanın tərəfdar çıxdığı "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə əsasən ölkəmizdə beynəlxalq daşımaları həyata keçirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkili və bu məqsədlə rəqəmsal taxoqrafların tətbiqi nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

İclasın sonunda Ziyad Səmədzadə "Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə sənədi də ikinci oxunuşda təqdim edib. Qeyd olunub ki, son illərdə ölkənin maliyyə və bank sektorunda baş verən proseslər sığorta sektoruna da təsirsiz ötüşməyib, nəticədə 2 sığorta şirkətinin müflis olmasına, 4 sığorta şirkətinin könüllü olaraq bağlanmasına, bəzi sığorta şirkətlərinin isə maliyyə dayanıqlığı riski ilə üzləşməsinə səbəb olub. Sığorta münasibətlərini tənzimləyən mövcud qanunvericilikdə sığorta və təkrarsığorta şirkətlərinin məcburi və könüllü ləğvetmə prosesinin əhatə olunmasına baxmayaraq, onların sağlamlaşdırılması ilə bağlı müddəa mövcud deyil. Komitə sədri sənədə təklif olunan dəyişikliklərin kapital tələblərinə cavab verməyən sığorta və təkrarsığorta şirkətlərinə vaxtında müdaxilə edilməsi, həmin şirkətlərin iflasdan xilas edilməsi və iflasa getdiyi təqdirdə istehlakçıların hüquqlarının qorunması məqsədi ilə şirkətin vəsaitlərinin qorunması üçün hüquqi əsas yaradır.

Sənəd səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası öz işini başa çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video