Alternative content

14:51 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
03:47 23.01.2019 Acı həqiqətlər
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu yolun sonunda yalnız ümid var
Bu yolun sonunda yalnız ümid var
ANA SƏHİFƏ / SİYASƏT
01:42 07.12.2018


7 dekabr 1918-ci il... Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətə başladığı gün... Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakının Nikolayev küçəsində yerləşən Qızlar Məktəbinin binasında (indiki AMEA Əlyazmalar İnstitutu) keçirilən açılış mərasimi "günorta saat 1.25 dəqiqədə Şurayi-Milli rəisi Məhəmməd Əmin Rəsulzadə əfəndinin nitq iftitahilə açılır”. Parlamentin stenoqrafçıları daha sonra ilk natiqin ümid və səadətlə dilə gətirdiyi bu sözləri kağıza köçürürlər: "Möhtərəm məbuslar! Azərbaycan Cümhuriyyətinin ilk Məclisi-Məbusanını açmaq yomi-səadəti, siz möhtərəm məbusları təbrik etmək şərəfinin öhdəmə düşməsilə müftəxirəm”.

Azərbaycan Parlamentinin açılmasına mane olmaq üçün Bakıda fəaliyyət göstərən rus və erməni milli şuraları həmin ərəfədə təşrif gətirmiş müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə səy göstərmişdilər. Tomsonla aparılan danışıqlarla bağlı və qəzalardan bütün deputatların Bakıya gələ bilməməsini nəzərə alaraq parlamentin ilk iclası dekabrın 3-dən 7-nə keçirilmişdi.


"Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir”


O tarixi iclasın iştirakçıları haqqında Azərbaycan Milli Şurasının sədri məlumat verirdi: "Bu gün əqəliyyət təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri dəvət olunmaq üzrə iştə bu Məclis təşkil etmişdir. Bu Məclis ümumi seçki üsulu ilə toplanaraq Azərbaycan Məclisi-Müəssisanı toplanıncaya qədər məmləkətimizin sahibi olacaq. Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndələri olduğundan bu Məclis vətənimizi tamamilə təmsil edə bilər”.

Uzun illər bezar olduqları çarizm Rusiyasından, Rusiya istibdadından qurtuluşun fərəhi ilə danışan natiq: "... Hər bir millət müstəqil və hürr olmalı, hürr olduqdan sonra digər millətlər ilə ürəyi istədiyi kimi əqdi-ittifaq etməlidir, - deyir: - Biz Rusiyanın səadətini istəriz, Rusiya camaatını sevəriz, fəqət, kəndi istiqlalımızı da əziz tutarız (Alqışlar). Cəbr ilə qəbul etdirilən bir şeydə səadət olmaz. Çünki səadət və hürriyyət istiqlaldır (Alqışlar). İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üçboyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhrarınəsini təmsil edən bu üçboyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir. Bir dəfə qaldırılmış bayraq bir daha enməyəcəkdir (Məbuslar yerlərindən qalxır, şiddətli alqışlar uzun müddət dəvam edir)”.

Ziddiyyətli, təlatümlü ictimai-siyasi hadisələrin bir-birini əvəz etdiyi günlərdə Azərbaycana müstəqillik işığı bəxş edənlər o möhtəşəm zəfəri qoruyub saxlamağın çətin və məsuliyyətli olduğunu bilirdilər. Elə buna görə Məhəmməd Əmin Rəsulzadə vətənsevərləri gözlənilən təhlükələrə qarşı ayıq-sayıq olmağa çağırırdı: "Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və arizəlidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və sər mənzil məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi vətən və millət qayəsi qarşısında səqit qalan qərəzlər atılmalı, vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.

Sürəkli alqışlarla məclis coşur.

Məhəmməd Əmin təklif edir ki, parlamentə sədr və sədr müavini seçilsin. Namizədlərin müzakirəsinə başlanılır:

"Şəfi bəy - "Müsavat” və bitərəflər namından rəisliyə Əlimərdan bəy Topçubaşov, birinci müavinliyə doktor Həsən bəy Ağayevin namizədliyini təklif edirəm.

Sədr - Başqa namizəd təklif edən və bu barədə söz söyləyən yoxmu? Yoxsa, Əlimərdan bəy ilə Həsən bəyin namizədlikləri qəbul olunacaq.

Əhməd Cövdət - Müsəlman Sosialistlər İttifaqı tərəfindən "Müsavat”ın göstərdiyi bu namizədlərə etiraz yoxdur.

Heybətqulu Məmmədbəyov - "İttihad” firqəsi tərəfindən Əlimərdan bəy Topçubaşovun namizədliyinə etiraz yoxdur, fəqət Həsən bəyin göstərildiyinə rəy verməyəcəyik.

Şeyxislamov - Sosialist "Hümmət” firqəsi tərəfindən "Müsavat”ın namizədlərinə etiraz yoxdur.

Sədr - Şu sürətlə məsələni səsə qoymalıdır. Hər kəs bu namizədliyə razıdır, əlini qaldırsın (İttihadi-ara ilə Əlimərdan bəy sədrliyə seçilir)”.


Sevgili Azərbaycanın səadəti naminə


Əlimərdan bəy Azərbaycanda olmadığı üçün iclasda iştirak etmir. Söz sədr müavini Həsən bəy Ağayevə verilir. Həsən bəy ona etimad göstərdiklərinə, belə uca mənsəbə layiq bildiklərinə görə parlament üzvlərinə təşəkkür edir: "Rəis cənabları gələnə kimi onun ağır vəzifəsinin ifası öhdəmə buraxıldı. Bu ağır vəzifəni ifa edə biləcəkmiyəm, yoxmu, bunu deməyə cəsarət edəmirəm. Zira vəzifə xeyli məsuliyyətli və ağırdır. Burası hamınıza məlumdur. Fəqət hamının məqsədi sevgili Azərbaycanın səadəti, buraya toplanmamızdan murad əziz vətənimizi sahili-nicata çıxarmaq olduğundan ümidvaram acizləriniz sizinlə bərabər məqsədə nail və sizin müavinətiniz ilə vəzifəmi hüsnü-ifayə müvəffəq olacağam”.

Həsən bəy Ağayev parlamentin açılması münasibətilə Azərbaycanın müxtəlif yerlərindən gələn çoxlu təbrik teleqramlarından bir qismini oxuyur.

Parlamentdə söz alan Fətəli xan Xoyski ölkəsinin müstəqillik qürurunu belə dilə gətirir: "Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə özümüzü də sizinlə bərabər təbrik edirəm”.


Millətin hüququ, istiqlalı, hürriyyəti!


Fətəli xan hökumətin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər barədə geniş hesabat verir: "Bir vaxt idi ki, bir kənddən o biri kəndə getmək qorxulu idi, gecə yatanda sabaha çıxmaq ümidi yox idi. Heç kəsin irz və namusu əmniyyətdə deyil idi. Dəmir yollarında rus qoşunları qayıdarkən nə hallar oldu. Başımıza nə fəlakətlər gəldi, dəmir yolları təmamilə yatmışdı. Poçta, teleqraf yox idi, bir kağız yollamaq mümkün deyil idi. O vaxt idi ki, maliyyatdan hökumət əlində heç bir şey yox idi. Hökumətə lazım olan idarələrin hamısı başdan-başa dağılmış idi, xidmətçilər qaçmışdılar”. Belə qarışıq vaxtlarda cümhuriyyət hökuməti ilk növbədə erməni daşnaklarının terror hücumlarına son qoymalı idi. Fətəli xan bildirir ki, hələ milli ordusunu qurmamış Azərbaycan Xalq Cümhuriyyəti rəhbərləri həmdinimiz, həmvətənimiz Türkiyəyə müraciət etməli olublar: "Bu altı ay müddətindəki hökumət idarə eyləmişdir. Siz görürsünüz ki, çox şeylər tazə təşkil olubdur. Daxildə hərci-mərcdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi, Allaha şükür olsun ki, Azərbaycanın hər yerlərində lazımi qədər olmasa da, xalqın malını, canını müdafiə edəcək təşkilatımız var. Bu xüsusda çox sözlər ola bilər. Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgəri və xəzinəsi olan hökumətmi? Yaxud iki gündə təşkil olunmuş pulsuz və əsgərsiz hökumətmi? Əgər burasını nəzərə alsanız, görərsiniz ki, nə qədər zəhmət lazım idi”.

Gördükləri bu qədər işi öhdələrinə düşən vəzifənin bir zərrəsi hesab edən Fətəli xan məclis üzvləri qarşısında hesabatını davam etdirir: "Xarici işlər, bilirsiniz ki, nə halda idi. Zülmət zamanı qayalıq içində nazik taxta bir qayığa bənzər idi ki, hər dəqiqə qayalara toxunub dağılmaq təhlükəsi var idi. Fikir etsəniz görərsiniz ki, böylə idi. Mən tərif etmirəm. İştə bizim vəzifəmiz bu idi ki, qayığı qayalar arasından keçirə idik”.

Hökumət rəhbəri ürəkaçan xəbərlər də verir: "Şimdi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır. Bundan əlavə, hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təcdid etdi. İndi, Allaha şükürlər, hər yerdə olmaz isə də, bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər. Qüvvəmiz qədər vəzifəmizi ifa etdik. Hələ çox şey edə bilməmişik, amma bunu sürətlə deyə bilərəm ki, hökumətin nöqsanları ilə bərabər yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: MİLLƏTİN HÜQUQU, İSTİQLALI, HÜRRİYYƏTİ!

Fəaliyyətimizdə xətalar işləmişiksə də, həmişə fikrimiz bu olmuşdur. Hökumət çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş edirik ki, nöqsanlarımızı bizə göstərəsiniz, tənqidə ixtiyarınız var və tənqid xeyirli şeydir. Parlamentin əsas vəzifəsi də yol göstərməkdir”.

Fətəli xan öz hökumətinin istefasını qəbul etməyi yeni yaranmış parlamentdən xahiş edir. İstefa qəbul olunur. Sonra Məhəmməd Əmin hökumətin iş başında qalmasını təklif edir. Və təklif qəbul edilir.

Digər məsələlər müzakirəyə çıxarılır. Son təklifi Məhəmməd Əmin Rəsulzadə söyləyir: "Məclisi bitirmədən ikinci Məclis vaxtı təyin edilsin.

Sədr - Gələn iclasın vaxtını müəyyən ediniz.

Məmməd Əmin - O birisi gün saat 12-də.

Sədr - Etiraz yox isə, iclas düşənbə günü, dekabrın 10-da saat 12-də təyin edilir.

İlk iclasda stenoqramçı son qeydini edir (İclas saat 5-in yarısında qapanır).

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tarixi iclası başa çatır. Parlament üzvləri onları gözləyən böyük işlərin qayğıları içərisində salonu tərk edirlər. Qarşıdan çətin günlər gəlir. Ancaq hələ ki bu yolun sonunda yalnız ümid var.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM