30 Noyabr 2018 23:23
517
Mədəniyyət
A- A+

Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirilib


Noyabrın 30-da Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş respublika müşavirəsi keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən Əbülfəs Qarayev ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti haqqında ətraflı danışıb. Vurğulayıb ki, son illərdə həyata keçirilən islahatlar nəticəsində mədəniyyət sahəsinin inkişaf səviyyəsi daha da yüksəlib, idarəçilik təkmilləşdirilib.

Bu gün Azərbaycan mədəniyyətinin dünyada geniş təbliğ olunduğunu bildirən nazir deyib: "Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri, bu sahəyə diqqət və qayğısı sayəsində mümkün olub. Azərbaycan xalqının yaratdığı mədəniyyət nümunələri UNESCO səviyyəsində də öz layiqli yerini tutmaqdadır. Bu günlərdə mədəni irsimizlə bağlı daha iki nümunə - Yallı rəqsi və "Dədə Qorqud” dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edilib”.

Diqqətə çatdırılıb ki, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri – Azərbaycan muğam ifaçılığı, aşıq sənəti, xalça sənəti, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, Novruz bayramı, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, Qarabağ atüstü oyunu çövkən isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Həmçinin İçərişəhər və Qobustan UNESCO-nun Dünya İrsi Siyahısına salınıb. Bu sahədə həyata keçirilən tədbirlər qarşıdakı illərdə davam etdiriləcək.

Regional mədəniyyət idarələrinin fəaliyyətinə toxunan Əbülfəs Qarayev bildirib ki, idarəçiliyin təkmilləşdirilməsi, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı iş aparılacaq. "Ölkəmizin zəngin mədəni sərvəti var və biz bu mədəniyyəti, mədəni xidmətləri günün müasir tələbləri səviyyəsində təqdim etməliyik. Bu işə gənc nəslin, müasir üslubları tətbiq edə biləcək kadrların cəlb olunmasına xüsusi diqqət ayrılmalıdır. Həmçinin regionlarda keçirilən mədəniyyət tədbirlərinin səviyyəsinin artırılması, eləcə də mediada daha geniş işıqlandırılması olduqca vacibdir”, - deyə nazir vurğulayıb.

Mədəniyyət Nazirliyinin regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli müşavirədə "Regional idarələrin fəaliyyəti: nailiyyətlər, problemlər və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, nazirliyin regional idarələrinin yaradılmasından iki il ötür. Bu sahədə həyata keçirilən islahatlar nəticəsində yerlərdə mədəniyyət sahəsində idarəçiliyin təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə olunması ilə bağlı bir sıra müsbət nəticələr əldə edilib. Şöbə müdiri, həmçinin problemlər və qarşıda duran vəzifələr haqqında da geniş məlumat verib, ixtisaslı kadrlar, ödənişli xidmətlərin təşkili, əməkdaşların təkmilləşdirilməsi üçün təlimlərin keçirilməsi kimi məsələlərə toxunub.

Müşavirədə Sumqayıt, Bərdə, Biləsuvar, İsmayıllı regional mədəniyyət idarələrinin rəisləri Mehman Şükürov, İlyas Hacıyev, Elçin Hüseynov, Elnur Hüseynov və başqaları çıxış edərək ötən müddət ərzində həyata keçirilən işlər haqqında məlumat verib, qarşıda duran vəzifələrin icrası istiqamətində zəruri addımlardan danışıblar.

Müşavirəyə yekun vuran nazir Əbülfəs Qarayev regional idarələrin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, müşavirəyə Gəncə, Sumqayıt, İsmayıllı, Xaçmaz və Horadizdəki mədəniyyət müəssisələri videobağlantı vasitəsilə qoşulublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video