Alternative content

11:46 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir
ANA SƏHİFƏ / SİYASƏT
01:54 07.12.2018


"Qlobal terrorizm indeksi” buna dəlalət edir


Azərbaycan İqtisadiyyat və Sülh İnstitutunun bu günlərdə açıqladığı yeni "Qlobal terrorizm indeksi” məruzəsində reytinqini üç pillə yaxşılaşdıraraq 98-ci yeri tutmuşdur. Beləliklə, ölkəmiz bu göstəriciyə görə Cənubi Qafqazda liderdir. Gürcüstan siyahıda 89-cu, Ermənistan isə 83-cü yeri tutur.

Qeyd edək ki, "Qlobal terrorizm indeksi” Avstraliyanın Sidney Universitetinin İqtisadiyyat və Sülh İnstitutunun himayəsi altında beynəlxalq ekspert qrupu tərəfindən hər il hazırlanan kompleks tədqiqatdır. Tədqiqatın müəllifləri bu və ya digər ölkədə terrorizm fəallığını dörd əsas göstərici - terror aktlarının sayı, ölənlərin sayı, zərərçəkənlərin sayı və maddi ziyanın səviyyəsi ilə dəyərləndirirlər. Bundan başqa, indeks hazırlanarkən terrorizm fəallığı ilə bilavasitə bağlı ola bilən bir sıra digər amillər təhlil edilir.

Sahibkar və xeyriyyəçi Stiv Killeleanın 2007-ci ildə təsis etdiyi İqtisadiyyat və Sülh İnstitutu dünyada ən nüfuzlu 15 analitik mərkəzdən biridir. İnstitutun apardığı tədqiqatların nəticələrindən hökumətlər, elmi müəssisələr, analitik mərkəzlər, qeyri-hökumət qurumları, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, BMT kimi beynəlxalq təşkilatlar istifadə edir. Mərkəz hər il "Qlobal terrorizm indeksi” ilə yanaşı, "Qlobal sülhsevərlik indeksi” və digər məruzələr hazırlayır.

"Qlobal terrorizm indeksi”ni müşayiət edən reytinqdə ilk yerləri terrorçuluq fəaliyyətinin və terrorizm təhlükəsinin daha yüksək olduğu ölkələr, sonuncu yerləri isə ən təhlükəsiz ölkələr tutur. Azərbaycanın 138 yerlik siyahıda 98-ci pillədə qərarlaşması göstərir ki, ölkədə terrorizm təhlükəsi praktiki olaraq yoxdur.

Reytinqin dünya "lider”ləri üçlüyünə İraq, Əfqanıstan və Nigeriya daxildir. Rusiya 34-cü, ABŞ 20-ci, Almaniya 39-cu, Fransa 30-cu yerdədir.

Ukrayna siyahıda 21-ci, Tacikistan 74-cü, Qazaxıstan 75-ci, Qırğızıstan 80-ci, Moldova 116-cı, Özbəkistan 132-ci, Türkmənistan və Belarus 138-ci pillədədir.

Məruzənin müəllifləri qeyd edirlər ki, dünyada terror aktları nəticəsində ölənlərin sayı üç ildir dalbadal azalır. Ötən il terrorizm qurbanlarının sayı 2014-cü ildə qeydə alınmış ən yüksək göstərici ilə müqayisədə 44 faiz azalaraq 18,8 min nəfər olmuşdur. Terrorizm fəallığının aşağı düşməsinin əsas səbəblərindən biri kimi İraq və Suriyada İŞİD terrorçu qruplaşmasının get-gedə zəifləməsi göstərilir. Son üç il ərzində Suriyada terrorçuların öldürdükləri adamların sayı, demək olar ki, iki dəfə azalmışdır: 2017-ci ildə bu ölkədə 1,1 min nəfər terror aktlarının qurbanı olmuş, halbuki həmin rəqəm 2016-cı ildə 2,1 min nəfər, 2015-ci ildə 2,7 min nəfər idi. 2017-ci ildə İraqda təxminən 4,5 min nəfər öldürülmüşdür, halbuki bir il əvvəl ölkədə terrorçuların öldürdüyü adamların sayı 9,8 min nəfərə çatmışdır.

"Qlobal terrorizm indeksi”nin müəllifləri nəzərə çarpdırırlar ki, 2017-ci ildə terrorizm fəallığının zəifləməsi müşahidə edilsə də, İŞİD ən fəal terrorçu qruplaşma olaraq qalmışdır. Onun ardınca çoxsaylı hücumlar həyata keçirmiş "Cəbhə ən-Nüsrə” gəlir.

İqtisadiyyat və Sülh İnstitutunun təsisçisi Stiv Killeleanın fikrincə, terrorizmin siması dəyişkəndir. Belə ki, bir terrorçu qruplaşma yoxa çıxır, başqa birisi peyda olur. İnstitutun hesablamalarına görə, 2017-ci ildə dünyada 169 qruplaşma insan tələfatı ilə nəticələnən terror aktları törətmişdir. Onların 42-si ya yeni təşkilatlardır, ya da son üç ildə adam öldürməmiş qruplaşmalardır.

Məruzədə qeyd olunur ki, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlmişdir. Bu isə bir il əvvəl dəymiş ziyandan 42 faiz azdır. İnsan tələfatı ilə nəticələnmiş terror aktları dünyanın 67 ölkəsində törədilmişdir. ABŞ və Qərbi Avropada sağçı radikalların həyata keçirdikləri terror aktlarının sayının artdığı diqqəti cəlb edir. Orada 2013-2017-ci illərdə ifrat sağçıların təşkil etdikləri hücumların sayı 127-yə çatmış, 66 nəfər həlak olmuşdur. 2017-ci ildə isə 17 nəfər ifrat sağçıların qurbanı olmuşdur.

Bununla belə, dünyada terrorizm fəallığının nəzərəçarpan dərəcədə aşağı düşməsi bu bəlanın tezliklə yoxa çıxacağı mənasına gəlmir. Yuxarıda qeyd olunduğu kimi, terrorizmin siması tez-tez dəyişir, insan qanı tökməkdə "məşhurlaşmış” qruplaşmalar adlarını dəyişdirməklə yenidən bədnam fəaliyyətini davam etdirir. Yaxud bir terrorçu təşkilatın şinelindən yeni radikal qruplar çıxır. Məsələn, İŞİD və "Cəbhə ən-Nüsrə”nin "əl-Qaidə”dən törəməsi heç kimə sirr deyil.

Digər tərəfdən, dünyanın güc mərkəzlərinin terrorizmə birmənalı yanaşmaması bu bəla ilə mübarizəni çətinləşdirir. İkili standartlar göz qabağındadır. Hələ də "dost” və "yad” terrorçular var. Məsələn, PKK terrorçu təşkilatının Suriya filialı olması heç bir şübhə doğurmayan YPG-ni Qərb dövlətləri terrorçu qruplaşma kimi tanımaqdan boyun qaçırır. Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərərək 251 nəfərin ölümünə, yüzlərlə adamın yaralanmasına səbəb olmuş FETÖ qruplaşmasını nəinki terrorçu təşkilat kimi tanımaqdan imtina edir, hətta bu qruplaşmanın fəallarına qucaq açır, onların hüquqlarının müdafiəsini ön plana çıxarırlar. Bu hələ azmış kimi, supergüclər dünyanın ayrı-ayrı regionlarında separatçı-terrorçu qurumları, eləcə də açıq-aşkar terrorizm siyasəti yürüdən dövlətləri dəstəkləyir, onların ayaqda qalması və beləliklə, yeni-yeni faciələr törətməsi üçün pul kisəsinin ağzını axıracan açır.

Bütün bunlara baxmayaraq, erməni terrorizmindən hələ də əziyyət çəkən Azərbaycan Respublikasının terrorçuluq fəaliyyətinə münasibəti birmənalıdır. Dövlətimiz terrorizmin hər hansı təzahürünü rədd edir və onunla barışmaz mübarizəni davam etdirir.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM