03 Dekabr 2018 21:56
782
Elm və texnika
A- A+

Bakıda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası keçirilir


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib



Dekabrın 3-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Bakı şəhərində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda fiziki məhdudiyyətli şəxslərin X Ümumrespublika Yaradıcılıq Sərgi–Yarmarkası işə başlayıb. Tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib, burada nümayiş olunan əl işlərinə baxıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sərgi barədə ətraflı məlumat verib. Bildirilib ki, üç gün davam edəcək tədbirdə ölkəmizin müxtəlif bölgələrindən fiziki məhdudiyyətli 250 nəfərdən çox şəxsin hörmə, rəsm, toxuma, xalçaçılıq, dulusçuluq-keramika məmulatları, ağac üzərində oyma, müxtəlif incəsənət və məişət nümunələri, bədii tikmələrdən ibarət 1500-dən çox əl işi nümayiş olunur. Sərgidə, eyni zamanda, əl işlərinin satışı təşkil edilib. Bu da əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların yaradıcı əməyinin maddi baxımdan stimullaşdırılması məqsədi daşıyır.

Leyla Əliyeva əl işlərinin müəllifləri olan fiziki məhdudiyyətli şəxslərlə və sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib.

S.Babayev əlilliyi olan insanların istedad və bacarıqlarının cəmiyyətə tanıdılması və dəstəklənməsi, onların yaradıcılıq potensiallarına ictimaiyyətin diqqətinin artırılması məqsədilə təşkil olunan belə tədbirlərə hələ 1990-cı illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlandığını vurğulayıb. O, 1998-ci il noyabrın 30-da əlilliyi olan şəxslərin ilk ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin yekun tədbirində Ulu Öndərin dediyi bu sözləri xatırladıb: "Hər bir insanın cəmiyyətdə özünün daxilində olan imkanlardan istifadə etməsi üçün, öz istedadını nümayiş etdirməsi üçün ona şərait yaratmalıyıq”. Bu, ötən dövrdə dövlətimizin sosial siyasətində öz əməli təsdiqini tapıb. Prezident İlham Əliyevin xüsusi qayğısı ümumən fiziki məhdudiyyətli insanların sosial təminatlarının gücləndirilməsində, onların reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsində əhəmiyyətli addımların atılmasına imkan yaradıb.

Beynəlxalq Əlillər Gününün cari ildəki mövzusunun "Əlilliyi olan şəxslərin imkanlarının genişləndirilməsi, inklüzivliyin və bərabərliyin təmin edilməsi” olduğunu qeyd edən nazir bu gün əlilliyi olan insanların reabilitasiyası, öz fiziki məhdudiyyətlərinə qalib gələrək daim özlərinə güclü inam hissi ilə ictimai-mədəni həyatda fəal iştirak etmələri üçün çoxşaxəli işlər aparıldığını deyib. O, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm sosial əhəmiyyət kəsb edən nəcib və xoşməramlı layihə və təşəbbüslərinin digər həssas qruplarla yanaşı, əlilliyi olan insanları da əhatə etdiyini vurğulayıb. S.Babayev Heydər Əliyev Fondunun fiziki məhdudiyyətli insanların sosial reabilitasiyası işlərinə dəstək tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.

Nazir BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq ölkəmizdə müvafiq qanunvericiliyin təkmilləşdirildiyini qeyd edib. Bu məqsədlə yeni qəbul olunan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun fiziki məhdudiyyətli insanlarla bağlı mütərəqqi dünya təcrübəsindən irəli gələn yanaşmaları əks etdirdiyini bildirib.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib ki, təmsil etdiyi qurum tərəfindən Beynəlxalq Əlillər Gününün təsis edilməsində əsas məqsəd bu kateqoriyadan olan insanlara cəmiyyətin diqqətinin artırılmasıdır. O, BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına qoşulan Azərbaycanda bu sənəddən irəli gələn öhdəliklərin icrası, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün aparılan işlərin təqdirəlayiq olduğunu qeyd edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri, xalçaçı-rəssam, əl işlərinin qiymətləndirilməsi üzrə münsiflər heyətinin sədri Məmmədhüseyn Hüseynov fiziki məhdudiyyətli şəxslərin hər birinin müsabiqədə qələbəyə layiq olduğunu, qalibləri müəyyənləşdirərkən çətinlik çəkdiklərini bildirib.

Sonra xüsusi bacarıqları ilə fərqlənən iştirakçılara mükafatlar təqdim edilib.

Sərgi-yarmarka çərçivəsində, həmçinin nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya Mərkəzinin və uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərindən ibarət rəqs qruplarının çıxışı olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video