02 Dekabr 2018 00:17
914
Mədəniyyət
A- A+

Şöhrətin dəyişə bilmədiyi sənətkar


Aktyor olmaq arzusu ilə gəldiyi bu şəhərdə kino onun üçün "Böyük dayaq” oldu. Gənc yaşlarında "Arşın mal alan” deyib onun küçələrində öz sevgisini axtardı. Həyat qayğılarıyla, sənət isə gah zəhməti, gah da şöhrəti ilə hərdən Həsən Məmmədovu "İstintaq”a da çəkdi, "Zirvə”yə yüksəltdi. Ancaq bir gün tarixin "Səmt küləyi” dəyişdi... 1990-cı illərdə "Bakıda küləklər əsir”di. Bu dəfə "Arxadan vurulan zərbə”də dövranın əli vardı... Həsən Məmmədov dünyaya "Qəm pəncərəsi”ndən baxırdı...


Uğurlu yolun başlanğıcı


O, 1938-ci il noyabrın 22-də Salyan rayonunda dünyaya göz açmışdı. Əbdülhəsən adı verilən bu körpə sonralar Azərbaycan kinosunun ən parlaq simalarından biri oldu. Tamaşaçıları onu Həsən Məmmədov kimi tanıdılar, sevdilər...

Atası Ağaməmməd kişi fəhlə idi. Əlləri qabarlı, zəhmətkeş ata övladının da özü kimi əziyyət çəkməsini istəmirdi. Salyan rayonundakı 2 saylı orta məktəbdə oxuyan mülayim, ağırtəbiətli oğlunun sözündən çıxmayacağını da bilirdi. Elə bu xəyalla, bu ümidlə də onu 1956-cı ildə ali təhsil alıb müəllim olması üçün Bakıya yolladı.

Həsən Məmmədov atasının arzusunu yerinə yetirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə daxil oldu. Amma... xəyallarına yad olan bir ali məktəbdə heç isinişə bilmədiyi fizika, riyaziyyat fənlərini oxusa da, çoxdan könlünü verdiyi aktyorluq sevdasını unuda bilmədi. Nəhayət, ikinci kursda özünü bu məcburiyyətdən xilas edərək təhsilini yarımçıq qoydu. Artıq dram dərnəklərində təcrübə qazandığı üçün ürəkli döydü teatrların qapılarını. Bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etdi. Universitetdə təhsilini yarımçıq qoyduğu üçün onu qınayanlar da, tənə edənlər də oldu. Belə olacağını bilirdi. Qətiyyətlə yoluna davam edirdi.

1958-ci ildə sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Dram və kino aktyorluğu fakültəsinə verdi. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi görkəmli sənətkarların qarşısında imtahan verdi.

Tələbə adını qazananların siyahısında adını görəndə sanki dünyanı ona bağışladılar. Məhərrəm Haşımovun kursunda oxumağa başladı. Tələbə yoldaşları arasında sonradan Azərbaycanın teatr və kino sənətində şöhrət qazanacaq Eldəniz Zeynalov, Hacı Murad Yagizarov, Elmira Şabanova, Rafiq Əzimov, Tofiq İsmayılov da vardı. Həsən Məmmədov institutun fəal tələbələrindən sayılmırdı. Bu sakit, bir az da qapalı gənc birinci kursun sonunda göstərdiyi etüdlə müəllimi Məhərrəm Haşımovu və tələbə yoldaşlarını təəccübləndirməklə bərabər, parlaq istedadı olduğuna inandırdı.

Tələbəlik illərində Akademik Milli Dram Teatrında kütləvi səhnələrə çıxırdı.

Azərbaycan radiosunun elan etdiyi müsabiqədən də keçdi. 1960-1961-ci illərdə fasilələrlə radioda diktor işlədi.

1962-ci ildə institutu bitirdi. İstedadını nəzərə alaraq onu təyinatla Akademik Milli Dram Teatrına göndərdilər. Bu teatrda Həsən Məmmədov Azərbaycan və dünya dramaturqlarının əsərləri əsasında hazırlanmış bir-birindən maraqlı tamaşalarda rol aldı.


Qəfil gələn məşhurluq


1962-ci ildə "Böyük dayaq” filminin çəkilişlərinə dəvət olundu. Gənc aktyorun üzərinə çox böyük məsuliyyət düşmüşdü. Azərbaycan kino sənətinin Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Məmmədrza Şeyxzamanov və başqa məşhur sənətkarları ilə birlikdə çalışmaq Həsən Məmmədov üçün həyəcanlı olduğu qədər də sevindirici idi. Ekranda canlandırdığı Qaraş Həsən Məmmədovun özü kimi gəncdir, həyatın bərkinə-boşuna düşməmişdi. Ancaq filmin sonu hər ikisi üçün çox sevincli oldu. "Böyük dayaq”ın Qaraşı öz sevdiyinə qovuşdu. Həsən Məmmədov isə bu uğurlu işi ilə böyük kino sənətinin parlaq aktyorları sırasında öz yerini təsdiq etdi.

"Böyük dayaq” televiziyada nümayiş olunduğu gündən tamaşaçı sevgisi qazandı. Bu film Həsən Məmmədovu birdən-birə şöhrətləndirdi. Oğlu haqqında deyilən tərifli sözlər Ağamməd kişinin də qulağına çatdı. Amma o, hələ də inadkarlıq edir, müəllim olmaqdan vaz keçib teatra üz tutan oğlu ilə barışmırdı. Əslində, üzə vurmasa da, ürəyində oğlunu bağışlamışdı. Küskün atanın qəlbini yumşaldan yalnız xoş, qürurverici sözlər deyildi. Ağamməd kişi kino sənətində elə birinci rolu ilə böyük tamaşaçı diqqəti, rəğbəti qazanan oğlunu ata sözündən çıxmağa vadar edən hisləri anlamışdı.

Demək olmaz ki, kino sənəti Akademik Milli Dram Teatrını Həsən Məmmədov üçün ögeyləşdirdi. O, film çəkilişləri ilə əlaqədar on il müxtəlif müddətlərə teatrdan işdən çıxsa da, yenə geri döndü. Bununla belə, kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutdu. O, "Böyük dayaq”da Qaraş, "Arşın mal alan”da Əsgər, "Gün keçdi”də Oqtay, "Arxadan vurulan zərbə”də Qəmərlinski, "Bizi bağışlayın”da Nəriman, "Dədə Qorqud”da Dədə Qorqud, "Axırıncı aşırım”da Abbasqulu bəy, "Bir cənub şəhərində” Murad, "Sevil”də Balaş, "Yeddi oğul istərəm”də Bəxtiyar, "Alma almaya bənzər”də Qurban, "Qəm pəncərəsi”ndə Məhəmmədhəsən əmi, "Papaq”da Mirzə Səfər, "Birisi gün gecə yarısı”nda Baba Əliyev, "İstintaq”da Murad, "Qızıl qaz”da Fərman, "Bakıda küləklər əsir”də general, "Səmt küləyi”ndə Əlibala, "İstintaq davam edir”də Əzimov, "Şahid qız”da polkovnik, "Həm ziyarət, həm ticarət”də Əlimurad, "Zirvə”də Kamil... oldu. Həsən Məmmədov dövrünə, yaşına, xarakterinə görə bir-birindən fərqlənən bu ekran ömrü verdiyi qəhrəmanlarını tamaşaçılar üçün yaddaqalan etməyi bacardı.

Çox gənc yaşından tanınmaq, onlarla filmdə irili-xırdalı obrazlar yaratmaq hər sənətkara qismət olmur. Həsən Məmmədovun əməyi yalnız tamaşaçı sevgisi ilə deyil, həm də yüksək fəxri adlarla, mükafatlarla dəyərləndirildi. O, kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə əməkdar artist, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görüldü. "Yeddi oğul istərəm” filmindəki Bəxtiyar rolu ona Lenin komsomolu mükafatı laureatı, "İstintaq” bədii filmindəki Murad rolu SSRİ Dövlət mükafatı, "Birisi gün gecə yarısı” kinolentindəki Baba Əliyev rolu isə Azərbaycan SSR Dövlət mükafatı gətirdi. 1998-ci ildə isə Həsən Məmmədov "Şöhrət” ordeni ilə mükafatlandırıldı.

Kino aktyoru kimi roldan-rola daha da püxtələşən, məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də kino çəkilişlərinin çoxluğu ilə əlaqədar teatrdan "Azərbaycanfilm” kinostudiyasına keçirildi. Amma aktyor Akademik Milli Dram Teatrından da tamamilə uzaqlaşmadı. O, 1989-cu il mayın 17-də rejissor Ağakişi Kazımovun quruluş verdiyi "Gülüstanda qətl” tamaşasında İlyas İbrahimov rolu ilə yenidən bu teatrın səhnəsinə çıxdı.


Sənət həsrəti


1990-cı illərdə sovet quruluşu dağıldıqdan sonra kino sahəsində də böhran yarandı. Yeni filmlər çəkilmədiyi üçün Həsən Məmmədov da işsiz qaldı. Mənəvi və maddi cəhətdən çətinlik çəkdiyi o günlərdə Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə yenidən doğma kollektivinə qayıtdı. 1992-ci il 21 noyabrdan ömrünün sonunadək həmin teatrın aktyor truppasında çalışdı. Bir neçə rol oynadı. Amma ürəyi kinoda qaldı. Kino çəkiliş meydançalarının həsrətini çəkdi. Bu, azmış kimi, bəzi sənətin dəyərini anlamayanların yersiz tənqidləri də ona ağır təsir edirdi. Çünki Həsən Məmmədovun oynadığı Abbasqulu bəy Şadlinski, Bəxtiyar kimi rollara yalnız sovet quruluşunun təbliğatçıları kimi baxmaq düzgün deyil. Nə həmin dövrü, nə də qəhrəmanlarını tariximizdən silə bilərik.

Mərd, ədalətli insan, bənzərsiz aktyor kimi tanınan Həsən Məmmədov bir-birindən maraqlı rolları ilə adını Azərbaycan kino salnaməsində əbədiləşdirdi. Beləcə, "Gün keçdi”... 2003-cü ilin 26 avqustunda Həsən Məmmədov ürək ağrısı ilə "gəlimli-gedimli dünyadan” əbədi köçdü. II Fəxri xiyabanda dəfn edildi.

Bu yubileylər ilində sevimli aktyorun da səksən yaşı tamam oldu. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi Həsən Məmmədovun 80 illik yubileyi qeyd edilir.

Sənət yaşadıqca, sənətkarlar da unudulmur. Həsən Məmmədov ömrünü də teatr səhnəsində, kinoda yaratdığı rolları və xatirələrdə qalan söz-söhbəti davam etdirir...

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video