Alternative content

14:52 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
03:47 23.01.2019 Acı həqiqətlər
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ekoloji siyasət Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir
Ekoloji siyasət Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir
ANA SƏHİFƏ / SİYASƏT
01:33 07.12.2018


"Ekologiya ili” başa çatdıqda demişdim ki, hesab edin "Ekologiya ili” bu gün də davam edir, sabah da davam edəcək, hər il bizdə "Ekologiya ili” olmalıdır. Çünki bu həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir.

Yəni bu proses davam etdirilir və bu prosesin müsbət nəticələri vardır.

İlham ƏLİYEV


1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-De-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda bildirildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll edilməsindən asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən, bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş "Dayanıqlı inkişaf” konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön plana çəkilmişdir.

Rio konfransının davamı kimi 2002-ci ildə Yohannesburq şəhərində keçirilmiş dünya sammitində dayanıqlı inkişaf prinsipləri bir daha təsdiqlənərək onların reallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xüsusi vurğulanmışdır.

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır.

Ətraf mühitin müdafiəsi Azərbaycan Respublikasının da dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq dövlət proqramları qəbul olunur və icra edilir.

Azərbaycan Respublikasının Konstitusiyasında təbii ehtiyatlardan səmərəli istifadə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq və ətraf mühiti qorumaq hüquqları öz əksini tapıb.

Bununla yanaşı, "Ekoloji təhlükəsizlik haqqında”, "Ətraf mühitin müdafiəsi haqqında”, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin 2001-ci il 23 may tarixli sərəncamına əsasən, ölkəmizdə ekoloji siyasəti həyata keçirən vahid dövlət idarəetmə strukturunun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bu sahəyə göstərilən dövlət qayğısının ifadəsidir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olub. Həmin illər ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun və Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı olub. Həmin illərdə Heydər Əliyev Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində məqsədyönlü siyasət yürüdürdü. İri su hövzələrinin yaradılması, torpaqların şoranlaşmadan təmizlənməsi üçün drenaj sistemlərin tikilməsi, geniş meşə zolaqlarının salınması, ölkəmizin flora-faunasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə respublikada Şirvan, İsmayıllı və s. dövlət qoruqları, yaşıllıq massivlərinin salınması, şəhər və rayonlarda nəhəng sutəmizləyici qurğuların, böyük dəryaçayların inşa edilməsi məhz ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsi idi.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan istifadə olunması istiqamətində məqsədyönlü siyasət 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən davam etdirildi.

Azərbaycan Prezidenti İlham Əliyev hər sahədə olduğu kimi ekoloji istiqamətdə də ulu öndərin dəst-xəttini davam etdirir. Prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunan "Azərbaycan 2020 - gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər planı” hazırlanmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü IDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə möhtəşəm layihələr həyata keçirilib. Leyla xanım Əliyeva "Biz hamımız planetimiz üçün məsuliyyət hiss etməliyik” deyərək ətraf mühitin mühafizəsi, planetimizin üzləşdiyi ekoloji təhlükənin aradan qaldırılmasının vacibliyini daim diqqətdə saxlayıb. IDEA Qafqaz faunasının nadir heyvan növlərindən olan qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan "Qafqazın böyük beşiyi” layihəsini həyata keçirir.

IDEA "Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et!” devizi ilə ağacəkmə aksiyası çərçivəsində Eldar şamı, kiparis, Şərq çinarı və digər ağaclar əkilib. IDEA "Eko Ev” adlı layihəsi çərçivəsində isə enerji istehsalını azaldan "tullantıları utilizasiya edən” və s. ekoloji amilləri nəzərə alan tədbirlər reallaşıb.

Məlum olduğu kimi, ətraf mühitin mühafizəsi Azərbaycan Respublikasının dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə ekoloji problemlərin həlli məqsədilə ardıcıl olaraq dövlət proqramları qəbul və icra olunur. Bunun nəticəsidir ki, ekoloji təhlükəsizliyin təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.

Ümumiyyətlə, Azərbaycan Respublikasında aparılan uğurlu daxili və xarici siyasət, həyata keçirilən islahatlar və irimiqyaslı layihələr sayəsində ictimai həyatın inkişafı və sosial-siyasi sahələrdə dinamik inkişafa nail olunub. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və tərəqqi edən ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaradıb.

Bütün bunlarla yanaşı, Azərbaycanda ətraf mühit məsələlərinə böyük əhəmiyyət verilməsi, o cümlədən irimiqyaslı ekoloji layihələrin həyata keçirilməsi ölkə vətəndaşlarına daha təmiz mühitdə yaşamağa imkan yaradır.

İqtisadiyyatın sürətli inkişafının nəticəsi olaraq gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsi imkanlarını xeyli genişləndirib. Buna görə də bir çox ölkələr maliyyə böhranına məruz qaldıqları bir dövrdə respublikamızda infrastruktur layihələrin icrası davam etdirilib və başa çatdırılıb.

Azərbaycanda davamlı inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həlli, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaradılması önə çəkilib. Buna nail olmaq üçün, ilk növbədə iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunmasının təmin olunması istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirilir. Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. "Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq üçün sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir. Ölkəmizdə "yaşıl iqtisadiyyata” keçid mərhələsində ekoloji və iqtisadi tələblərə cavab verməyən çoxlu sayda müəssisələr bağlanıb, digərləri yenidən qurularaq modernləşdirilib, yeni aztullantılı və tullantısız texnologiyalar tətbiq olunub.

Təbii ehtiyatların mənimsənilmə intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində daha əməli tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına, bu sahədə dönüşün yaranmasına gətirib çıxarıb. Bu baxımdan istehsal intensivliyi ilə müşayiət olunan və formalaşan tullantıların ətraf mühitdən təcrid edilməsi, onların utilizasiyası və idarə olunması xüsusi prinsipiallıq kəsb edir.

Bütövlükdə ölkəmizdə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaranıb, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliliyin mühafizəsi sahəsində mühüm tədbirlər həyata keçirilib.

Bu istiqamətdə bioloji müxtəlifliliyin qorunub saxlanılmasında bir çox nəzərə çarpacaq sıçrayışlar olub və bu sahə fəaliyyətin əsas istiqamətlərindən birinə çıxarılıb. Həyata keçirilən tədbirlər nəticəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılıb. Hazırda ölkədə ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu gün əsas diqqət xüsusi mühafizə olunan təbiət ərazilərinin beynəlxalq standartlara uyğun infrastrukturunun yaradılmasına yönəldilib. Qısa zaman ərzində Qafqazda ən böyük Şahdağ Milli Parkının nümunəvi infrastrukturu qurulub, Şirvan və Hirkan Milli parklarında ekoturizm şəhərcikləri yaradılıb. Vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.

Su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələri yetişdirilərək su hövzələrinə buraxılıb.

Meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçib. Son 10 il ərzində 100 min hektardan artıq sahədə meşəbərpa işləri aparılıb, yeni meşələr salınıb, 10 milyonlarla ağac əkilib.

Həm də qeyd etməliyik ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında ətraf mühitin qəsdən çirkləndirilməsi, münbit torpaqların aşınması, təbii ehtiyatlardan səmərəli istifadə, sənaye və məişət tullantılarının emal olunmadan çaylara axıdılması, ekosistemin məhv edilməsi, ərazilərin flora-faunasının talan edilməsi və səhraya çevrilməsi, genişmiqyaslı yanğınların törədilməsi və s. ətraf mühitə, bölgənin su ehtiyatlarına, Azərbaycana axan çayların su mənbələrinə ciddi problem yaradır.

Bu gün hər birimiz respublikada görülən işlərə dəstək verməli, Prezident İlham Əliyevin imzaladığı qanunlara, fərman və sərəncamlara ciddi əməl etməliyik.

Arif ƏLƏKBƏROV,

Azərbaycan Dövlət İqtisad Universiteti,

iqtisad elmləri doktoru, professor


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM