04 Dekabr 2018 00:39
611
İQTİSADİYYAT
A- A+

Regionlar yenə irəli çıxır


Ölkədə hər yeni açılan dörd iş yerindən üçü bölgələrin payına düşür


Artıq neçə ildir ölkəmizdə, xüsusən də regionlarda yeni istehsal və xidmət sahələrinin açılmasına, müasir obyektlərin istifadəyə verilməsinə, aqrar sektorda əməktutumlu sahələrin dirçəlməsinə xüsusi diqqət yetirilir və ümumiyyətlə, bu sahə hökumətin prioritet fəaliyyət istiqaməti olaraq qalır.

Etiraf edək ki, regionların sosial-iqtisadi inkişafını təmin edən dövlət proqramlarının icrasının da bu işdə payı böyükdür. O mənada ki, dövlət proqramlarının icrası, bu sıradan qeyri-neft sektorunun inkişafı məşğul əhalinin sayının artması və iqtisadi inkişafın coğrafiyasının genişlənməsi ilə müşayiət edilib.

İndi isə bununla bağlı son statistika: Dövlət Statistika Komitəsinin məlumatına görə, üçüncü dövlət proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2018-ci il tarixinədək ölkə üzrə ümumilikdə 913,6 min olmaqla 624,9 min daimi iş yeri açılıb. Bu dövrdə ənənəvi qaydanın əksinə olaraq iş yerlərinin əksəriyyəti paytaxtda deyil, regionlarda yaradılıb. Belə ki, cari ilin 9 ayında yeni iş yerlərinin 24 faizi Bakıda açıldığı halda, 75 faizi regionlarda açılıb. Yəni yeni iş yerlərinin açılmasında da bölgələr önə keçib.

Amma bu da həqiqətdir ki, bir çox hallarda sahibkarlar vergidən və Dövlət Sosial Müdafiə Fonduna vəsait ödəməkdən yayınmaq üçün işçilərlə əmək müqaviləsi bağlamırlar. Yəni faktiki olaraq işçilərin sayını gizlədirlər. Bunun nəticəsində məşğul əhalinin və işsizlərin sayının dəqiq müəyyən edilməsində çətinliklər yaranır. Prezident İlham Əliyev belə halları kəskin tənqid edərək demişdir: "Bununla bərabər, sosial sahənin şəffaflaşdırılması və beynəlxalq təcrübə əsasında fəaliyyət göstərməsi bizim iqtisadi inkişafımıza da böyük təkan verəcək. Çünki qeyri-formal məşğulluq Azərbaycanda kütləvi xarakter daşıyır. İndi hökumət bu məsələ ilə ciddi məşğul olur, nazirlik də məşğul olur və biz buna son qoymalıyıq. Buna son qoymaq üçün mexanizmlər var, işlənilir və hesab edirəm ki, yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır. Biz qeyri-formal məşğulluqla bağlı çox ciddi addımlar atırıq və atacağıq. Əgər biz bu vəziyyətdən çıxa bilsək, bu, ölkə iqtisadiyyatına böyük dəstək olacaq. Onu da qeyd etməliyəm ki, qeyri-formal məşğulluq, demək olar, bütün ölkələrdə var və mövcuddur”.

Sözümüzün canı budur ki, əgər, Prezidentin də qeyd etdiyi kimi, sözügedən sahədə şəffaflıq tam təmin edilsəydi, istər paytaxtda, istərsə də regionlarda rəsmi iş yerlərinin, yəni işləyənlərin sayı daha çox olardı. Amma bu işə nəzarət etməli olan iki böyük nazirliyin (Əmək və Əhalinin Sosial Müdafiəsi və Vergilər nazirliklərinin) rəhbərliyi dəyişdirilib və yeni rəhbərliklər dövlət başçısının sözügedən sahədə mövcud olan nöqsanlarla bağlı söylədiyi iradlarındakı halların aradan qaldırılması istiqamətində ardıcıl və təsirli tədbirlər görməyə başlayıblar.

Həm də bunun nəticəsidir ki, cari ilin 9 ayı ərzində ölkə üzrə kifayət qədər çox - 192,5 min yeni (o cümlədən 94,5 min daimi) iş yerinin açılması rəsmiləşdirilib. Çox yaxşı haldır ki, 42,4 faizinin qeyri-dövlət sektoruna aid olduğu yeni iş yerlərinin çox hissəsi regionların payına düşür. Bu isə bölgələrdə yaşayan əhalinin də sosial təminatının yaxşılaşması deməkdir. Onu da qeyd edək ki, daimi iş yerlərinin 8,2 faizi yeni yaradılan, 33,9 faizi mövcud müəssisə və təşkilatlarda, 57,5 faizi fərdi sahibkarlıq subyektlərində, qalanı isə fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda yaradılıb. Cari ilin yanvar-sentyabr aylarında hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin çox hissəsi ticarət, nəqliyyat vasitələrinin təmiri, tikinti, emal sənayesi, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.

Bu ilin 9 ayı ərzində ölkədə həmçinin 30 min iş yeri bağlanıb. Bağlanan iş yerlərinin 88,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 73,6 faizi fərdi sahibkarlıq subyektlərinin, 8,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 18 faizi fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədardır.

Yeri gəlmişkən qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat olub. Əməkhaqqı neft sektorunda 3059, qeyri-neft sektorunda 483,2, dövlət müəssisələrində 428,6, özəl müəssisələrdə isə 691,2 manata çatıb.

Bu gün ölkəmizdə həyata keçirilən böyük iqtisadi layihələrin icrasında və digər sahələrdə yerli əhali ilə bərabər əcnəbilər də çalışır. Cari ilin üçüncü rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən və müddəti uzadılan iş yerlərində çalışan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3858 nəfər olub. Onların da 39,9 faizi tikintidə, 30,2 faizi mədənçıxarma, 9,9 faizi emal sənayelərində, 5,2 faizi turistlərin yerləşdirilməsi və ictimai-iaşədə, 4,4 faizi təhsildə, 3,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri və 13,5 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələri alıblar.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video