warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir

Alternative content

23:22 25 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Operativlik və xeyirxahlıq missiyası
Operativlik və xeyirxahlıq missiyası
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:21 05.12.2018


Azərbaycanda fəal könüllülər ordusu formalaşıb


"Gənclərdə bu işlərlə məşğul olmaq üçün maraq və həvəs var. Ümumiyyətlə, volontyorluq işi çox nəcib işdir və hər bir gəncin öz dövlətinə bağlılığını göstərir. Eyni zamanda, burada təcrübə əldə etmək üçün də yaxşı imkanlar vardır. Onlar gələcək fəaliyyətlərində də, əlbəttə ki, bu təcrübədən istifadə edəcəklər”.

Bu fikirləri Prezident İlham Əliyev 29 dekabr 2012-ci ildə "ASAN” Dövlət Agentliyinin və onun tabeliyində olan 1 saylı "ASAN xidmət” mərkəzinin açılışı zamanı könüllülərlə görüşündə səsləndirib.

Ümumiyyətlə, könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır.


Könüllülük anlayışının tarixi


Bu gün - 5 dekabr Beynəlxalq Könüllülər Günüdür. BMT Baş Assambleyası 1985-ci ildə hökumətlərə hər il iqtisadi və inkişaf naminə bu tarixin qeyd olunmasını təklif edib.

Dünya tarixində müasir anlamda könüllü fəaliyyət anlayışına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinir. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. Bu dövrdə Avropada şəxsi istəyi ilə hərbi xidmətə gedənləri "volantaire” adlandırırdılar. Latın mənşəli olan "volantire” Azərbaycan dilində "könüllü” deməkdir.

O dövrdə bu söz yalnız hərbi konteksdə istifadə olunurdu. XX əsrdən etibarən isə (I Dünya Müharibəsindən sonra) könüllü sözü sosial fenomen kimi formalaşmağa başladı. 1881-ci ildə isə ABŞ-da vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu.

Könüllülük - cəmiyyətdə sosial, mədəni, iqtisadi, ekoloji problemlərin həllinə yönəlmiş və gəlir əldə etmək məqsədi daşımayan ictimai faydalı fəaliyyətdir. Könüllü fəaliyyət əhalinin həssas qruplarından olan insanlara (əlillər, qocalar, kimsəsiz uşaqlar və s.) göstərilən fiziki və mənəvi yardım, cəmiyyətdə maarifləndirmə işinin aparılması, vətəndaş fəallığının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, ətraf mühitin qorunması və s. məqsədlə həyata keçirilən layihə və tədbirlərdə (aksiya, kampaniyalar və s.) göstərilən təmənnasız sosial xidmətdir. Könüllü fəaliyyət, bu fəaliyyəti həyata keçirən könüllülərin iştirakı ilə hökumət (dövlət büdcəsindən maliyyələşdirilən dövlət orqanları) və ya qeyri-hökumət təşkilatları tərəfindən təşkil edilir.


"ASAN Könüllülük” hərəkatı


Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə fəaliyyət göstərən insanların sayı on milyonlarladır. Könüllü olmaq istəyi və ehtiyacı gənc insanlarda daha çox nəzərə çarpır. Könüllülük hadisəsinə istər Azərbaycan xalqının tarixində, istərsə də adət-ənənələrində tez-tez rast gəlirik. Könüllülük hərəkatının bariz nümunələrindən biri də "ASAN” könüllülərdir.

Prezident İlham Əliyev 29 dekabr 2012-ci ildə Bakıda 1 saylı "ASAN xidmət” mərkəzinin açılışı zamanı könüllülərlə görüşdə onların bu hərəkatdakı rolunu xüsusi vurğulamışdı. "ASAN Könüllülük” hərəkatı və onun bir parçası olan "ASAN Könüllülük” məktəbinin 2012-ci ilin sonlarından etibarən fəaliyyət göstərdiyini vurğulayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, "ASAN Könüllülük” məktəbinin rəhbəri Cahangir Hacıyev bildirir ki, artıq könüllü fəaliyyətinin istər vətəndaşlar, istərsə də gənclərin özü üçün böyük fayda verdiyinə şahid olmaq mümkündür.

Cahangir Hacıyevin sözlərinə görə, Bakıda ilk "ASAN xidmət” mərkəzi açıldığı gündən gənclərin də könüllü kimi fəaliyyətinə şərait yaranıb: "Düşündük ki, gənclərin bu işə cəlbi ilə onlar bizə həm dəstək olarlar, həm də müasir innovativ tələblər əsasında həyata keçirilən yeni idarəetmə modelini öyrənərək gələcək iş təcrübələrində tətbiq edərlər. Gənclər bütün proseslərdə aktiv iştirakçı kimi dövlət qulluqçuları ilə birgə çalışaraq həm bilik-bacarıqlarını artırdılar, həm də bu prosesə dəstək verməyə başladılar. Xatırladım ki, Sabirabadda 16 dekabr 2014-cü il tarixdə "ASAN” könüllülərinin I Ümumrespublika Forumunda Prezident İlham Əliyev Azərbaycanda çox müasir, dövlətə, vətənə bağlı olan gənc nəslin yetişdiyini qeyd edərək "ASAN” könüllülərinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı”.


Müasir dövrün tələblərinə cavab verən gənclik


"ASAN Könüllülük” məktəbinin 18 mindən artıq məzunu olduğunu söyləyən Cahangir Hacıyev deyir ki, gün ərzində minə yaxın könüllü müxtəlif "ASAN xidmət” mərkəzlərində, səyyar xidmətdə, "ASAN Kommunal” mərkəzlərində vətəndaşlara xidmət edirlər. Məktəbin şüarı belədir - "Könüllülük və təcrübə bizdən başlayır”. Dövlət başçısının dediyi kimi, sistemli könüllülük fəaliyyəti məhz "ASAN”dan başlayıb.

Həm paytaxt, həm də bölgələrdə çalışan könüllülərin fəaliyyətindən söz açan Cahangir Hacıyevin sözlərinə görə, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə gənclər üç növbəli iş qrafiki üzrə işlədikləri üçün onların tədris prosesinə heç bir maneə yaranmır. Yəni hansı iş saatı onlara uyğundursa, onu seçirlər.

Sevindirici haldır ki, bölgələrimizdə də gənclər bu fəaliyyətə cəlb olunurlar. Ancaq onlar iki növbəli iş qrafiki ilə çalışırlar: "Könüllü olaraq çalışmaq istəyənlər xüsusi komissiya tərəfindən müsabiqə əsasında seçilir. Təxminən bu günə qədər 70 minə yaxın şəxs könüllü olmaq üçün müraciət edib. "ASAN” könüllüləri iki ay ərzində gündə üç saat olmaq şərtilə fəaliyyət göstərirlər. Bundan başqa, "ASAN Könüllülər” təşkilatı da var ki, "ASAN” könüllüsü olmuş gənclər həmin təşkilatın tərkibində birləşir və fəaliyyətlərini o cür davam etdirirlər. Təşkilat tərəfindən yüzlərlə layihələr həyata keçirilir ki, bu layihələrin hamısı da gənclərin fərdi inkişafına və təcrübə qazanmasına, məsuliyyətli vətəndaş kimi yetişməsinə köklənib”.


70-80 yaşlı könüllülər


Cahangir Hacıyev deyir ki, bu ilin sentyabr ayından başlayaraq "ASAN xidmət” mərkəzinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə "Könüllülüyün yaşı yoxdur” şüarı altında həyata keçirdiyi pilot layihə çərçivəsində yaşlı nəslin könüllü olaraq fəaliyyətinə də şərait yaradılıb: "Artıq bu layihə çərçivəsində 11 məzunumuz da var. Aralarında 70-80 yaşlarında olan şəxslər də var idi. Çox həvəsli idilər. Bu layihənin əsas məqsədi nəsillərarası təcrübənin bölüşməsi, eyni zamanda ahıl insanların asudə vaxtının səmərəli təşkilinə və məşğulluğunun artırılmasına xidmət edir”.

Könüllü fəaliyyətinin cəmiyyət üçün faydalı olduğunu və insanlığın inkişafına xidmət etdiyini vurğulayan Cahangir Hacıyev hər kəsi könüllü olmağa dəvət edir:

"Biz də daim könüllü məktəbinin fəaliyyətini genişləndirməyi düşünürük. "ASAN” könüllülərinin işlə təminatına dəstək olmaq üçün karyera mərkəzi yaradılıb. Bu günə qədər min nəfər "ASAN” könüllüsü müxtəlif dövlət, özəl qurumlarda işlə təmin olunublar. 100-ə yaxın gənc isə "ASAN xidmət” mərkəzlərində işə götürülüb. Fəaliyyətimizi 2019-cu ildən yeni sistem üzərində həyata keçirməyi düşünürük”.


"Səbirli davranmağı öyrənmişik”


1 saylı "ASAN xidmət” mərkəzində könüllü olaraq vətəndaşlara xidmət edən gənclər könüllülük fəaliyyəti nəticəsində əldə etdikləri təcrübə, bilik və bacarıqların gələcəkdə onların peşəkar kimi formalaşmalarına kömək edəcəyini deyirlər.

21 yaşlı Nicat Ağayev Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Dediyinə görə, insanlarla ünsiyyətdə olmaq və iş həyatına öyrəşmək üçün könüllü olaraq fəaliyyət göstərməyi qərara alıb. Seval Musayeva da könüllü kimi təcrübə toplamaqla gələcək karyera həyatına doğru bir addım atdığını düşünür. Deyir ki, könüllü olmaq dünyagörüşünün artırılması üçün daha yaxşıdır. Bir çox şeylər öyrənib.

20 yaşlı Nərmin Qocayeva isə burada könüllü olaraq işləməklə artıq səbirli olmağı da öyrənib. Hər gün fərqli əhvalda, xarakterdə olan insanlarla qarşılaşdıqlarını deyən Nərminin sözlərinə görə, artıq insanlarla davranışlarına diqqət etməyi, səbirli davranmağı və hisslərini cilovlamağı öyrənib.

Kənan Əhmədlinin 18 yaşı var. Bakı Dövlət Universitetinin tələbəsidir və ixtisasına uyğun daha çox təcrübə əldə etmək üçün boş vaxtını burada könüllü olaraq işləməklə keçirir.

Gün ərzində müxtəlif iş proseslərinə nəzarət edən, sorğular keçirən, ərizələrin yazılmasına kömək göstərən və vətəndaşlara xidmət edən könüllülərimiz onları razı salmağa çalışırlar.

Kollektiv iş prinsiplərini öyrənməyə çalışdığını deyən Şəms Səlimova İqtisad Universitetinin tələbəsidir. 19 yaşlı Şəms bu sahədə peşəkarlığa yiyələnməklə gələcək karyerası üçün yaxşı şans yaratmaq istəyir. Düşünür ki, "ASAN xidmət” onun gələcək planlarının reallaşmasında böyük rol oynayacaq.

İnsan qarşısına məqsəd qoyarsa, qarşılaşdığı hər bir çətinliyin öhdəsindən gələ bilər deyən Sənan Məmmədbəyli vətəndaşlarla ünsiyyətdə olmağa daha çox maraqlıdır. Burada əldə etdikləri təcrübənin onlar üçün çox əhəmiyyətli olacağı fikrindədir: "Universiteti bitirdikdən sonra ilk olaraq iş axtarmağa başlayacağıq və hər yerdə də ilk iş təcrübəsi olur. Burada könüllü olaraq həm vətəndaşlara xidmət edirik, həm də təcrübə toplayırıq. Bu da bizim üçün motivasiyadır”.

Könüllülərimiz bütün gənclərə boş zamanlarını yaxşı dəyərləndirməyi, təcrübə proqramlarına qoşulmağı təklif edir.


"ASAN” - könüllülərin inkişaf mərkəzidir


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli deyir ki, son 6 il ərzində 18 mindən çox gəncin "ASAN xidmət” mərkəzlərində könüllü kimi çalışması, öz sosial məsuliyyətini dərk etməsi, cəmiyyətə müsbət mesaj ötürür.

Sahil Məmmədlinin sözlərinə görə, "ASAN xidmət” könüllülərin inkişaf mərkəzidir: "Könüllü olmaq istəyən 16-26 yaşlarında şəxslər müraciət edə bilərlər. Ancaq bəzi istisnalar da ola bilər. Gördüyünüz kimi, könüllü olaraq çalışan gənclərin böyük əksəriyyəti müxtəlif yaş qrupundan olan, orta, ali və orta ixtisas təhsilli gənclərdir. "ASAN xidmət”in operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik prinsipləri bu yöndə qazanılan uğurların səbəbidir. "ASAN” peşə layihəsi çərçivəsində peşə təhsil müəssisələrində oxuyan gənclərin çoxu "ASAN xidmət” mərkəzlərində könüllü olmağa can atır. Bütün gəncləri könüllülük ailəsinin üzvü olmağa çağırırıq”.


"ASAN” könüllülərə nə qazandırır?


"ASAN”ın könüllülərə kollektivdə işləmək bacarığını aşıladığını, işgüzar ünsiyyəti izah etdiyini, praktik təcrübə qazandırdığını deyən Sahil Məmmədlinin fikrincə, gənclər həm də müştəri məmnunluğu ilə bağlı praktiki və nəzəri biliklərə yiyələnirlər.

Sahil Məmmədli deyir ki, "ASAN” könüllülük fəaliyyətinin inkişafı üçün könüllülərlə iş sektoru yaradılıb. Bu da onu göstərir ki, dövlət könüllülərin inkişafına, onların potensialından səmərəli istifadə etmək üçün təşkilatlanmağa maraqlıdır. Bu sektor könüllülərə məsuliyyətli vətəndaşlıq aşılayır, onların fərdi və peşəkar inkişafı üçün zəmin yaradır: "Dayanıqlı inkişaf məqsədləri ilə sintez olunan layihələr həyata keçiririk ki, bu layihələrin mütləq əksəriyyəti gənclərin cəmiyyətə qarşı öz məsuliyyətini dərk etməsi kontekstindədir. Gənclərin fərdi və peşəkar inkişafı ilə bağlı təlimlər, rəsmi şəxslərlə praktiki görüşlər keçirilir. "ASAN” könüllülərin təhsil və fərdi inkişafına dair proqramımız mövcuddur ki, bu proqram çərçivəsində gənclərin gələcək ixtisas istiqamətləri üzrə ilkin biliklərə yiyələnməsi məqsədilə müxtəlif qurumlarda çalışan peşəkar mütəxəssislərlə qısa görüşləri təşkil edilir”.

Sahil Məmmədli bildirir ki, könüllülər üçün müxtəlif təlim modulları da keçirilir: "Təlimlərdə onlara "ASAN xidmət”in fəaliyyət istiqaməti, prinsipləri, ünsiyyət texnikaları, şəxsiyyət tipləri, onlarla davranmağın yolları öyrədilir. Həmin gənclərə əlavə olaraq sosial məsuliyyət aşılayan təlimlər də keçirilir. Karyera sahəsində də müxtəlif təlimlərimiz olur. İki ay könüllü olaraq işlədikdən sonra həmin gənclərə xasiyyətnamə və sertifikat verilir”.


Könüllülük fəaliyyətinə fiziki məhdudiyyətli gənclər də cəlb edilir


Artıq ötən ildən fiziki məhdudiyyətli gənclərlə bağlı da layihəyə başladıqlarını deyən Sahil Məmmədli bildirir ki, bu gün həssas qrupa daxil olan gənclərin də inkişafı, onların cəmiyyətə inteqrasiyası "ASAN”ın vacib fəaliyyət istiqamətlərindən biridir.

Fiziki məhdudiyyətin əslində məhdudiyyətsizlik olduğunu diqqətə çatdırmaq və bu insanların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün "ASAN” xüsusi bir layihəyə başlamaq qərarına gəlib: "Onlar da cəmiyyətin bir parçasıdır. "ASAN” bu istiqamətdə məsuliyyətini dərk etdi və bu layihə əsasında onların bacarıqlarının artırılması ilə əmək bazarında yer tutmalarına nail oluruq. Artıq bütün mərkəzlərimizdə onlarla bu cür könüllülər fəaliyyət göstərir. Fərdi müraciətlər də qəbul edirik”.

Sonda biz də bütün könüllüləri bu gün münasibətilə təbrik edir və digər gəncləri də könüllü olaraq ölkənin gələcək inkişafında iştiraklarını və məsuliyyətlərini artırmağa çağırırıq.

Prezident İlham Əliyevin söylədiyi kimi, təkcə "ASAN xidmət” sahəsində deyil, bütün başqa sahələrdə də könüllülər institutunun daha da sürətlə formalaşacağına əminik. Çünki Azərbaycanda hazırda mövcud olan ictimai-siyasi vəziyyət, gözəl ab-hava belə təşəbbüslərin irəli sürülməsinə imkan yaradır.

Fərizə ƏHMƏDOVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM