Alternative content

02:31 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
00:16 19.07.2019 Hicran yaşı...
00:15 19.07.2019 Artemida məbədi
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan mədəni irsinin UNESCO-da növbəti zəfəri
Azərbaycan mədəni irsinin UNESCO-da növbəti zəfəri
ANA SƏHİFƏ / SİYASƏT
01:30 05.12.2018


Xalqın qədimliyini, zənginliyini təsdiq etmək üçün çox zaman tarixi mənbələrə, elmi araşdırmalara, çoxşaxəli tədqiqatlara müraciətə ehtiyac qalmır. Çünki nəsildən-nəslə ötürülən adət-ənənələr, abidələşən mənəvi və maddi dəyərlər bunu təsdiq edir. Xalqın ruhunu, özünəməxsus düşüncələrini əks etdirdiyindən onları nə mənimsəmək, nə də danmaq mümkündür. Azərbaycan da belə qədim, zəngin, heyranedici mədəni irsi ilə hər zaman dünyanın diqqət mərkəzindədir.


Ölkəmiz üçün daha bir əlamətdar gün


Bu günlər Şərqi Afrikada, Hind okeanında kiçik ada-dövlət olan Mavriki Respublikasının paytaxtında - Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası keçirildi.

Noyabrın 26-dan dekabrın 1-dək davam edən sessiyada Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənovun başçılığı ilə nümayəndə heyəti iştirak etdi.

Sessiyanın gündəliyinə Hökumətlərarası Komitənin cari və gələcək fəaliyyəti ilə əlaqədar, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına və Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınması nəzərdə tutulan nominasiyaların müzakirəsi, milli hesabatların qəbulu və başqa məsələlər daxil edilmişdi.

Tədbirin üçüncü iş günü ölkəmiz üçün xüsusilə əlamətdar oldu. Belə ki, zəngin mədəni irsimizlə bağlı daha iki nümunə UNESCO-nun müvafiq siyahılarına salındı.

Ölkəmizin təqdim etdiyi "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı noyabrın 28-də günün birinci yarısında UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edildi. Bu sevindirici hadisə ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə bəyanatı yayıldı. Bəyanatda həmin nominasiya sənədinin Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim olunduğu vurğulandı. Namizədlik sənədinin Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd respublikamızın bu qədim və tarixi regionunda yaşayan əhalinin ənənəvi mədəniyyətini, xalq yaradıcılığını dünya miqyasında tanıtmaq, həmçinin bu ənənələri UNESCO səviyyəsində qorumaqdır.

Ölkəmizin digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına Ermənistanın təxribat xarakterli cəhdlərinin də qarşısının alındığı, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparıldığı və respublikamızın nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verildiyi bəyanatda qeyd edildi.

Noyabrın 28-də günün ikinci yarısında isə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylının çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınması barədə qərar qəbul olundu.

Bu barədə Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə bəyanatında "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, eləcə də xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyi diqqətə çatdırıldı. Bəyanatda vurğulandı ki, Ermənistan nümayəndəsinin bu dəfə də "Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxışı nəticəsiz qaldı. Nümayəndə heyətimiz Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha nəzərə çatdıraraq Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirdi.

Mədəniyyət və Xarici İşlər nazirliklərinin hər iki bəyanatında həmçinin xüsusi diqqətə çatdırıldı ki, UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə sözügedən iki nominasiya faylı ilə yanaşı, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri - kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən - ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib.


Erməni nümayəndə heyətinin uğursuzluqları


Hökumətlərarası Komitənin 13-cü sessiyasında 2013-cü ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın "Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələri”nə dair beşillik hesabat da qəbul olundu. Hesabatda çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər, eyni zamanda, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionunun işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əks olunub. Sənəddə Qarabağdan - tarixi yurdundan zorla qovulmuş azərbaycanlı əhalinin, müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq, çövkən oyununu yaşatmağa çalışdıqları və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi diqqətə çatdırılıb.

Qeyd edək ki, bədnam qonşularımızın mədəni irsimizi mənimsəmək və bunu UNESCO səviyyəsində təqdim etmək cəhdi hər dəfə uğursuzluqla nəticələnir. Bu dəfə də Azərbaycana qarşı əsassız çıxış edən Ermənistan nümayəndə heyəti hesabatın geri qaytarılması tələbini irəli sürdü. Məsələ geniş müzakirə olundu. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənmədi.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov hesabatın beynəlxalq hüquq, BMT Nizamnaməsi və UNESCO-nun müvafiq konvensiyasına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlandığını, sənəddə ölkəmizdə çövkən oyununu həyata keçirən bütün icmaların fikirlərinin və müsahibələrinin əksini tapdığını vurğuladı. Konstruktiv mövqelərinə görə komitə üzvlərinə təşəkkür edən səfir Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etməməyə çağırdı.


Milli-mənəvi dəyərlərimizin təbliğı davam edir


Beləliklə, UNESCO-nun iki siyahısında - Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısında və Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında Azərbaycan xalqının zəngin mədəni irsi ilə bağlı ümumilikdə 13 nümunə yer aldı.

Qeyd edək ki, 2008-ci ildə ölkəmizin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş ilk nümunəsi Azərbaycan muğamı oldu. O vaxtdan Azərbaycan öz milli-mənəvi dəyərlərini bu nüfuzlu beynəlxalq təşkilat çərçivəsində dünyada tanıtmaq, təbliğ istiqamətində ardıcıl və məqsdəyönlü işlər aparır.

Milli mənəvi sərvətlərimizin dünya miqyasında təbliğ olunmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əməyi xüsusilə təqdirəlayiqdir. Azərbaycan mədəniyyətinin, xalqımızın özünəməxsus adət-ənənələrinin göstəricisi olan milli-mənəvi dəyərlərimizin həm ölkə, həm də dünya səviyyəsində tanıtımı və təbliği yüksək səviyyədə davam edir.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM