05 Dekabr 2018 18:13
727
İDMAN
A- A+

Bu il Formula 1 Azərbaycan Qran-Prisini 83 milyon tamaşaçı izləyib



Cari ildə Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi dünyanın aparıcı kütləvi informasiya vasitələri - İngiltərənin məşhur "The Times” və "The Guardian” nəşrləri tərəfindən "2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai dekabrın 5-də jurnalistlərə müsahibəsində deyib.

N.Arpadarai bildirib ki, televiziya auditoriyasında da Azərbaycan Qran-Prisi bir çox yarışlardan üstün olub. Azərbaycan Qran-Prisini dünyada 83 milyon insan izləyib. Formula 1 yarışlarının təşkilatçısı "Formula One Management” şirkətinin statistikasına əsasən, izləyicilərin 76 faizi Bakı yarışından zövq alıb. Bu da mövsüm ərzində ümumi göstəricidən yuxarıdır. Bakı trası bu baxımdan reytinqdə beşinci yeri tutur. Bakı şəhər halqasından irəlidə yalnız Böyük Britaniya (90 faiz), Avstriya (85 faiz), Braziliya (81 faiz) və Meksikadır (79 faiz) qərarlaşıb.

Qeyd olunub ki, "Viasat” kommunikasiya şirkətinin Skandinaviya ölkələrinin tamaşaçıları arasında apardığı ictimai sorğuya əsasən, Azərbaycan Qran-Prisi ABŞ və Çindəki yarışlardan sonra üçüncü yeri tutub. Rəqəmsal platformalarda orta göstərici 3,3 milyon unikal istifadəçi olduğu halda, Azərbaycan Qran-Prisini 4,1 milyon unikal istifadəçi izləyib. Bu isə Avstraliya Qran-Prisindən sonra mövsümün ikinci ən böyük göstəricisidir. Məşhur nəşrlər builki Azərbaycan Qran-Prisini "Red Bull Racing” komandasının hər iki pilotunun qəzası, həlledici dairədə bolidin təkərinin deşilməsi və bununla da Valtteri Bottasın qalibiyyətini itirməsi və digər həyəcanlı anlarla təsvir ediblər.

"Çox şadıq ki, Azərbaycan Qran-Prisi ardıcıl ikinci dəfə dünya mediasında dramatik hadisələr və gərginliklə dolu yarış kimi qeyd olunur. Bundan başqa, ötən yarışda həm yerli, həm də əcnəbi tamaşaçıların yarışa marağı xeyli artıb və Formula 1 Azərbaycan Qran-Prisi baxış saylarında da əksər ölkələri qabaqlayıb. Artıq belə bir müsbət tendensiyanın yaranması bizi çox sevindirir və bunu qoruyub saxlamaq üçün hazırlıq işlərini ən yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Əminik ki, 2019-cu il Formula 1 Azərbaycan Qran-Prisi trekdə və trekdən kənardakı möhtəşəm məqamları ilə bütün avtoidman həvəskarlarına əvvəlkilərdən daha artıq həyəcanlı anlar bəxş edəcək”, - deyə BŞH-nin rəsmisi bildirib.

Bu il Formula 1 Azərbaycan Qran-Prisinə 94 min tamaşaçının baxdığını vurğulayan N.Arpadarai deyib: "Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötənilki yarışla müqayisədə bu il ümumi tamaşaçı sayında 31, bilet satışında isə 21 faiz artım qeydə alınıb. Satılan biletlərin 77 faizi yerli azarkeşlərin payına düşür. Yarışı izləmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı isə ötən illə müqayisədə 31 faiz artıb. Bilet satışının təxminən dörddəbiri əcnəbi tamaşaçıların payına düşür”.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 yarışı gələn il aprelin 26-28-də keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video