05 Dekabr 2018 11:17
1764
Qəbullar
A- A+

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.
AZƏRTACxəbər verir ki, səfir Bernd Aleksandr Bayerl fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Bernd Aleksandr Bayerl etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirdi. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin önəminə toxunan Prezident İlham Əliyev özünün Avstriya Respublikasına, Avstriyanın Federal Prezidenti Haynts Fişerin isə Azərbaycana səfərlərini məmnunluqla xatırladı. Siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edən dövlətimizin başçısı iqtisadi sahədə, o cümlədən ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanda uğurla fəaliyyət göstərən Avstriya şirkətlərinin sayının artdığını vurğuladı. Dövlətimizin başçısı Bernd Aleksandr Bayerlin diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerl Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsun salamlarını və Avstriya hökumətinin ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Bakıda diplomatik fəaliyyətə başlamasından məmnunluq hissi keçirdiyini qeyd edərək, Prezident İlham Əliyevin rəhbərliyi və birinci xanım Mehriban Əliyevanın fəal iştirakı ilə Bakıda yüksək zövqlə həyata keçirilən abadlıq və quruculuq işlərinin ona dərin təəssürat bağışladığını bildirdi. Bernd Aleksandr Bayerl səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Avstriyanın Federal Kansleri Sebastian Kurtsun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və xoş arzularını Avstriyanın Federal Kanslerinə və Avstriya hökumətinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video