02 Dekabr 2018 00:32
1041
İQTİSADİYYAT
A- A+

Xurma bol olsa da...


Ağdaşlı fermerlər bu əvəzsiz nemətin satış qiymətindən razı deyillər


Ağdaş torpağı məhsuldarlığına görə seçilir. Buranın əlverişli iqlimi, bol suyu səpilən hər toxumu cücərdir. Ərsəyə gələn meyvələrin dadından doymaq olmur. Bu torpağın heyva və alçasından tutmuş düyüsünəcən adla deyilir. Ağdaşın xurmasının da yeri fərqlidir. Həm dadı, həm də keyfiyyəti ilə seçilən Ağdaş xurmasının istər yerli, istərsə də xarici bazarlarda alıcıları çoxdur.

Artıq xurma mövsümü sona çatır. Bəs bu il xurma istehsalçıları üçün necə keçib, bağlardan proqnozlaşdırılan həcmdə meyvə toplanıbmı, qiymətlər kəndli üçün əlverişlidirmi? Suallarımıza cavab tapmaq üçün Ağdaş rayonunun daha çox xurma əkilən Ağcayazı kəndində olduq. Bu kənd 380 təsərrüfatdan ibarətdir. Həmin təsərrüfatların təxminən 300-də xurma yetişdirilir. Onların arasında 0,20 hektarlığı da var, 10 hektarlığı da. Ümumilikdə isə xurma bağları 200 hektardan çoxdur.

Kənd sakini, fermer Şahmalı Kərimovun bağındayıq. Burada qaynar iş gedir. Bir yanda xurma dərilərək yeşiklərə yığılır, bir yanda da həmin yeşiklər yük maşınına doldurulurdu. Fermer deyir ki, 10 hektar xurma bağı var. Onun 6 hektarı tam məhsuldar, 4 hektarı cavan bağlardır: "Məhsuldarlıq keçən il də yaxşı olub. Lakin builki məhsul əvvəlki ildə olduğundan orta hesabla iki dəfəyə yaxın çoxdur. Amma qiymət keçən ildəkindən ucuzdur. Ötən il 9-10 kiloqramlıq yeşikləri 8-9 manata satmışdıq. Cari ildə isə qiymət orta hesabla 3 manatdır”.

Fermer deyir ki, qiymətin düşməsi mənfəətə təsir göstərir. Belə ki, xurma bağları davamlı qulluq tələb etdiyindən xərci də çoxdur: "Məhsul yığılıb təhvil verildikdən sonra növbəti yığım dövrünədək hər gün burada çalışanlara 30 manat ödəniş edilir. Budama, suvarma, gübrə verilməsi də pul tələb edən işlərdir. İşin həcmi artdıqda mütləq əlavə işçi qüvvəsi tələb edilir. Daha çox işçi isə yığım mövsümündə olur. Sentyabrın 15-dən başlayaraq yığım qurtaranadək gündəlik işçi sayı orta hesabla 15 nəfərə çatır”.

Anar Abbasov da kənd sakinidir. O, alıcı və istehsalçı arasında vasitəçilik edir. Dediyinə görə, bu il qiymətin aşağı düşməsinə təsir edən bir neçə amil var: "Əgər onlardan biri bu il keçən illə müqayisədə bağların daha çox məhsul verməsidirsə, digər amil məhsulun başlıca satış bazarı olan Rusiyada milli valyutanın ucuzlaşmasıdır. Üstəlik, gömrük rüsumunun artması da vəziyyətə təsirsiz ötüşməyib”.

Kənd sakini Ayaz Abdullayev də qiymətin aşağı olmasından şikayətlənir. Deyir ki, 2017-ci ildə xurmanın qiyməti münasib olduğundan bağ sahibləri bu il əvvəlki dövrlərlə müqayisədə ağaclara daha yaxşı qulluq göstərdilər. Budama, suvarma, ağacların dibinin yumşaldılması, üzvi gübrə ilə təminat yüksək səviyyədə aparıldı. Əvəzində məhsul ikiqat artdı, qiyməti isə ucuzlaşdı.

Ümumiyyətlə, təkcə xurma deyil, cari il bir sıra kənd təsərrüfatı məhsullarının satışında fermerlər bu cür problemlə üzləşiblər. Xüsusən sarımsaq əkənlər daha çox ziyana düşüblər. Tonlarla sarımsaq insanların əlində qalıb. Hesab edirik ki, bu qəbildən olan problemlər tezliklə həllini tapmalı və kəndli əkdiyi məhsulun münasib qiymətə satışı sarıdan çətinlik yaşamamalıdır. Bu baxımdan "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin üzərinə böyük vəzifələr düşür.

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video