Alternative content

15:01 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV QDİƏT Parlament Məclisinə sədrlik Azərbaycana keçdi
QDİƏT Parlament Məclisinə sədrlik Azərbaycana keçdi
ANA SƏHİFƏ / SİYASƏT
00:38 06.12.2018


Xəbər verildiyi kimi, noyabrın 26-dan 29-dək Ermənistanın paytaxtı İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin 52-ci plenar sessiyası keçirilib. Tədbirdə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Səfərlə bağlı Eldar Quliyevin fikirlərini öyrəndik. O dedi:

- Beynəlxalq təşkilatların üzvü olmaq, onların işində yaxından iştirak etmək hər bir müstəqil dövlətin qarşıya qoyduğu mühüm hədəflərdir. Azərbaycan Respublikası da dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa daim mühüm önəm verib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilən xarici siyasət kursunun mühüm komponentini təşkil edir.

Hazırda Azərbaycan əksər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu əməkdaşlıq vasitəsilə ölkəmizlə bağlı həqiqətlər dünyaya çatdırılır, respublikamız beynəlxalq səviyyədə daha yaxından tanınır. Azərbaycanın işində fəal iştirak etdiyi beynəlxalq qurumlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Bildiyiniz kimi, respublikamız 1992-ci ildən QDİƏT-in təsisçi üzvüdür. Təşkilatın digər üzvləri Türkiyə, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Ukrayna, Yunanıstan və Ermənistandır.

Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasıya, elm və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir. Hazırda respublikamız QDİƏT çərçivəsində iki işçi qrupda (Gömrük məsələləri və Elm və texnologiyalar üzrə işçi qrupları) əlaqələndirici ölkə funksiyalarını yerinə yetirir.

Azərbaycan QDİƏT-in əlaqədar təşkilatlarında da fəal iştirak edir. Məsələn, QDİƏT-in Parlament Məclisi Qara dəniz hövzəsi ölkələrinin ali qanunvericilik orqanları arasında dialoqu təmin edən nüfuzlu beynəlxalq strukturdur. Parlamentarilərin işindən ticarət-iqtisadi və investisiya mübadiləsinin dinamikası, sosial, elmi-texniki və humanitar sahələrdə əlaqələr çox asılıdır.

QDİƏT Parlament Məclisi ildə iki dəfə toplanır. Parlament Məclisinin 51-ci sessiyası bu ilin iyun ayında Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmişdi. Həmin tədbirdə quruma rəhbərlik əlifba sırası ilə Ermənistana keçmişdi. Ona görə 52-ci sessiya Ermənistanda keçirildi. Tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi mən və Milli Məclisin deputatı Əflatun Amaşov iştirak etdik.


4 ölkə Ermənistanda medal almaqdan imtina edib


Azərbaycan nümayəndə heyəti İrəvana noyabrın 26-da çatıb. Elə həmin gün QDİƏT Parlament Məclisinin büro və komitələrinin toplantısı keçirilib. Noyabrın 27-də isə QDİƏT Parlament Məclisinin açılışı olub. Bu barədə danışan Eldar Quliyevin sözlərinə görə, gündəliyin birinci məsələsi Parlament Məclisinin yaranmasının 25 illiyi ilə əlaqədar nümayəndə heyətlərinin rəhbərlərinin yubiley medalı ilə təltif olunması idi: "Ermənistan tərəfi Parlament Məclisinə sədrik səlahiyyətlərindən istifadə edərək 25 illik yubiley medalını təqdim etmək barədə qərar qəbul etmişdi. Bununla əlaqədar əvvəlcədən bütün ölkələrin nümayəndə heyətlərinə məlumat vermişdi. Medalların təqdim olunması Parlament Məclisinin açılışında elan edildi. Belə ki, Ermənistan parlamentinin sədri Ara Babloyan giriş nitqindən və gündəliyin təsdiq olunmasından sonra təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını dedi. Bundan sonra mən söz alaraq təşkilatın 25 illik yubiley medalını İrəvanda, Ermənistan parlamentində, bu ölkənin parlament sədrindən almaqdan imtina etdim”.

Qeyd edək ki, Azərbaycandan başqa, 3 üzv-dövlətin nümayəndə heyətləri də medalı almaqdan imtina edib. Eldar Quliyevin sözlərinə görə, ondan sonra Gürcüstan nümayəndə heyətinin üzvü də çıxış edərək medalı almaqdan imtina edib. Səbəb kimi isə nümayəndə heyəti sədrinin tədbirdə iştirak etməməsini göstərib. Türkiyə nümayəndə heyətinin rəhbəri Camal Öztürk də medalı götürməyib. Həmçinin Ukrayna nümayəndə heyəti də medalı qəbul etməyib. Belə ki, müəyyən səbəblərdən İrəvana gələ bilməyən Ukrayna nümayəndə heyətinin müraciət edərək medaldan imtina etdiyi diqqətə çatdırılıb.

Beləliklə, 4 nümayəndə heyəti İrəvanda medal almaqdan imtina edib. "Bundan sonra iclasda sakitlik yarandı. Ermənistan tərəfi pərt vəziyyətə düşmüşdü. Sanki şok yaşayırdılar. İclasda Ermənistan xarici işlər nazirinin müavini də iştirak edirdi. O da belə bir vəziyyətin yaranmasına görə istehzalı halda təşkilatçılara baxırdı. Bir azdan sanki özünə gələn Ermənistan parlamentinin spikeri digər 8 ölkənin nümayəndə heyətinə medalları təqdim etdi” deyə Eldar Quliyev bildirdi.


53-cü sessiya Bakıda keçiriləcək


QDİƏT Parlament Məclisinin 52-si sessiyası çərçivəsində hesabatlar dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv-dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb. Eldar Quliyev "Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu” mövzusunda məruzə edib. O, çıxışında iqtisadi və humanitar təhlükəsizlik, informasiya təhlükəsizliyi məsələlərindən, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən, regiondakı ekoloji problemlərdən söz açıb. Bildirib ki, region təkcə iqtisadi deyil, ümumilikdə qlobal layihələrin gerçəkləşdiyi məkandır. Eldar Quliyev bu baxımdan Azərbaycanın mövqeyini diqqətə çatdırıb və ölkəmizin adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyətini vurğulayıb, dövlətimizin artan iqtisadi qüdrətinin təzahürü olan nəhəng təşəbbüsləri önə çəkib, xüsusən də TANAP-ın əhəmiyyəti üzərində dayanıb.

Nümayəndə heyətinin üzvü Əflatun Amaşov "Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan diqqəti qeyri-neft sektorunun inkişafına yönəldib.

Sessiya çərçivəsində QDİƏT Parlament Məclisinin Siyasi və hüquqi məsələlər, Mədəniyyət, elm və sosial məsələləri, eləcə də İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri üzrə komitələrinin iclasları keçirilib. Eldar Quliyev Siyasi və hüquqi məsələlər, Əflatun Amaşov isə İqtisadi, ekoloji və yüksək texnologiyalar məsələləri üzrə komitələrin iclaslarında çıxış edərək QDİƏT ölkələri arasında əməkdaşlıqdan, Azərbaycanın bu əməkdaşlığa verdiyi töhfədən söz açıblar.

QDİƏT Parlament Məclisinin növbəti gün keçirilən iclasında Parlament Məclisinə sədrliyin Azərbaycana keçməsi barədə qərar qəbul edilib. "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq 6 ay müddətində həyata keçirilir. Buna görə sədrlik Azərbaycana keçdi. Qaydaya görə, Məclisə sədrliyi ölkənin parlamentinin rəhbəri həyata keçirəcək. Noyabrın 28-dən etibarən QDİƏT Parlament Məclisinin sədri Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovdur. Növbəti, 53-cü sessiya isə 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq” deyə Eldar Quliyev bildirdi.


Ermənistan Azərbaycandan azı 30 il geridədir


Deputat Eldar Quliyevlə səfərin görünməyən tərəfləri barədə də söhbətləşdik. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Ermənistana təyyarə ilə Türkiyədən, bu ölkənin nümayəndə heyəti ilə birlikdə uçub. Sessiya çərçivəsində Ermənistan tərəfi nümayəndə heyətlərinin ölkə ilə tanışlığı məqsədilə müxtəlif ünvanlara səfərlərini təşkil etsə də, Azərbaycan nümayəndə heyəti bundan imtina edib.

Bununla belə, Eldar Quliyev bildirdi ki, müşahidələrə görə, Ermənistan Azərbaycandan azı 30 il geri qalıb. "Sessiya zamanı ermənilərlə təmasımız olmasa da, avtomobildən İrəvanın küçələrini görmək, müşahidə etmək və Bakı ilə müqayisə aparmaq imkanımız oldu. Mən İrəvanda ötən əsrin 80-ci illərində bir neçə dəfə olmuşam. Müşahidələrim göstərdi ki, şəhər dəyişməyib, yəni ara-sıra görünən tikintiləri nəzərə almasaq, bu şəhərdə heç bir inkişafdan söhbət gedə bilməz. Axşam saatlarında küçələrdə çox az avtomobil və tək-tük adam gözə dəyir. Bu da əhalinin sosial durumunun yüksək olmamasının göstəricisidir. Halbuki Bakı küçələri axşam saatlarında olduqca izdihamlıdır” deyə Eldar Quliyev qeyd etdi.

Eldar Quliyev yekunda onu da bildirdi ki, Azərbaycan İrəvanda Ermənistandan sədrliyi təhvil aldı: "Ən böyük arzumuz isə işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. İrəvandakı müşahidələrim göstərdi ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq Azərbaycanın işğal edilmiş torpaqlarını Ermənistandan geri alacağı gün uzaqda deyil”.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM