06 Dekabr 2018 00:49
1352
İQTİSADİYYAT
A- A+

“Made in Azerbaijan” dünyada nüfuzlu brendə çevrilir


Varşavada açılacaq "Azərbaycan Ticarət Evi” xarici ölkələrdə fəaliyyət göstərən sayca 5-ci mərkəzimiz olacaq


Dünya bazarlarına "Made in Azerbaijan” brendi ilə çıxan məhsullarımızın ixrac coğrafiyası genişlənməkdə davam edir. Bazarlarda böyük şöhrət qazanan məhsullarımızın xarici ölkələrdə tanıdılması, satışının təşkili ilə bağlı həyata keçirilən ixrac missiyası və açılan ticarət evləri bu işdə çox əhəmiyyətli rol oynayır.

İxracın genişləndirilməsi, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının zənginləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin "Made in Azerbaijan” brendinin xarici bazarlarda genişmiqyaslı təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli fərmanı mühüm əhəmiyyət kəsb edir. Fərmana uyğun olaraq, respublikamızın beynəlxalq əhəmiyyətli sərgilərdə "Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirakı təmin olunur, Azərbaycan məhsulları xarici KİV-də reklam edilir, ixrac təşviqinin geri ödənilməsi mexanizmi tətbiq olunur.


Məhsul heç bir vasitəçi olmadan birbaşa ixrac edilir


Ümumiyyətlə, ticarət evlərinin yaradılması ilk növbədə qeyri-neft sektorunda fəaliyyət göstərən sahibkarlara xarici bazarlara çıxış imkanlarını artırmağa imkan verir. Bu həm də xarici bazarlarla bağlı məlumatların əldə olunmasına, yerli ixracatçılarla Azərbaycan ixracatçılarının informasiya mübadiləsinə şərait yaradır.

Bu gün artıq Azərbaycan ənənəvi bazarlarla yanaşı, yeni bazarlara da çıxır. Ticarət evlərinin yaradılması da bu məqsədə xidmət edir. Yəni Azərbaycanın qeyri-neft məhsullarının heç bir vasitəçi olmadan birbaşa xaricə, yeni bazarlara çıxarılması üçün imkan yaranır.

Bir sözlə, ticarət evlərinin açılması iqtisadi əlaqələrin, investisiya əməkdaşlığının genişləndirilməsinə, ticarətin şaxələndirilməsinə töhfə verir, ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsində mühüm rol oynayır.


İlk "Azərbaycan Ticarət Evi”


Noyabrın 19-da Prezident İlham Əliyevin Belarusa səfəri çərçivəsində Minks şəhərində Azərbaycanın ilk ticarət evi ilə tanışlıq zamanı da bu fikirlər bir daha təsdiqləndi.

Minskdə "Azərbaycan Ticarət Evi” 2017-ci ilin mayında açılıb. Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2016-cı ilin noyabrında ölkəmizə rəsmi səfəri zamanı cənab İlham Əliyevlə müzakirə olunan bir sıra məsələlərlə yanaşı, qısa müddət ərzində iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması, Azərbaycanın idxalında Belarus məhsullarının payının çoxaldılması, bu ölkədə "Azərbaycan Ticarət Evi”nin yaradılması, həmçinin Belarusda ölkədə istehsal edilməyən kənd təsərrüfatı və emal sənayesi məhsullarının Azərbaycandan idxal olunması barədə tapşırıqlar verilmişdi.

Həmin tapşırıqların icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən Belarusun paytaxtı Minsk şəhərində ümumi sahəsi 529 kvadratmetr olan "Azərbaycan Ticarət Evi” yaradılaraq bu ölkədə dövlət qeydiyyatına alınıb.


"ASAN” və "ABAD” stendləri


Əlbəttə ki, ticarət evi "Made in Azerbaijan” brendinin Belarus bazarında daha çox tanıdılması, məhsullarımızın ixracının təşviqi və genişləndirilməsi məqsədilə fəaliyyət göstərir, Belarusda satışını təşkil edir, bu sahədə əlaqələndirməni həyata keçirir.

Ticarət evində daimi fəaliyyət göstərən sərgidə Azərbaycanın 30 şirkətinin istehsal etdiyi müxtəlif növ məhsullar nümayiş olunur. Burada həmçinin "ASAN” və "ABAD” stendləri də ziyarətçilərə təqdim edilir.

Prezident İlham Əliyevin Belarus səfərində Azərbaycanın bu ölkədə yeni ticarət evlərinin açılması da müzakirə olunan məsələlər arasında olub. Yəni tezliklə Belarusun başqa vilayətlərində də Azərbaycan məhsulları ticarət evlərində satışa çıxarıla bilər.


Hazırda 4 ölkədə ticarət evlərimiz fəaliyyətdədir


Xaricdə ticarət evlərinin yaradılması həm təbliğat, həm də ixrac imkanlarımızın genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Artıq bir sıra ölkələrdə Azərbaycanın ticarət evləri yaradılıb.

Hazırda Belarus, Ukrayna, Latviya və Çində "Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Rusiyanın Həştərxan vilayətində yaradılan Azərbaycan İşgüzar Mərkəzinin geniş sərgi zonasında Azərbaycanın 30-dan çox şirkətinin malları nümayiş etdirilir.

İşgüzar Mərkəzin direktoru Regina Fayzulayeva Rusiya mətbuatına açıqlamasında deyib ki, yaxın zamanlarda mərkəzin yanında ticarət evi tikilməsi qərara alınıb. Bu ticarət evində həm topdansatış, həm də pərakəndəsatış əməliyyatları aparılması nəzərdə tutulur.


Yeni ticarət evimiz bu həftə Polşada açılır


Prezident İlham Əliyevin tapşırığına əsasən, Asiya qitəsi və Körfəz ölkələrində də ticarət evlərinin yaradılması istiqamətində iş aparılır. Azərbaycanın istehsal etdiyi məhsulların ixracında irəliləyişə nail olmaq məqsədilə Aİ və digər MDB ölkələrində də ticarət evlərinin açılması planlaşdırılır.

Ölkəmizin sonuncu ticarət evi Çinin Lucou şəhərində açılıb. Bu gün isə Polşanın paytaxtı Varşavada "Azərbaycan Ticarət Evi” açılacaq. Dövlət başçısının müvafiq tapşırığının icrası olaraq İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış "Azərbaycan Ticarət Evi” brend məhsullarımızın Polşa bazarında daha çox tanıdılmasına, ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, Polşada satışını təşkil edəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək.

Ümumiyyətlə, ticarət evləri ölkəmizin ticarət potensialının artırılması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, həm də ölkəyə xarici investisiyanın cəlbi baxımından uğurlu addımdır. Artıq ölkəmizin xarici tərəfdaşları da etiraf edirlər ki, Azərbaycanın böyük ixrac potensialı var.


Gələn il daha 4 ölkədə ticarət evlərimiz yaradılacaq


Beynəlxalq təşkilatlarda üzvlük və xarici qurumlarla əməkdaşlıq ölkəmizin xarici tərəfdaşlar qarşısında möhkəm etibar qazanması, yerli sahibkarların öz məhsullarını maneəsiz və operativ şəkildə xaricə çıxarması üçün vacib şərtdir. Beynəlxalq təşkilatlarda üzv qismində təmsil olunmaqla dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yaxşı imkan yaranır.

Elə bunun səbəbidir ki, Azərbaycanın ticarət tərəfdaşlarının sayı getdikcə artır. Gələn il daha 4 ölkədə "Azərbaycan Ticarət Evi”nin açılması planlaşdırılır. Bunlar Birləşmiş Ərəb Əmirlikləri, Çin (ikinci ticarət evi), Qazaxıstan və Rusiya Federasiyasidir.

Qeyd edək ki, hazırda qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə yaradılan sənaye parkları və sənaye məhəllələrinin rezidentləri məhsullarını "Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarırlar. Bu gün ixrac məhsullarının çeşidinin və həcminin artırılması, ixracın coğrafiyasının genişləndirilməsi prioritet istiqamətlərdəndir və bu istiqamətdə sahibkarlara dövlət tərəfindən hər cür dəstək göstərilir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video