01 Dekabr 2018 00:44
993
İQTİSADİYYAT
A- A+

Bir kəmərin iki qolu


CQBK həm "Şahdəniz-1”, həm də "Şahdəniz-2”nin qazını nəql edir


"Cənub qaz dəhlizi”ni yaradan üç kəmərdən birincisi CQBK-dır (Cənubi Qafqaz Boru Kəməri). CQBK Bakı-Tbilisi-Ərzurum boru xəttinin Azərbaycan və Gürcüstandan keçən hissəsini təşkil edir. Kəmər 2006-cı ilin sonlarında istifadəyə veriləndən bəri "Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı Azərbaycana və Gürcüstana çatdırır.

2007-ci ilin iyul ayından isə bu xətt vasitəsilə qaz həm də Türkiyəyə ötürülür. CQBK "Cənub qaz dəhlizi”nin mühüm seqmenti kimi genişləndirildikdən sonra artıq "Şahdəniz-2” qazını da nəql edir.

Cənubi Qafqaz Boru Kəməri Azərbaycanın 13 bölgəsindən - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və Ağstafadan keçir. Gürcüstanın da ərazisindən keçən bu kəmərə həmin ölkənin Türkiyə ilə sərhədində əlavə bir xətt birləşdirilir və o, Azərbaycan qazını Ərzurumadək aparır. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 və Türkiyədə 280 kilometr məsafə boyu uzanan borular bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəmərini yaradır.

Əslində, CQBK "Cənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu başlanğıcıdır. "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qaz Transanadolu Qaz Boru Kəmərinə (TANAP) məhz CQBK vasitəsilə qovuşur. İndi onun iki qolu var. CQBK-nın genişləndirilməsi layihəsi də bu məqsədə xidmət edirdi. Belə ki, Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı daha bir xətt tikilib. Buradan Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir. Onun başlanğıcında 1 ərsinləmə, marşrutu boyunca isə 5 siyirtmə stansiyası var.

CQBK-nın Gürcüstanda aparılan genişləndirilməsinə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin 1 ərsinləmə, 2 kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxildir. Genişləndirildikdən sonra CQBK-nın ilkin ötürücülük gücü 16 milyard kubmetrə çatıb.

CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator olan BP şirkətindən aldığımız məlumata görə, 2018-ci ilin ilk üç rübündə CQBK-nın əməliyyat xərcləri təxminən 27 milyon dollar təşkil edib, əsaslı xərclərinə isə 308 milyon dollar sərf olunub.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8 faiz), TPAO (19 faiz), AzSCP (10 faiz), Cənub qaz dəhlizi Midstrim (6,7 faiz), PETRONAS (15,5 faiz), "LUKoyl” (10 faiz), NİKO (10 faiz). Kəmərin iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Doqquz ay ərzində CQBK-nın gündəlik orta ötürücülük gücü təqribən 22 milyon kubmetr olub.

İlin əvvəlindən CQBK-nın genişləndirilməsi üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam edib. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq iyunun 30-da başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilib.

Hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir. Genişləndirilmiş CQBK-nın Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Eyni zamanda Azərbaycan ərazisində CQBK-nın genişləndirilməsinin mexaniki tamamlanması işləri cədvəli qabaqlamaqla başa çatıb. Gürcüstanda 2-ci kompressor stansiyasının istismar sınaqları plana uyğun davam edir. Həmin obyekt bütövlükdə tikinti mərhələsindən istismar sınaqları mərhələsinə keçib.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video