07 Dekabr 2018 01:58
1504
İQTİSADİYYAT
A- A+

250 milyard dollar sərmayə, 45 milyard dollar valyuta ehtiyatı


İLHAM ƏLİYEVİN yeni inkişaf strategiyası ilə Azərbaycan regionun investisiya mərkəzinə çevrilməkdədir


"Dünyada neftin qiymətinin artıb-azalmasından asılı olmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı tərəqqisi üçün qeyri-neft sektorunun inkişafı bizim uğurla həll etdiyimiz əsas vəzifəmizdir. Buna görə də biznesə yaxşı şəraitin yaradılması məqsədilə infrastruktur layihələrinin inkişafı üçün çox iş görülür. Biznesin həvəsləndirilməsi, sahibkarlara köməklə bağlı xeyli layihələr var. Bütövlükdə investisiya, biznes mühiti Azərbaycanda yaxşılaşır. Dünya Bankının son məlumatlarına, "Doing business” hesabatına görə, Azərbaycan 25-ci yerdədir. Biz bir il ərzində 32 pillə irəliləmişik və bu gün biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındayıq”.

Bu fikirləri Prezident İlham Əliyev dekabrın 4-də XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - "Bakutel-2018” ilə tanış olarkən Rusiyanın "Rossiya-24” televiziya kanalına verdiyi müsahibədə söyləyib.


Regionda ən güclü iqtisadi potensiala malik olan ölkə


Son illərdə ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır. Dünya artıq müstəqil Azərbaycanı ciddi beynəlxalq layihələr həyata keçirən, islahatlar aparan, regional əməkdaşlığa və qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən qüdrətli dövlət olaraq qəbul edir.

Cənab İlham Əliyevin söylədiyi kimi, son 15 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçən Azərbaycanın valyuta ehtiyatlarının 28 dəfə çoxalaraq 45 milyard dollara yüksəlməsi, iqtisadiyyata 250 milyard dollar investisiyanın yatırılması bunu təsdiq edən ən vacib faktlardır. İnkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşması Azərbaycanın regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrildiyini sübut edir.


Azərbaycana sərmayə qoyan dövlətlərin sayı artır


Son illərdə dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir.

Dövlət başçısının tapşırıqlarına əsasən investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Məlumdur ki, investorlar ancaq sabit olan ölkələrə sərmayə qoymaqda maraqlıdırlar.

Azərbaycana ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti dünyanın 20 ən böyük ölkəsindən gəlir. Onların arasında İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələr var. Türkiyə şirkətləri Azərbaycan bazarında daha fəaldırlar.


Xarici investorların hüquqlarının müdafiəsinə təminat verilir


Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən "açıq qapı” siyasəti həyata keçirilir. Hazırda hökumət ölkədə iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər həyata keçirir.

Azərbaycan 51 ölkə ilə ikiqat vergitutma sahəsində sazişlər, 47 ölkə ilə ikitərəfli investisiya müqavilələri imzalayıb. Müxtəlif ölkələrlə ikitərəfli və çoxtərəfli "Vergi qanunvericiliyinə əməl olunması üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında”, "Vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlıq haqqında” və "Əməkdaşlıq haqqında” sazişlər bağlanıb.

Azərbaycan ərazisində xarici investisiya qoyuluşunun qorunması məqsədilə "Xarici investisiyanın qorunması haqqında” qanunu qəbul olunub. Qanun ölkə iqtisadiyyatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan səmərəli istifadə edilməsinə yönəlib və xarici investorların hüquqlarının müdafiəsinə təminat verir.


Əsas kapitala investisiya qoyuluşu - 17,9 milyard manat


Dövlət başçısının dediyi kimi, Azərbaycan biznes sahəsində dünyanın aparıcı ölkələri sırasındadır və Dünya Bankının "Doing Business” hesabatında ölkəmizin dünya miqyasında biznes mühitinə görə 25-ci yerdə qərarlaşması bunu təsdiq edən real faktdır. Əlbəttə ki, belə bir böyük irəliləyiş uğurlu islahatların məntiqi nəticəsidir.

Qeyd edək ki, ötən il Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar həcmində investisiya yatırılıb və bu da ölkəmizin həm yerli, həm də xarici investorlar üçün cəlbedici məkan olduğunun göstəricisidir.

İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti 3 il üzrə ortamüddətli dövr üçün ölkəmizin sosial-iqtisadi göstəriciləri hazırlanıb. Əsas kapitala investisiya qoyuluşu 17,9 milyard manat, daxili sərmayələrin tutumunun 4 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.


Gələn il üçün dövlət investisiyaları


Onu da vurğulayaq ki, ölkəmizdə 2019-cu il üçün dövlət investisiya proqramının əsas istiqamətləri və layihələrə ayrılması nəzərdə tutulan vəsaitlər də məlumdur. Bu, Azərbaycanın 2019-cu il üçün büdcə zərfində öz əksini tapıb.

Büdcə zərfində 2019-cu il üçün dövlət investisiya proqramı 6 milyard 825 milyon 300 min manat həcmində qiymətləndirilir. Bu vəsaitin 5 milyard 129 milyon 600 min manatı əsaslı vəsait qoyuluşu hesabına, qalanı isə xarici kreditlər hesabına cəlb ediləcək. Dövlət investisiya proqramına əsasən gələn il infrastruktur layihələrinə 4 milyard 960 milyon 674,6 min manat yönəldiləcək.

Dövlət büdcəsində investisiyaların həcmi ilə bağlı nəzərdə tutulan artım və builki göstəricilər onu deməyə əsas verir ki, 2019-cu ildə də dayanıqlı və tarazlı inkişafın təmin olunmasında iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq.


İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan


Azərbaycan hazırda regional lider, bir sıra qlobal məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət ("Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) "Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir.

Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.

Cənab İlham Əliyevin söylədiyi kimi, bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan həm də regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir.

Azərbaycan Cənubi Qafqazın iqtisadi mərkəzidir. Cənubi Qafqazda ÜDM istehsalının 70 faizdən çoxu Azərbaycanın payına düşür. Azərbaycanı xarici investisiyalar üçün cəlbedici edən xüsusiyyətlər ölkənin tranzit potensialı, reallaşdırılan regional layihələr, əlverişli biznes mühiti və sairdir.

İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli yüksəlişi istiqamətində həyata keçirilən çoxşaxəli islahatlar, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər sayəsində əldə edilən uğurlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı 2019-cu ildə də öz inkişaf dinamikasını qoruyub saxlayacaq və iqtisadi artımın müsbət meyilləri davam edəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video