06 Dekabr 2018 12:44
310
CƏMİYYƏT
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kollegiya iclası keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya, icra intizamına əməl olunması, sosial obyektlərin tikinti və təmiri sahələrində görülən işlərin müzakirəsinə və bu sahələrdə qarşıda duran vəzifələrin müəyyən edilməsinə həsr olunmuş iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda kollegiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial sahənin inkişafı və bu istiqamətdə əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı islahatlar proqramına uyğun olaraq nazirlikdə dəyişikliklərin aparıldığını vurğulayıb. O bildirib ki, görülən işlər, eyni zamanda, sosial xidmət, tibbi-sosial ekspertiza və reabilitasiya sistemlərinin müasir dünya təcrübəsindəki səmərəli iş üsullarının, fərdi reabilitasiya proqramlarının tətbiqi ilə yenidən qurulmasına, bu sahələrdə sosial reabilitasiya istiqamətinin gücləndirilməsinə xidmət edir. Bu sahədə işlər elə qurulmalıdır ki, xidmət göstərilən təbəqələrin sosial statusunun daha effektiv yollarla bərpa olunması və cəmiyyətin fəal hissəsinə çevrilməsi ilə nəticələnsin.

S.Babayev qeyd edib ki, ölkədə 15 min insan stasionar və səyyar formada sosial xidmətlərlə təmin olunur. Hazırda sosial işçi modelinin tətbiqi əsasında təkmilləşdirilməsi üçün müvafiq işlər aparılır. Həmçinin nazirliyin 14 bərpa mərkəzində fiziki məhdudiyyətli insanlara əsasən tibbi reabilitasiya xidmətləri göstərildiyindən, həmin müəssisələrin fəaliyyətində sosial reabilitasiya tədbirləri genişləndiriləcək. Mərkəzlərdə bir sıra neqativ hallar, qəbul zamanı süründürməçilik, ayrı-seçkilik və s. kimi halların aradan qaldırılması işləri aparılmaqla, əməkdaşların əmək funksiyalarının icrası zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində mühüm tədbirlər görülür.

Nazir diqqətə çatdırıb ki, artıq "Əlilliyi olan şəxslərin bərpa mərkəzlərinin inkişaf Konsepsiyası”nın, eləcə də "Dövlət reabilitasiya müəssisələrinin təşkili və fəaliyyəti qaydası”nın, "Fərdi reabilitasiya və abilitasiya proqramının hazırlanması və həyata keçirilməsi qaydası”nın, "Özəl və bələdiyyə reabilitasiya subyektləri üçün standartlar”ın və s. layihələri işlənib hazırlanıb. Digər tərəfdən, Mərdəkan Müalicə Pansionatında, Naftalan şəhərindəki və Yevlax rayonundakı Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərində təmir işləri sürətləndirilib.

S.Babayev qeyd edib ki, sosial xidmət və reabilitasiya sahələrində kadr personalının bilik və peşəkarlıq səviyyələrinin artırılması, əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq standartlara uyğunlaşdırılması və s. kimi vacib istiqamətlərdə də işlər aparılır. Nazir tibbi-sosial ekspert komissiyaları tərəfindən fərdi reabilitasiya proqramlarının tərtib edilməsinin, bərpa mərkəzlərində müalicə almış şəxslərin sonrakı sosial statusu və vəziyyəti barədə məlumatların əldə edilməsi üçün mexanizmin qurulmasının, bu məqsədlə mərkəzləşmiş elektron məlumat bazasının yaradılmasının vacibliyini diqqətə çatdırıb.

Nazirliyin sifarişi ilə sosial obyektlərin tikintisi və təmiri sahələrində aparılan islahatları qeyd edən S.Babayev bu sahələrdə işlərin sürətlə və keyfiyyətlə aparılmasının əsas vəzifələrdən biri olduğunu bildirib.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli sosial obyektlərin tikintisi və təmiri sahəsində görülən işlər, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Cavid Əbdülqədirov bərpa mərkəzlərinin fəaliyyəti, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov sosial xidmət müəssisələrinin fəaliyyəti, daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanov Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının icrası sahəsində aparılan işlər barədə hesabat məruzələri ilə çıxış ediblər.

İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, qarşıda duran vəzifələrin icrası ilə əlaqədar tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video