07 Dekabr 2018 01:34
398
CƏMİYYƏT
A- A+

İnstitutun ikinci kursunda oxuyurdu...


Dörd qız, iki oğulun boya-başa çatdığı ailədə Mehman sonbeşik idi. Əsədulla kişi heç vaxt balalarını korluq çəkməyə qoymazdı. Çalışıb-vuruşar, halal zəhməti, alın təri ilə ailəsinin firavan həyatını, xoş güzəranını təmin edərdi. Sovet hakimiyyəti dövründə rus dilinə böyük maraq vardı. Əsədulla kişi də sonbeşiyi Mehmanı Bərdə şəhərindəki 2 saylı rusdilli orta məktəbə qoydu. Körpəlikdən diribaşlığı ilə fərqlənən Mehman orta məktəbi müvəffəq qiymətlərlə bitirdi.

Rus dilini öyrənməsi Mehmanın sovet ordusu sıralarında nümunəvi xidmətinə də əhəmiyyətli təsir göstərdi. Əsgərliyi başa vurub doğma ailəsinə dönən Mehman vaxt itirmədən elə birinci fürsətdə imtahan verib Xarkov İnşaat Mühəndisləri İnstitutuna qəbul olundu. Bu, o vaxtlar idi ki, Qarabağ hadisələri qızışır, münaqişə ocağı alovlanmağa başlayırdı. Mehman ikinci kursa keçmişdi. İnstitutun sayılıb-seçilən fəal tələbələrindən birinə çevrilmişdi. Demək olar ki, hər gün ailəsi ilə əlaqə saxlayır, Qarabağ hadisələri ilə bağlı məlumatlar alırdı. Böyük qardaşı Mehdini sorğu-suala tutur, aldığı cavablardan sarsılırdı. Nəhayət, vətənə dönməyə qərar verən Mehman təhsilini yarımçıq qoyub Qarabağ savaşına atılmaq, vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün Azərbaycana qayıtdı, ertəsi gün doğmaları ilə görüşüb cəbhəyə yollandı. Hərbi xidmət keçmiş Mehman təcrübəsi, bacarığı sayəsində komandirlərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirir, döyüşdən-döyüşə daha da mətinləşirdi. Qarlı-şaxtalı bir qış günündə Kəlbəcərin Murovdağ ərazisində gedən ağır döyüşlərdə Mehman döyüşçü yoldaşları ilə birlikdə mühasirəyə düşdü. Həlak olmağı əsir düşməkdən üstün tutan Mehman son gülləsi qalanadək döyüşüb, qəhrəman kimi şəhid oldu...

Bu günlərdə Mehmanın doğulub boya-başa çatdığı ailənin qonağı olduq. Yaşı doxsanı haqlamış Əsədulla dayı ilə çay süfrəsi arxasında əyləşib xeyli söhbət etdik. Çöhrəsindən nur yağan Əsədulla dayının həyata baxışı, dünyagörüşü xoş duyğular oyadır, könül rahatlığı yaradır:

- Şəhid atasıyam deyə indiyədək bir qapını döymədim, kimsəni narahat etmədim. Vətən dardadısa, şəhid olmaq hər kəsin borcudur. Vətən yolunda şəhid olmağa, yaxud yaralanmağa görə kiməsə minnət qoymağı doğru saymıram. Bu həqiqətdir ki, dövlətimizin qayğısını hər zaman hiss edirik. Prezidentin fərmanı ilə şəhid ailələri üçün ayrılmış 11 min manatı almışıq. Bu, xeyli vəsaitdi. Buna görə dövlət başçısına təşəkkür edirəm.

Mehman yaşasaydı, indi 47 yaşı olardı. O, xatirələrdə gülərüz, mehriban, gənc bir oğlan kimi qalıb. Evi bəzəyən şəkillərdən boylanan Mehman həmişə bizimlədir.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video