04 Dekabr 2018 00:37
339
SİYASƏT
A- A+

Azərbaycanın 2019-cu il dövlət büdcəsi Ermənistandan 4,5 dəfə çoxdur


İşğalçı ölkənin çöküşünün daha sürətli xarakter alacağı proqnozlaşdırılır


Sosial-iqtisadi sahədə böyük problemlər yaşayan Ermənistanda vəziyyətin getdikcə daha da pisləşməsi müşahidə olunur. Bu ölkədə hakimiyyət dəyişikliyinə rəğmən, qeyd olunan istiqamətlər üzrə müsbətə doğru dəyişən nəsə yoxdur.

Əksinə, işğalçı ölkənin çöküşünün daha sürətli xarakter alacağı proqnozlaşdırılır. Bunu Ermənistanın gələn il dövlət büdcəsindən də görmək olar.

Gələn il üçün nəzərdə tutulan layihədə büdcənin gəlirləri 1,5 trilyon dram, xərcləri isə 1,6 trilyon dram və ya 3,3 milyard ABŞ dolları göstərilir.

Qeyd edək ki, gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manat (14 milyard 847 milyon ABŞ dolları) proqnozlaşdırılıb. Bu isə onu göstərir ki, Ermənistanın dövlət büdcəsi Azərbaycandan təxminən 4,5 dəfə azdır.

Məsələ bundadır ki, bu fonda Ermənistan büdcəsində sosial ödənişlərdə, maaşlarda hansısa artım yoxdur. Bununla bağlı ekspert Babken Tunyan qeyd edir ki, ölkədə "məxməri inqilab” da hansısa nailiyyətə nail olmadı. O qeyd edir ki, Ermənistanda təqaüd və maaşlar artmayacaq.

Onun sözlərinə görə, bu gün əgər ölkədəki pensiyaçıların təqaüdləri 100 dram artırılarsa, bu, dövlət büdcəsinə çox böyük məbləğə başa gələ bilər: "Təbii ki, belə bir addımın atılmasının ölkə əhalisinin rifahına elə də böyük bir təsir göstərməyəcəyini nəzərə alsaq, bu halda belə bir sual yarana bilər: hökumət tərəfindən belə bir addım atılmasına dəyərmi? Əslində, pensiyaçıların təqaüdlərinin 1000 dram artırılması ölkədəki bugünkü qiymət artımı ilə müqayisədə heç nədir, yəni belə bir addımın atılması xalqın rifah səviyyəsinin yüksəlməsinə heç bir təsir göstərə bilməz. Əslində, bu seçimi Nazirlər Kabineti etməlidir. Bu gün Ermənistanda insanlar erkən seçkilərdən sonra "məxməri inqilab”ın iqtisadi təsirləri haqqında tez-tez danışmağa başlayıblar. Əgər, doğrudan da, deyildiyi kimi, ölkədə vergi gəlirləri artırılacağı təqdirdə pensiya və maaşların səviyyəsində artım olmayacaqsa, bunun əhali arasında hansı effekt verəcəyini də anlamaq lazımdır”.

Bu gün pensiyaların Ermənistan əhalisinin ən həssas yeri olduğunu bildirən Tunyan onların ərzaq xərclərinin böyük bir hissəsinə sahib olduqlarını xatırladır.

Ermənistan parlamentinin 2019-cu il üçün qəbul etdiyi dövlət büdcəsi layihəsində respublikada minimum əməkhaqqı və əmək pensiyalarının eyni səviyyədə qalacağı göstərilir. Bununla yanaşı, əmək pensiyalarının hesablanmasında da heç bir dəyişiklik edilməyəcək. Bu gün Ermənistanda pensiyaların miqdarı 16 min dram civarındadır.

Maraqlıdır ki, Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov yeni hökumətin vergi artımı hesabına ölkədəki pensiya və maaşların yüksəldiləcəyi barədə dediklərinin populizmdən başqa bir şey olmadığını bildirib.

Ermənistanda gələn ilin büdcəsində hərbi xərclərin artırılması nəzərdə tutulur ki, bunun da reallaşması böyük sual altındadır. Qeyd edək ki, Ermənistan 2019-cu ildə hərbi büdcəsini 647 milyon dollara qədər artırmaq niyyətinə düşüb. İşğalçı ölkənin müdafiə büdcəsinin kəskin artımı ilk dəfə 2018-ci ildə olub. Həmin vaxt hərbi büdcə 2017-ci ildəkinə nisbətən 17,6 faiz artaraq 518 milyon dollar təşkil edib. Gələn il daha çox artım gözlənilir və bu göstərici təxminən 647 milyon dollar olacaq.

Xatırladaq ki, Azərbaycanın 2019-cu il üçün hərbi büdcəsi 4 milyard 589,6 milyon manat (2 milyard 705 milyon ABŞ dolları) təşkil edir. Bu isə Ermənistanın hərbi büdcəsindən təxminən 4 dəfə çoxdur.

İşğalçı ölkədə hərbi büdcənin bu cür artırılması ümumi daxili məhsulda hissediləcək şəkildə əks olunub. Belə ki, bu göstərici cari ildə 3,8 faizə yaxın olub, gələn il isə 4,5 faizə çatacaq. Hərbi büdcənin belə sürətli artımı, əlbəttə ki, Ermənistan üçün ciddi çətinliklər yaradacaq. Bu rəqəmin ümumi daxili məhsulda nisbətinin 5-6 faizdən çox olması ölkə iqtisadiyyatı üçün kifayət qədər ciddi təhlükədir.

Amma bu artım Ermənistanın Azərbaycan ilə ayaqlaşa biləcəyi demək deyil. Əksinə, hərbi büdcənin belə artımı ölkə iqtisadiyyatının daha böyük problemlərlə üzləşməsi deməkdir. Aydındır ki, hətta indiki artım nəzərə alınmaqla Ermənistanın hərbi büdcəsinin Azərbaycandakına çatmasına hələ çox var. Bu baxımdan Ermənistanın hərbi büdcəsini artırması onun çöküşünü daha da sürətləndirəcək. Belə ki, Ermənistan həmin vəsaitə ancaq sosial sahələrə ayrılan xərcləri azaltmaqla nail ola bilər. Əslində, artıq müəyyən azalmalar özünü göstərir. Məsələn, Ermənistan prezidenti Armen Sarkisyanın aparatı "Airbus” təyyarəsindən məhrum edilib, dövlət başçısının xərcləri 741 milyon dram və ya 1,5 milyon dollar azaldılıb. Ermənistan Prezidenti Aparatının rəhbəri Emil Tarasyanın sözlərinə görə, təyyarədən imtina 200 milyon dram qənaət etməyə imkan yaradacaq. Tarasyan həmçinin deyib ki, 2019-cu il üçün prezidentin xərcləri 1,183 milyard dram və ya 2,4 milyon dollar təşkil edəcək. Bu da 2018-ci ildəki analoji göstəricinin 61,5 faizini təşkil edir. Aparat rəhbəri gələn il Ermənistanda ciddi ixtisarların olacağını, maaşlar üçün nəzərdə tutulan xərclərin azaldılacağını qeyd edib.

Bütün bunlar isə işğalçı ölkədə vəziyyətin daha da ağırlaşdığını göstərir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video