03 Dekabr 2018 22:07
412
CƏMİYYƏT
A- A+

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib



Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”dan irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda ümummilli lider Heydər Əliyev tərəfindən dövlət qulluğu sahəsində aparılan islahatlar nəticəsində respublikamızda özünəməxsus dövlət qulluğu sisteminin formalaşdığı, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş yeni Strategiyanın dövlət qulluğu sahəsində islahatların yeni mərhələsinin əsasını qoyduğu qeyd olunub.

Kollegiyada bu mühüm sənədin dövlət qulluğunun inkişafında müstəsna əhəmiyyəti vurğulanıb, son illər dövlət qulluğunun xüsusi növü olan ədliyyə qulluğunun təkmilləşdirilməsi, ədliyyə orqanlarının hazırlıqlı, mənəvi cəhətdən saf kadrlarla komplektləşdirilməsi, bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatı, qulluğa qəbul prosedurlarının xeyli sadələşdirilməsi, ədliyyənin müxtəlif sahələrinə şəffaflıq əsasında işə qəbulla bağlı mütəmadi müsabiqə və müsahibələrin keçirilməsi vurğulanıb. Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı ilə Ədliyyə Nazirliyinin üzərinə düşən çoxsaylı vəzifələrin mütəşəkkil, vaxtında və dürüst yerinə yetirilməsi, o cümlədən dövlət qulluğunda kadr siyasətinin inkişafı, dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi, informasiya təminatının və elektron dövlət qulluğunun inkişaf etdirilməsi, bu sahəyə dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət və s. məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib, konkret tədbirlər müəyyən edilib.

Eyni zamanda, iclasda dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə 2018-ci il noyabrın 15-də "Notariat haqqında” Qanuna edilmiş əsaslı dəyişikliklərin əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində mühüm rol oynayan notariat fəaliyyətinin səmərəli təşkilində və vətəndaşların əlçatanlığı üçün yeni imkanların yaradılmasında müstəsna əhəmiyyəti qeyd olunub.

Bildirilib ki, notariat sahəsində ardıcıl islahatlar davam etdirilərək notariat orqanlarının səlahiyyətləri genişləndirilir, beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur, həmçinin notariat kontorlarını vahid şəbəkədə birləşdirən "Elektron notariat” informasiya sistemi istifadəyə verilib ki, bununla da notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Bu sahədə islahatlara və yeniliklərə beynəlxalq maraq artaraq Azərbaycanın nailiyyətləri qabaqcıl kimi qiymətləndirilir, bir çox dövlətlər müsbət təcrübəmizdən bəhrələnirlər.

Yeni Qanun notariat fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət etməklə bu sahədə institusional tədbirlərin, o cümlədən notariat ofislərində idarəçiliyin təkmilləşdirilməsi məqsədilə notariusun köməkçisi institutunun, həmçinin notariusların peşə hazırlığının artırılması üçün təlimlərin keçirilməsi, notariat təcrübəsinin formalaşması və bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi məqsədilə Notariat Palatasının yaradılmasını nəzərdə tutur. Həmçinin notariat xidmətlərinin məsafədən, videoəlaqə vasitəsilə həyata keçirilməsi, bu məqsədlə sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılacaq xüsusi ədliyyə köşkləri vasitəsilə ilk dəfə olaraq, notariat sənədlərinin tərtib olunaraq əldə edilməsi mümkün olacaq. Bundan başqa, səyyar elektron xidmətlər göstərmək üçün xüsusi çantalar hazırlanıb.

Kollegiyada qanunvericiliyə edilmiş dəyişikliklərin və Qanunun tətbiqi barədə dövlətimizin başçısının 2018-ci il 20 noyabr tarixli Fərmanının dönmədən və dürüst icrası ilə bağlı tapşırıqlar verilib.

Bununla yanaşı, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin təkmilləşdirilməsi, ölkəmizin sülhsevər siyasətinin hər zaman aşılanması, beynəlxalq tədbirlərdə və görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətin diqqətinə çatdırılması, xarici siyasət sahəsində əlaqələndirmə işinin daha mükəmməl həyata keçirilməsi ilə bağlı əlavə göstərişlər verilib.

Eyni zamanda, ədliyyə orqanlarında şəffaflığın və aşkarlığın təmin olunması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi üçün xeyli işin görüldüyü, o cümlədən nazirliyin internet səhifəsinin (www.justice.gov.az) interaktiv rejimdə fəaliyyət göstərməsi bildirilib. Saytın Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun olaraq müasir dizaynda hazırlanmış, ədliyyəyə əlçatanlığı asanlaşdırmaq məqsədilə funksionallığı artırılmaqla daha geniş məlumatları əks etdirən yeni versiyasının təqdimatı keçirilərək, onun tətbiqi ilə bağlı tapşırıqlar verilib.

Kollegiyada dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası ilə bağlı görülən işlər də müzakirə edilib. Yeni qəbul olunan qanunvericilik aktlarının azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azalmasına, alternativ cəzalara daha çox üstünlük verilməsinə imkan yaratdığı vurğulanıb. Həmçinin probasiya xidmətinin, elektron nəzarət vasitələrinin, ictimai işlər və digər alternativ cəzaların icrası sahəsində fəaliyyətin ictimai əhəmiyyəti nəzərə alınaraq, xüsusi videoçarxların, televiziya verilişlərinin hazırlandığı və ictimaiyyətin geniş maarifləndirildiyi bildirilib.

İclasda azadlıqdan məhrumetməyə alternativ cəzaların mükəmməl icrası ilə bağlı tapşırıqlar verilib, o cümlədən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə probasiya nəzarətinin həyata keçirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən digər normativ hüquqi akt layihələri baxılaraq qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video