Alternative content

11:36 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gündəmi İLHAM ƏLİYEV müəyyənləşdirir
Gündəmi İLHAM ƏLİYEV müəyyənləşdirir
ANA SƏHİFƏ / SİYASƏT
00:43 04.12.2018


Azərbaycan Prezidentinin uğurlu diplomatiyası nəticəsində Ermənistanın təcridi geniş miqyas alır və Yerevanın müttəfiqləri artıq ona qarşı Bakının yanında yer tutur


Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin genişləndirilməsi xarici siyasətimizin prioritet vəzifələrindən biridir. Ermənistan istisna olmaqla, bu gün bütün dövlətlərlə Azərbaycanın ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əlaqələri inkişaf etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin noyabr ayının 18-də və 19-da dost Belarus Respublikasına rəsmi səfərinin nəticələri bu reallığı bir daha təsdiqləmişdir.


Ermənistan yeni geosiyasi dalanda


Qeyd edək ki, dövlətimizin başçısı indiyədək beş dəfə dost dövlətdə olmuş, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə dörd dəfə Bakıya rəsmi səfər etmişdir. Həmin görüşlər zamanı əldə olunan razılaşmalar, müxtəlif sahələr üzrə birgə fəaliyyətə dair imzalanan sənədlər isə həm dövlət başçıları, həm də xalqlarımız arasında mehriban qonşuluq münasibətlərinin bariz göstəricisidir. Təsadüfi deyildir ki, ekspert və siyasətçilər Belarus və Azərbaycan respublikaları arasında siyasi, iqtisadi, mədəni, energetika, müdafiə və s. sahələrdə səmərəli, perspektivli əməkdaşlıq münasibətlərinin qurulmasını və onun strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini hər iki dövlətin böyük nailiyyəti kimi dəyərləndirirlər.

Gözlənildiyi kimi, Minsk şəhərində keçirilmiş yüksək səviyyəli görüşə və Azərbaycan-Belarus strateji tərəfdaşlığına kəskin və qərəzli reaksiyanı məhz işğalçı Ermənistan vermişdir. O da təsadüfi deyildir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Minsk səfərindən sonra Nikol Paşinyanın simasında rəsmi Yerevanın isterikası isə həm hakimiyyət, həm də Ermənistanın müxalifətyönümlü mətbuatında Yerevanın populist hədə-qorxuları və qeyri-adekvat hərəkətləri faktiki olaraq, Qərb dövlətləri və Rusiya ilə "siyasi bazarlıq” etmək cəhdləri, Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək üçün növbəti bəhanə axtarışı kimi izah olunmaqdadır.

Belə ki, hazırda işğalçı Ermənistanın yeni hakimiyyəti öz sələfləri - cinayətkar R.Köçəryan və S.Sarkisyan rejimlərinə xas olan primitiv təbliğat ənənələrini davam etdirərək daxili və xarici siyasətdə uğursuzluqlarının, sosial-iqtisadi böhranın ölkədə getdikcə dərinləşməsinin, özünütəcrid siyasətinin və bütün qlobal, eləcə də, regional layihələrdən kənarda qalmasının səbəblərini təkcə Azərbaycanın uğurlu xarici siyasətində deyil, onunla müttəfiq olan, haqlı mövqeyini dəstəkləyən Belarus və Qazaxıstan kimi böyük dövlətlərdə də axtarır.


Belarus, Qazaxıstan və Azərbaycan - ortaq maraqlar, eyni hədəflər


Bu kontekstdə bir xüsusi məqama da diqqət yetirək. Azərbaycanın dövlət başçısının Minsk səfəri ərəfəsində - noyabr ayının 12-də Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovu qəbul etmişdir. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfərinin proqramı müzakirə olunmuş, eləcə də dövlətlərimiz arasında qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın perspektivlərindən danışılmışdır.

Həmin söhbətdə A.Lukaşenko tamamilə epizodik olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postu ilə bağlı Ermənistanın yaratdığı problemlərə və rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyinə də toxunmuşdur. Yeri gəlmişkən, KTMT-də söz sahibi olan Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev də təşkilatın baş katibi postuna növbəti təyinatın Ermənistan nümayəndəsinə verilməsini məqsədəuyğun hesab etməmişdir. Çünki Ermənistanın bu posta dair öz planları vardır. Belə ki, sabiq baş katib Yuri Xaçaturov cinayət məsuliyyətinə cəlb olunduqdan sonra rəsmi Yerevan onu keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan ilə əvəz etmək arzusunda idi.

Belarus, Qazaxıstan və Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafından, ortaq maraqların formalaşmasından, Ermənistanın isə bir dövlət olaraq həm MDB məkanında, həm də onun sərhədlərindən kənarda sürətlə nüfuzdan düşməsindən, bütün inteqrasiya proseslərindən kənarda qalmasından xoflanan və bunu hakimiyyəti üçün ciddi təhdid kimi dəyərləndirən Nikol Paşinyan dərhal özünəməxsus ekssentrik reaksiya vermişdir.

O, Belarus və Qazaxıstan prezidentlərini "Ermənistanı təkləməkdə”, erməniləri "kiçik xalq” kimi tanımaqda ittiham etmiş, hətta onlara hədə-qorxu gəlməkdən, mövqeləri ilə bağlı "ciddi izahat tələb edəcəyini” bildirməkdən çəkinməmişdir. Bununla da böyük siyasətin davranış, etika qaydalarından tam xəbərsiz olduğunu göstərmişdir. Üstəlik, Yerevanda keçirdiyi mətbuat konfransında çılğınlıqla həmin dövlətləri "Ermənistanın maraqları ilə hesablaşmağa məcbur edəcəyini” bildirmişdir.


İlham Əliyevdən dəqiq və müdrik yanaşma


Belarus hakimiyyəti, öz növbəsində, N.Paşinyanın əhəmiyyətsiz isterikasına yalnız Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlazın təmkinli, lakonik və nəsihət dolu cavabı ilə reaksiya verməklə kifayətlənmişdir. A.Qlaz "böyük siyasətdə küçə demokratiyası qaydalarının yolverilməzliyini” və "beynəlxalq münasibətlərdə dəqiq protokol normalarının və etiket qaydalarının mövcudluğunu” bir daha meydan qəhrəmanı Nikol Paşinyanın diqqətinə çatdırmış və onun dahilik iddiasına, "cəzalandırmaq və ya əfv etmək səlahiyyətinə malik olan beynəlxalq prokuror” rolunu oynamağa çalışdığını bildirmişdir.

Noyabr ayının 14-də isə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq cavab addımı ataraq Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul etmiş, görüş zamanı da protokola əsasən qarşıdakı səfərin proqramı və gözlənilən nəticələr müzakirə olunmuşdur. Söhbət zamanı Azərbaycanın dövlət başçısı dövlətlərarası münasibətlərdə belə görüşlərin təşkilinə nadir hallarda rast gəlindiyini vurğulayaraq, faktiki olaraq, bunu hər iki dövlət arasında əməkdaşlığın, qarşılıqlı hörmətin və etimadın yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirmişdir.

Prezident İlham Əliyev onu da bildirmişdir ki, belarus xalqı dövlət müstəqilliyini əldə etdikdən sonra sürətli inkişaf yolu keçmiş, güclü iqtisadiyyata, kənd təsərrüfatına, keyfiyyətli sosial müdafiə sisteminə malik olan qüdrətli dövlətə çevrilmişdir. Ölkə başçısı patoloji natamamlıq kompleksindən əziyyət çəkən Ermənistanın "psixi tutmalar”ını, rəsmi Minskə qarşı açıq qərəzli mövqeyinin səbəblərini məhz Belarusun davamlı inkişaf tendensiyasına həsəd hissi və bədxahlığı, Azərbaycanın bu dövlətlə əlaqələrinin bütün sahələrdə, o cümlədən hərbi-texniki əməkdaşlıq istiqamətində getdikcə genişlənməsindən ciddi narahatlığı ilə əlaqələndirmişdir.

Ermənistan başçısının Belarus və Qazaxıstanın qətiyyətli mövqeyinə kobud reaksiyasını "nəzakətsiz davranış” adlandıran Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan KTMT-nin üzvü olmasa da, təşkilatın baş katibi postuna hansı dövlətin nümayəndəsinin təyin olunmasına biganə qala bilməz və onun öz tərəfdaşları, dostları ilə həmin məsələni müzakirə etməsi tamamilə təbiidir. Çünki bu təyinata yenidən iddialı olan Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal etmişdir. Ermənistanın KTMT-də problemlərin olmasına dair iddialarına aydınlıq gətirən Prezident həqiqətən də təşkilatın hazırda problemlər yaşadığını və onların ilk növbədə Ermənistanla bağlı olduğunu vurğulamışdır. Səfir Gennadi Axramoviç isə öz dövlətinin Azərbaycana münasibətini belə ifadə etmişdir: "Biz həmişə, o cümlədən beynəlxalq formatlarda azərbaycanlı dostlarımızın dəstəyinə arxayınıq. Eyni zamanda BMT, ATƏT və Avropa Şurası kimi beynəlxalq platformalarda Azərbaycanı həmişə müdafiə edirik”.


Ermənistan iqtisadi-ticari əməkdaşlıqda da uduzur


Böyük siyasətdə, hətta Avrasiya İqtisadi İttifaqı (AİT) və KTMT səviyyəsində oyundankənar vəziyyətdə qalan Ermənistan "prokurorluq” iddiasına baxmayaraq, nə Belarus, nə də Qazaxıstanla iqtisadi-siyasi əlaqələrində hansısa irəliləyişə dair pozitiv misal göstərə bilmişdir. Statistik göstəricilər isə həm Azərbaycanın, həm də natamamlıq kompleksindən əziyyət çəkən Ermənistanın həmin dövlətlərlə münasibətlərinin yalnız bir istiqaməti - ticarət əlaqələri haqqında obyektiv mənzərə yaratmaqdadır.

Məsələn, Ermənistan digər dövlətlərlə, o cümlədən Belarus ilə iqtisadi və ticari əlaqələrdəki "uğurlar”dan danışanda konkret ixrac və idxal göstəricilərinə deyil, ümumi əmtəə dövriyyəsinə dair rəqəmlərə istinad etməyi üstün sayır. Sosial-iqtisadi problemlər içərisində olan daxili auditoriya üçün "sakitləşdirici preparat” funksiyasını daşıyan həmin göstəricilərə əsasən, 2017-ci il ərzində Belarus və Ermənistan arasındakı qarşılıqlı ticarət əlaqələrində ümumi əmtəə dövriyyəsi 2016-cı illə müqayisədə 132,9 faiz artaraq 42 milyon ABŞ dolları təşkil etmişdir. Ermənistanin bu rəqəmi ikitərəfli münasibətlərdə "böyük nailiyyət” kimi təqdim etməsinə baxmayaraq, konkret göstəricilər tamamilə fərqli statistik mənzərə yaratmaqdadır.

Belə ki, həmin ümumi məbləğin əsas payını - 34,5 milyon dollarlıq hissəsini məhz Belarusdan idxal olunan sənaye və ərzaq malları təşkil edir. Ermənistandan bu ölkəyə ixrac edilən malların, əsasən mövsümi xarakterli kənd təsərrüfatı məhsullarının payı isə cəmi 8,2 milyon ABŞ dolları olmuşdur. Onu da etiraf edirlər ki, ixrac payının artırılması üçün nə Ermənistanın iqtisadi potensialı, nə də Belarusun bu mallara həvəsi və tələbatı vardır. Belarusdan idxal olunan məhsulların çeşidi isə "qabaqcıl aqrar ölkə” statusuna iddialı olan Ermənistan əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının hansı səviyyəyə endirilməsindən əyani şəkildə xəbər verir. Belə ki, Belarusdan əsasən ucuz kənd təsərrüfatı texnikası, gündəlik tələbat malları ilə yanaşı, ət, süd, kərə yağı, tərəvəz, müxtəlif konservlər və s. alınır. Ermənistandan Belarusa yola salınan əsas ixrac məhsulları içərisində spirtli içkilər və dərman istehsalı üçün xammal üstünlük təşkil edir.

Azərbaycana gəldikdə isə, 2017-ci ildə Belarus Respublikası ilə yalnız ticarət dövriyyəsinin ümumi həcmi 147,7 milyon ABŞ dolları olmuşdur. 2018-ci ildə isə bu rəqəm üç dəfə artmışdır. 2017-ci ilin göstəriciləri 2016-cı il ilə müqayisədə 23,2 milyon dollar çoxdur. Həmin rəqəmin 130,2 milyon dollarlıq hissəsini Belarusdan idxal olunan, 17,5 milyonunu isə Azərbaycandan ixrac edilən məhsullar təşkil edir. Bu il isə Azərbaycanın idxal göstəriciləri ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 50% artmışdır.

Qazaxıstanla bağlı statistik göstəricilər də Ermənistan üçün ürəkaçan deyildir. Xatırladaq ki, ötən il Ermənistanın Qazaxıstanla ümumi ticarət dövriyyəsi cəmi 9 milyon ABŞ dolları təşkil etmişdir. Azərbaycan isə dost dövlətlə ticarət əlaqələrinin səviyyəsini 142 milyon dollara yüksəltmişdir. Bu göstərici həm Azərbaycanı, həm də Qazaxıstanı qane etmir. Çünki ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün hər iki dövlət geniş potensiala malikdir. Eyni zamanda, Qazaxıstan Azərbaycanda başlanan Bakı-Tbilisi-Qars dəmir yollarının potensialından geniş istifadə etməkdədir.


Minskdən Bakıya tam və birmənalı dəstək


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarusa səfəri zamanı vurğuladığı kimi, hər iki dövlət başçısının müntəzəm xarakter almış görüşlərində ikitərəfli əlaqələrin perspektivləri ilə yanaşı regional və beynəlxalq məsələlər də geniş müzakirəyə çıxarılmış, milli mənafelərin bir çox aspektlərinə dair ortaq mövqelər müəyyən edilmişdir. Bütün bunlar qarşılıqlı faydalılıq, qarşılıqlı hörmət və qarşılıqlı yardım prinsipləri üzərində qurulmuş səmimi dostluq münasibətlərinin getdikcə daha da inkişaf etdirilməsi, yeni layihələrin icrası üçün əlverişli zəmin yaratmaqdadır.

Bu gün Azərbaycan Respublikası ilə Belarusun əlaqələrində elə bir sahə yoxdur ki, intensiv inkişaf dövrünü yaşamasın. Məsələn, kənd təsərrüfatı, maşınqayırma, müdafiə sənayesi, yüksək texnologiyalar üzrə qarşılıqlı faydalı əməkdaşlıq öz səmərəsini verməkdədir. Dövlətlərimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm irəliləyişlərə nail olunmuşdur. Eyni zamanda, humanitar əməkdaşlıq istiqamətləri üzrə əlaqələrin geniş potensialı və perspektivləri vardır. Hər iki ölkənin mədəniyyət, idman, turizm imkanları dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsində, əməkdaşlığın yeni mərhələyə yüksəlməsində əhəmiyyətli rol oynayır. Minsk şəhərində Azərbaycan və Belarus prezidentlərinin apardıqları danışıqlarda hər iki dövlət üçün bir sıra əhəmiyyətli məsələlər ətraflı müzakirə edilmiş və əməkdaşlığın müxtəlif istiqamətləri - iqtisadi, ticari, nəqliyyat, energetika, hərbi-texniki əməkdaşlıq və digər sahələr üzrə doqquz sənəd imzalanmışdır.

Minsk səfəri ərəfəsində Azərbaycan və Belarus münasibətlərini dəyərləndirən Prezident İlham Əliyevin bildirdiyi kimi, bu əlaqələrin effektivliyinin əsas səbəbi hər iki tərəfin öz üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsi, beynəlxalq strukturlarda bir-birinin maraqlarını fəal şəkildə dəstəkləməsi, iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olmasıdır. Bu amillər Azərbaycanın digər MDB subyektləri ilə əlaqələri üçün həm də nümunə rolunu oynayır. Azərbaycan bütün dövlətlərlə hüquq bərabərliyi prinsipi əsasında əməkdaşlıq edir. Eyni zamanda, bu əlaqələri başqa dövlətlərin suveren hüquqlarına hörmət etməklə, onların daxili işlərinə qarışmadan müstəqil şəkildə qurmaqdadır. Bu mövqe dövlətimizə olan inam və etimadın daha da möhkəmləndirilməsi, onun etibarlı tərəfdaş kimi qəbul olunması üçün böyük əhəmiyyətə malikdir. Odur ki, dövlətlərarası münasibətlərdə ikitərəfli əlaqələrin qurulmasına və inkişafına üstünlük verən Azərbaycan Respublikası ilə Belarus arasında hərtərəfli strateji əməkdaşlıq rəsmi Bakının milli maraqları və xarici siyasətin prioritet istiqamətlərini mövcud geosiyasi vəziyyət və tərəfdaş dövlətlərin mənafeləri ilə maksimum dərəcədə uzlaşdıra bilmək bacarığının bariz nümunəsi də sayıla bilər. Digər tərəfdən, rəsmi Bakı Belarusla strateji tərəfdaşlığı yeni mərhələyə yüksəltməklə özünün daha geniş əməkdaşlıq imkanlarına malik olduğunu bir daha təsdiqləyir.


Liderlərin dostluğu strateji tərəfdaşlığı daha da möhkəmləndirir


Xüsusilə qeyd etmək lazımdır ki, səfər zamanı imzalanan çox mühüm bir sənəd Azərbaycan və Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin hansı səviyyəyə yüksəlməsinin parlaq və obyektiv təzahürü olmuşdur. Belə ki, noyabr ayının 19-da geniş tərkibdə görüşdən sonra İlham Əliyev və Aleksandr Lukaşenko "Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı”nı imzalamış, sonra yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələri qarşısında çıxış etmişlər. Azərbaycan Respublikasının xarici siyasətinin növbəti uğuru və dövlətlərimiz arasında dostluq əlaqələrinin məntiqi nəticəsi olan həmin sənəd hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əməkdaşlığın bütün aparıcı istiqamətlərini, prinsipial məsələlərdə ortaq mövqeni tam dolğunluğu ilə əhatə etmişdir. Diqqətçəkən məqamlardan biri birgə bəyanatın 6-cı bəndində irəli sürülən müddəalara rəsmi Minskin də tərəfdar olması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini bir daha qətiyyətlə müdafiə etməsidir. Həmin bəndə əsasən, Azərbaycan və Belarus dövlətləri tərəfindən münaqişənin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq, öncə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına riayət edilməsinin, eləcə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarlarına müvafiq olaraq həll edilməsinin vacibliyi vurğulanmışdır.

Rəsmi Minskin bu müddəanın birgə bəyanata daxil edilməsini dəstəkləməsi, əslində, işğalçı Ermənistanla eyni hərbi-siyasi və iqtisadi platformaların - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının üzvü olan Belarusun münaqişəyə dair beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icrasının vacibliyinə qətiyyətlə tərəfdar çıxması və Azərbaycanın ərazi bütövlüyünü bir daha müdafiə etməsidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuat üçün verdiyi bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında prinsipial və obyektiv mövqe nümayiş etdirdiyinə görə Belarus dövlətinə və onun başçısına xüsusi minnətdarlığını bildirmiş və hər iki dövlətin ortaq mövqeyini - münaqişənin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində beynəlxalq hüquq normalarına uyğun həll edilməsinin vacibliyini bir daha diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti hər iki dövlət arasında iqtisadi əməkdaşlığın perspektivlərini və hazırda yüksək effektivlik əmsalı olan tammiqyaslı sənaye kooperasiyasının formalaşmasını da xüsusi qeyd etmişdir. Azərbaycan Prezidenti demişdir: "Biz həmişə bir-birimizi dəstəkləməyə çalışmışıq və bundan sonra da bizdən asılı olan nə varsa edəcəyik ki, Belarus və Azərbaycan daim bir-birinin dəstəyini hiss etsin. Beynəlxalq strukturlarda, iqtisadi kooperasiya çərçivəsində də bütün məsələlərdə bizim çox səmimi münasibətlərimiz var”.

Yeri gəlmişkən, Belarus Prezidenti Aleksandr Lukaşenko da həmkarının mövqeyini dəstəkləyərək, öz çıxışında dövlətlərimiz arasında dostluq münasibətlərinin və əməkdaşlığın böyük potensiala malik olduğunu xüsusi vurğulamışdır: "Minsk ilə Bakı arasında həll edilməmiş və həll oluna bilməyən məsələlər yoxdur. Biz etibarlı strateji tərəfdaşlar olmuşuq və indi də belədir. Bizim azərbaycanlı dostlarımız, Azərbaycandakı qardaşlarımız bilməlidirlər ki, biz Belarusda Azərbaycan üçün əlimizdən gələni edəcəyik. Bizim üçün çətin dövrlərdə sizin oynadığınız rolu, bizə etdiyiniz köməyi həmişə yadda saxlayacağıq. Biz qədirbilən xalqıq və bunu yaxşı xatırlayırıq. Lazım gələrsə, biz də Azərbaycan xalqına eyni qaydada həmişə kömək edəcəyik”.


"Made in Azerbaijan” Belarusu da fəth edir


Onu da əlavə edək ki, görüş zamanı ölkələrimiz arasında hərbi-texniki və təhlükəsizlik istiqamətində əməkdaşlığın perspektivləri də müzakirə edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, hərbi-texniki sahədə davamlı şəkildə inkişaf edən ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi haqqında anlaşma memorandumu da imzalanmışdır. Azərbaycan Ordusunun müasir hava hücumundan müdafiə sistemləri və hücum təyinatlı yeni silahlarla təminatının yaxşılaşdırılması üçün konkret müqavilələrin imzalanmasını nəzərdə tutan həmin sənəd Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlıq istiqamətində növbəti uğurlu addım kimi dəyərləndirilir.

Anlaşma memorandumu bir daha təsdiq edir ki, rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına çalışsa da, onun hərbi güc tətbiqi vasitəsilə həllinə həmişə hazırdır. Təbiidir ki, həm Azərbaycan və Belarus prezidentlərinin birgə bəyanatları, həm də hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumunun imzalanması da işğalçı Ermənistanda ciddi narahatlıq doğurmuş, hakim dairələrin isə seçkiöncəsi növbəti isterik ritorikası ilə nəticələnmişdir.

Belarus-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin, qarşılıqlı yardımlaşmanın bundan sonra da intensiv inkişaf etdirilməsi zərurəti Prezident Aleksandr Lukaşenkonun mətbuat nümayəndələri üçün bəyanatında da geniş əksini tapmışdır. Onun sözlərinə görə, Belarusda Azərbaycanın investisiyalarına və yüksəkkeyfiyyətli məhsullarına ciddi maraq göstərirlər. Bu məhsulların Belarus alıcıları arasında daha da populyar olması üçün Azərbaycan Prezidenti İlham Əliyev Belarusda fəaliyyət göstərən Azərbaycan Ticarət Evi şəbəkəsinin genişləndirilməsi haqqında qərar qəbul etmişdir. Bundan başqa, bir vaxtlar təşəbbüskarları prezidentlər olan layihələr də bu gün öz gücünü artırmaqdadır. Məsələn, Gəncə Avtomobil Zavodunda on bir il ərzində on mindən çox "Belarus” markalı traktor və onun bazasında xüsusi texnika istehsal edilmiş, 3500-dən çox MAZ avtomobili və qoşqular hazırlanaraq istismara buraxılmışdır. Eyni zamanda, Azərbaycana Belarus istehsalı olan "Qomselmaş” kombaynlarının ilk nümunələri də göndərilmişdir. Bütün bunlar Azərbaycan sənayesinin böyük imkanlarından və onun yüksək kadr potensialından xəbər verir. Belarus Prezidenti onu da əlavə etmişdir ki, hazırda Minsk Traktor Zavodu və Gəncə Avtomobil Zavodu Türkiyə ərazisində traktorların yığılması ilə bağlı ümumi layihə üzərində işləyirlər.

Minsk görüşlərində diqqətçəkən məqamlardan biri də Belarus Respublikasının Azərbaycanla olan qarşılıqlı iqtisadi münasibətlərə yeni istiqamətin əlavə olunması - bu dövlətin ortaq nəqliyyat-logistika layihələrinə ciddi maraq göstərməsidir. A.Lukaşenkonun sözlərinə əsasən, Belarus həm də Azərbaycanın genişmiqyaslı və beynəlxalq əhəmiyyətli infrastruktur layihələrində - yeni dəmir yolları xətlərinin çəkilişində, dəniz limanlarının, logistika mərkəzlərinin tikintisində və istismarında da hərtərəfli iştirak etməyə hazırdır. Hazırda hər iki ölkə arasında yükdaşımaların təqribən 96%-i dəmir yolu nəqliyyatı vasitəsilə həyata keçirilir. Bu marşrutun "Şimal-Cənub dəhlizi” çərçivəsində inkişaf etdirilməsi Azərbaycandan və Belarusdan Hindistan, İran, Rusiya, Avropa, Cənub-Şərqi Asiya ölkələrinə yükdaşımaları xeyli asanlaşdıracaqdır.

Minsk görüşləri zamanı hər iki dövlət "Şimal-Cənub nəqliyyat dəhlizi” çərçivəsində birgə fəaliyyətə dair saziş imzalamışlar. Həmin sənədə görə, Belarus və Azərbaycan arasında daha rahat və davamlı, iqtisadi baxımdan əlverişli dəmir yolu əlaqəsinin qurulması nəzərdə tutulmuşdur. Bundan başqa, hər iki prezidentin mətbuat üçün bəyanatlarından göründüyü kimi, əlaqələrin indiki səviyyəsi yuksək olsa da, onları o qədər də qane etmir. Çünki qaprşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün zəngin potensial mövcuddur. Məsələn, səhiyyə, təhsil, informasiya-kommunikasiya texnologiyaları, idman və turizm sahələrində də əlaqələri daha da möhkəmləndirmək üçün imkanlardan kifayət qədər istifadə olunmamışdır. Bununla belə, Prezident A.Lukaşenko hər iki dövlətin mənafelərinə cavab verən yeni genişmiqyaslı layihələrin tezliklə reallaşacağına əminliyini bildirmişdir.


Azərbaycan-Türkmənistan əməkdaşlığı Avrasiya üçün böyük əhəmiyyət kəsb edir


Onu da əlavə edək ki, Belarus görüşlərinin yekunları ilə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabr ayının 21-də Türkmənistana rəsmi səfərinin nəticələri də xarici siyasətimizin əsas istiqamətlərindən olan türk dövlətləri ilə əməkdaşlıq vektorunun növbəti uğurları kimi dəyərləndirilməlidir. Belə ki, Aşqabadda Azərbaycan və Türkmənistan arasında əlaqələrin bir sıra sahələrini əhatə edən 20-dən çox mühüm saziş imzalanmışdır.

Bundan başqa, hər iki dövlət başçısının - İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun imzaladığı birgə bəyanatda da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həlli öz əksini tapmışdır. Eyni zamanda, prezidentlərin görüşlərində və imzalanmış sənədlərdə ölkələrimiz arasında quru, dəniz və dəmir yolu nəqliyyatı vasitəsilə daşımalar sahəsində əlaqələrin genişləndirilməsi, "Şərq-Qərb nəqliyyat dəhlizi”nin inkişaf etdirilməsi, Transxəzər beynəlxalq nəqliyyat xətti çərçivəsindəki layihələrin bundan sonra da dəstəklənməsi nəzərdə tutulmuşdur. Azərbaycanın dövlət başçısı həmin əhəmiyyətli səfərin yekunlarını dəyərləndirərkən Azərbaycanın və Türkmənistanın regionda böyük potensiala malik olduqlarını, ölkələrimiz arasında münasibətlərin strateji xarakter almasının öz məntiqi təsdiqini tapmasını vurğulamış, nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin Avrasiya üçün böyük əhəmiyyət kəsb edəcəyinə əminliyini bildirmişdir.


Təşəbbüs yenə də İlham Əliyevdədir


Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son iki rəsmi səfərindən əldə olunan uğurlu nəticələri timsalında dövlətimizin son illərdə yürutdüyü xarici siyasət strategiyasının effektivliyinin dolğun mənzərəsi yaranmaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan çoxvektorlu xarici siyasət xəttinin müvəffəqiyyətlə davam etdirilməsi bir tərəfdən Azərbaycanın milli maraqlarının ödənilməsində, onun beynəlxalq siyasi, iqtisadi və humanitar əlaqələrinin yeni səviyyələrə qaldırılmasında, regional və beynəlxalq platformalarda mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır, digər tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə yönəldilmiş səylərin səmərəsini xeyli artırmışdır.

Prezident İlham Əliyevin Belarus və Türkmənistan respublikalarına rəsmi səfərləri əyani şəkildə bir daha təsdiqlədi ki, dövlətlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün kifayət qədər potensial və ən başlıcası, xoş məram vardır. Səfər çərçivəsində imzalanmış birgə bəyanatlara əsasən həm Belarus, həm də Türkmənistan dövlətləri iqtisadi, siyasi və humanitar əlaqələrin davamlı şəkildə möhkəmləndirilməsi ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri əsasında tənzimlənməsinin həllinin vacibliyini dəstəkləyirlər.

Eyni zamanda, Azərbaycanın iqtisadi və siyasi cəhətdən güclənməsi, hüquq bərabərliyi, qarşılıqlı faydalılıq prinsipləri əsasında qurulan strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri, onun regionun önəmli dövlətlərindən birinə çevrilməsi münaqişənin tezliklə həllini tapmasına əlverişli zəmin yaratmaqdadır.

Fərhad MƏMMƏDOV,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM